Məhkəmə qərarları › İş №2(103)-8432/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8432/2021

06.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8432/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsi eyni zamanda vəkili X17, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilin boşaldılması və barışıq sazişinin etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və İddiaçı1 Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” barədə müstəqil tələbinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1750/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh əşyalarının ünvan 1 ünvanından çıxarılması, Cavabdeh ilə X21 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 07.08.2020-ci il tarixli “barışıq sazişinin” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar RX-seriyalı ******* №-li DƏDRX tərəfindən 20.08.2013-cü il tarixində verilmiş çıxarış əsasında paylı mülkiyyət huququ əsasında onlara məxus xüsusi mülkiyyətlərində olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin evdə Cavabdeh özünə məxsus əşyalarını yerləşdirmişdir. Cavabdeh digər payçı olan X1 gəlinidir. Cavabdeh X15 oğlu X12 ilə 25.03.2015-ci il tarixində nikaha daxil olmuşlar. 01.10.2019-cu il tarixli Yasamal Rayon Məhkəməsinin 2(004)-4018/2019 saylı qətnaməsinə əsasən nikaha xitam verilmişdir. Eyni qətnamə ilə Cavabdeh sözügedən mənzilə istifadə hüququn tanınması haqqında tələbi rədd edilmişdir. Qətnamədən verilən apelyasiya şikayəti təmin edilməmiş, qətnamə qüvvədə saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh həmin mənzildən öz əşyalarını çıxarmır, dəfələrə aralarında mübahisələr yaşanır, vəziyyət çox ağır olduğundan məhkəməyə müraciət etməli olmuşlar Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və İddiaçı1 Cavabdeh qarşı müstəqil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə X21 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 07.08.2020-ci il tarixli “barışıq sazişinin” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb onunla əsaslandırılmışdır ki, sözügedən sazişi imzalayan şəxs X2 Daşdəmir Canbulat oğlunun atası və İddiaçı1 həyat yoldaşıdır (ailə üzvləri) və hər ikisi mübahisəli evdə rəsmi qeydiyyatda olmaqla istifadə hüququna malikdirlər. Sözügedən müqavilə təstiqlənərkən mütləq şəkildə qeydiyyatda olan ailə üzvlərinin razılığı alınmalı idi, əks halda həmin əqd etibarsızıdr. Lakin qeyd edilmiş tələb pozulduğundan X5 ilə X21 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 07.08.2020-ci il tarixli “Barışıq sazişini” etibarsız hesab edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1750/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilərək, iddia tələbinin və müstəqil tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əsasları eyni olan apellyasiya şikayətləri iddia tələblərinin dəlillərinə istinad edilmiş, həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin - əşyaların mənzildən çıxarılması hissəsinə ümumiyyətlə qiymət verməmişdir. Mübahisəli barışıq sazişində isə qətnamənin icrası qaydasında bağlanması göstərilsə də istinad edilən qətnamə ilə evə istifadə hüququnun tanınması barədə Cavabdeh iddiası rədd edilmişdir. Bundan əlavə olaraq qeyd edilməlidir ki, barışıq sazişi başqa şəxslərin hüquqlarına toxunmadığı halda məhkəmə tərəfindən təsdiqlənə bilərdi, lakin belə bir təsdiq olmamışdır. Bundan başqa digər paylı mülkiyyətçilərin Mülki Məcəllənin 218-ci maddəsinə əsasən üstünlük hüquqları olsa da barışıq sazişi ilə həmin hüquqlar pozulmuşdur. Həmçinin mülkiyyət məsələsi barışıq sazişində qeyd olunurdusa onda evdə yaşayan şəxslərin razılığı alınmalı idi, lakin belə bir razılıq yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsi eyni zamanda vəkili X28 apellyasiyaşikayətlərinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, tərəflər arasında barışıq sazişi bağlanarkən mübahisəli evin paylı mülkiyyətçilərin hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X13 apellyasiya şikayətlərinə etiraz edərək izahatında əlavə olaraq bildirdi ki, X5 ilə X21 öz aralarında mübahisəli evin müəyyən bir hissəini Cavabdeh mülkiyyətinə keçirilməsi barədə razılığa gəlmişlər. Həmin razılığı digər şəxslərin hüquqlarına toxunmadığından iddia tələbləri əsassız olmuşdur. Məhkəmə kollegiyası izahatları apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 198153 saylı çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinin qalan hissəsindən 1/3 hissə İddiaçı2, 1/3 hissəsinin qalan hissəsindən 1/3 hissə İddiaçı4, 1/3 hissəsinin qalan hissəsindən 1/6 hissə X18, 1/3 hissəsinin qalan hissəsindən 1/6 hissə X19 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı, 27.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, “Hyundai Sonata” markalı, 90-BJ046 dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı cavabdeh X14 ilə cavabdeh X22 arasında bağlanmış 14.05.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, “Hyundai Sonata” markalı, 90-BJ046 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 (ikidə bir) hissədə iddiaçı Cavabdeh İbrahımxəlıl qızının və 1/2 (ikidə bir) hissədə cavabdeh X6 paylarının müəyyən edilməsi qət edilmişdir. Həmçinin Bakı şəhəri, Yasamal ravonu, Sadıx Dadaşov küçəsi, 30 saylı ev iddiaçı Cavabdeh İbrahımxəlil qızının keçmiş əri cavabdeh X7 atası cavabdeh İddiaçı4 paylı mülkiyyəti olduğundan, Cavabdeh İbrahımxəlıl qızı ilə X12 arasında nikah pozulmaqla ailə münasibətlərinə xitam verildiyinə görə, həmçinin, iddiaçı ilə digər cavabdeh İddiaçı4 arasında mənzildən istifadə hüququ ilə bağlı razılaşma olmadığına görə iddia ərizəsi qeyd edilən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmə hissələrində təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3925/2020 saylı, 19.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 5518/2019 saylı, 27.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan İddiaçı4 ilə Cavabdeh arasında bağlanmış 07.08.2020-ci tarixli Barışıq sazişindən görünür ki, Bu Razılaşmanın predmetini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli 2(103)-3925/2020 saylı qətnaməsinin icrası qaydası təşkil edir. İddiaçı4, Azərbaycan Resublikası DƏDRX-in Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX ******* seriya nömrəli 20.08.2013-cü il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən paylı mülkiyyət üzrə olan fərdi yaşayış evinin 1/3 hissənin qalan hissəsindən özünə məxsus 1/3 hissəsinin Cavabdeh istifadəsində olan 1 otaq, 1 mətbəx və 1 sanitar qovşağını Sazişin şərtləri yerinə yetiriləcəyi təqdirdə Cavabdeh mülkiyyətinə verməyi və həmin hissə ilə bağlı gələcəkdə heç bir mülki və hüquqi iddiası olmayacağmı, məhkəmə instansiyalarına müraciət etməyəcəyini öhdəsinə götürür. Cavabdeh, keçmiş əri X7 mülkiyyətində olmuş 90BJ046 dövlət qeydiyyat nişanlı “'Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin üzərində paylı mülkiyyət hüququnun tanınmasından imtina edərək həmin nəqliyyat vasitəsindən İddiaçı4 və X7 xeyrinə imtina edir. Cavabdeh Sazişin şərtləri yerinə yetiriləcəyi təqdirdə həmin nəqliyyat vasitəsi ilə bağlı gələcəkdə heç bir mülki və hüquqi iddiası olmayacağıı, məhkəmə instansiyalarına müraciət etməyəcəyini öhdəsinə götürür. İş materiallarında olan İddiaçı4 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh ilə aralarında tərtib etdikləri Barışıq Sazişini notarial qaydada rəsmiləşdirmişlər. Bununla bağlı gələcəkdə yarana biləcək bütün məsuliyyəti o, öz üzərinə götürür. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı4 ilə aralarında tərtib etdikləri Barışıq Sazişini notarial qaydada rəsmiləşdirmişlər. Bununla bağlı gələcəkdə yarana biləcək bütün məsuliyyəti o, öz üzərinə götürür. Birinci instansiya məhkəməsi iddia tələbirini rədd etməklə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215 və 218-ci maddələrinə istinad edərək, belə nəticəyə gəlmişdir ki, hazırki mülki iş üzrə iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəflər arasında barışıq sazişi bağlandıqdan sonra belə bir niyyətlərinin olduğunu bildirməmişlər, bunu göstərəcək heç bir hərəkət etməmişlər. Belə ki, tərəflər arasında barışıq sazişi 07.08.2020-ci il tarixdə bağlanmış, məhkəməyə iddia ərizəsi isə 01.02.2021ci il tarixdə verilmişdir. Bundan əlavə qanunvericiliyin tələblərindən də göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisi tərəfindən öz payını satın almaqda üstünlük hüququ pozulmaqla başqa şəxsin xeyrinə özgəninkiləşdirilməsi, barışıq sazişinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin bu sadəcə olaraq barışıq sazişidir, payın özgəninkiləşdirilməsi və ya satılması müqaviləsi deyildir. Tərəflər aralarında 07.08.2020-ci tarixli Barışıq sazişi üzrə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi həmçinin əqdin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mübahisələndirilən əqd təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Habelə iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxslərin mübahisəli barışıq sazişinin etibarsız hesab olunmasına dair istinad etdiyi sübutlar əsassızdır və qeyd edilən sazişin etibarsız hesab olunmasına səbəb deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinin qalan hissəsindən 1/3 hissə İddiaçı2, 1/3 hissəsinin qalan hissəsindən 1/3 hissə İddiaçı4, 1/3 hissəsinin qalan hissəsindən 1/6 hissə X18, 1/3 hissəsinin qalan hissəsindən 1/6 hissə X19 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Göründüyü kimi qeyd olunan fərdi yaşayış evinə dair mülkiyyətçilərin hər birinin payları müəyyənləşdirilməklə yuxarıda adları çəkilən şəxslərin paylı mülkiyyətində olmuşdur. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı Cavabdeh İbrahımxəlıl qızı cavabdehlər X10 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, ünvan 4 ünvanında cavabdeh X11 və İddiaçı4 məxsus olub iddiaçının faktiki istifadəsində olan 3 otaqlı mənzilin hal-hazırda azyaşlı övladları ilə birlikdə yaşadığı iki otağına və ümumi istifadə yerlərinə istifadə və yaşayış hüququnun tanınması, “Hyundai Sonata” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı cavabdeh X12 ilə cavabdeh X23 arasında bağlanmış 14.05.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab ediməsi, avtomobilin cavabdeh X7 mülkiyyətinə və sahibliyinə qaytarılması, iddiaçının himayəsində iki azyaşlı uşağın olmasına görə 2/3 hissədə iddiaçının, 1/3 hissədə isə cavabdeh X7 paylarını müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı, 27.12.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən - “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı cavabdeh X14 ilə cavabdeh X22 arasında bağlanmış 14.05.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Hyundai Sonata” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh İbrahımxəlıl qızının və 1/2 hissədə cavabdeh X7 paylarının müəyyən edilməsi hissəsində təmin edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli 2(103)-3925/2020 saylı qətnaməsi ilə təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5518/2019 saylı işi üzrə 27.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra hazırda mübahisələndirilən barışıq sazişi bağlanmış və razılaşmanın predmetini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli 2(103)-3925/2020 saylı qətnaməsinin icrası qaydası təşkil etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, barışı sazişinin predmetini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli 2(103)-3925/2020 saylı qətnaməsinin icrası qaydası təşkil edə bilməzdi, belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı işi üzrə 27.12.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İbrahımxəlıl qızı cavabdehlər X10 və qeyrilərinə qarşı “ünvan 4 ünvanında cavabdeh X11 və İddiaçı4 məxsus olub iddiaçının faktiki istifadəsində olan 3 otaqlı mənzilin hal-hazırda azyaşlı övladları ilə birlikdə yaşadığı iki otağına və ümumi istifadə yerlərinə istifadə və yaşayış hüququnun tanınması” tələbi təmin edilməmişdir və yuxarıda göstərildiyi kimi həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli 2(103)-3925/2020 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi istinad edilən qətnamə ilə Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqları müəyyən edilmədiyindən həmin tələbə dair də hər hansı bir icra vərəqəsi verilməmişdir. Belə olan halda mübahisələndirilən barışıq sazişinin predmetini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli 2(103)-3925/2020 saylı qətnaməsinin icrası qaydası təşkil etməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, saziş digər şəxslərin hüquqlarına toxunmadığı halda belə saziş bağlanıla bilərdi. Lakin tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozulubpozulmaması notarius tərəfidən müəyyən edilməli, hər hansı şəxsin hüququna toxunduğunu müəyyən etdiyi halda, notarius tərəfindən belə hərəkətlər qəbul edilməməli, saziş təsdiqlənməməli idi. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinə dair mülkiyyətçilərin hər birinin payları müəyyənləşdirilməklə paylı mülkiyyətdə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Həmin Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Birinci instansiya məhkəməsi mübahisələndirilən barışıq sazişinə belə qiymət vermişdir ki, “bu sadəcə olaraq barışıq sazişidir, payın özgəninkiləşdirilməsi və ya satılması müqaviləsi deyildir”. Halbuki istinad edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Mübahisələndirilən barışıq sazişində də paylı mülkiyyətçi İddiaçı4 özünə məxsus hissədə sərəncam verməklə həmin hissədən yəni, 1/3 hissənin qalan hissəsindən özünə məxsus 1/3 hissəsinin Cavabdeh istifadəsində olan 1 otaq, 1 mətbəx və 1 sanitar qovşağını sazişin şərtləri yerinə yetiriləcəyi təqdirdə Cavabdeh mülkiyyətinə verməyi ... öhdəsinə götürmüşdür. Lakin hazırki işdə istinad edilən normanın tələbləri baxımından belə bir razılaşmanın olması iş materialları ilə müəyyən edilməmişdir. Həmçinin paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan paya dair üstünlük hüququna malikdirlər. Hazırki iş üzrə İddiaçı4 özünə məxsus hissədən müəyyən şərt qarşılığında 1 otaq, 1 mətbəx və 1 sanitar qovşağını Cavabdeh mülkiyyətinə verməsi barədə öhdəlik götürməsi məhz həmin payın özgəninkiləşdirilməsini ehtiva edir və barışıq sazişi bağlanarkən paylı mülkiyyətin qalan mülkiyyətçilərinə müvafiq təklif edilmədiyindən onların üstünlük hüququ pozulmuşdur. Digər tərəfdən mübahisələndirilən barışıq sazişi ilə adıçəkilən fərdi yaşayış evinin 1 otaq, 1 mətbəx və 1 sanitar qovşağı Cavabdeh mülkiyyətinə verilsə də bu barədə həmin evin digər paylı mülkiyyətçilərin razılığı alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair 12 aprel 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, hər iki iddia tələbi “Cavabdeh ilə X21 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 07.08.2020-ci il tarixli “barışıq sazişinin” etibarsız hesab edilməsi” hissəsində əsaslı olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1750/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı2 və qeyrilərinin iddia tələbinin təmin edilməyən – “Cavabdeh əşyalarının ünvan 1 ünvanından çıxarılması” hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbi baxılmamış saxlanılmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1750/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə hər iki iddia tələbi Cavabdeh ilə X21 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 07.08.2020-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır, 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1750/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbi qismən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və İddiaçı1 isə iddia tələbi tam təmin edilsin. Cavabdeh ilə X21 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 07.08.2020-ci il tarixli barışıq sazişi etibarsız hesab edilsin. İddiaların verilməsi üçün ödənilmiş və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği tərəflərin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar