Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8430/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2496/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin 05.02.2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC-ə işə bərpa edilməsi, 05.02.2021-ci il tarixdən başlayaraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin 05.02.2021-ci il tarixli əmri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 2020-ci ilin aprel ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X6 İnkişaf Mərkəzində sosial işçi kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddət ərzində işinə məsuliyyətlə yanaşmış, verilən tapşırıqları vaxtında icra etmiş və hər hansı bir nöqsana yol verməmişdir. Amma buna baxmayaraq X5 Mərkəzinə təyin olunmuş direktor Tofiq Rzayev ona qarşı şəxsi qərəzlik münasibəti göstərməkdə davam etmişdir. Bunun nəticəsi olaraq onun işə gəlməməsi və tabelə imza atmaması barədə göstəriş vermişdir. Onun işə gəlməyinə hansı səbəblərdən qadağa qoymasını ondan dəfələrlə soruşsa da bu barədə ona məlumat verməmişdir. İşə davam etməyinə qoyulmuş qadağanın səbəblərini öyrənmək üçün Respublika Prezidentinə, İ vitse prezidentə və X3 rəsmi qaydada müraciət etmişdir. Kənd Təsərrüfatı Nazirliyindən aldığı məktubda qeyd olunur ki, guya o, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərini pozmuşdur. Halbuki həmin maddənin tələblərini pozmayıb. X5 Mərkəzinin direktoru Tofiq Rzayev işə gəlməyinə qoyduğu qadağa olduğu halda o, işə necə gedə bilərdi. Tofıq Rzayev idarə rəhbəri kimi onun həmin idarədə işləməyinə hər cür maneə yaradırdı. Onun iddiaçıya olan nifrətini və qəzəbini digər işçilər də görürdü. Ona görə də qeyd edilən əmr qanunsuz və əsassız hesab edilərək ləğv edilməli, işə bərpa və məcburi iş buraxma müddəti üçün qətnamə qəbul edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2496/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya Məhkəməsinə sübut kimi təqdim olunan 06.11.2020-ci il, 10.11.2020-ci il, 11.11.2020-ci il, 12.11.2020-ci il, 13.11.2020-ci il, 16.11.2020-ci il, 17.11.2020-ci il, 18.11.2020-ci il, 19.11.2020-ci iİ, 19.11.2020-ci il, 20.11.2020-ci il, 23.11.2020-ci il və 24.11.2020-ci il tarixli X6 İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən imzalanmış aktların hamısı saxtadır və Tofiq Rzayevin xüsusi tapşırığı ilə hazırlamnışdır. İş materiallarında olan bütün sübutlar əsassızdır. Hesab edir ki, məhkəmə qətnaməsi yalnız cavabdehin izahatına əsaslanmış, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədən çıxarılmış qanuni və əsaslı deyildir. İkinci olaraq onu qeyd edir ki, məhkəmə işə baxarkən işin faktiki hallarına düzgün qiymət verməmiş sübutları düzgün qiymətləndirməmişdir. İşin faktiki hallarından göründüyü kimi məhkəmə yalnız cavabdeh tərəfin izahatına əsaslanmış və məhkəmədə şahid qismində dindirilən şəxslərin izahatları təhrif olunmuşdur. Məhkəmə cavabdeh tərəfindən təqdim olunan sübutları araşdırmayıb. İşəgötürən Əmək Məcəlləsinin 186-cı maddəsinə nisbətdə hüquqlarından sui istifadə etmiş və bu sui istifadə nəticəsində işçinin qanunla qorunan hüquq və mənafellərinin və düzgünlük prezumpsiyasının pozulmasına gətirib çıxarmışdır. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2496/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X6 İnkişaf Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi X2 apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdilər, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2496/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı işdən çıxarılmasına əsas onunla bağlanmış əmək müqaviləsinin şərtlərini şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan bir-neçə gün ərzində işə gəlməməsi olmuş və gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 və 72-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh MMC-nin nümayəndəsi Ruslan Musayevin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, xxxxxxx0001X0 saylı, 05.02.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 20.05.2020-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.(İ.v.5) İş materiallarında olan, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X6 İnkişaf Mərkəzi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 1-4/1-231 saylı, 25.11.2020-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı 06.11.2020-ci il tarixdən 24.11.2020-ci il tarixə qədər işə gəlməmişdir. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi xahiş edilmişdir.(İ.v.27) İş materiallarında olan, 06.11.2020-ci il, 10.11.2020-ci il, 11.11.2020-ci il, 12.11.2020ci il, 13.11.2020-ci il, 16.11.2020-ci il, 17.11.2020-ci il, 18.11.2020-ci il, 19.11.2020-ci il, 20.11.2020-ci il, 23.11.2020-ci il, 24.11.2020-ci il tarixli X6 İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən imzalanmış aktlardan görünür ki, İddiaçı müvafiq tarixlərdə heç bir üzürlü səbəb göstərmədən işə gəlməmişdir.(İ.v.28-39) İş materiallarında olan, X6 İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən imzalanmış 24.11.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı 24.11.2020-ci il tarixdə saat 09:30 radələrində Lənkəran DAİM-in inzibati binasına gələrək direktorun qəbuluna gəlmək məqsədilə qəbul otağına daxil olmuş və heç bir söz demədən əlindəki telefonu kameraya çəkirmiş kimi baş mütəxəssis-böyük inspektor Elnurə Quliyevaya “mən hər gün işə gəlirəm, sən işə davamiyyət jurnalını niyə imzalamağa mənə vermirsən” deyə hay-küy salmağa başlamışdır. Elnurə Quliyeva “axı sən işə gəlmirsən” deyəndə İddiaçı Telefonu göstərərək “gör çəkdiyim bu video ilə başına nə oyun gətirərəm” deyərək hədələməyə başlamışdır. DAİM direktoru tərəfindən qəbul ediləndən sonra binadan çıxıb getmişdir.(İ.v.40-41) İş materiallarında olan, Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 17.12.2020ci il tarixli, **********1 saylı xəbərdarlıq məktubundan görünür ki, o, 3 iş günü ərzində əlaqə saxlamadığı və ya əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair rəsmi sənəd təqdim etmədiyi təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir.(İ.v.49) İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X8 tərəfindən X6 İnkişaf Mərkəzinin direktoruna ünvanlanmış 28.01.2021-ci il tarixli, **********5 saylı məktubdan görünür ki, İddiaçı xəbərdarlıq məktubu göndərilmiş, lakin məktub qeyd edilən ünvana çatmayaraq geri qaytarılmış, xəbərdarlıq məktubunun adı qeyd edilən ictimai işçiyə təqdim edilməsinə köməklik göstərilməsi və əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir.(İ.v.51) İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X6 İnkişaf Mərkəzi tərəfindən Cavabdeh MMC-nin direktoru vəzifəsini icra edən Ülvi Hüseynova ünvanlanmış 04.02.2021-ci il tarixli, 1-4/1-08 saylı məktubdan görünür ki, İddiaçı ilə əlaqə saxlamaq mümkün olmadığından, xəbərdarlıq məktubunun ona çatdırılması imkan xaricindədir. Həmçinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddət gözləmədən xitam verilməsi xahiş edilmişdir.(İ.v.52) İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X8nin **********4 saylı, 05.02.2021-ci il tarixli əmrinin surətindən görünür ki, X8nə əmək müqaviləsi ilə işə qəbul edilmiş Lənkəran şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyən, əlavədə adları qeyd edilmiş işçilərin əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 05.02.2021-ci il tarixdən xitam verilmişdir.(İ.v.53) İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X8 tərəfindən İddiaçı ünvanlanmış 20.05.2021-ci il tarixli, **********4 saylı məktubdan görünür ki, X8ndə haqqı ödənilən ictimai işlərdə işlə təmin olunmaq istəyi olduğu təqdirdə müvafiq Ərazi Məşğulluq Mərkəzi filialına müraciət etməyi tövsiyə edilmişdir.(İ.v.78) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində işdən çıxarılmasının qanunsuz olduğunu bildirsə də, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmiş, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı işdə tərəf olan Cavabdeh MMCnin İddiaçı ilə arasında olan əmək və hüquq münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. Göründüyü kimi, İddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan bir-neçə gün ərzində işə gəlməmişdir. Bu isə işəgötürən tərəfindən əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi üçün əsaslardan biridir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətində X6 İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən imzalanmış aktların hamısının saxta olduğunu və Tofiq Rzayevin xüsusi tapşırığı ilə hazırlandığını, iş materiallarında olan bütün sübutların əsassız olduğunu, Tofiq Rzayev tərəfindən işə gəlməsinə qadağa qoyulduğunu, məhkəmə tərəfindən cavabdeh tərəfin təqdim etdiyi sübutların araşdırılmadığını, yalnız, cavabdehin təqdim etdiyi sübutları sadalamaqla kifayətləndiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı Sadət Musayeva birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2496/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2496/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8430/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8430/2021
14.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver