Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-844/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və qeyrilərinə qarşı iş üzrə (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahələrinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər X3, X12, digər Cavabdeh5 nümayəndəsi (vəkili) X6 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh5, X13, X10 və X16 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhər X5 lcraiyyə Komitəsinin 07 iyun 1960-cı il tarixli, 40 nömrəli qərarına əsasən 6,5 ha torpaq sahəsi Müdafiə Nazirliyinə verilmişdir.
2. Torpaq sahəsindən istifadə hüququ verən 003516 nömrəli aktdan görünür ki, 6,8 ha torpaq sahəsindən pioner düşərgəsi kimi istifadə etmək üçün icazə verilmişdir.
3. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Maddi-texniki təminatı rəisi-X15-texniki təminat üzrə müavini, polkovnik T.Mirzəyev tərəfindən İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin direktoru K.Həsənova ünvanlanmış 21/361 nömrəli, 17 aprel 2004-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi mərkəzi ordu idman klubunun nəzdində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 92 ünvanında yerləşən və üzərindəki tikililər və qurğularla birlikdə 6,8 hektar torpaq sahəsini əhatə edən "Sputnik idmansağlamlıq düşərgəsinin Azərbaycan Respublikası Qanunları çərçivəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsinə və gələcəkdə özəlləşdirilərək məqsədyönlü istifadəsinə etiraz etmirlər.
4. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 1584 nömrəli, 22 aprel 2004-cü il tarixli icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti (Departamentin Kiçik özəlləşdirmənin təşkili və torpaq sektorunun baş məsləhətçisi H.Mustafayevin şəxsində) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cəmiyyətinin direktoru İ.M.Əhmədovun şəxsində) arasında - ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3770,7 kv.m təşkil edən, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin müddəti 22 aprel 2004-cü il tarixdən 22 oktyabr 2004cü il tarixədək müəyyən edilmişdir.
5. İcarəyə verilmiş əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti ilə (Departamentin direktor müavini X7 şəxsində) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cəmiyyətinin direktoru X12 şəxsində) arasında - ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3770,7 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin ********* (üç yüz altmış iki milyon iki yüz on min) manata satılması barədə müqavilə bağlanmışdır.
6. Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair 294 nömrəli, 10 oktyabr 2004-cü il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarəolunması və özəlləşdirilməsi Departamenti ilə (Departamentin direktor müavini X7 şəxsində) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cəmiyyətin direktoru X12 şəxsində) arasında - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarəolunması və özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 2184 saylı "Mülkiyyət hüququ haqqında" şəhadətnamə əsasında özəlləşdirilmiş Əzizbəyov (hazırda Xəzər) rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 92 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsinin tikinti və infrastruktur altında yerləşən hissəsi 22553,9 kv.m, sərbəst sahəsi 42545,5 kv.m olmaqla ümumi torpaq sahəsi 65099,4 kv.m təşkil edən torpaq sahəsinin ********* (səkkiz yüz altmış bir milyon yüz əlli doqquz min iki yüz) manata satılması barədə müqavilə bağlanmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 16 aprel 2015-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin adına ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 3770,7 kv.m olan qeyri-yaşayış sahəsinə xx.xx.2004-cü il tarixli 002184 saylı, ümumi sahəsi 65099.4 kv.m olan torpaq sahəsinə xx.xx.2004-cü il tarixli 000247 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. ünvan 2 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni (000326 saylı xx.xx.2006-cı il tarixli 65099.4 kv.m torpaq sahəsinə və 000325 saylı, xx.xx.2006-cı il tarixli, 3770.7 kv.m qeyri-yaşayış sahəsinə dair şəhadətnamələr verilmişdir) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" MMC-dən almışdır. Cavabdeh1 adına sözügedən xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. X19 tərəfindən təsdiqlənmiş xx.xx.2011-ci il tarixli 4Ə-01/07 reyestr nömrəli bağışlama müqaviləsinə və X19 tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli 3M-01/307 reyestr nömrəli bağışlama müqaviləsinə dəyişiklik edilməsi barədə sazişə əsasən (ümumi sahəsi 846.4 kv.m, torpaq sahəsi 1.325652 ha torpaq sahəsi təşkil edən Yesenin küçəsi, 92 saylı ünvanda yerləşən əmlak kompleksi) Cavabdeh5 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. X19 tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli, 4Ə-1-04 reyestr nömrəli alqı-satqı müqaviləsinə və X19 tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli 3M-01-305 reyestr nömrəli alqı-satqı müqaviləsində dəyişiklik edilməsi barədə sazişə əsasən (ümumi sahəsi 823 kv.m, torpaq sahəsi 1.180016 ha torpaq sahəsi təşkil edən Yesenin küçəsi, 92 C saylı ünvanda yerləşən əmlak kompleksi) X3 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. X19 tərəfindən təsdiqlənmiş xx.xx.2011-ci il tarixli 4Ə-1/03 reyestr nömrəli alqı-satqı müqaviləsinə və X19 tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli 3M-01/306 reyestr nömrəli alqı-satqı müqaviləsində dəyişiklik edilməsi barədə sazişə əsasən (ümumi sahəsi 409,2 kv.m, torpaq sahəsi 1.713668 ha torpaq sahəsi təşkil edən Yesenin küçəsi, 92 A saylı ünvanda yerləşən əmlak kompleksi) X8 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. X19 tərəfindən təsdiqlənmiş xx.xx.2011-ci il tarixli 4Ə-06 reyestr nömrəli alqı-satqı müqaviləsinə və X19 tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli, 3M-01/304 reyestr nömrəli alqı-satqı müqaviləsində dəyişiklik edilməsi barədə sazişə əsasən (ümumi sahəsi 1692,1 kv.m, torpaq sahəsi 2.105321 ha torpaq sahəsi təşkil edən Yesenin küçəsi, 92 B saylı ünvanda yerləşən əmlak kompleksi) X12 adına qeydiyyatdan keçmişdir və halhazırda mülkiyyətindədir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 409,2 kv.m, tikili və ümumi sahəsi 1.713668 ha olan torpaq sahəsi X8 adına qeydiyyata alınmışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 823 kv.metr olan tikili və ümumi sahəsi 1.180016 ha olan torpaq sahəsi X3 adına 28 aprel 2012-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 1692,1 kv.m olan tikili və ümumi sahəsi 2,105321 ha olan torpaq sahəsi X12 adına 3 may 2012-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 92 ünvanında yerləşən ümumi sahəsi 3770,7 kv.m olan qeyriyaşayış sahəsi və ümumi sahəsi 6,3246 ha olan torpaq sahəsi Cavabdeh1 adına 26 yanvar 2011-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 92 ünvanında yerləşən ümumi sahəsi 846,4 kv.m olan tikili və ümumi sahəsi 1,325652 ha olan torpaq sahəsi Cavabdeh5 adına 01 may 2012-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, "xxxx" MMC-yə, Cavabdeh1, Cavabdeh5, X11, X4 və X14 qarşı iddia ərizəsi və ona əlavələrlə məhkəməyə müraciət edərək ünvan 6 ünvanında “Mərdəkan-2” hərbi şəhərciyinin (65099,4 kv.m) torpaq sahəsinin və həmin ərazidə yerləşən qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "xxxx" MMC-yə icarəyə verilməsinə dair 22 aprel 2004-cü il tarixli, 1584 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin, həmin əmlakın 712 nömrəli, 28 may 2004-cü il tarixli alqı-satqı müqaviləsinin, həmin əmlakın yerləşdiyi torpaq sahəsinin "xxxx" MMC-yə satılması barədə 294 nömrəli, 01 oktyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin, ünvan 6 ünvanında “Mərdəkan-2” hərbi şəhərciyinin (65099,4 kv.m) torpaq sahəsinin və həmin ərazidə yerləşən qeyri-yaşayış sahələrinin "xxxx" MMC tərəfindən Cavabdeh1 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət şəhadətnaməsi haqqında 000325 saylı, 13 mart 2006-cı il tarixli və 000326 saylı şəhadətnamələrin və əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən reyestrdə 26 yanvar 2011-ci il tarixli qeydin ləğv edilməsi, Cavabdeh1 Cavabdeh5 əmlak kompleksinin bir hissəsini bağışlaması haqqında 3 avqust 2011-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında 3 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 X11 əmlak kompleksinin bir hissəsini satması haqqında 2 avqust 2011-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında 3 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 X4 əmlak kompleksinin bir hissəsini satması barədə 2 avqust 2011-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə dəyişikliklər edilməsi barədə 3 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 X14 əmlak kompleksinin bir hissəsini satması haqqında 3 avqust 2011-ci il tarixli, ******* nömrəli alqısatqı müqaviləsinin və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında 3 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və ******* nömrəli çıxarışın ləğv edilməsi, Müdafiə Nazirliyinə məxsus “Mərdəkan-2” hərbi şəhərciyinin yerləşdiyi torpaq sahəsinin və həmin ərazidə yerləşən inzibati binaların Müdafiə Nazirliyinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ə.Qəhrəmanov) 2015-ci il 10 avqust tarixli, 2(003)-3054/2015 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Azərbaycan Respublikası İqtisadi-İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 3770,7 kv m təşkil edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə "xxxx" MMC-yə icarəyə verilməsinə dair 22 aprel 2004-cü il tarixli, 1584 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin, həmin əmlakın Azman” MMC-yə satılması barədə 712 nömrəli, 28 may 2004-cü il tarixli alqı-satqı müqaviləsinin, həmin əmlakın yerləşdiyi ümumi sahəsi 65099,4 kv.m torpaq sahəsinin "xxxx" MMC-yə satılması barədə 294 nömrəli, 1 oktyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-nin adına ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 3770,7 kv.m olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2004-cü il tarixli, 002184 saylı, ümumi sahəsi 65099,4 kv.m olan torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli, 000247 saylı mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 6 ünvanında “Mərdəkan-2” hərbi şəhərciyinin (65099,4 kv.m) torpaq sahəsinin və həmin ərazidə yerləşən qeyri-yaşayış sahələrinin "xxxx" MMC tərəfindən Cavabdeh1 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət şəhadətnaməsi haqqında 000325 saylı, 13 mart 2006-cı il tarixli və 000326 saylı şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 verilmiş MA seriyalı, ******* saylı, 26 yanvar 2011-ci il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh1 Cavabdeh5 əmlak kompleksinin bir hissəsini bağışlaması haqqında 3 avqust 2011-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında 3 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və ******* nömrəli, 1 may 2012-ci il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh1 X11 əmlak kompleksinin bir hissəsini satması haqqında 2 avqust 2011-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında 03 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və ******* nömrəli, 26 aprel 2012-ci il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh1 X4 əmlak kompleksinin bir hissəsini satması barədə 2 avqust 2011-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə dəyişikliklər edilməsi barədə 3 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və ******* nömrəli, 28 aprel 2012-ci il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh1 X14 əmlak kompleksinin bir hissəsini satması haqqında 3 avqust 2011-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında 3 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və ******* nömrəli, 3 may 2012-ci il tarixli çıxarışın ləğv edilməsi və ünvan 6 ünvanında “Mərdəkan-2” hərbi şəhərciyinin 6,8 ha torpaq sahəsinin və həmin ərazidə yerləşən inzibati binaların Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qaytarılması qət edilmişdir.
15. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəllənin 337-ci, Torpaq Məcəlləsinin 23, 46-cı, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun 6, 29, 31-ci maddələrinə və işin müəyyən olunmuş faktiki hallarına istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi qanunvericiliklə qadağan edildiyindən özəlləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlandığı andan etibarsız əqd hesab edilir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdehlər Cavabdeh5, X13, X10 və X16 apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2015-ci il 10 avqust tarixli, 2(003)-3054/2015 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
17. Şikayət işin faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, həmin şəxslər qeyri-yaşayış sahəsini hər hansı bir qeyri-qanuni üsulla yox, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əldə etmişlər. Həmçinin həmin qeyri-yaşayış sahəsi əldə edilərkən Mülki Məcəlləsinin 140-cı maddəsində qeyd edildiyi kimi daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına riayət edilməklə xüsusi mülkiyyətə qəbul edilmişdir. Cavabdehlər ərazini alarkən onun Müdafiə Nazirliyinə məxsus olub-olmaması barəsində məlumatları olmayıb. Xəzər Rayon Məhkəməsinin birtərəfli qaydada çıxardığı qətnamə həmin şəxslərin hüquqlarını birmənalı şəkildə pozur. Cavabdehlər eyni zamanda iddia müddətinin ötürüldüyünə istinad etmişlər.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2016-cı il 1 mart tarixli, 2(103)-2076/2016 nömrəli qətnaməsi ilə (hakimlər-V.Həsənov (sədrlik edən və məruzəçi), C.Səfiyeva və N.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2015-ci il 10 avqust tarixli, 2(003)-3054/2015 nömrəli qətnaməsi apellyasiya şikayəti vermiş tərəflərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq onu da qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi və qeyri-yaşayış sahəsi faktiki olaraq dövlət mülkiyyətində olmaqda davam etdiyinə, özəlləşdirilməsinə imkan verən Nazirlər Kabinetinin müvafiq qərarı olmadığına və özəlləşdirilməsinin qadağan olunmasına baxmayaraq özəlləşdirilməklə dövlətin mülkiyyət hüququ pozulmuşdur. Torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin icarəyə verilməsi müqavilələri və həmin müqavilələrdən sonra daşınmaz əmlakların satılmasına dair alqısatqı müqavilələri bağlandıqları andan etibarsız olan müqavilələrdir. Belə müqavilələr isə heç bir hüquqi nəticə yaratmadığı kimi, həmin əqdlərə istinad olunaraq sonrakı özgəninkiləşdirmə ilə bağlı əqdlər və həmin əqdlər əsasında aparılmış reyestr qeydiyyatları da özlüyündə əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə tələblərə iddia müddəti tətbiq edilmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia dövlətin mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən bu tələb iddia müddəti şamil edilməyən tələblərə aiddir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) (hakimlər-V.İbayev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və Q.Əsgərov) 2016-cı il 27 iyul tarixli, 2(102)-3459/2016 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2016-cı il 1 mart tarixli, 2(103)-2076/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Kassasiya məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
d)Konstitusiya məhkəməsindəki icraat
22. İ.Əhmədov və qeyriləri şikayətlə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin Mülki kollegiyasının 2016-cı il 27 iyul tarixli qərarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsini xahiş etmişlər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrilərinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2016-cı il 27 iyul tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1, 418.2-ci maddələrinə uyğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktının icra edilməməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.
24. Konstitusiya Məhkəməsinin Plenumu bu Qərarında qeyd etmişdir ki, Müdafiə Nazirliyinin razılığı ilə dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş mübahisəli əmlaka dair icarə və alqı-satqı müqavilələrinin qanunvericiliyin hər hansı imperativ qaydasına zidd olmasına dair dəlillərin mövcud olmadığı halda məhkəmələr müqavilələri etibarsız hesab etmiş, ərizəçilərin qeyd edilən dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli torpağı vicdanlı şəkildə əldə etmələrini nəzərə almamışlar.
e) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra - Plenum) 30 sentyabr 2022-ci il tarixli, 13(102)-1(k)/2022 saylı iş üzrə qərarı ilə (məruzəçi hakim Z.Əliyev) kassasiya instansiyası məhkəməsinin 2016-cı il 27 iyul tarixli, 2(102)-3459/2016 nömrəli qərarı və onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2016-cı il 1 mart tarixli, 2(103)-2076/2016 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
26. Plenum hesab etmişdir ki, mübahisəli əmlakın özəlləşdirmə çərçivəsində cavabdehlərin icarəsinə, daha sonra isə mülkiyyətinə verildiyi nəzərə alındıqda, özəlləşdirmə barədə inzibati aktlar hüquqi qüvvədə olduğu təqdirdə onlar əsasında bağlanmış müqavilələrin etibarsız sayılması tələblərinə mövcud qanunvericiliyə uyğun şəkildə qiymət verilməlidir.
ə) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Cavabdehlər X10, X16 və digər Cavabdeh5 nümayəndəsi (vəkili) A.Rəfiyeva məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
29. İddiaçının nümayəndəsi C.Mirzəliyeva apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
30. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq həmin şəxslərin (nümayəndələrin) iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
33. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
34. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
35. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
36. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
39. Maddə 23. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.
40. Maddə 46. Dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar, habelə dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
41. Maddə 6.2.4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağandır.
42. Maddə 31.1.1. Bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 431-1.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxıla bilər.
Apellyasiya baxışının hədləri
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunduğundan və qətnamə apelyatorlar tərəfindən bütünlüklə mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia rədd edilməlidir.
52. Kollegiya bu nəticəyə gələrkən aşağıdakılara əsaslanır.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, mübahisəli əmlakın özəlləşdirmə çərçivəsində cavabdehlərin icarəsinə, daha sonra isə mülkiyyətinə verildiyi nəzərə alındıqda, özəlləşdirmə barədə inzibati aktlar hüquqi qüvvədə olduğu təqdirdə onlar əsasında bağlanmış müqavilələrin etibarsız sayılması tələblərinə mövcud qanunvericiliyə uyğun şəkildə qiymət verilməlidir.
54. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
55. Hazırkı iş üzrə iddiaçı, yəni Müdafiə Nazirliyi balansında olmuş torpaq və qeyriyaşayış sahələrinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qanunvericiliyə zidd şəkildə özəlləşdirilməklə "xxxx" MMC-yə icarəyə verildiyini və satıldığını bildirir. İddiaçının mövqeyinə görə hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağandır.
56. İddiaçı, göstərilən səbəblərdən mübahisəli əmlakın Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "xxxx" MMC-yə icarəyə verilməsi və satılması, habelə həmin əmlakın digər cavabdehlərə özgəninkiləşdirilməsi barədə müqavilələrinin etibarsız sayılmasını, onlar əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsini və əmlakın geri qaytarılmasını tələb edir.
57. Cavabdehlər isə mübahisəli əmlakın icarəyə verilməsinə və gələcəkdə özəlləşdirilərək məqsədyönlü istifadəsinə etiraz edilməməsi barədə Müdafiə Nazirliyinin 17 aprel 2004-cü il tarixli məktubu əsasında özəlləşdirmənin aparıldığını və sonrakı müqavilələrin bağlandığını, habelə özlərinin vicdanlı əldə edən şəxslər olduqlarını bildirərək iddiaya etiraz etmişlər.
58. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Torpaq Məcəlləsinin 23-cü və 46-cı, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2.4-cü, habelə Mülki Məcəllənin 337-ci maddəsinə istinad edərək mövqeyini onunla əsaslandırmışlar ki, mübahisə predmeti olan torpaq sahəsi və qeyri-yaşayış sahəsi faktiki olaraq dövlət mülkiyyətində olmaqda davam etdiyinə, özəlləşdirilməsinə imkan verən Nazirlər Kabinetinin müvafiq qərarı olmadığına və özəlləşdirilməsi qadağan olunmasına baxmayaraq özəlləşdirilməklə dövlətin mülkiyyət hüququ pozulmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi qanunvericiliklə qadağan edildiyindən özəlləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlandığı andan etibarsız əqd hesab edilir.
59. İ.Əhmədov və başqalarının şikayəti əsasında konstitusiya işinə baxan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu, Ş.Əliyevanın şikayəti üzrə 2019-cu il 11 oktyabr tarixli Qərarına istinadən qeyd etmişdir ki, “dövlət əmlakının özəlləşdirilməsi iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın genişləndirilməsinə, sağlam rəqabət mühitinin yaradılmasına xidmət edir. Məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakların siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktlarından isə görünür ki, mübahisəli əmlakın müdafiə və sərhəd qoşunlarının məhz operativ istifadəsində olub-olmaması məhkəmələr tərəfindən araşdırılmamış, yalnız mübahisəli əmlakın Müdafiə Nazirliyinin balansında olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu qənaətinə gəlinmişdir. ...Müdafiə Nazirliyinin razılığı ilə dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş mübahisəli əmlaka dair icarə və alqı-satqı müqavilələrinin qanunvericiliyin hər hansı imperativ qaydasına zidd olmasına dair dəlillərin mövcud olmadığı halda məhkəmələr müqavilələri etibarsız hesab etmiş, ərizəçilərin qeyd edilən dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli torpağı vicdanlı şəkildə əldə etmələrini nəzərə almamışlar”.
60. Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, öz səhvləri nəticəsində dövlətin mülkiyyət hüquqlarına zərər vurulduğu hallarda “lazımi idarəetmə” (good governance) prinsipi baxımından, dövlət vaxtında, düzgün və ardıcıl hərəkət etməli (Osipkovs və digərləri Latviyaya qarşı iş üzrə § 80, 2017-ci il 4 may, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə §§ 138-139, 2018-ci il 12 iyun, Maltseva və digərləri Rusiyaya qarşı iş üzrə § 32, 2019-cu il 17 dekabr tarixli Qərarlar) və həmçinin belə səhvlərin aradan qaldırılmasının müvafiq şəxsin hüquqlarının pozulması ilə nəticələnməməsinə xüsusi diqqət yetirməlidir (Qladışeva Rusiyaya qarşı iş üzrə § 80, 2011-ci il 6 dekabr, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə § 140, 2018-ci il 12 iyun tarixli Qərarlar).
61. Seryogin və digərləri Rusiyaya qarşı iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlı və qanun çərçivəsində davranan hesab edilir.
62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
63. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
64. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
65. Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır.
66. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir.
67. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, iddiaçı belə sübut növü təqdim etməmişdir.
68. Hazırkı işdə mübahisəli əmlaka dair icarə və alqı-satqı müqavilələri qanunvericiliyin hər hansı imperativ qaydasına zidd bağlanmamışdır. Belə ki, mübahisəli əmlak Müdafiə Nazirliyinin razılığı ilə dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş, ərizəçilər qeyd edilən dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli torpağı vicdanlı şəkildə əldə etmişlər.
69. Digər tərəfdən, iddiaçı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə istinad edərək mübahisəli daşınmaz əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlakların siyahısına daxil olduğunu bildirsə də, bununla, yəni həmin əmlakın Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak olduğunu sübuta yetirə bilməmiş, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli daşınmaz əmlakdan əvvəllər pioner düşərgəsi kimi istifadə olunmuşdur.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
71. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
72. Həmçinin, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Plenum qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.
73. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyini və maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını nəzərə alaraq bu mövqe ilə razılaşmır və apellyasiya şikayətinin dəlillərini əsaslı sayır.
74. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı MPM-nin 77-ci maddəsinin tələbinə əməl etməyərək öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
75. İşə baxan məhkəmə tərəfindən isə iş üzrə toplanmış sübutlar MPM-in 88-ci maddəsinin tələbinə uyğun şəkildə düzgün qiymətləndirilməmişdir.
76. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır (MPM-in 385.1.1 və 385.1.4-cü mad). Ona görə də qətnamə ləğv olunmalı və iddia rədd edilməlidir.
77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
78. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdehlər Cavabdeh5, X13, X10 və X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, "xxxx" MMC-yə, Cavabdeh1, Cavabdeh5, X11, X4 və X14 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahələrinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.