Məhkəmə qərarları › İş №2(103)-8430/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8430/2020

25.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8430/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 3084/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin həcminin azaldılması bardə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü oğlu X1 ilə birlikdə Bakı şəhəri Ramana qəsəbəsində 400 kv.m torpaq sahəsində yerləşən evə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş № 2(001)-3084/20) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü oğlu X1 ilə birlikdə Bakı şəhəri Ramana qəsəbəsində 400 kv.m torpaq sahəsində yerləşən evə köçürülməsi və evdən istifadə hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra bir müddət anasına məxsus olan Bakı şəhəri, Ə.Rəcəbli 38a ünvanında yaşamışlar. Sonradan evdə problemlər yarandığı üçün cavabdehin anasının evinə köçmüş, daha sonra isə ayrı evdə kirayə yaşamışlar. 2012-ci il tarixində iddiaçının adına etibarnamə verilməklə Bakı şəhəri, Ramana qəsəbəsində 400 kv.m torpaq sahəsi alınmışdır. Həmin vaxtdan orada ev tikməyə başlamış və nəticədə 3 mərtəbəli ev tikdirmişdir. Lakin evin daxili təmirsizdir. 2019-cu ildə o, nikahın pozulması və uşaqların iddiaçının himayəsində qalması tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Böyük oğlu xx.xx.2008-ci il təvəllüdlü X1 onunla birlikdə yaşayır. Kiçik oğlu xx.xx.2011-ci təvəllüdlü X2 cavabdehlə birlikdə tikdirdikləri evdə yaşayırlar. İddiaçı böyük oğlu, anası, atası və qardaşı ilə birlikdə yaşayır. Lakin qardaşı artıq evlənmək istəyir və onun oğlu ilə həmin evdə yaşamaları qeyir-mümkündür. Bu səbəbdən iddiaçı onların birgə nikah vaxtı inşa etdirdilkləri evə köçmək istəyir, lakin cavabdeh orada yaşadığından iddiaçının evə girməsinə imkan vermir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək yalnız evə köçürülmə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına tikilib. Hazırda cavabdeh orada bir oğlu ilə yaşayır və iddiaçının oraya köçürülməsinə qəti etiraz edir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar ailə qurduqdan sonra bir ilə yaxın iddiaçının valideynlərinin evində qalmış, orada yaşamaq mümkün olmadığı üçün dayısına məxsus Yeni Ramana qəsəbəsi, Qara Qarayev küçəsi, ev 37-də 9 il birgə yaşamışlar. Həmin dövrdə mübahisəli fərdi yaşayış evini tikməyə başlamışlar. Maddi vəziyyətləri imkan vermədiyindən evi tam təmir edə bilməmişlər. İddiaçı özü də qeyd etdiyi kimi ev təmirsizdir, münasibətləri gərgindir. Əgər həqiqətən də bir evdə yaşaya bilərdilərsə, nikahları pozulmazdı. Hesab edir ki, iddiaçı əslində o və oğlu İman üçün evdə dözülməz şərait yaratmaq və edən getmələrinə nail olmaq məqsədi daşıyır. İddiaçı bir neçə ildir ki, nikaha daxil olub, iki uşağı da var. İddiaçının ikinci ailəsi ilə bir evdə yaşaması mümkünsüzdür. Onlar münaqişəli ailə olaraq qeydiyyatdadırlar. Mübahisənin əsaslı həll yolu qarşılıqlı razılıq əsasında evin satılması və pulun bölünməsidir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli evin yerləşdiyi 400 kv.m torpaq sahəsi mülkiyyət hüququ üzrə nə iddiaçıya, nə də cavabdehə məxsus deyil, üzərində olan tikili isə özbaşına tikilidir. Qeyd olunan torpaq sahəsi onların sahibliyində olmuş, özbaşına tikili isə 2012-ci ildə, yəni birgə nikah dövründə tikilmişdir. Hazırda cavabdeh qeyd olunan ünvanda oğlu ilə yaşayır, iddiaçı isə birgə nikahdan olan digər övladı ilə ora köçmək istəyir. Birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərkən mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 180.1, 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarı və s. ilə əsaslandıraraq qeyd etmişdir ki, mübahisəli mənzil 2012-ci ildə, tərəflərin nikah dövründə tikilmişdir. Bu isə ona dəlalət edir ki, qeyd olunan ev onların birgə vəsaiti hesabına tikilmiş hesab olunur. Evin özbaşına tikili olması tərəflərə ümumi birgə mülkiyyət hüququnun ünsürü olan istifadə hüququ yaratmasa da, hər ikisinə orada yaşamaq və evdən istifadə etmək hüququ verir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdeh kimi iddiaçının da həmin evdən istifadə etmək və orada yaşamaq hüququ vardır və himayəsində olan uşağı ilə bərabər oraya köçürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, mübahisəli ev iddiaçının faktiki yaşadığı mənzil olmaqla daimi yaşayış yeridir və onun başqa yaşayış sahəsinin olmasına dair iş materiallarında hər hansı sübut yoxdur. Həmçinin cavabdeh də həmin evi birgə nikah dövründə tikdirdiklərini təsdiq etmişdir.Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə əlaqədar olaraq mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqini, yəni qanunun analogiyasını istisna etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar