Məhkəmə qərarları › İş №2(103)-846/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-846/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-846/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qasımov Telman Pəhləvan oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2555/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, İddiaçı Bakı filialı ilə Cavabdeh arasında 19 iyun 2019-cu il tarixdə “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X3 müqavilədə nəzərdə tutulan qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqavilənin 5.1-ci maddəsinə əsasən 1 tədris ili üçün təhsil haqqı 7.500 AZN təşkil edir. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir..

2. İş materiallarında olan, İddiaçı Bakı filialı ilə Cavabdeh arasında bağlanmış “Təhsil xidmətlərinin göstərilməsinə dair” 19 iyun 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı Bakı filialı Cavabdeh övladı X3 müqavilədə nəzərdə tutulan qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür.Tərəflər arasında bağlanan müqavilənin 5.1-ci maddəsinə əsasən 1 tədris ili üçün təhsil haqqı 7500 azn təşkil edir. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. Müqavilənin 3-cü bəndinə əsasən lisey öz üzərinə “təhsil prosesi zamanı, gün ərzində müəyyən olunmuş vaxtlarda şagirdi gügiyenik tələblərə uyğun keyfiyyətli qida ilə təmin etmək, məktəbdə olduğu müddətdə dərsdən kənar vaxtda onun istirahəti üçün şərait yaratmaq, Liseyin idman kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmasına şərait yaratmaq, məktəbdə olduğu müddətdə şagirdlərin təhlükəsizliyini təmin etmək, şagirdləri dərsliklərlə təmin etmək, zərurət olduqda şagirdə ilkin tibbi yardım göstərmək” kimi öhdəliklər götürmüşdür.

3. İş materiallarında olan, 20 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “Təhsil xidmətlərinin göstərilməsinə dair” 19 iyun 2019-cu il tarixli müqavilə üzrə pandemiya dövrünə olan güzəşt tətbiq edildikdən sonra 2.400 manat tədris haqqı borcu, 8.796 manat ödənişin gecikdirilməsi ilə əlaqədar yaranmış cərimə borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh müqavilə üzrə 2.400 manat məbləğində təhsil haqqı borcu, gecikdirilən hər gün üçün 0,5% olmaqla 8.796 manat həcmində dəbbə pulu və iddia ərizəsi üçün verilən 123,59 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11.319,59 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 19 iyun 2019-cu ildə İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X3 müqavilədə nəzərdə tutulan qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanan müqavilənin 5.1-ci maddəsinə əsasən 1 tədris ili üçün təhsil haqqı 7.500 AZN təşkil edir. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. İddiaçı həmin müqavilə ilə üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə 2.400 manat məbləğində təhsil haqqı ödənişini həyata keçirməyib.İddiaçı tərəfindən valideynə dəfələrlə müraciət edilərək təhsil haqqını və ona uyğun hesablanan dəbbə pulunu ödənilməsini xahiş etmişlər. Bu səbəbdən lisey tərəfindən valideynə poçt vasitəsi ilə təhsil haqqının ödənilməsi tələbinə dair 01 iyul 2022-ci il tarixli xəbərdarlıq ünvanlanıb. Lakin bu xəbərdarlığa baxmayaraq təhsil haqqı və hesablanan dəbbə pulu ödənilməyib. Bu isə müqavilə üzrə valideynin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxardıb. Tərəflər arasında bağlanan müqavilənin 3.2.5-ci maddəsinə əsasən Lisey göstərilən təhsil xidmətlərinə görə təhsil haqqını tam və vaxtında ödənilməsini tələb edə bilər. Əlavə olaraq, həmin müqavilənin 7.2-ci maddəsinə görə təhsil haqqının ödənilməsinin gecikdirilən günlərinə görə valdeyn dəbbə pulu ödəməyi öz öhdəsinə götürür. Cavabdeh 2019/2020-ci tədris ili üzrə təhsil haqqını tam ödəməyib və 2.400 manat borc qalıb. Bundan başqa, cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməyə vaxt verilib və heç bir dəbbə pulu hesablanmayıb. Lakin cavabdeh borcu ödəmədiyi üçün 2019/2020-ci tədris ili bittiyi tarixdən, yəni 17 iyun 2020-ci ildən dəbbə pulu hesablanıb. Nəticədə, cavabdehin 2400 manat təhsil haqqı borcu və 8.796 manat dəbbə pulu borcu hesablanıb. Lisey pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil edib. Müqaviləyə əsasən yaranan vəziyyətdə valideyn üzərinə

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(007)-2555/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev), İddiaçı Cavabdeh qarşı müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 2019-cu ildən başlayaraq uzun müddət davam edən pandemiya dönəmində iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, pandemiya ilə əlaqədar əyani dərsləri davam etdirə bilməmiş, müqavilənin 3-cü bəndində nəzərdə tutulan vəzifələri yerinə yetirməmişdir.

8. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə cavabdehin təqsiri üzündən pozulmamışdır. Belə ki, iddiaçı tədris müqaviləsinin əsas şərtlərinin dəyişdirilməsi barədə cavabdehə təklif göndərməmiş, cavabdehin həmin şərtlərlə razı olub-olmamasını araşdırmamış, sadəcə təhsil haqqının və gecikmə məbləğinin ödənilməsini tələb etmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 222.1, 389.1, 425.1 və 425.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. a) Apelyasiya şikayətlərinin dəlilləri

11. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

12. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə distant təhsil dövrü ərzində şagirdin dərsdə iştirak etməməsi halını təhsil haqqını ödəməmək üçün səbəb hesab edərək müqaviləni yanlış və məhdud şərh etmişdir. Belə ki, müqavilənin 5.5. maddəsində nəzərdə tutulur ki, “hansı səbəbdən baş verməsindən asılı olmayaraq şagirdin iştirak etmədiyi təhsil aylarının haqqı hər bir halda ödənməlidir”. Məhkəmə müqavilənin cavabdehin təqsiri üzündən pozulamamasını qət edən müvafiq qətnaməsində Mülki Məcəllə və qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh müqavilənin şərtlərini dəyişsə belə bununla bağlı heç bir addım atmamış, müqavilənin dəyişdirilməsi və ya ləğvi ilə bağlı Liseyə müraciət etməmişdir. Belə olan halda, Lisey dərsləri bütün ölkə ərazisində olduğu kimi online qaydada davam etdirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-6311/21 saylı qərarında qeyd edilmişdir ki: cavabdeh fors major halın baş verməsinə görə müqavilənin dəyişdirilməsi və ya ona xitam verilməsi ilə bağlı da iddiaçıya müraciət etməmişdir. Ali Məhkəmənin qərarından da görünür ki, maraqlı şəxs kimi cavabdeh Liseyə müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciət etməli idi. Cavabdehin təhsilin onlayn şəkildə həyata keçirilməsinə hər hansı bir narazılığı və yaxud etirazı olmamış, bu müddət ərzində şagird dərslərdə iştirak etmiş, lisey tərəfindən təşkil olunan xidmətlərdən istifadə etmişdir. Müqavilənin 6.1-ci maddəsinə əsasən valideyn liseyi 1 ay qabaqcadan yazılı xəbərdar etməklə müqaviləyə istənilən an xitam vermək hüququna malikdir. Lakin tədris prosesinin onlayn formada təşkil edildiyi dövr ərzində cavabdeh bununla bağlı Liseyə heç bir rəsmi müraciət etməmişdir. 2400 AZN məbləğində olan borc isə təkcə təhsilin distant formada təşkil edildiyi mart-iyun ayları aralığını yox, həmçinin təhsilin əyani formada təşkil olunduğu, cavabdehin bütün xidmətlərdən tam şəkildə istifadə etdiyi müddətə də aiddir – noyabr ayının böyük bir hissəsi, dekabr ayı, eləcə də yanvar ayının bir hissəsi. b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri:

13. Apelyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublihası Mülki Məcəlləsi:

19. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

20. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublihası Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Birinci instansiya məhkəməsi 2019-cu ildən başlayaraq uzun müddət davam edən pandemiya dönəmində iddiaçının müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini, pandemiya ilə əlaqədar əyani dərsləri davam etdirə bilmədiyini, müqavilənin 3cü bəndində nəzərdə tutulan vəzifələri yerinə yetirmədiyini, müqavilədə hər-hansı bir dəyişikliyə cəhd etmədən, birtərəfli qaydada distant təhsilə keçdiyini, iddiaçının tədris müqaviləsinin əsas şərtlərinin dəyişdirilməsi barədə cavabdehə təklif göndərmədiyini, cavabdehin həmin şərtlərlə razı olub-olmamasını araşdırmadığını nəzərə alıb, hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə cavabdehin təqsiri üzündən pozulmamışdır.

35. İddiaçı qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş və apelyasiya şikayətini belə əsaslandırmışdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.5. maddəsində nəzərdə tutulur ki, “hansı səbəbdən baş verməsindən asılı olmayaraq şagirdin iştirak etmədiyi təhsil aylarının haqqı hər bir halda ödənməlidir”. Cavabdeh müqavilənin dəyişdirilməsi və ya ləğvi ilə bağlı Liseyə müraciət etməmişdir. Belə olan halda, Lisey dərsləri bütün ölkə ərazisində olduğu kimi online qaydada davam etdirmişdir. Cavabdehin təhsilin onlayn şəkildə həyata keçirilməsinə hər hansı bir narazılığı və yaxud etirazı olmamış, bu müddət ərzində şagird dərslərdə iştirak etmiş, lisey tərəfindən təşkil olunan xidmətlərdən istifadə etmişdir. Tədris prosesinin onlayn formada təşkil edildiyi dövr ərzində cavabdeh müqavilənin 6.1-ci maddəsinə əsasən valideyn liseyi 1 ay qabaqcadan yazılı xəbərdar etməklə müqaviləyə xitam verilməsi ilə bağlı Liseyə heç bir rəsmi müraciət etməmişdir.

36. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Belə ki, iddiaçı tərəfindən şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim edilməmişdir.

37. Belə ki, tərəflər arasında bağlanmış “Təhsil xidmətlərinin göstərilməsinə dair” 19 iyun 2019-cu il tarixli müqavilənin 3-cü bəndinə əsasən, lisey öz üzərinə “təhsil prosesi zamanı, gün ərzində müəyyən olunmuş vaxtlarda şagirdi gügiyenik tələblərə uyğun keyfiyyətli qida ilə təmin etmək, məktəbdə olduğu müddətdə dərsdən kənar vaxtda onun istirahəti üçün şərait yaratmaq, Liseyin idman kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmasına şərait yaratmaq, məktəbdə olduğu müddətdə şagirdlərin təhlükəsizliyini təmin etmək, şagirdləri dərsliklərlə təmin etmək, zərurət olduqda şagirdə ilkin tibbi yardım göstərmək” kimi öhdəliklər götürmüşdür.

38. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hazırkı halda İddiaçı şagirdlərlə bağlanmış müqavilələrin pandemiya dövranə uyğunlaşdırılmasına, şagirdlərin distant təhsillə həmin tədris müəssisəsində təhsil almağa davam edib-etməməsi ilə bağlı onlara təklif göndərməli və müqavilənin mühüm şərtlərinin dəyişdirilməsinə nail olmalı idi. Həmçinin, iddiaçı tədris müqaviləsinin əsas şərtlərinin dəyişdirilməsi barədə cavabdehə təklif göndərməli və cavabdehin həmin şərtlərlə razı olubolmamasını araşdırmalı idi.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur..

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçıLiseyi distant qaydada dərslərin faktiki olaraq keçirilməsini təsdiq edən mötəbər sübutları nə birinci instansiya məhəməsinə, nədəki apelyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.

41. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

42. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

43. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

44. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2555/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar