Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-843/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “zərərin ödənilməsi, üzr istənilməsi və istintaq orqanının məsul vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunmaları” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin üçüncü şəxs qismində göstərildiyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istintaq orqanının səhv qənaəti nəticəsində İddiaçı2 adına rəsmiləşdirilmiş “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 15 500 (on beş min beş yüz) manatın Maliyyə Nazirliyindən tutularaq onlara ödənilməsi, cinayət prosesini həyata keçirmiş istintaq orqanının səhvi nəticəsində Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə ittiham olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı İddiaçı2 Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən yazılı surətdə üzr istənilməsi, istintaq orqanının səhvi nəticəsində yaranmış məhkəmə xərclərinin Maliyyə Nazirliyindən xeyirlərinə tutulması, Azərbaycan Dövlətinin hüquqi və qanuni mənafeyinə mühüm zərbə vurmuş inzibati (istintaq) orqanının məsul vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunması məsələsinə baxılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbləri belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamentinin (VCİAD) İstintaq İdarəsində İddiaçı2 barəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə istintaq olunmuş ********* saylı cinayət işi üzrə Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddianın təmin olunması məqsədilə mülkiyyət hüququ ilə İddiaçı2 adına rəsmiləşdirilmiş, lakin 2014-cü ildən etibarən ailənin ümumi istifadəsində olmuş “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə istintaq orqanının təqdimat və vəsatəti əsasında Yasamal Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərarı ilə həbs qoyulmuş, qərarın icrası Vergilər Nazirliyi yanında VCİAD-nə həvalə edilmiş və həmin Departamentin İstintaq İdarəsinin böyük müstəntiqi tərəfindən avtomobil mülkiyyətçinin və nümayəndəsinin iştirakı olmadan saxlanca verilmişdir. ********* saylı cinayət işi üzrə toplanmış materiallara Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli hökmü ilə hüquqi qiymət verilmiş, İddiaçı2 Azərbaycan Respublikasının CM-nin 213.2.2 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddianın təmin olunması məqsədilə üzərinə həbs qoyulmuş "Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomaşının müsadirəsi barədə qərar qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmış və müsadirəsi barədə qərar qəbul edilmiş “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomaşının vurulmuş ziyanın ödənilməsi ilə satışa çıxarılması məqsədi ilə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Yasamal rayon İcra və Probasiya Şöbəsinə rəsmi göstəriş ünvanlanmışdır.Yasamal rayon İcra və Probasiya Şöbəsinin 02 mart 2018-ci il tarixli 17/72- 316192/10-7070 saylı sifariş məktubu əsasında "X4” MMC tərəfindən nəqliyyat vasitəsinin açıq hərracda satılması ilə bağlı 10 may, 01 iyun, 05 və 16 iyul 2018-ci il tarixlərdə hərraclar keçirilmiş, lakin hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbi əsasında 02 avqust 2018-ci il tarixdə “X4” MMC tərəfindən 1277 saylı məktubla sənədlər toplusu Yasamal rayon icra və probasiya şöbəsinə geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli qərarından Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya şikayəti verilmiş, kassasiya instansiyası məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərarı ilə İddiaçı2 barəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi əsasında cinayət işi üzrə icraata xitam verilmiş, həmin qərarla Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli hökmü və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilərək mülki iddianın təmin olunması ilə bağlı müsadirəsi barədə qərar qəbul edilmiş “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomaşına dair müddəalar hər iki məhkəmə aktından xaric olunmuşdur. Kassasiya instansiyası məhkəməsinin bu qərarı əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinə rəsmi müraciət ünvanlanmış və hakim Samir Əliyevin 01 may 2019-cu il tarixli göstərişi ilə üzərinə həbs qoyulmuş “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi Yasamal rayon icra və probasiya şöbəsinə tapşırılmışdır. Toplanmış iş materialları ilə müəyyən edilmişdir ki, 02 mart 2017-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarı əsasında üzərinə həbs qoyulmuş ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 05 may 2017-ci il tarixdən etibarən Xətai rayonu ərazisində yerləşən “xxxx” MMC-nin zirzəmisində yerləşən avtodayanacaqda saxlanılmışdır. Bununla bağlı Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən “xxxx” MMC-yə 17/72-316192/10- 37716 saylı 04 dekabr 2018-ci il tarixli sorğu ünvanlanmış və qeyd olunan fakt “xxxx” MMC-nin 18 dekabr 2018-ci il tarixli 98/2018 saylı cavab məktubu ilə təsdiq olunmuşdur. “xxxx” MMC-nin 18 dekabr 2018-ci il tarixli məktubuna əsaslanan Yasamal rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsi səlahiyyətləri müvəqqəti icra edən Rəşad Abbasov 21 dekabr 2018-ci il tarixli məktubla ərazi aidiyyəti üzrə “İcra haqqında” Qanunun 10 və 24cü maddələrinin tələblərini əsas götürərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli icra vərəqəsini Xətai rayon İcra və Probasiya Şöbəsinə ünvanlamışdır (əmlakın saxlanıldığı yer üzrə). Üzərinə həbs qoyularaq müsadirəsi barədə qərar qəbul edilmiş “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülərək qaytarılmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin 01 may 2019-cu il tarixli göstərişi Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən icra olunmamış və məhkəmə aktı icrasının təmin olunması məqsədilə aidiyyəti üzrə ünvanlanmamışdır. Xətai rayon icra və probasiya şöbəsinə ünvanlanmış rəsmi müraciətdən sonra bu qurumun rəisi vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən Vüqar Qasımov tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə 29 may 2019-cu il tarixli müraciət ünvanlanmış, bu müraciətə cavab olaraq hakim Samir Əliyev tərəfindən 01 may 2019-cu il tarixdə Yasamal rayon icra və probasiya şöbəsinə ünvanlanmış göstərişin surəti 03 iyun 2019-cu il tarixli müşayiət məktubu ilə Xətai rayon icra və probasiya şöbəsinə təqdim olunmuşdur. Yalnız Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli məktubu ilə Xətai rayon icra və probasiya şöbəsinə təqdim olunmuş rəsmi göstərişdən sonra bu qurumun rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Qasımovun imzası ilə 07 iyun 2019-cu il tarixdə təsdiq olunmuş 17/74- 5242/17 saylı məktubu “xxxx” MMC-yə ünvanlanaraq “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə təhvil verilməsi tələb olunmuşdur. “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təhvil-təslimi “xxxx” MMC-nin zirzəmisində yerləşən avto-dayanacaqda 10 iyun 2019-cu il tarixdə aparılmış və təhvil-təslimdə Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Toğrul Baxşəliyev, hal şahidləri X3 və Dayanlı Pərviz, eləcə də mülkiyyətçi İddiaçı2 nümayəndəsi Nümayəndə iştirak edərək akt tərtib etmişlər. Təhvil-təslim zamanı tərtib olunmuş 10 iyun 2019-cu il tarixli akta və çəkilmiş fotoşəkillərə əsasən müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsi təhvil verilərkən avtomobilin kənarında cızıqlar, sağ tərəfində isə cızıq-batıqlar müəyyən edilmişdir. Bu faktın mövcudluğu təhvil-təslimdə iştirak etmiş şəxslər tərəfindən tərtib olunmuş 10 iyun 2019-cu il tarixli aktın imzalanması ilə təsdiq olunmuşdur. “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxx” MMC-nin zirzəmisində yerləşən avto-dayanacaqdan çıxarılaraq Xətai rayon Babək prospekti 1145 ünvanında yerləşən “xxxx” MMC-yə gətirilmiş və nəqliyyat vasitəsi texniki müayinədən keçirilmişdir. “xxxx” MMC-nin ünvanında “Mercedes ML- 350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəbulu ilə bağlı 10 iyun 2019-cu il tarixdə tərtib edilmiş təhvil-təslim aktının “Qəbul zamanı qüsurlar” bölməsində avtomobilin çirkli olduğu, cızıq və batıqların görsəndiyi xüsusilə qeyd olunmuşdur. Bundan əlavə, nəqliyyat vasitəsinin texniki müayinədən keçirilməsi nəticəsində işlək hissələrində ciddi texniki nasazlıqlar müəyyən edilmiş və icra edilmiş xidmətlərə dair konkret məbləğlər qeyd olunan akt tərtib edilmişdir. Müəyyən edilmiş texniki nasazlıqların və aşkar olunmuş cızıq-batıqların aradan qaldırılması ilə bağlı xərclərin ümumi məbləği 15 500 (on beş min beş yüz) manat təşkil etmiş və bu barədə qiymətləndirmə cədvəli tərtib edilmişdir. İddiaçı2 barəsində istintaq olunmuş ********* saylı cinayət işinin materiallarından görünür ki, “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularkən tam işlək və saz vəziyyətdə olmuş və nəqliyyat vasitəsinin bu vəziyyəti ilə bağlı həmin dövrdə bazar qiyməti 28 500 (iyirmi səkkiz min beş yüz) manat olaraq qiymətləndirilmişdir. Müəyyən edilmiş texniki nasazlıqlar və aşkar olunmuş cızıqbatıqlardan sonra bu nəqliyyat vasitəsinin bu günə olan real satış qiyməti 12000-13000 manat olaraq qiymətləndirilmişdir. Yaranmış kəskin qiymət fərqi nəqliyyat vasitəsinin aşınması (amortizasiyası) ilə əlaqədar olmuş və mövcud qüsurlar 02 mart 2017-ci il tarixdən 10 iyun 2019-cu il tarixədək olan müddət ərzində nəqliyyat vasitəsinin nəzarətsiz və istifadəsiz qalması nəticəsində yaranmışdır. Eləcə də nəqliyyat vasitəsi İddiaçı2 alındıqdan sonra istər mülkiyyətçinin, istərsə də onun ailə üzvlərinin nəzarətindən kənarda saxlanılmış və bu nəqliyyat vasitəsinin alınması ilə bağlı istintaq orqanı tərəfindən protokol tərtib edilməmişdir. Eyni zamanda “xxxx” MMC-nin 18 dekabr 2018-ci il tarixli 98/2018 saylı məktubunun mətninə daxil edilmiş məlumatlardan görünür ki, “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 05 may 2017- ci il tarixdən etibarən bu şirkətin zirzəmisində yerləşən avto-dayanacaqda saxlanılmış, Vergilər Nazirliyi yanında VCİAD-in istintaq idarəsinin böyük müstəntiqi Coşqun Bayramov isə 28 dekabr 2017-ci il tarixli ********* saylı məktubla nəqliyyat vasitəsinin sənəd və açarını Yasamal rayon İcra Şöbəsinin rəis müavini cənab Anar Əhmədova təqdim edərək avtomobilin dövlət balansında olan dayanacaqda saxlanılmasını xahiş etmişdir. X5 bu xahişinə baxmayaraq, Yasamal rayon İcra Şöbəsi tərəfindən nəqliyyat vasitəsinin yeri dəyişdirilməmiş və 05 may 2017-ci il tarixdən 10 iyun 2019-cu il tarixədək olan müddət ərzində sözügedən nəqliyyat vasitəsi “xxxx” MMC-nin zirzəmisində yerləşən avto-dayanacaqda saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin qərarı ilə 02 mart 2017-ci il tarixdən etibarən üzərinə həbs qoyulmuş “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 05 may 2017-ci il tarixədək harada və hansı şərtlər altında istintaq orqanı tərəfindən saxlanılması barədə məlumatlar əldə etmək mümkün olmamışdır. İş üzrə qeyd olunan obyektiv və konkret halları istinad olunan hüquqi normaların tələbləri ilə müqayisələndirdikdə məlum olur ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamentinin İstintaq İdarəsində İddiaçı2 barəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə istintaq olunmuş ********* saylı cinayət işi üzrə ailənin ümumi istifadəsində olmuş, ərlə-arvadın birgə mülkiyyəti hesab edilən, lakin mülkiyyət hüququ ilə İddiaçı2 adına rəsmiləşdirilmiş “Mercedes ML-350'’ minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Yasamal Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərarı ilə həbs qoyulmasına baxmayaraq, istintaq idarəsinin böyük müstəntiqi Coşqun Bayramov tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən icra olunmuşdır. Belə ki, müstəntiq Coşqun Bayramov tərəfindən üzərinə həbs qoyulmuş “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kim tərəfindən istintaq orqanına təhvil verilməsi, eləcə də istintaq orqanı tərəfindən təhvil alınması barədə rəsmi sənədlər tərtib edilməmişdir. Bundan əlavə, üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin qiymətləndirilməsi aparılarkən texniki müayinəsi həyata keçirilməmiş, fərdi əlamətləri müəyyən edilməmiş və saxlanca kimə təqdim edilməsi protokollaşdırılmamışdır. Ümumiyyətlə cinayət işi üzrə materiallarda üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuş “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı həbs qətimkan tədbiri həyata keçirilərkən müstəntiq Coşqun Bayramov tərəfindən Azərbaycan Respublikası CPM-nin 248-252-ci maddələrinin tələbləri birmənalı şəkildə yerinə yetirilməmişdir. İş üzrə müəyyən edilmiş konkret faktlardan göründüyü kimi İddiaçı2 2016-cı ilin oktyabr ayından etibarən rəsmi axtarışda olmuş və 05 yanvar 2017-ci il tarixdə hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən həbs edilmişdir. Nəqliyyat vasitəsinin üzərinə isə həbs Yasamal Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərarı ilə qoyulmuşdur. Real vəziyyətdə İddiaçı2 tərəfindən “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin müstəntiq Coşqun Bayramova təhvil verilməsi qeyri- mümkündür. Digər tərəfdən, İddiaçı2 barəsində cinayət təqibi başlanılana qədər sözügedən nəqliyyat vasitəsi ailənin ümumi istifadəsində olmuş və texniki cəhətdən saz və işlək vəziyyətdə olmaqla təmirə məruz qalmamışdır. Qeyd olunanlarla yanaşı rəsmi sənədlər sübut edir ki, həmin nəqliyyat vasitəsinin üzərinə həbs 02 mart 20l7-ci il tarixli məhkəmə aktı ilə qoyulsa da, bu nəqliyyat vasitəsi 05 may 2017-ci il tarixdən etibarən (2 ay məhkəmə qərarından sonra) “xxxx” MMC-nin zirzəmisində yerləşən avto- dayanacaqda saxlanılmış, nəqliyyat vasitəsi rəsmi sənədləşmə aparılmadan dayanacağa yerləşdirilmiş və təhvil-təslim aktı ilə təhvil verilməmişdir (maddi məsul şəxsə). Real faktlar sübut edir ki, 02 mart-05 may 2017-ci il tarixləri arasında olan 2 aylıq müddət ərzində nəqliyyat vasitəsi naməlum şəraitdə və naməlum şəxslərin istismarına məruz qalmış, istintaq orqanı tərəfindən isə mülkiyyətin mühafizəsi qanunvericiliyin tələbləri əsasında təmin edilməmişdir. Bundan əlavə, 05 may 2017-ci il tarixdən 10 iyun 2019-cu il tarixədək olan 25 aylıq müddət ərzində (2 il 1 ay) “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi istintaq orqanının səhvi nəticəsində aşınmaya (amortizasiya) məruz qalmış və dəyərdən düşmüşdür. Bu faktın mövcudluğu (istintaq orqanının səhvi) Ali Məhkəmənin Cinayət Kollegiyasının 23 yanvar 2019-cu il tarixli 1(102)-24/2019 saylı qərarı ilə tam sübuta yetirilmişdir. Məhz kassasiya instansiyası məhkəməsinin bu qərarı ilə İddiaçı2 barəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbi əsasında xitam verilmişdir. Üzərinə həbs qoyulmuş “Mercedes ML-350” markalı nəqliyyat vasitəsi isə vergi borcu olaraq dövlət büdcəsinə ödənilməli olan vəsait hesabına müsadirə edilmişdir. Lakin kassasiya instansiyası məhkəməsinin qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı2 əməlində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət əməlləri mövcud deyildir və bu səbəbdən də cinayət işi üzrə icraata məhz Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. Bunun nəticəsində isə Azərbaycan Respublikası CPM-nin 56.0.2-ci maddəsinin tərkibi yaranmış və bununla da İddiaçı2, cinayət prosesini həyata keçirmiş orqan olaraq Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamentinin İstintaq İdarəsinin səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsi hüququna malik olmuşdur. İstintaq orqanı tərəfindən əmlak üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə təqdimat və vəsatət ünvanlanarkən nəqliyyat vasitəsinin üzərində birgə mülkiyyət hüququnun mövcudluğu da nəzərə alınmamış və hər hansı bir əsas olmadan ailənin digər üzvlərinin nəqliyyat vasitəsindən istifadə hüququ məhdudlaşdırılmışdır. ********* saylı cinayət işi üzrə aparılmış istintaqla müstəntiq Coşqun Bayramov səhv qənaətə gələrək İddiaçı2 dövlət büdcəsinə vergilərin ödənilməsində məsul şəxs hesab etmiş və vergi borcu ilə əlaqədar Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddianın təmin olunması məqsədi ilə ailənin birgə mülkiyyətində olan nəqliyyat vasitəsini müsadirəyə təklif etmişdir. Bunun nəticəsində nəqliyyat vasitəsi naməlum şəraitdə və naməlum şəxslərin istismarına və aşınmaya məruz qalmış, nəqliyyat vasitəsində texniki nasazlıq yaranmış və bu nasazlıqların aradan qaldırılması üçün xeyli miqdarda nağd pul vəsaitinə ehtiyac ortaya çıxmışdır. İşin konkret halları sübut edir ki, istər istintaq orqanının səhvi nəticəsində nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat və vəsatətin ünvanlanması, istər məhkəmə qərarından sonra üzərinə həbs qoyulmuş əmlakla bağlı həyata keçirilməli olan zəruri prosessual hərəkətlərin həyata keçirilməməsi, istərsə də nəqliyyat vasitəsinin mütəxəssis- əmtəəşünasın iştirakı ilə fərdi xüsusiyyətlərinin müəyyən edilməsi məqsədi ilə texniki müayinəyə təqdim edilməməsi Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamentinin məsuliyyətinin yaranmasına səbəb olmuşdur. Bundan əlavə, istintaq orqanının səhv qənaəti nəticəsində üzərinə həbs qoyularaq müsadirəsi barədə qərar qəbul edilmiş nəqliyyat vasitəsi 25 ay ərzində istifadəsiz və nəzarətsiz qalmaqla aşınmaya uğramışdır. 3 (üç) ilə yaxın bir müddət ərzində əmlak mülkiyyətçisi sahib olduğu əmlakının saxlanma şəraiti ilə bağlı məlumatsız olmuş və hər zaman saz və işlək vəziyyətdə olan nəqliyyat vasitəsini texniki nasazlıqlarla təhvil almışdır. Təhvil-təslim zamanı isə texniki nasazlıqların mövcudluğu rəsmi sənədlərlə təsdiq olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv və iddia tələblərinin təmin olunmasını xahiş etmiş, şikayətlərini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, obyektiv və hərtərəfli araşdırma aparmadığını, tətbiq olunmalı maddi hüquq normalarını tətbiq etmədiyini, mübahisənin həllinə açıq-aşkar qərəzli yanaşdığını irəli sürmüşlər. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 nümayəndəsi (atası) Nümayəndə (ona digər iddiaçı tərəfindən də etibarnamə verilmiş olsa da, həmin iddiaçının yaxın qohumu olmadığından onun nümayəndəsi qismində işə buraxılmamışdır) apellyasiya şikayətini müdafiə edərək iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, üçüncü şəxsin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nümayəndəsinin iştirakını təmin etmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamentinin (VCİAD) İstintaq İdarəsində İddiaçı2 barəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə istintaq olunmuş ********* saylı cinayət işi üzrə Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddianın təmin olunması məqsədilə mülkiyyət hüququ ilə İddiaçı2 adına rəsmiləşdirilmiş “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə istintaq orqanının vəsatəti əsasında Yasamal Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərarı ilə həbs qoyulmuş, qərarın icrası Vergilər Nazirliyi yanında VCİAD-nə həvalə edilmiş, həmin Departamentin İstintaq İdarəsinin böyük müstəntiqi tərəfindən avtomobil 05 may 2017-ci il tarixdə saxlanca verilmişdir. İşin müəyyən olunmuş digər halına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli hökmü ilə İddiaçı2 sözügedən cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 213.2.2 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddia təmin olunaraq üzərinə həbs qoyulmuş dəyəri 28 500 manat olan "Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilə tutma tutma yönəldilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılan həmin hökm icraya yönəldilərək avtomobilin vurulmuş ziyanın ödənilməsi ilə satışa çıxarılması məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Yasamal rayon icra və probasiya şöbəsinə rəsmi göstəriş ünvanlanmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Yasamal rayon icra və probasiya şöbəsinin 02 mart 2018-ci il tarixli 17/72-316192/10-7070 saylı sifariş məktubu əsasında “X4” MMC tərəfindən nəqliyyat vasitəsinin açıq hərracda satılması ilə bağlı 10 may, 01 iyun, 05 və 16 iyul 2018-ci il tarixlərdə hərraclar keçirilmiş, hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən 02 avqust 2018-ci il tarixdə “X4” MMC tərəfindən 1277 saylı məktubla sənədlər toplusu Yasamal rayon icra və probasiya şöbəsinə geri qaytarılmışdır. İş materiallarından aydın olur ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli qərarından İddiaçı2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Cinayət Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarı ilə qismən təmin olunaraq İddiaçı2 barəsində Azərbaycan Respublikası CMnin 213.2.2-ci maddəsi əsasında cinayət işi üzrə icraata xitam verilmiş, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli hökmü və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilərək müsadirəsi barədə qərar qəbul edilmiş “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomaşına dair müddəalar hər iki məhkəmə aktından xaric olunmuş, kassasiya instansiyası məhkəməsinin bu qərarı əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2019-cu il tarixli göstərişi ilə üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi Yasamal rayon icra və probasiya şöbəsinə tapşırılmışdır. İş materiallarından həmçinin aydın olur ki, 02 mart 2017-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarı əsasında üzərinə həbs qoyulmuş “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 05 may 2017-ci il tarixdən etibarən Xətai rayonu ərazisində yerləşən “xxxx” MMC-nin zirzəmisində yerləşən avtodayanacaqda saxlanılmış, avtomobilin üzərindən həbsin götürülərək qaytarılmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2019-cu il tarixli göstərişi Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən icra olunmadığından Xətai rayon icra və probasiya şöbəsi Bakı Ağır Cinayətlər Məhkəməsinə 29 may 2019-cu il tarixli müraciət ünvanlanmış, bu müraciətə cavab olaraq həmin məhkəmənin hakimi tərəfindən 01 may 2019-cu il tarixdə Yasamal rayon icra və probasiya şöbəsinə ünvanlanmış göstərişin surəti 03 iyun 2019-cu il tarixli müşayiət məktubu ilə Xətai rayon icra və probasiya şöbəsinə təqdim olunmuş, bundan sonra Xətai rayon icra və probasiya şöbəsi 07 iyun 2019-cu il tarixli məktubla nəqliyyat vasitəsinin İddiaçı2 nümayəndəsi Nümayəndə təhvil verilməsi tələb olunmuşdur. İşin mübahisələndirilməyən halına görə, “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təhvil-təslimi “xxxx” MMC-nin zirzəmisində yerləşən avtodayanacaqda 10 iyun 2019-cu il tarixdə həyata keçirilmiş, təhvil-təslimdə Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Toğrul Baxşəliyev, hal şahidləri X3 və Pərviz Dayanlı, eləcə də mülkiyyətçi İddiaçı2 nümayəndəsi Nümayəndə iştirak edərək akt tərtib etmiş, aktda avtomobilin kənarında cızıqların, sağ tərəfində isə cızıq-batıqların olduğu göstərilmişdir. İş materiallarından aydın olur ki, nəqliyyat vasitəsi “xxxx” MMC-nin zirzəmisində yerləşən avto-dayanacaqdan çıxarılaraq “Mercedes-Benz” şirkətinin rəsmi dileri olan “xxxx” MMC-yə gətirilmiş və texniki müayinədən keçirilmiş, avtomobilin servisə qəbulu ilə bağlı 10 iyun 2019-cu il tarixdə tərtib edilmiş təhvil-təslim aktının “Qəbul zamanı qüsurlar” bölməsində avtomobilin çirkli olduğu, cızıq və batıqların görsəndiyi qeyd olunmuş, texniki müayinədən keçirilməsi nəticəsində avtomobilin işlək hissələrində ciddi texniki nasazlıqlar müəyyən edilmiş, nasazlıqların aradan qaldırılması ilə bağlı xərclərin ümumi məbləğinin 15 500 (on beş min beş yüz) manat təşkil etdiyinə dair qiymətləndirmə sənədi tərtib olunmuşdur. İddiaçılar məhz işin yuxarıda göstərilən müəyyən olunmuş həmin hallarına istinad edərək müvafiq iddia tələblərini irəli sürmüş, birinci instansiya məhkəməsi isə onların heç bir tutarlı sübutu məhkəməyə təqdim edə bilmədiklərinni, avtomobilin iddiaçılara təhvil verilərkən üzərində müəyyən olunmuş qüsurların onun saxlancda (dayancaqda) olduğu dövrdə yaranması faktının sübuta yetirilmədiyini və iddiaçılara məxsus “Mercedes ML- 550” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla, həmin avtomobilin üzərinə həbs qoyularaq müsadirəsi barədə qərar qəbul edilməsi arasında səbəbli əlaqənin olmasının müəyyən edilmədiyini vurğulamaqla müvafiq nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə, müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, maddi hüquq normasını düzgün təfsir etməmiş və hüququn tətbiq edilməsində səhv buraxmış, həmçinin sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, ər-arvad olan iddiaçılara birgə mülkiyyət hüququ üzrə məxsus “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamentinin İstintaq İdarəsində İddiaçı2 barəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə istintaq olunmuş ********* saylı cinayət işinin icraatı zamanı müstəntiqin vəsatəti əsasında məhkəmənin 02 mart 2017-ci il tarixli qərarı ilə həbs qoyulduğu, avtomobilin 05 may 2017-ci il tarixdə saxlanca verildiyi, Ali Məhkəmənin Cinayət Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarı ilə İddiaçı2 barəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi əsasında başlanan cinayət işinin icraatına bəraətverici əsasla xitam verildiyi və dəyəri 28 500 manat olan tutma yönəldilmiş avtomobilə dair müddəaların aşağı instansiya məhkəmələrinin aktlarından xaric olunduğu, avtomobilin 10 iyun 2019-cu il tarixdə mülkiyyətçinin nümayəndəsinə qaytarıldığı, təhviltəslim aktında avtomobilin kənarında cızıqların, sağ tərəfində isə cızıq-batıqların olduğunun göstərildiyi, “Mercedes-Benz” şirkətinin rəsmi dileri olan “xxxx” MMC-də aparılan müayinə zamanı avtomobilin işlək hissələrində ciddi texniki nasazlıqların aşkarlandığı işin mübahisələndirilməyən hallarıdır. Apellyasiya baxışı zamanı X10 göndərilən sənədlərlə həmçinin müəyyən olunmuşdur ki, sözügedən avtomobil 13.06.2019-cu il tarixdə İddiaçı2 qızı X6 mülkiyyətinə keçirilmiş, 14.10.2019-cu il tarixdə isə sonuncu tərəfindən 15 000 manata X1. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ; 68-ci maddəsinin 3-cü bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 18.02.1999-cu ildə dərc edilərək qüvvəyə minmiş “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Qanunun 5-ci maddəsində bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərin; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanının; 3) ödənilmiş məhkəmə xərclərinin, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimənin; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlərin; 5) vurulmuş fiziki və mənəvi ziyanın ödənilməli olduğu; 7-ci maddəsində şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrin mənəvi ziyan hesab edildiyi; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənildiyi; 12-ci maddəsində fiziki və mənəvi ziyanın, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilməli olduğu təsbit edilmişdir. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçılar, onlara məxsus avtomobilin sonradan bəraətverici əsasla xitam verilmiş cinayət işi üzrə icraat çərçivəsində mülkiyyətlərindən çıxarılması nəticəsində avtomobilə dəydiyini iddia etdikləri ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürmək hüququna sahib olmuşlar və həmin ziyanın ədalətli əvəzi onlara ödənilməlidir. Apellyasiya baxışı zamanı iddiaçıların avtomobilinə dəymiş ziyanın real məbləğinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertiza təyin olunmuş, ekspertin 04 mart 2021-ci il tarixli rəyində “xxxx” MMC-nin 10.06.2019-cu il tarixli qüsur aktındakı məlumatlar əsas götürülməklə 2009-cu il buraxılışlı “Mercedes ML-350” markalı ** GT *** dövlət nömrə nişanlı avtomobilin dəyişilməli hissələrinin dəyərinin təxminən 8076 manat (aşınma faizi nəzərə alınmaqla), təmir-bərpa xərcinin 1400 manat təşkil etdiyi nəticəsinə gəlinmişdir. Beləliklə, 2017-ci ildə üzərinə həbs qoyularkən avtomobil 28 500 manat məbləğində qiymətləndirilmiş, 10 iyun 2019-cu il tarixdə mülkiyyətçinin nümayəndəsinə qaytarılarkən tərtib olunan təhvil-təslim aktında avtomobilin kənarında cızıq-batıqların olduğu göstərilməklə yanaşı, “Mercedes-Benz” şirkətinin rəsmi dileri olan “xxxx” MMC-də aparılan müayinə zamanı avtomobildəki nasazlıqların aradan qaldırılması xərclərinin ümumi məbləğinin 15 500 (on beş min beş yüz) manat təşkil etdiyinə dair qiymətləndirmə sənədi tərtib olunmuş, 14.10.2019-cu il tarixdə avtomobil 15 000 manata digər şəxsə satılmış, ekspert rəyi ilə isə avtomobilin təmiri üçün təxminən 9476 manat tələb edildiyi müəyyənləşdirilmişdir. Kollegiya, avtomobildə müvafiq təmir işlərinin həyata keçirildiyinə dair məhkəməyə heç bir sübut təqdim edilmədiyini, yəni avtomobilin təmir edildikdən sonra satıldığının müəyyən olunmadığını, həmçinin avtomobildə yarandığı göstərilən cızıq-batıqların məhz onun iddiaçılardan alındıqdan sonra ortaya çıxdığının sübuta yetirilmədiyini nəzərə almaqla hesab edir ki, ekspert rəyində avtomobilin dəyişilməli hissələrinin dəyəri kimi göstərilən 8076 manat iddiaçılara dəymiş ziyanın ədalətli əvəzi kimi qəbul edilməlidir. İddiaçıların “istintaq orqanının səhvi nəticəsində Azərbaycan Respublikasının CMnin 213.2.2-ci maddəsi ilə ittiham olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı İddiaçı2 Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən yazılı surətdə üzr istənilməsi” tələbi ilə bağlı kollegiya qeyd edir ki, hər nə qədər “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 7-ci maddəsində, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının onların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməli olduqları təsbit olunsa da, İddiaçı2 adı çəkilən orqana ondan üzr istənilməsi barədə müraciət ünvanladığı, lakin bundan imtina edildiyi müəyyən olunmamışdır. Başqa sözlə İddiaçı2 həmin iddianı, yalnız adı çəkilən orqan onun müvafiq tələbini yerinə yetirməkdən imtina etdiyi halda səlahiyyətli məhkəmədə irəli sürə bilər. İddiaçıların “istintaq orqanının səhvi nəticəsində yaranmış məhkəmə xərclərinin Maliyyə Nazirliyindən xeyirlərinə tutulması” tələbi ilə bağlı kollegiya qeyd edir ki, hazırkı işlə bağlı məhkəmə xərclərinin iddia ərizəsi və apellyasiya şikayəti üçün ödənilmiş rüsum məbləğlərindən ibarət olduğu müəyyən edilmişdir və məhz həmin məbləğlər iddiaçıların xeyrinə tutula bilər. Nəzərə alınmalıdır ki, digər xərclərin mövcudluğu barədə məhkəməyə sübut təqdim olunmamışdır; ikincisi isə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 12-ci maddəsinə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur. İddiaçıların “Azərbaycan Dövlətinin hüquqi və qanuni mənafeyinə mühüm zərbə vurmuş inzibati (istintaq) orqanının məsul vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunması məsələsinə baxılması” tələblərinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə cinayət təqibi orqanı deyildir və iddiaçılar müvafiq məsələnin araşdırılması üçün cinayət təqibi orqanlarına müraciət ünvanlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə isə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 birgə verdikləri apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2679/2020 saylı iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “zərərin ödənilməsi, üzr istənilməsi və istintaq orqanının məsul vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunmaları” tələbləri qismən təmin edilsin. “Mercedes ML-350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 8076 (səkkiz min yetmiş altı) manat, məhkəmə xərcləri qismində 45,80 (qırx beş manat 80 qəpik) manat olmaqla cəmi 8121,80 (səkkiz min yüz iyirmi bir manat 80 qəpik) manat dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci Dövlət büdcəsinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-843/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-843/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver