Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8432/2022 27.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, X4, X7, X1 və X2rşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 05 fevral 2018-ci il tarixli qətnamədən iş üzrə tərəf olmayan, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən X3 verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbləri barədə” iddiasına dair mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, xx.xx.2015-ci il tarixli, 61B8/13 saylı əlavə kredit müqaviləsi üzrə 44099,20 ABŞ dolları əsas, 8991,5 ABŞ dolları faiz borcu, cəmi 53090,70 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə AR manatı ilə, xx.xx.2015-ci il tarixli, 61B8/13 saylı əlavə kredit müqaviləsinə əsasən 14478,42 ABŞ dolları əsas, 352,30 ABŞ dolları faiz, 500 manat cərimə olmaqla, cəmi 15530,72 manat, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması 30 manat pullun Cavabdeh1dən tutularaq iddiaçı Banka ödənilməsini, tələbin xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh2 məxsus və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, R.Quliyev küçəsi, 2 saylı evdə yerləşən 52 saylı mənzilə yönəldilməsini, mənzilin ilkin satış qiymətinin 82000 manat müəyyən olunmaqla, açıq hərracdan satılmasını, həmin yaşayış sahəsinə tutla yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh1in, Cavabdeh2, Murad Leventin, Hülya Abdullayevanın və Şahin Abbasovun 1 ay ərzində mənzili tərk etmədikdə mənzildən çıxarılmalarını və sair məsələləri qət etmişdir. İş üzrə tərəf olmayan Qurban Abbasov həmin qətnamədən apellyasiya şikayəti vermişdir. O, həmçinin ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, iş üzrə cavabdehlərdən biri olmuş atası Şahin Abbasov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atası sağikən qətnaməni almamış və bu səbəbdən də qətnamədən apellyasiya şikayəti verməmişdir. O özü isə Türkiyə Respublikasında yaşadığından qətnamədən xəbərsiz olmuş, lakin hazırda qətnamənin mövcudluğundan xəbər tutaraq qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Buna görə də, xahiş edir ki, o, qətnamə maraqlarına toxunan şəxs və mərhum atası Şahin Abbasovun prosessual hüquq varisi kimi işə cəlb edilsin. Bundan başqa Qurban Abbasov “prosessual müddətin bərpası barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ona münasibətdə prosessual müddətin bərpası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qurban Abbasovun qətnamədən verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinə və onun tərəfindən verilmiş ərizələrə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla, ərizənin təmin edilməsini, qətnamədən apellyasiya şikayət verməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək Qurban Abbasova münasibətdə bərpa edilməsini və baxılması üçün apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, Qurban Abbasovun verdiyi apellyasiya şikayəti üzrə apellyasiya aşağıda göstərilən iki hala əsasən qeyri-mümkündür. Birinci əsas: Qurban Abbasovun Rayon Məhkəməsinə təqdim etdiyi “Ölüm haqqında şəhadətnamədən” görünür ki, müraciət edərək bildirmişdir ki, iş üzrə cavabdehlərdən biri olmuş atası Şahin Abbasov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 58.1-ci maddəsinin tələbinə görə isə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İş materiallarından görünür ki, yuxarıda qeyd edilən mənzil iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü edilərkən mənzildə yaşayan şəxslər, o cümlədən Şahin Abbasov, mənzilin yüklülünə dair yazılı razılıq vermişlər. Bunu və Bankın tələbinin ipoteka predmeti olan mənzilə yönəldilməsini nəzərə almış Rayon Məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun tələblərinə əsaslanaraq hesab etmişdir ki, mənzildə yaşayan şəxslərin, o cümlədən Şahin Abbasovun mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüquqları artıq mövcud deyil və mənzil açıq hərracdan satıldığı təqdirdə onlar həmin mənzildən çıxarılmalıdırlar. Göründüyü kimi Qurban Abbasovun apellyasiya şikayəti vermək istədiyi qətnamə ilə Şahin Abbasova münasibətdə qət etdiyi məsələ Şahin Abbasovun mənzildən çıxarılması olmuşdur və bu mövqe onunla əsaslandırılmışdır ki, Şahin Abbasovun mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ artıq yoxdur. Yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, Bank ilə Şahin Abbasovun arasında olmuş hüquq münasibəti üzrə hüquq varisliyinə yol verilmir. Belə olan halda Qurban Abbasov vəfat etmiş Şahin Abbasovun prosessual hüquq varisi kimi qətnamənin Qurban Abbasova aid hissəsini mübahisələndirə bilməz. İkinci əsas: Qurban Abbasov hazırki iş üzrə tərəf olmayıb, lakin bildirir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul edilmiş qətnamə onun maraqlarına toxunur. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 357-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1.). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2.). MPM-nin 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 364.2-ci maddəsinə görə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə Qurban Abbasovun hüquq və vəzifələrinə toxunan, onun üzərinə öhdəlik qoyulması ilə nəticələnən hər hansı bir məsələni qət etməmişdir. Belə olan halda hesab edilməlidir ki, Qurban Abbasov qətnamə mübahisələndirə bilməz. Qətnamə onun maraqlarına toxunmur. Odur ki, göstərilənlərə əsaslanan və MPM-nin 363, 364, 366 və 402-cı maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 05 fevral 2018-ci il tarixli qətnamədən iş üzrə tərəf olmayan, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən X3 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8432/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8432/2022
27.12.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver