Məhkəmə qərarları › İş №2(103)-8426/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8426/2021

07.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8426/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2520/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh X11 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X8 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh – onun mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələblərinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh və X6 İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun konpensasiya ilə əvəz edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən evə istifadə hüquqlarının 30.000 manat kompensasiya ödənilməklə əvəz edilməsi və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2520/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi, ilkin iddianın qalan hissədə, yəni “cavabdeh X6 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi” hissəsində X6 həmin mənzildən istifadə hüququnun yaranmaması səbəbindən rədd edilməsi, bu X1 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması, qarşılıqlı iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh X11 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2520/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi qanuna zidd və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, qətnamədə maddı və prosessual hüquq normaları pozulmaqla qanunlar düzgün tətbiq edilməmiş, işin həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli və obyektiv araşdırılıb onlara hüquqi qiymət verilməməklə iş üzrə düzgün nəticəyə gəlinməmişdir. Belə ki, məhkəmə ilkin iddia tələbinin cavabdehlər Cavabdeh və X6 mübahisəli evə istifadə hüququna xitam verilməsi məsələsinə ətraflı hüquqi qiymət versə də, qarşılıqlı iddia ərizəsində qeyd edilənlərə, ümumiyyətlə, münasibət bildirməmişdir. Məhkəmə qətnaməsində Cavabdeh münasibətdə qeyd edilir ki, cavabdeh daimi yaşamaq üçün başqa yerə getdiyindən və iddiaçıya məxsus yaşayış evində uzun müddətdir yaşamaması müəyyən edildiyindən, onun həmin yaşayış evindən əvvəllər mövcud olan istifadə hüququ itirilmişdir. Məhkəmənin gəldiyi bu qənaət əsassızdır, çünki Cavabdeh mülkiyyətində Gədəbəy rayonu, Zəhmət kəndində fərdi yaşayış evi mövcud olsa da o, həmin fərdi yaşayış evinə yalnız yay aylarında istirahət məqsədi ilə gedir O, hazırda Bakı şəhərində işləməklə kirayədə yaşayır. Sadəcə olaraq Cavabdeh İddiaçı ilə nikahı pozulduqdan sonra mübahisəli evi tərk etmək məcburiyyətində qalmışdır. Evdən məcburi şəkildə çıxarılma orada istifadə hüququ olan cavabdehlərin istifadə hüququna xitam verilməsi üçün əsas sayıla bilməz. Bu halda yalnız müvafiq qaydada və məbləğdə kompensasiyanın təklif edilməsi və verilməsi yolu ilə belə əsaslarla xitam verilməsinin mümkünlüyü yoxlanıla bilər. Tərəflər arasında hazırkı məhkəmə mübahisəsinin olmasına baxmayaraq, onlar arasında etibarlı ailə əlaqələri mövcuddur (Cavabdeh İddiaçı keçmiş əridir, qızının atasıdır, Zeynal Bağırov isə İddiaçı keçmiş qayınatasıdır), onların mübahisəli evdən istifadə hüququna xitam verilməsinə əsaslar müəyyən edilməmişdir, Cavabdeh və Zeynal Bağırova yalnız kompensasiya verilməklə həmin hüququna xitam verilə bilər, ilkin iddiaçı tərəfindən isə bu məqsədlə kompensasiya təklif edilməmişdir, bununla bağlı sübutlar mövcud deyildir. Lakin məhkəmə qeyd edilənləri nəzərə almamışdır. Bundan başqa cavabdeh X6 ilk iddia üzrə iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzildən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Məhkəmənin gəldiyi bu qənaət də əsassızdır, çünki Zeynal Bağırov da daimi olaraq Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 117 nömrəli evdə yaşamış, onun oğlu ilə iddiaçı arasında nikah pozulduqdan sonra isə həmin fərdi yaşayış evindən çıxarılmışdır. O da hazırda oğlu Cavabdehla birlikdə kirayədə yaşayır. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmənin hansı nəticəyə gəlməsi, onun əsaslandırılması bəlli deyil. Halbuki, məhkəmə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi nəticəsinə gəlirdisə, bunu əsaslandırmalı və hüquqi qiymət verməli idi. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2520/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X8, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh X11 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ülviyyə Bağırovanın nümayəndəsi və vəkili Nümayəndə1 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh Zeynal Bağırov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, ilk iddia ərizəsində göstərilənlərə uyğun çıxış etdi, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2520/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı “X12” MTK-nın nümayəndəsi Emin Aslanov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ülviyyə Bağırovanın nümayəndəsi və vəkili Nümayəndə1 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh Zeynal Bağırov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir, Cavabdeh isə yaşamaq üçün başqa yaşayış yeri olduğu halda iddiaçıya məxsus mənzildə yaşaması iddiaçının ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək kimi hüquqlarının həyata keçirilməsinə maneə törədir. Həmçinin, cavabdehin hazırda şəxsi mülkiyyətində yaşayış sahəsi olduğundan iddiaçı tərəfindən kompensassiya verilmədən onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilə bilər. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeydiyyat istifadə hüququ yaratmır. İddiaçı, iddia ərizəsində istifadə hüququna xitam verilməsini xahiş etsə də, bu hüququn yaranması (ümumiyyətlə yaranıb-yaranmaması, yarandığı təqdirdə hansı tarixdən yaranması) və onun aradan qaldırılması üçün mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. X6 mənzilə istifadə hüququnun yaranması vaxtı müəyyən olunmadığından, istifadə hüququnun yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə mübahisəli hüquq münasibətinin yaranması vaxtını və buna uyğun tətbiq edilməli olan maddi hüquq normasını müəyyən edə bilmir. Həmçinin məhkəmə qeyd etmişdir ki, Zeynal Bağırovun mənzildə qeydiyyatda olması onun həmin mənzilə istifadə hüququnun olmasını təsdiq edən hüquqi fakt kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, “X14 X7 Mənzilin Texniki Pasportu”nun surətindən görünür ki, X5 mənzilə şəxsi mülkiyyət hüququ vardır. İş materiallarında olan, Seriya ÖM № 036583 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzil X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 19.04.2000-ci il tarixdə, 548 nömrəli reyestr kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 30 iyul 2003-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında qeydiyyatdadır. Eyni sənədə əsasən, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında qeydiyyatda olan digər şəxslər sırasındadır. İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2876/2020 saylı iş üzrə 27.07.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı və Cavabdeh arasında 28 dekabr 2002-ci il tarixdə, 2231 saylı akt qeydi ilə Səadət Sarayında bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan, Seriya MH № ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Zəhmət kəndində Cavabdeh mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 78.3 kv.m yaşayış, 39.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabında qeydiyyata alınmışdır. İş materiallarında olan ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X2 rayonu, Zəhmət kəndində anadan olmuş, 28 avqust 2004-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə kollegiyası qeyd edir ki, Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh daimi yaşamaq üçün başqa yerə getdiyindən və iddiaçıya məxsus yaşayış evində uzun müddətdir yaşamaması müəyyən edildiyindən, onun həmin yaşayış evindən əvvəllər mövcud olan istifadə hüququ itirilmişdir. Belə olan halda, Cavabdeh iddiaçının mülkiyyətində olan yaşayış evində pasport qeydiyyatının olması onun hüquqlarını məhdudlaşdırdığından, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Yuxarıda qeyd olunan hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh yaşayış evində qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur, cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, cavabdeh X11 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamamış, o, həmin mənzildə formal olaraq qeydiyyatdadır. Cavabdeh X6 mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla X8 arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Cavabdeh sadəcə olaraq 2004-cü ildə həmin mənzilə qeydiyyata alınmışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh X6 ilkin iddia üzrə iddiaçıya məxsus mənzildən istifadə hüququ olmadığından, həmin hüquqa xitam verilməsi barədə verilmiş iddia tələbi təmin oluna bilməz. Lakin, X6 mübahisəli evdə qeydiyyatda qalması ilkin iddia üzrə iddiaçıya, yəni mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən X6 mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onun həmin mənzildən istifadə hüququnun olmaması qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh Zeynal Bağırovun apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh Zeynal Bağırov apelyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh Zeynal Bağırovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2520/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh X11 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2520/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar