Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8442/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirlməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(005)-962/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirlməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları 27 iyun 2007-ci il təvəllüdlü X8 və 07 may 2006-cı il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmçinin çıxarılmış qətnamənin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək Cavabdeh1 övldları 27 iyun 2007-ci il təvəllüdlü X8 və 07 may 2006-cı il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququ olmayan şəxs hesab edilməsi, həmçinin çıxarılmış qətnamənin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı ev iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin mənzilə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Nəzərinizə çatdırır ki, Cavabdeh1 üçün toy edib həyat yoldaşı ilə birlikdə iddiaçının evində müvəqqəti yaşaması üçün ona icazə vermiş və beləliklə o və həyat yoldaşı 2005-ci ildən həmin mənzildə yaşamağa başladılar. Daha sonra cavabdehin 2-ci övladının dünyaya gəlməsilə onun ailə tərkibi böyüməsi və iddiaçının da xərçəng xəstəliyinə tutulmağı səbəbilə mənzildə birgə yaşayışa şərait olmadı və buna görə də onlar mülkiyyətçisi olduğu evdən çıxıb özləri üçün yaşamağa yeni şərait qumraq istədilər. Nəticədə iddiaçının köməkliyi ilə onlar özlərinə yeni ev aldılar. Həmçinin evin təmirinə, mebel və digər əşyaların alınmasına da köməklik etdi. Hal-hazırda iddiaçının işləri zəifləyib, xəstəliyi günü-gündən daha da şiddətlənir. Müalicəsi böyük miqdarda pul tələb edir. Sözügedən evi sataraq müalicəyə getmək istəyir. Oğlu isə evdə formal olsa da qeydiyyatda qalmasına əsas tutub evi satmamağa razılıq vermir. Hal-hazırda mülkiyyətçisi olduğu evdə oğlu Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların iki övladı 27 iyun 2007-ci il təvəllüdlü X8 və 07 may 2006-cı il təvəllüdlü X9 formal olaraq qeydiyyatdadırlar. Məlum olduğu kimi, yaşayış binasının alqı-satqısı zamanı həmin əmlak üzərində qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Mənzilində formal qeydiyatı olan şəxslərin razılığını almaq isə iddiaçı üçün çətinlik yaradır. Bu da iddiaçının mülkiyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Buna görə də hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(005)-962/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi, bu qətnamənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (övladları X8 və X9 ilə birlikdə) ünvan 2 ünvanında qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ona aid hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı yalnız kompensasiya verməklə onun istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Lakin məhkəmə nəinki onun istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi, onun istifadə hüququnun olmaması barədə qətnamə çıxarmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, o, iddiaçının ailə üzvüdür. İddiaçının oğlu Cavabdeh1la birlikdə iddiaçının evində uzun müddət yaşamışlar. Lakin sonradan onların orada yaşamamalarının səbəbi iddiaçının başqası ilə evlənməsi və onları həmin mənzildən qovması olmuşdur. İddiaçı hazırda qanunsuz iddiası ilə onları həmin evdən çıxarmağa nail olmuşdur. Qətnamədən də göründüyü kimi məhkəmə işə birtərəfli qaydada baxaraq, ədalətsiz qətnamə çıxararaq hüquqlarını pozmuşdur. Qanunvericiliyin tələblərinə əsasən, iddia tələbi rədd olunmalı idi. Onun istifadə hüququ olmayan şəxs hesab olunması özü qanunsuzluqdur. Eyni zamanda qanunvericilikdə istifadə hüququ olmayan şəxs adlı iddia tələbi yoxdur. Əgər belə bir tələb olsa belə buna ümumi məhkəmədə baxılmasına yol verilmir. Onun istifadə hüququn olmadığını qəbul etsə belə, mübahisəyə İnzibati məhkəmədə baxılmalı idi. Bunun üçün də iddiaçı ilk öncə Polis İdarəsinə müraciət edərək imtina məktubu almalı idi. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyatora münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi apellyatora münasibətdə rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsində isitfadə olan 1.1958 ha torpaq sahəsində yerləşən 7b nömrəli, 17 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində 132.35 kv.m ümumi, 76.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatdan keçmişdir. "xxxx" Mənzil-Tikinti kooperativinin 01 dekabr 2020-ci il tarixli 02/29 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də A.M.Cümə küçəsi 7b ünvanında yerləşən 17 mərtəbəli yeni yaşayış binasının 39-cu mənzilində yaşayır və orada 07.05.2007-ci il tarixdən qeydiyyatdadır. Lakin həmin mənzildə oğlu Cavabdeh1 onun həyat yoldaşı Cavabdeh2 nəvəsi X9 və X5 orada qeydiyyatının olmasına baxmayaraq 01.08.2010-cu il tarixdən həmin mənzildə yaşamırlar. "xxxx" Mənzil Tikinti Kooperativinin sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən, "Viktoriya-313” MTK-nın 3 saylı binasının, 3-cü mərtəbəsində (83.64 kv.m)-dən ibarət olan 14 saylı mənzili vardır. Sorğuda adı çəkilən Cavabdeh1 hal-hazırda ailə üzvləri ilə birlikdə sözü gedən mənzildə yaşadıqları qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 02.11.2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, X6, X8, X9, X7, X10, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən 07 may 2007-ci il tarixdə verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağabal oğlu Bakı şəhəri, Nərimanov rayonu, A.Cümə küçəsi,ev.7B, m.39 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 01.02.2021-ci il tarixli 078-2660-1221 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş Cavabdeh1 və Cavabdeh2 ünvan 7 ünvanına 17.05.2010-cu il tarixdə pasport qeydiyyatına alınmışlar. Şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən məhv edildiyi qeyd edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 006764 nömrəli orderin surətindən görünür ki, 20.04.2005-ci il tarixdən İddiaçı məxsus A.M.Cümə küçəsi ev 7b, mənzil 39 giriş 1 mərtəbə 14 otağın sayı 3 olmaqla 76,2 kv.metrdən ibarətdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin 08.05.2007-ci il tarixli 02/08b nömrəli arayışın surətindən görünür ki, Nəsirov X2 rayonu, A.M.Cümə küçəsindəki 7b nömrəli 17 mərtəbəli evin 14ci mərtəbəsində 76,2 kv.m sahəsi olan 3 (üç) otaqlı 39 nömrəli mənzildə yaşadığı qeyd edilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin 30.04.2007-ci il tarixli 01-50 nömrəli maliyyə arayışından görünür ki, ünvan 8 ünvanda yerləşən 17 mərtəbəli kooperativ yaşayış binası "Xidmət” MTK-ya məxsus olduğu və bu binanın 1-ci girişin 14-cü mərtəbəsində ümumi sahəsi 140,0 kv.m, yaşayış sahəsi 76,2 kv.m olan 3 otaqlı 39 saylı mənzilin pay dəyəri 17056 (on yeddi min əlli altı) manat payçı İddiaçı tərəfindən tam ödənilmiş, "Xidmət” borcunun olmadığı qeyd edilmişdir. Cavabdeh1 ilə X1 27.06.2005-ci il tarixdə nikahları bağlanmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-cü il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə kollegiyası Kontsitusiya Məhkəməsinin göstərilən qərarını əsas tutaraq hesab edir ki, hazırki mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Cavabdeh1 ilə X4 27.06.2005-ci il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olaraq, mübahisəli mənzilə gəlin köçmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, “Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur.” Bundan başqa həmin qərarda göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Beləliklə məhkəmə kollegiyası cavabdehin iddiaçının ailə üzvü olmamasını əsas tutaraq hesab edir ki, ilk iddia üzrə cavabdehin mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır və onun belə hüquqları yoxdur. İstifadə hüququ yaranmamış şəxs isə istifadə hüququ olmayan şəxs hesab edilə bilməz. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(005)-962/2021 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilməli, iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(005)-962/2021 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilsin. İddia tələbi Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8442/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8442/2021
12.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver