Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8457/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı1 və Cavabdeh açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(005)- 1889/2020 nömrəli qətnaməsindən İddiaçı2 və və İddiaçı1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyul 2016-cı il tarixli xəzinə mədaxil orderi ilə Cavabdeh ASC tərəfindən "xxxx" MMC-nin xeyrinə mədaxil edilən 234.930 (iki yüz otuz dörd min doqquz yüz otuz) manat vəsaitin düzəliş edilərək "xxxx" MMM-in xeyrinə hesaba mədaxil (bərpa) edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(005)- 1889/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X4, Cavabdeh ASC və "xxxx" MMM arasında imzalanan 26.01.2011-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh ASC tərəfindən "xxxx" MMM-ə 36 ay müddətinə, illik 21 % olmaqla, 400 000 (dörd yüz min) ABŞ dolları kredit verilmişdir. Kreditin təminatı kimi X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzili və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m. ümumi, 15 kv.m. yaşayış sahəsindən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMM tərəfindən kredit məbləği vaxtı-vaxtında ödənilmirdi. Buna görə də, "xxxx" MMM şirkətinin təsisçisi və rəhbəri X8, X3 müraciət edərək, bildirdi ki, iyul 2016-cı il tarixə Cavabdeh ASC-yə 155.000 (yüz əlli beş min) ABŞ dolları ödənilərsə, "xxxx" MMM tərəfindən cavabdeh bankdan götürülən kredit tam bağlanmış olar (baxmayaraq ki, cədvəl üzrə borc bir az da çox idi) və ipoteka ilə yüklü edilmiş əmlaklar ipotekadan azad olunar. Danışıqların nəticəsi kimi X4 onların vasitəsi ilə banka 155.000 (bir yüz əlli beş min) ABŞ dolları vəsait göndərdi. Vəsaiti 19.07.2016-cı il tarixdə banka apardılar. Kassaya təhvil verməzdən qabaq yenə də danışıqlar oldu. Bankdan ipotekaların azad olunmasını istədilər. Onlara bildirdilər ki, bəli mənzillər ipotekadan azad olacaq, bundan başqa bir formal imzalanan müqavilə X3 təqdim etmək üçün onlara təhvil veriləcək. Lakin hazırda o işlərlə məşğul olan şəxslər bankda deyil, siz pulu verin gedin. Növbəti gün banka müraciət edərək, mədaxil qəbzini istədilər. Mədaxil qəbzi təqdim ediləndə, qəbzdə, xeyrinə mədaxil olunan şirkət hissəsində "xxxx" MMM-in adı yox, təsisçisi X8 olan digər şirkətin, "xxxx" MMC şirkətinin adı yazılmışdı. O, İddiaçı2 buna etiraz etdikdə, yəni pulun “İSSM’’ MMM üçün ödənildiyini bildirdikdə, eyni zamanda pulun X4 tərəfindən göndərildiyini, onun bu bankda "xxxx" MMM şirkətinin xeyrinə mənzilləri girovda olduğunu bildirdikdə, bankın rəhbərliyindən Allahverdiyev Şakir və Həsənov Elmir bildirdilər ki, nə fərqi var, hansı şirkət üçün mədaxil edilib, əsas məsələ odur ki, mənzillər ipotekadan azad ediləcək, həmçinin təfərrüatı ilə izah etməyə ehtiyac duymadığı digər bir formal müqavilə qaytarılacaq. Lakin sonradan mənzillər ipotekadan azad edilmədi. Növbəti günlər, həftələr və aylar ərzində dəfələrlə banka gediş-gəliş oldu. İlk vaxtlar cavabdeh mənzillərin ipotekadan azad olunacağını, lakin işçilərin Bakıda olmadığını bəhanə edərək işi uzatdı. Sonradan isə ümumiyyətlə mənzilləri azad etməyəcəklərini bildirdilər və həmin vəsaitin "xxxx" MMC-nin xeyrinə mədaxil olmasına istinad etdilər. Məhkəmə qətnamədə hazırki iddia tələbi ilə müraciət edilməsi üçün subyektiv hüququnun yaranmadığını göstərsə də işdə olan sənədlər bu hüququn yarandığını sübut edir. Belə ki, "xxxx" MMM-in və "xxxx" MMC-nin 16.11.2020-ci il tarixli məktublarından görünür ki, Cavabdeh ASC tərəfindən "xxxx" MMC-nin xeyrinə mədaxil edilən 234.930 manat vəsaitin düzəliş edilərək “İSSM" MMM-in xeyrinə hesaba mədaxil edilməsini xahiş edirlər. Eyni zamanda iddianın onlar tərəfdən qaldırılmasına səbəblərdən biri qeyd olunan pul vəsaitinin banka aparılaraq “İSSM" MMM-in xeyrinə hesaba yatırılmasının X5 tərəfindən onlara tapşırılması olmuşdur. Həmçinin Apellyasiya Məhkəməsinin 2(103)- 1/2019 nömrəli, 06 mart 2019-cu il tarixli qətnaməsi ilə X2 apellyasiya şikayətində banka göndərdiyi vəsaitin "xxxx" MMM-nin xeyrinə mədaxil edilməsi xahiş edilsə də, şikayət təmin edilməmiş və kollegiya vəsaiti banka gətirənlər tərəfindən işin mübahisələndirilməsinin qanuni olduğunu bildirmişdir. Göründüyü kimi məhkəməyə hazırlıqsız və ya kor - koranə müraciət edilməmiş, həm pulu verən tərəfin, həm vəsait mədaxil edilmiş və edilməli olan şirkətlərin yazılı razılıqları mövcuddur. Bu da onların subyektiv hüququnun yaranması faktını sübut edir. Lakin məhkəmə öz qətnaməsində bu halları qeyd etsə də hüquqi qiyməti düzgün verə bilməmişdir. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, eyni predmeti və əsası olan, lakin eyni tərəflər olmayan, yəni "xxxx" MMM və "xxxx" MMC-nin banka qarşı olan mülki işə Bakı Kommersiya Məhkəməsində baxılaraq iddia rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iddiaçı səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki, iddiaçılar iddia ərizəsində göstərmişlər ki, "xxxx" MMM şirkətinin təsisçisi və direktoru X7r, digər tərəfdən iş üzrə iddiaçılar X2 tapşırığı əsasında iş üzrə cavabdehə pul ödənişini həyata keçirildiyini bildirmişlər. İddia tələbinin əsasını isə 20 iyul 2016-cı il tarixli xəzinə mədaxil orderində düzəliş edilərək 234.930 (iki yüz otuz dörd min doqquz yüz otuz) manat vəsaitin "xxxx" MMM-in xeyrinə mədaxil edilməsi təşkil edir, bu isə öz növbəsində hazırki tələb ilə müraciət etmək hüququnu iddiaçılar İddiaçı2 və İddiaçı1 deyil, "xxxx" MMM-yə məxsus olmasını şərtləndirir. Bununla belə, iddiaçıların hazırki iddia tələbi ilə müraciət edilməsi üçün subyektiv hüququ yaranmadığından hazırki iddia tələbi rədd edilməlidir. Eyna zamanda, iddiaçıların hazırkı tələbi ilə eynilik təşkil edən iddia ərizəsi iş üzrə iddiaçılar "xxxx" MMM və "xxxx" MMC olmaqla Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Məhkəmə, iddiaçıların subyektiv hüququnun olmadığı qənaətinə gəldiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarında formlaşdırdığı hüquqi mövqeyə görə.... ikinci qrupa elə prosessual pozuntuları aid etmək olar ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmaya da bilər. Belə pozuntuları şərtli pozuntular da adlandırmaq olar. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir. Onu da nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci maddəsi). Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə ki, iddiaçıların apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməməsi hissəsində iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılığı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25- ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Hazırki iddia tələbi əsaslı olsa belə, bu tələb üzrə iddiaçı "xxxx" MMM ola bilərdi. Belə ki, işdən açıq-aşkar görünür ki, 20 iyul 2016-cı il tarixli xəzinə mədaxil orderində düzəliş edilərək 234.930 (iki yüz otuz dörd min doqquz yüz otuz) manat vəsaitin "xxxx" MMM-in xeyrinə mədaxil edilməsi təşkil edir. "xxxx" MMM-in isə iddiaçılara belə bir səlahiyyət verməsi işdən görünmür. Bununla yanaşı, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin izahatından da bəlli oldu ki, eyni predmet və eyni əsas üzrə işə, yəni "xxxx" MMM-in iddiası üzrə Bakı Kommersiya Məhkəməsində artıq baxılmış və iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən də həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bu faktı iddiaçı təkzib etmədi. Bundan əlavə, iddiaçılar şikayətdə göstərirlər ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1/2019 nömrəli, 06 mart 2019-cu il tarixli qətnaməsi ilə X2 apellyasiya şikayətində banka göndərdiyi vəsaitin "xxxx" MMM-in xeyrinə mədaxil edilməsi xahiş edilsə də, şikayət təmin edilməmiş və kollegiya vəsaiti banka gətirənlər tərəfindən işin mübahisələndirilməsinin qanuni olduğunu bildirmişdir. Qeyd olunan qətnamə iş materiallarına əlavə edilmişdir. Həmin qətnamədə apellyasiya instansiya məhkəməsi vəsaiti banka gətirənlər tərəfindən işin mübahisələndirilməsinin qanuni olduğunu bildirməmişdir. İddiaçıların bu dəlili nə üçün istifadə etdiklərinin səbəbi aydın deyil. Əksinə həmin qətnamədə də məhkəmə qeyd olunan ödənişin "xxxx" MMC-nin borcu üzrə aparıldığını, "xxxx" MMM-in borcunun qaytarılması hesab edilə bilmədiyini təsdiqləmişdir(bax.i.v.55). Buna görə də, iddiaçıların subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onların irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(005)-1889/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8457/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8457/2021
25.10.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver