Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8452/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına iddiaçı X1 cavabdeh MMMC-yə qarşı "xxxx" iddiasına, cavabdeh MMMC-nin iddiaçılara qarşı “kommunal xidmətlərə və bina fonduna görə hesablanmış borcun ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2021-ci il tarixli qətnamədən iddiaçılar İddiaçı və Arzu Hacıyeva tərəfindən ayrıayrılıqa verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə, cavabdeh MMMC-nin vəkili (nümayəndəsi) X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMMC-nə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və ünvan 4-də yerləşən 3 otaqlı 38 saylı mənzilə görə cavabdeh MMMC tərəfindən ona hesablanmış cəmi 1.210 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən 2(005)-2650/2020 saylı mülki işin icraatı başlanılmışdır. İddiaçı A.Hacıyeva cavabdeh MMMC-nə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və ünvan 4-də yerləşən 3 otaqlı 42 saylı mənzilə görə cavabdeh MMMC tərəfindən ona hesablanmış cəmi 1.210 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən 2(005)-2684/2020 saylı mülki işin icraatı başlanılmışdır. Hər iki iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar yuxarıda qeyd olunan ünvanda yerləşən mənzillərin mülkiyyətçiləridir. Mənzillərin yerləşdiyi bina mənzillərin mülkiyyətçilərinin idarəsindədir və bununla bağlı Cavabdeh MMMC yaradılmış, MMMC qanunvericiliyə müvafiq olaraq dövlət reystrində qeydiyyata alınmışdır. Yaşayış binası üzrə, binanın idarə olunma xərcləri kimi mənzillərin otaq sayından asılı olaraq vahid qiymət müəyyənləşdirilmiş, həmin müəyyənləşdirilmiş məbləğ aylıq olaraq bina üzrə mənzil mülkiyyətçilərindən MMMC tərəfindən yığılmışdır. Binada yerləşən 3 otaqlı mənzillər üçün müəyyənləşdirilmiş aylıq ödəniş məbləği yay ayları üzrə 66 manat, qış aylarında isə 98 manat həddində müəyyən edilmişdir. Qeyd edilən aylıq ödənişlər binanın idarə olunması, liftlərin və digər zəruri qurğuların saxlanılması, binanın işıqlanması, abadlıq işləri, MMMC-nin işçilərinin maaşlarının ödənilməsi və sair bu kimi işlərin yerinə yetirilməsi məqsədi ilə mənzil mülkiyyətçilərindən hər ay yığılmışdır. İddiaçılar uzun illərdi ki, mülkiyyətlərində olan 3 otaqlı mənzillə görə binanın saxlanılma xərci kimi paylarına düşən aylıq müəyyənləşdirilmiş həcmdən ibarət pul məbləğini MMMC-yə hər ay ödəmiş, bununla bağlı hər hansı yığılmış borcu olmamışdır. Hazırda onların silinməsini xahiş etdikləri borcların yaranması MMMC tərəfindən yeni qaydaların müəyyən edilməsi, yeni tariflərlə bağlı olmuşdur. MMMC tərəfindən sakinlərə edilmiş müraciətdə də qeyd edilir ki, 15.01.2020-ci il tarixdə MMMC-nin üzvlərinin iclası keçirilmiş və həmin iclasda kommunal ödənişlərin, habelə binanın saxlanılması üçün fond pulunun məbləğinin artırılması barədə qərar qəbul olunmuşdur. İddiaçılar bildirirlər ki, MMMC tərəfindən onların hər birinə 207 manat məbləğində kommunal borcun, habelə fond pul olaraq 1.003 manat məbləğində borcun hansı qaydada hesablanması, həmin məbləğin hansı xərclərə sərf edilməsi ilə bağlı hesabat təqdim edilməmişdir, buna görə də, onlar və binada yaşayan bir neçə sakin borclarını MMMC-yə ödəməmişlər. İşin bu yerdə olmasını görən MMMC-nin rəhbərliyi isə həmin sakinlərin, o cümlədən iddiaçıların binada yerləşən liftdən istifadələrinə məhdudiyyət qoymuş, lift istifadəsi üçün nəzərdə tutulmuş elektron təmas kartlarını bloklamışlar. İddiaçılar hesab edirlər ki, MMMC tərəfindən onların hər birinə hesablanmış 1.210 manat məbləğində borc əsassız hesab edilərək silinməlidir. Cavabdeh MMMC hər bir iddiaçıya qarşı “kommunal xidmətlərə və bina fonduna görə hesablanmış borcun ödənilməsi tələbi barədə” qarşılıqlı iddia irəli sürmüşdür. Bundan sonra MMMC qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ona məxsus olan 38 saylı mənzil ilə bağlı kommunal xərclərə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 402 manat, binanın saxlanılması üçün yaradılmış fonda ödənilməli olan borcun ödənilməsi məqsədi ilə 1.003 manat, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) A.Hacıyevadan isə ona məxsus olan 42 saylı mənzil ilə bağlı kommunal xərclərə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 1.209 manat, ona məxsus olan 39 saylı mənzil ilə bağlı kommunal xərclərə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 831 manat, binanın saxlanılması üçün yaradılmış fonda ödənilməli olan borcun ödənilməsi məqsədi ilə 1.003 manat məbləğində pulun tutularaq MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. MMMC-nin qarşılıqlı iddiaları onunla əsaslandırılmışdır ki, MMMC-nin idarəçiliyində olan və yuxarıda qeyd edilən yaşayış binasında İddiaçı məxsus 1 ədəd mənzil – 38 saylı mənzil, iddiaçı A.Hacıyeva isə 2 ədəd mənzil – 39 və 42 saylı mənzillər yerləşir. Yaşayış binası üzrə, binanın idarə olunma xərcləri kimi mənzillərin otaq sayından asılı olaraq vahid qiymət müəyyənləşdirilmiş, həmin müəyyənləşdirilmiş məbləğ aylıq olaraq bina üzrə mənzil mülkiyyətçilərindən MMMC tərəfindən yığılmışdır. Bu məqsədlə həmin binada 3 otaqlı mənzillər üçün müəyyənləşdirilmiş aylıq ödəniş məbləği yay ayları üzrə 66 manat, qış aylarında isə 98 manat həddində müəyyən edilmişdir. Qeyd edilən aylıq ödənişlər binanın idarə olunması, liftlərin və digər zəruri qurğuların saxlanılması, binanın işıqlanması, abadlıq işləri, MMMC-nin işçilərinin maaşlarının ödənilməsi və sair bu kimi işlərin yerinə yetirilməsi məqsədi ilə mənzil mülkiyyətçilərindən hər ay yığılır. MMMC-nin 05.08.2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağında MMMC yaşayış kompleksinin istilik təchizatının bərpa və yenidənqurulması, abadlıq işləri, cari təmir, liftlərə kart və nəzarət sistemlərinin quraşdırılması və sair üçün əlavə bina fondu yaradılmışdır. Həmin qərara əsasən, əlavə fond üçün toplanılan məbləğ hər kv.metr üçün 6,75 manat müəyyən edilmişdir. Qərara əsasən, yeni tariflər 2020-ci ilin aprel ayından etibarən qüvvəyə minmişdir. 02.03.2020-ci il tarixdə keçirilmiş iclasda MMMC-nin 112 nəfər iştirakçısı iştirak etmişdir. İştirakçılardan kommunal xidmətə görə ödənişlərin artırılması haqqında qərarın qəbulu ilə bağlı 98 nəfər lehinə, 14 nəfər isə əleyhinə səs vermişdir. Ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərar qüvvəyə mindikdən sonra, İddiaçı tərəfindən borcun bir hissəsi ödənilmiş və bundan sonra onun 402 manat məbləğində ödənilməmiş kommunal borcu yaranmışdır. Bundan başqa, İddiaçı məxsus mənzil 3 otaqlı olduğundan, əlavə fond üçün ödənişin məbləği 1.003 manat məbləğində müəyyən edilmişdir. Həmin qərar qüvvəyə mindikdən sonra, yaşayış kompleksində yaşayan şəxslərin 90 faizi qeyd olunan fond pulunun ödənişini həyata keçirsələr də, İddiaçı bu ödənişi etməkdən imtina edir. Həmçinin digər iddiaçı A.Hacıyevanın da 1.003 manat məbləğində əlavə fond üçün ödənilməmiş borcu və iki mənzilə görə (1.209+831=) 2.040 manat ödənilməmiş kommunal borcu yaranmışdır. Lakin A.Hacıyeva da digər İddiaçı kimi eyni əsaslarla yaranmış borcu ödəməkdən imtina edir. Rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli qərardadı yuxarıda qeyd edilən mülki işlər bir icraatda birləşdirilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 30.04.2021-ci il tarixli qətnamə ilə İddiaçı və A.Hacıyevanın ilk iddialarının təmin edilməməsini, hər iki iddia üzrə cavabdeh MMMC-nin qarşılıqlı iddiasının isə təmin edilməsini qət etmişdir. İlk iddialar üzrə iddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və ilk iddialarının təmin, qarşılıqlı iddiaların isə rədd edilməsini xahiş etmişlər. Əsasları ilk iddia tələblərinin əsasları ilə eynilik təşkil edən hər iki apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, cavabdeh MMMC-nin ümumi yığıncağında qəbul edilmiş 05.08.2019-cu il tarixli qərarın qanunsuz və əsassız olmasını nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçılar (qarşılıqlı iddialar üzrə cavabdehlər) işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışının iclasında iştirak etməmiş, nümayəndələrinin iclasda iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh (qarşılıqlı iddialar üzrə iddiaçılar) MMMC-nin vəkili (nümayəndəsi) apelyasiya baxışı iclasında iştirak edərək, hər iki apelyasiya şikayətinin dəlillərinə etiraz etdi, habelə qarşılıqlı iddia ərizələrinin məzmununa və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, hər iki apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, ünvan 4-də İddiaçı məxsus 1 ədəd mənzil – 38 saylı mənzil, iddiaçı A.Hacıyeva isə 2 ədəd mənzil – 39 və 42 saylı mənzillər yerləşir. Mənzillər 3 otaqlıdır. Bina, binada yerləşən mənzillərin mülkiyyətçilərinin idarəsindədir və bununla bağlı Cavabdeh MMMC yaradılmışdır. Binada yerləşən 3 otaqlı mənzillər üçün müəyyənləşdirilmiş aylıq ödəniş məbləği yay ayları üzrə 66 manat, qış aylarında isə 98 manat həddində müəyyən edilmişdir. Qeyd edilən aylıq ödənişlər binanın idarə olunması, liftlərin və digər zəruri qurğuların saxlanılması, binanın işıqlanması, abadlıq işləri, MMMCnin işçilərinin maaşlarının ödənilməsi və sair bu kimi işlərin yerinə yetirilməsi məqsədi ilə mənzil mülkiyyətçilərindən hər ay MMMC tərəfindən mənzil mülkiyyətçilərindən yığılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında 1119-MM6-0132 qeydiyyat nömrəli şəhadətnaməsinin surətindən görünür ki, MMMC 08.07.2019-cu il tarixdə hüquqi şəxs qismində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrindən 05/3588-14 saylı çıxarışının surətindən görünür ki, MMMC-nin fealiyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. MMMC-nin ümumi yığıncağının 04.08.2019-cu il tarixli protokolundan görünür ki, yuxarıda qeyd edilən ünvanda yerləşən binanın istilik təchizatının bərpa və yenidənqurulması, abadlıq işləri, cari təmir, liftlərə kart və nəzarət sistemlərinin quraşdırılması və s. üçün əlavə fondun yaradılması qərara alınmışdır. MMMC İdarə Heyətinin 03 saylı, 05.08.2019-cu il tarixli qərarından görünür ki, MMMC-nin yaşayış binasının istilik təchizatının bərpa və yenidənqurulması, abadlıq işləri, cari təmir, liftlərə kart və nəzarət sistemlərini quraşdırılması və s. üçün əlavə fond yaradılması və MMMC-nin yaşayış binasının əlavə fondu üçün toplanılan məbləğ hər kv.metr üçün 6.75 manat müəyyən edilməsi qərara alınmışdır. MMMC İdarə Heyətinin 06 saylı, 02.03.2020-ci il tarixli qərarından görünür ki, MMMC-nin İdarə Heyətinin müzakirəsinə əsasən yay və qış fəslində xərclər ümumi olaraq hesablanaraq vahid tarif çıxarılması qərara alınmışdır. 22.08.2020-ci il tarixli “Xüsusi fondun yığılan vəsait haqqında maliyyə arayışından” görünür ki, binada yerləşən mənzillərin mülkiyyətçilərindən 129.866 manat vəsait tələb olunmaqla, 87.031 manat məbləğində vəsait toplanmış və 42.835 manat məbləğində borc qalığı yaranmışdır. "xxxx" olan MMMC-nin İdarə Heyətinin sədri Həsən Həsənov ilə “İcraçı” olan "xxxx" MMC-nin direktoru Şahbaz Təhməzli arasında 05.11.2019-cu il tarixdə bağlanmış müqavilədən görünür ki, “İcraçı” “Sifarişçinin” tapşırığına əsasən “Sifarişçinin” fəaliyyət göstərdiyi və Bakı şəhəri, Nərimanov rayonu, X4 küç., ev 94 və Sabit Rəhman küç., ev 53 ünvanında yerləşən yaşayış kompleksinə bu “Müqavilənin” ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində qeyd edilən kommunal və digər xidmətlərin göstərilməsini və Sifarişçiyə təhvil verilməsini həyata keçirir, "xxxx" isə “İcraçıya” bu “Müqavilə” ilə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür (1.1-ci bənd). "xxxx" “İcraçıdan” bu “Müqavilədə” göstərilməyən xidmətlərin və/və ya işlərin həyata keçirilməsini yalnız əlavə razılaşma ilə və bu “Müqavilənin” 4.1-ci maddəsində qeyd edilən xidmət haqqından əlavə olaraq ödəniləcək xidmət haqqı müqabilində tələb edə bilər (1.2-ci bənd). MMMC-nin İdarə Heyəti tərəfindən qəbul edilmiş və iş materiallarına əlavə edilmiş 25.08.2020-ci il tarixli iclas protokolunda qeyd edilir ki, “Mənzil Məcəlləsinin 125.2.5-ci maddəsinə əsasən, MMMC-nin ümumi yığıncağının 05.08.2019-ci il tarixli qərarı ilə fond yaradılmışdır. Fondun yaradılmasında məqsəd ünvan 4 və ünvan 2 ünvanlarda yerləşən yaşayış binalarında istilik təchizatının bərpa və yenidənqurulması, abadlıq işləri, cari təmir, liftlərə kart və nəzarət sistemlərini quraşdırılması və s. olmuşdur. Fond yaradıldığı tarixdən etibarən, 83 nəfər sakin tərəfindən ümumilikdə 87.031 manat məbləğində pul ödənilmişdir. 121 nəfər sakindən 38 nəfər sakin ümumiyyətlə ödəniş etməmiş, bəzi sakinlər isə qismən ödəniş etmişlər. Hal-hazırda, sakinlərin 42.835 manat məbləğində fonda borcu vardır. Yığıncağın sonunda sədr bildirdi ki, İdarə Heyətinin 02.03.2020-ci il tarixli 06 nömrəli qərarına uyğun olaraq, zəruri tədbirlərin görülsün və bu məsələnin 3 aydan sonra təkrar olaraq müzakirə edilsin”. MMMC-nin İdarə Heyətinin sədrinin İddiaçı ünvanlandığı məktubda qeyd edilir: “Siz Bakı şəh, Nərimanov rayonu, Sabit Rəhman ünvanında yerləşən Bina 53, A-M 38 nömrəli mənzilin sahibisiniz. Nəzərinizə çatdırmaq istərdik ki, MMMC yaşayış kompleksinə ümumi əmlakın saxlanılması, kommunal və digər xidmətlər göstərir. Bildiririk ki, sizin 31.07.2020ci il tarixinə kompleksin ümumi əmlakının saxlanılmasına (kommunal) görə 207 manat, əlavə fonda görə mənziliniz üzrə 1003 manat borcunuz mövcuddur. Xahiş edirik, 5 gün ərzində qeyd edilən borc məbləğinin MMMC-yə ödənilməsini təmin edəsiniz. Əks təqdirdə, kommunal xidmətlərin göstərilməsi dayandırılacaqdır”. 22.08.2021-ci il tarixli “Xüsusi fondun yığılan xərclər haqqında maliyyə arayışından” görünür ki, qazanxanın təmiri, liftlərin təmiri, məhəllənin asfaltlanması və Kommunal ödənişdən təmir fondu üçün xərclənmiş vəsaitə dair cəmi 102.242,08 manat hesablanmış, həmin xərclərə görə 91.926 manat ödənilmiş, 10.316,08 manat həcmində borc qalmış, 2 tərəfli razılaşmaya əsasən 6.000 manat qalıq borc yaranmışdır. MMMC tərəfindən tərtib edilmiş “Debitor və kreditor borclar haqqında” 31.10.2020-ci il tarixli çıxarışdan görünür ki, sakinlərin fonda 38.445 manat məbləğində borcu vardır. MMMC tərəfindən tərtib edilmiş “Mənfəət və zərər haqqında hesabatından” görünür ki, 31.10.2020-ci il tarixə 14.625,67 manat məbləğində pul vəsaiti qalığı yaranmışdır. "xxxx" olan MMMC-nin nizamnaməsi əsasında fəaliyyət göstərən İdarə Heyətinin sədri X3 şəxsində bir tərəfdən və “Podratçı” olan "xxxx" MMC nizamnaməsi əsasında fəaliyyət göstərən direktor Vüqar Abdiyev arasında bağlanmış 18.10.2019-cu il tarixli “Podrat müqaviləsindən görünür ki, “Podratçı” “Sifarişçinin” göstərişinə və tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə “Sifarişçinin” təsdiq etdiyi və ya təqdim etdiyi layihəyə (Qazanxana kompleksi) uyğun olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən işləri bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 2-də göstərilən smeta cədvəlində göstərilən və özünün aldığı mal-material və/və ya ehtiyat hissələri ilə dəyişdirilməklə yerinə yetirməyi, başa çatdırmağı və “Sifarişçiyə” tam hazır vəziyyətdə təhvil verməyi, "xxxx" isə “Podratçının” gördüyü işin müqabilində bu “Müqavilədə” razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür (bənd 1.1.). Bu “Müqavilənin” ümumi məbləği bütün vergilər və digər rüsumlar daxil olmaqla 92.000 manat təşkil edir. Lakin, köhnə qazanxana kompleksinin sökülməsi zamanı istifadəyə yararlı avadanlıqlar, ehtiyat hissələri, mal-materiallar və s. aşkar olunarsa, qeyd olunan istifadəyə yararlı avadanlıqlar, ehtiyat hissələri, mal-materiallar və s. tərəflərin qarşılıqlı razılığına əsasən qiymətləndiriləcək, istifadə olunacaq və bu məbləğ ümumi müqavilə məbləğindən çıxılacaqdır (bənd 3.1.). 18.10.2019-cu il tarixli “Podrat müqaviləsinə 1 saylı əlavədən” görünür ki, tərəflər razılaşırlar ki, “Podratçı” tərəfindən yerinə yetiriləcək işlərin siyahısı aşağıdakı kimi olacaqdır: (1.1.) İstilik qazanlarının dəyişdirilməsi; (1.2.) 1 ədəd nososun dəyişdirilməsi; (1.3.1) ədəd genişlənmə çəninin dəyişdirilməsi; (1.4.) İsti su xəttinin boylerə verilməsi; (1.5.) Soyuq su xəttinin nasosxanaya birləşdirilməsi; (1.6.) Binaya gediş-gəliş istilik xəttinin çəkilməsi; (1.7.) Binaya isti və soyuq su xəttinin çəkilməsi; (1.8.) Qazanxanada istilik sistemlərinin çəkilib quraşdırılması; (1.9.) Dövriyyə nasoslarının qoyulması və xətlərinin yenilənməsi; (1.10.) Dövriyyə isti su xəttinin çəkilməsi; (1.11.) Beş boru üçün çəkiləcək xəttin qazıntı işlərinin görülməsi; (1.12.) Boruların izolyasiya olunması; (1.13.) Boylerin yuyulması; (1.14.) Esenjorların yuyulması; (1.15.) Farsunkaların təmir olunması; (1.16.) Faza qoruyucu şitin işlək vəziyyətə gətirilməsi; (1.17.) Su yumşaldıcının quraşdırılması; (1.18.) Qazanxananın damının sökülüb yenidən qurulması; (1.9.) Su xətlərinin çəkilməsi zamanı yolun qazılması və yenidən bərpası; (1.20.) Qaraj hissəsində yerləşən boruların test olunması, istifadəyə yararsız boruların dəyişdirilməsi; (1.21.) Yanğından mühafizə sisteminin su çənindən qidalanmasının təmin edilməsi. MMMC-nin İdarə Heyəti tərəfindən sakinlərə ünvanlanmış və iş materiallarına əlavə edilmiş 05.05.2020-ci il tarixli müraciətdə qeyd edilir ki, “Nərimanov 19 MMMC-nin İdarə Heyəti COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyəti nəzərə alaraq qərara almış olduğu qazanxananın çalışma müddətini 1 aprel tarixindən 10 aprel tarixinə, daha sonra isə 15 aprel tarixinə qədər uzatmışdır. Bəzi sakinlər kütləvi informasiya vasitələrində rastlaşdığı məlumatlara əsasən dövlət tərəfindən istiliyin 25 aprel tarixinə qədər verilməsi barədə məlumat əldə etmişlər. Lakin Nazirlər Kabineti tərəfindən verilən tapşırıq "xxxx" ASC-yə bir başa ünvanlanmış, qeyd olunan qurum isə yalnız dövlət balansında olan binaları istilik enerjisi ilə təmin edir. Bizim binalarımızdakı mülkiyyətimizin özəl olduğunu nəzərə alaraq bu qurumun bizim Cəmiyyətə heç bir aidiyyatı yoxdur. Qazanxananın istilik enerjisinin verilməsi ilə əlaqədar fəaliyyətinin uzadılması yalnız İdarə Heyəti tərəfindən qərarla tənzimlənir və müddətin uzadılmasına əlavə vəsait yığılması halı da baş tuta bilər. Sizlərdən xahiş olunur ki, aprel ayı üçün olan kommunal ödənişlərinizi yeni təyin olunmuş tariflərlə ödəyəsiniz”. MMMC tərəfindən iddiaçıların adlarına tərtib edilmiş hesablardan çıxarışlardan görünür ki, 01.11.2019-cu il tarixdən 19.04.2020-ci il tarixə olan müddət üçün İddiaçı 402 manat məbləğində, iddiaçı A.Hacıyevanın isə (1.209+831=) 2.040 manat məbləğində ödənilməmiş kommunal borcları və onların hər birinin 1.003 (cəmi 2.006) manat məbləğində əlavə fond borcları var. Göstərilənlərə əsasən işin mübahisəsiz halları kimi qeyd edir ki, ünvan 4 ünvanda yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasının birgə idarə edilməsi və istismarı məqsədi ilə yaradılmış qeyri-kommersiya qurumu olan cavabdeh MMMC-nin ümumi yığıncağında qəbul edilmiş 05.08.2019-cu il tarixli qərarı ilə yaşayış binasının istilik təchizatının bərpa və yenidənqurulması, abadlıq və cari təmir işlərinin aparılması, liftlərə kart və nəzarət sistemlərinin quraşdırılması və s. üçün əlavə fond yaradılmışdır. Qərara əsasən binanın saxlanması (kommunal) xərcləri artırılmış, həmçinin fonda görə birdəfəlik fond pulu müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçılar fond pulunu ödəməkdən imtina etmiş, həmçinin kommunal xərclərin artırılmış məbləğləri ilə razılaşmayaraq artımları da ödəməmişlər. Cavabdeh MMMC-nin təqdim etdiyi hesablamalardan görünür ki, İddiaçı 402 manat məbləğində ödənilməmiş kommunal borcu, digər iddiaçı A.Hacıyevanın 42 saylı mənzilinə görə 1209 manat, 39 saylı mənzilinə görə 831 manat məbləğində ödənilməmiş kommunal borcu yaranmış, həmçinin hər iki mülkiyətçinin ayrı-ayrılıqda 1003 manat məbləğində fond pulu da ödənilməmiş qalmışdır. İddiaçılar, binanın saxlanması (kommunal) xərclərin artırılması, həmçinin fonda görə birdəfəlik fond pulunun tələb edilməsi ilə razılaşmayaraq, hesab edirlər ki, kommunal xərclərinin artılmasının və fond pulunun tələb edilməsinin qanuni əsası yoxdur. Həmin xərclərin ödənilməsi tələbi ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş cavabdeh MMMC isə yuxarıda qeyd olunan ümumi yığıncağın qərarına istinad edir. Göstərilənləri nəzərə alan Məhkəmə tərəflər arasında mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.2-ci maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Mənzil Məcəlləsinin 43-cü maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır (maddə 43.1.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir (maddə 43.2.): çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək (43.2.1.); çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək (43.2.2.); çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək (43.2.3.); çoxmənzilli binanın idarəetmə üsulunu seçmək (43.2.4.); bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər (43.2.4.). Həmin Məcəllənin 45-ci maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir (maddə 45.1.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir (maddə 45.5.). Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər (maddə 45.6.). Məcəllənin 124-cü maddəsinə görə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. Məcəllənin 125.2-ci maddəsinin mənasına görə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək (maddə 125.2.4.); mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin xüsusi fondunu, o cümlədən ehtiyat fondunu, çoxmənzilli binanın ümumi əmlakının və avadanlığının bərpası və təmiri fondunu yaratmaq səlahiyyətləri vardır (maddə 125.2.5.). Məcəllənin 126.4-cü maddəsinə görə, Bu Məcəllənin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdə iki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir. Məcəllənin 135-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Məcəllənin 137-ci maddəsinin mənasına görə, yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər (maddə 137.8.). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər (maddə 137.9). Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (maddə 137.10.). Məhkəmə qeyd edir ki, binanın saxlanması (kommunal) xərclərinin artırılması və fonda görə birdəfəlik fond pulunun müəyyən edilməsinin qanunsuz olması barədə iddiaçıların dəlilləri əsassızdır. Belə ki, MMMC tərəfindən 04.08.2019-cu il tarixdə MMMCnin üzvlərinin ümumi yığıncağı təşkil edilmiş, keçirilmiş həmin yığıncaqda yuxarıda qeyd edilən məsələlərə dair qərarlar qəbul edilmişdir. Ümumi yığıncağın Protokolundan görünür ki, gündəliyə çıxarılan məsələlərə dair 78 nəfər lehinə, 5 nəfər əleyhinə səs vermiş, 2 nəfər isə bitərəf qalmışdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq MMMC tərəfindən ümumi yığıncaq keçirilmiş, digər məsələlər ilə yanaşı, hazırki iş üzrə qanuniliyi iddiaçılar tərəfindən mübahisələndirilən məsələlər də müzakirə olunaraq səsə qoyulmuş və səs çoxluğu ilə qəbul edilmişdir. Məhkəmə qanunvericiliyin göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, iddiaçılar çoxmənzilli binanın sahə mülkiyyətçisi olduğu üçün o, binanın saxlanması və təmiri üzrə xərclərin ödənilməsi ilə bağlı vəzifə daşıyır və bu vəzifənin yerinə yetirilməməsi mülki məsuliyyətə səbəb olur. Bu səbəbdən Məhkəmə hesab edir ki, MMMC-nin binanın saxlanılması üçün tələb olunan xərclərin iddiaçılardan tutulmasını tələb etməyə subyektiv hüququ var. Həmçinin Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaşayış binasının saxlanılması üçün kommunal xidmətlərin ödənilməsinə dair müqavilə bağlanılmasa da, bu hal mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin ödənilməsindən azad etmir. Bununla da, müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi ilk iddialrı əsassız, qarşılıqlı iddiaları isə əsaslı hesab etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinə münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı və X1 apelyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8452/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8452/2021
22.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver