Məhkəmə qərarları › İş №2(103)-843/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-843/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-843/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 MMC və Suraxanı rayon İcra şöbəsinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-843/2024 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 MMC və Suraxanı rayon İcra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3015/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsininxx.xx.2022-ci il tarixli 2(010)-59/2022 saylı qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi qismən təmin edimiş, X1 133281,84 manat əsas, 6770,73 manat faiz olmaqla, cəmi 140052,57 manat borc, 30 manat dövlət rüsumu və bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi qət edilmişdir.

2. Bu qətnamənin icrası ilə bağlı Suraxanı rayon icra şöbəsində icra işi başlanmış və iddiaçının mülkiyyətində olub üzərinə cavabdeh Bankın xeyrinə həbs qoyulan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evinin 205000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılması üçün cavabdeh Hərrac İdarəsinə sifariş verilmişdir.

3. Qeyd edilən əmlakın hərrac vasitəsilə satılması üçün hazırki iş üzrə Cavabdeh2 MMC-nin təşkilatçılığı ilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə təyin edilmiş hərraclar baş tutmamış, bu səbəbdən ipoteka predmeti Cavabdeh1 ASC tərəfindən əldə edilmiş və buna dair hərrac təşkilatı ilə Bank arasında xx.xx.2023-cü il tarixində “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 101 saylı yekun protokol” imzalanmış, eyni zamanda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə imzalanmışdır.

4. İddiaçı hazırda sözügedən yaşayış evinin dəyərinin düzgün müəyyənləşdirilməməsi, o cümlədən hərracın keçirilməsi zamanı ona məlumat verilməməsi səbəbindən hərrac nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 MMC və Suraxanı rayon İcra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Suraxanı rayon İcra şöbəsinin sifarişi əsasında Cavabdeh2 tərəfindən iddiaçı X4 mülkiyyətində olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi və həmin hərracın nəticələrinin ləğv edilməsi, 100 manat dövlət rüsumu, 100 manat hüquqi xidmət xərcinin cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Surxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-59/2022 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddia tələbi qismən təmin edilərək aşağıdakılara qət edildi: X1 133281,84 manat əsas, 6770,73 manat faiz olmaqla, cəmi 140052,57 manat borc, 30 manat dövlət rüsumu və bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh1 ASC-nın xeyrinə tutulsun. Tələb ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc ödənilsin”. Bu qətnamənin icrası ilə bağlı Suraxanı rayon icra şöbəsində icra işi başlanmış və iddiaçının mülkiyyətində olub üzərinə cavabdeh Bankın xeyrinə həbs qoyulan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evinin 205000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılması üçün cavabdeh Hərrac İdarəsinə sifariş verilmişdir. İddiaçı aşağıda göstərilənlər əsasında hesab edir ki, həmin hərrac və onun nəticələri ləğv olunmalıdır: 1) Hərrac daşınmazın mülkiyyətçisi X2 heç bir məlumatı olmadan, ona rəsmi qaydada hərracın keçiriləcəyi barədə bildiriş göndərilmədən keçirilib. Bu səbəblə hesab edilir ki, hərracın keçirilmə qaydaları cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur. Təbii ki, bunun da nəticəsində iddiaçının əsas insan hüququ olan mülkiyyət hüququ da pozulmuşdur. Keçirilmiş hərrac məhz bu səbəblə ləğv edilməlidir. 2) Bundan başqa iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evi 205000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır ki, bu da qəbul edilməzdir. Belə ki, həmin fərdi yaşayış evi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ümumi sahəsi 300 kv.m olan villa tipli super təmiri və hər şəraiti olan bağ evidir. Həmin ərazidə bənzər bağ evlərinin 2023-cü ilə olan bazar qiymətiən minimum 300000 manatdır. Qeyd edilən bağ evinin hərraca çıxarılacaq olan ilkin satış qiyməti, yəni 205000 manat Yasamal rayon məhkəməsində 2021-ci ildə müəyyən edilmişdir. Hal-hazırda həmin bağ evinin dəyəri isə ən aşağı 300000 manatdır. İddiaçı hesab edir ki, Suraxanı rayon məhkəməsinin göndərdiyi icra sənədi olduğu kimi icra edilərək üzərinə həbs qoyulmuş həmin bağ evinin ilkin satış qiyməti olan 205 000 manat ilə hərraca çıxarılması mülkiyyətçi-iddiaçının əsas insan hüquqlarından biri olan mülkiyyət hüququnu kobud şəkildə pozacaqdır. Ona görə də iddiaçı hesab edir ki, hərracın ləğv edilərək 2023-cü ildə olan qiymətlərə uyğun qiymətləndirmə aparılaraq həmin evin qiymətinin təyin olunması iddiaçının hüquqlarının təmin olunması üçün zəruridir. İddiaçı bildirir ki, cavabdehlər tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə riayət edilmədən, iddiaçının konstitusion hüquqları pozularaq keçirildiyi üçün ləğv olunmalıdır. İddia tələbi cavabdehlərin keçirdiyi hərracın nəticələrinin ləğv olunması ilə bağlıdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3015/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2 və 62.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 106.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərrac daşınmazın mülkiyyətçisi X2 heç bir məlumatı olmadan keçirilib. Məhkəmə bildirişin göndərilmiş olduğunu yetərli hesab etmiş, lakin onların iddiaçıya çatıb-çatmadığını araşdırmadan qətnamə qəbul etmişdir. Bu səbəblə hesab edilir ki, hərracın keçirilmə qaydaları cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur. Təbii ki, bunun da nəticəsində iddiaçının əsas insan hüququ olan mülkiyyət hüququ da pozulmuşdur. Keçirilmiş hərrac məhz bu səbəblə ləğv edilməlidir. 2) Bundan başqa iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evi 205000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır ki, bu da qəbul edilməzdir. Belə ki, həmin fərdi yaşayış evi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ümumi sahəsi 300 kv.m olan villa tipli super təmiri və hər şəraiti olan bağ evidir. Həmin ərazidə bənzər bağ evlərinin 2023-cü ilə olan bazar qiymətiən minimum 300000 manatdır. Qeyd edilən bağ evinin hərraca çıxarılacaq olan ilkin satış qiyməti, yəni 205000 manat Yasamal rayon məhkəməsində 2021-ci ildə müəyyən edilmişdir. Hal-hazırda həmin bağ evinin dəyəri isə ən aşağı 300000 manatdır. İddiaçı hesab edir ki, Suraxanı rayon məhkəməsinin göndərdiyi icra sənədi olduğu kimi icra edilərək üzərinə həbs qoyulmuş həmin bağ evinin ilkin satış qiyməti olan 205 000 manat ilə hərraca çıxarılması mülkiyyətçiiddiaçının əsas insan hüquqlarından biri olan mülkiyyət hüququnu kobud şəkildə pozacaqdır. Ona görə də iddiaçı hesab edir ki, hərracın ləğv edilərək 2023-cü ildə olan qiymətlərə uyğun qiymətləndirmə aparılaraq həmin evin qiymətinin təyin olunması iddiaçının hüquqlarının təmin olunması üçün zəruridir. Məhkəmə Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə əmlakın likvid dəyərinin 205.000 manat dəyərində müəyyən edildiyini və və Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən preyudisiallıq prinsipinə görə bu faktın artıq mübahisələndirilə bilməyəcəyini qeyd etmişdir. Lakin iddiaçı qeyd edir ki, preyudisiallıq yalnız borcun məbləğində münasibətdə tətbiq olunmalıdır və borcun məbləği də iddiaçı tərəfindən mübahisələndirilmir. İddiaçı bildirir ki, cavabdehlər tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə riayət edilmədən, iddiaçının konstitusion hüquqları pozularaq keçirildiyi üçün ləğv olunmalıdır. İddia tələbi cavabdehlərin keçirdiyi hərracın nəticələrinin ləğv olunması ilə bağlıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh1 ASC apellyasiya şikayətinə etiraz verərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsini xahiş etmiş, etirazı iddia ərizəsinə etirazının dəlillərinə uyğun əsaslandırmışdır.

c) Proses iştirakçılarının izahatı

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Mübariz Yolçuyev məhkəməyə ərizə ünvanlayaraq X7 iddia tələbi üzrə məhkəmə prosesində iştirak etməyi ilə əlaqədar məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. İşin halları, həmçinin prosesin təxirə salınmasını xahiş edən nümayəndə və vəkilin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi (ərizədə qeyd olunan tərəflərin nümayəndə-vəkili olması barədə müvafiq etibarnamə və ya order), eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

14. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

15. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

16. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

17. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

18. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu (hərracın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası)

19. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

20. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

21. Maddə 42.5-ci və 42.6. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar.

22. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

23. Maddə 43.7 və 43.7-1. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

24. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

25. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

“İcra haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.

27. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.

28. Maddə 53.3. Əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

32. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

40. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı hərracın və onun nəticələrinin etibarsızlığını keçirilən hərracların heç biri barədə onun xəbərinin olmaması və hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı ona hər hansı məlumatın verilməməsi ilə əsaslandırmışdır.

41. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh X5 qarşı borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, X1 133281,84 manat əsas, 6770,73 manat faiz olmaqla, cəmi 140052,57 manat borc, 30 manat dövlət rüsumu və bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh1 ASC-nın xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinin likvid dəyərinin 205.000 manat müəyyən edilməsi, mənzil satıldıqdan sonra X4 1 ay ərzində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evindən çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

42. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5702/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 59/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-573/2023 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5702/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

44. Suraxanı rayon İcra şöbəsi tərəfindən “Capitals Auction“ MMC-yə ünvanlanan 18/165391/22-19 saylı, xx.xx.2023-cü il tarixli hərracın keçirilməsi haqqında sifariş məktubundan görünür ki, borclu X4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs., Şərq y/s, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzil barədə hərrac keçirilməsi xahiş olunmuşdur.

45. “Capitals Auction“ MMC-nin xx.xx.2023-cü il tarixli, 119-1 №-li hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzil dəyəri 205000.00 manat olmaqla 22 may 2023-cü il tarixində, saat 11:00da ünvan 4 ünvanında açıq hərracı keçiriləcəyi barədə məlumat İddiaçı, Cavabdeh1 ASCyə və Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir

46. 788444 №-li və 788443 №-li qaimələrin surətindən görünür ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı yaşayış ünvanlarına hərrac keçirilməsinə dair bildiriş göndərilmişdir.

47. “Capitals Auction“ MMC-nin xx.xx.2023-cü il tarixli, 119-1 №-li hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzil dəyəri 15 % endirimlə 174250.00 manat olmaqla 14 iyun 2023-cü il tarixində, saat 11:00-da ünvan 4 ünvanında açıq hərracı keçiriləcəyi barədə məlumat İddiaçı, Cavabdeh1 ASCyə və Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir.

48. 793587 №-li və 793589 №-li qaimələrin surətindən görünür ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı yaşayış ünvanlarına hərrac keçirilməsinə dair bildiriş göndərilmişdir.

49. Hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 101 nömrəli protokolun surətinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə və Suraxanı rayon İcra şöbəsinin 18/165391/22-19 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 205000 (iki yüz beş min) manat, 15 % endirimlə 174250 manat, ilkin satış qiymətindən 25 % aşağı qiyməti 130687 manat 50 qəpik olan İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzili 130687 manat 50 qəpik qiymətə ipoteka saxlayan Cavabdeh1 ASCnin nümayəndəsi X8 əldə etmişdir.

50. xx.xx.2023-cü il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Müqavilənin surətindən görünür ki, “Təşkilatçı” - “Capitals Auction“ MMC İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evini “Əldə edən” - Cavabdeh1 ASC-nin tam mülkiyyətinə verməyi, “Əldə edən” isə həmin daşınmaz əmlakı alıb onun dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 ASC həmin əmlakı 130687 manat 50 qəpik qiymətə əldə etmişdir.

51. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 171.20 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 ASC-nin tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.

52. “525-ci qəzet”in surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 5 saylı mənzil ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir.

53. Məhkəmə iddiaçının hərracın keçirilməsi ilə bağlı ona heç bir məlumat verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyin zəruri hesab edir.

54. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin qərarda Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin, ümumiyyətlə, hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

55. İş materiallarından göründüyü kimi “Capitals Auction“ MMC-nin xx.xx.2023-cü il tarixli, 119-1 №-li hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzil dəyəri 205000.00 manat olmaqla 22 may 2023-cü il tarixində, saat 11:00-da ünvan 4 ünvanında açıq hərracı keçiriləcəyi barədə məlumat İddiaçı, Cavabdeh1 ASC-yə və Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir

56. 788444 №-li və 788443 №-li qaimələrin surətindən görünür ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı yaşayış ünvanlarına hərrac keçirilməsinə dair bildiriş göndərilmişdir.

57. “Capitals Auction“ MMC-nin xx.xx.2023-cü il tarixli, 119-1 №-li hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzil dəyəri 15 % endirimlə 174250.00 manat olmaqla 14 iyun 2023-cü il tarixində, saat 11:00-da ünvan 4 ünvanında açıq hərracı keçiriləcəyi barədə məlumat İddiaçı, Cavabdeh1 ASCyə və Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir.

58. 793587 №-li və 793589 №-li qaimələrin surətindən görünür ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı yaşayış ünvanlarına hərrac keçirilməsinə dair bildiriş göndərilmişdir.

59. Göründüyü kimi hazırki iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən hər iki hərracın keçirilmə vaxtı və yeri barədə tərəflərə, o cümlədən iddiaçı X5 lazımi qaydada bildiriş göndərilmişdir və qanunvericiliyin tələblərinə əsasən bildirişlərin göndərilməsi artıq hərracın etibarlılığı ilə bağlı ilkin şərtin ödənilməsini ehtiva edir.

60. Hərçənd ki, hərracların təşkil edilməsi ilə bağlı bildirişin göndərilməsi faktı iddia tələbinin bu hissədə əsassızlığına dəlalət etsə də, kollegiya iddiaçının birinci instansiya məhkəməsinin göndərilən bildirişlərin iddiaçıya çatıb-çatmadığını araşdırmadan qətnamə qəbul etməsi ilə bağlı fikirlərinə də münasibət bildirməyi zəruri hesab edir.

61. Belə ki, iş materiallarına nəzər yetirdikdə görünür ki, istər birinci bildiriş zamanı, istərsə də, ikinci bildiriş Cavabdeh2 MMC tərəfindən tərtib edilən zaman borclunun həm ünvan 7, həm də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, 4-cü döngə, 21 B ünvanına bildirişlər göndərilmiş, həmin bildirişlər ilkin bildiriş üzrə xx.xx.2023cü il tarixində 788443 və 788444 №-li qaimələr əsasında “Qaibov.F” tərəfindən qəbul edilmiş, ikinci bildiriş üzrə isə xx.xx.2023-cü il tarixində “Qaibov” soyadlı şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, 4-cü döngə, 21 B ünvanına göndərilmiş 793589 №-li qaimə əsasında bildiriş qəbul edilsə də, ünvan 7 ünvanına göndərilmiş bildiriş qəbul edilməmiş və buna uyğun olaraq 793587 № qaimə tərtib edilməklə akt tərtib edilmişdir.

62. Göründüyü kimi iddiaçı həm birinci, həm də ikinci hərracın keçirilməsi ilə bağlı bildirişləri qəbul edərək bundan məlumatlı olmuşdur.

63. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır.

64. Növbəti olaraq iddiaçı öz apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsi Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə əmlakın likvid dəyərinin 205.000 manat dəyərində müəyyən edildiyini və və Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən preyudisiallıq prinsipinə görə bu faktın artıq mübahisələndirilə bilməyəcəyini qeyd etmişdir. Lakin iddiaçı qeyd edir ki, preyudisiallıq yalnız borcun məbləğində münasibətdə tətbiq olunmalıdır və borcun məbləği də iddiaçı tərəfindən mübahisələndirilmir. Qeyd edilənlərə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.

66. Göründüyü kimi Suraxanı Rayon Məhkəməsininxx.xx.2022-ci il tarixli 2(010)- 59/2022 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 205.000 manat məbləğində müəyyən edilmişdir. Bu da öz növbəsində qeyd edilən halın preyudisial əhəmiyyət daşıdığını dəlalət edir və bu səbəbdən hazırki mülki iş üzrə icraat çərçivəsində yenidən araşdırıla və mübahisə edilə bilməz.

67. Həmçinin, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

68. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.

69. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.

70. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

71. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.

72. İş materiallarından görünür ki, iddiaçının hərracın keçirilməsi və mübahisəli mənzilin hərracda ilkin olaraq 205.000 manata, daha sonra isə 15% endirimlə 174.250 manata satılacağı barədə 2022-ci ilin may ayında məlumatlı olmuşdur. Lakin buna baxmayaraq hərracın etibarsızlığı ilə bağlı tələb onun tərəfindən ilk dəfə 2023-ci ilin iyul ayında, yəni bir il müddət keçdikdən sonra məhkəmədə qaldırılmışdır.

73. Bununla da kollegiya hesab edir ki, iddiaçı əqdlərin mübahisələndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti də ötürmüşdür. Bu səbəbdən də hazırki iddiası təmin edilə bilməz.

74. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

75. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

76. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

77. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

78. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

79. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-3015/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar