Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-846/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: iş yeri ilə təmin edilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (X7 üçüncü şəxs cəlb edilməklə) “iş yeri ilə təmin edilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5185/2024 saylı, 22 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh İB tərəfindən tərtib edilmiş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 13 iyul 2018-ci il tarixli 02 nömrəli aktın surətindən görünür ki, Təmir Tikinti İdarəsinin Qəza Təmir Bərpa Sahəsinin 1 saylı qəza təmir bərpa xidmətinin işçiləri 2018ci il iyun ayının 25-dən 26-na keçən gecə saat 20:00-da növbədə işə gəlmişlər. X2 işçiləri işdən öncə təhlükəsiz işləmələri barədə təlimat keçir və naryad buraxılış alaraq vərəqləri imzalatdırmış, sonra “104” xidməti tərəfindən verilən çağırışları izah edərək iki briqada təşkil etmişdir. Briqadalar arasında iş bölgüsü apardıqdan sonra onlar üçün ayrılmış avtomobillərə əyləşərək siyahı üzrə abonentlərlə əlaqə yaradaraq onların ünvanlarına getmişlər. Bir neçə ünvana baxış keçirdikdən sonra ünvan 1 ünvanda 2 mərtəbəli evin 2ci mərtəbəsində qaz plitəsinə gedən qaz xəttində sızma aşkar etmişlər. Çilingər İddiaçı mənzildə qaz sızmasını aradan qaldırdıqdan sonra mənzildən bayıra çıxaraq məhəccən olmayan beton pilləkənlərlə aşağı düşməyə başlamış, pilləkənlərlə 1-ci mərtəbəyə düşərkən pillələr dönmədə də davamlı olduğundan İddiaçı pillələri dönmədən düz hərəkət etmiş və nəticədə yerə beton pillələrin üstünə düşmüşdür. Hündürlükdən yıxılarkən sağ qolu beton pillələrin arasına keçərək biləkdən sınmış və sağ ayağından sınıq xəsarətləri almışdır.
2. 29 yanvar 2019-cu il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ikinci dərəcəli əlilliyi olmaqla, ona kəllədaxil travmaların nəticələri, QKBT. Baş beynin sağ yarımkürəsinin alın payının əzilməsi, sağ mil bilək oynağının sınıq-çıxığı, sağ mil və dirsək sümüklərinin bitişmiş sınıqları, oynaqların kontrakturası, sağ düz və mil bilək oynağının postravmatik kontrakturası, eşitmənin dəqiqləşdirilməmiş nerosensor tipli itirilməsi, İV dərəcli karlıq, eşitmə sinirinin travması, sol tərəfi postravmatik koxlear nevrit. Postravmatik ensefolopatiya. Ağ ciyərin digər travmalarıı. Ağ ciyərlərin sıxılması, bud sümüyü cisminin (diafizinin) sınığı, sağ bud sümüyü cisminin bitişmiş sınığı, sağ bud sümüyü cisminin bitişmiş sınığı, birinci boyun fəqərəsinin köhnə bitişmiş sınığı, sağ bud sümüyünün intramedulyar osteosintez və skafoid asteosintezi əməliyyatlarından sonrakı vəziyyət. Sağ orbitanın yuxarı divarının və alın cibinin alt divarının bitişmiş sınığı, Ou- Miopliya.VİS OD=0.VİS OS=1.0 Digər ensefalit, mielle və ensefolomlelit, postravmatik stress, asteno-depressiv təzahürlər, vegetativ disfunksiya diaqnozu qoyulmuş, əlilliyin səbəbi əmək zədəsi olmuşdur.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3670/2021 saylı 20 may 2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh İB-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı işdən azad olunmağı barədə Cavabdeh xx.xx.2020-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı Cavabdeh X1 Departamentinin Sayğacların müayinəsi laboratoriyasına nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilmiş və məcburi iş buraxmaya müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3733/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Birliyin apellyasiya şikayəti təmin edilmiş və İddiaçı Cavabdeh İB-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda alınmış xəsarətlərini nəzərə alaraq, səhhətinə uyğun Cavabdeh İB-də onun iş yeri ilə təmin edilməsi vəzifəsinin Cavabdeh İB-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh İB-də xx.xx.2008-ci il tarixdən çalışmışdır. İşlədiyi dövr ərzində 3-cü dərəcəli nəzarətçi, 3-cü dərəcəli çilingər, qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər, qəza dispetçer xidmətinin 10-cu dərəcəli usta, qəza-bərpa işləri üzrə 6-cı dərəcəli çilingər, sayğacların müayinəsi laboratoriyasında nəzarət-ölçü cihazları və avtomatika üzrə 6-cı dərəcəli çilingər əmək funksiyalarını yeriə yetirmişdir. 26 iyun 2018-ci il tarixdə gecə vaxtı, vəzifəsini icra etdiyi zaman, abonentin yaşayış evində qaz sızmasını aradan qaldıraraq yıxılmış, nəticədə ciddi və çoxsaylı baş və bədən xəsarətləri almış və ona İİ qrup əlillik təyin olunmuşdur. 2019-cu il tarixdən yaranmış xəstəliyi ilə əlaqədar olaraq Cavabdeh X1 Departamentinin sayğacların müayinəsi laboratoriyasına, çilingər peşəsinə keçirilmişdir. Səhhəti ilə əlaqədar olaraq mütəmadi müalicə olunmağına zərurət olmuşdur. İşəgötürən xəstəlik vərəqəsinin mövcud olmasına baxmayaraq iddiaçını xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, əmək funksiyalarını yerinə yetirmədiyinə görə işdən azad etmişdir. İddiaçı şikayətlə əmək müfəttişliyinin xidmətinə müraciət etmiş, həmin qurumun araşdırması vaxt aparmış və sonra iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldırmışdır. Birinci və apellyasiya instansiyaları məhkəmələri onun xeyrinə (işə bərpa edilməsinə dair) qətnamə qəbul etmişdir. Lakin yuxarı məhkəmə instansiyası iddia müddətinin ötürülməsinə görə əvvəl xeyrinə qəbul edilmiş qərarları ləğv etmişdir. Himayəsində 3 azyaşlı uşaqları vardır. Özü daimi dərman preparatları qəbul edir. İstehsalatda baş vermiş hadisə nəticəsində onun əmək qabiliyyətinin 70 faizini itirmişdir. Maddi vəziyyəti dözülməz səviyyəyə çatmış, o, işlə təmin olunmasa uşaqlarını və özünü dolandıra bilməz.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5185/2024 saylı 22 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əlilliyinin olması iş materialları ilə təsdiq edildiyindən, iddiaçı istehsalatda almış olduğu xəsarətlər nəzərə alınmaqla səhhətinə uyğun iş yeri ilə təmin edilməsi ilə bağlı işə götürənə müraciət etsə də, cavabdeh təşkilat bundan imtina etdiyindən və qanunvericiliklə işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X3 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borclu olduğundan iddia təmin edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə; “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 22.1, 22.2, 22.4, 22.5, 24.1, 24.2 və 24.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5185/2024 saylı 22 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli, SOCAR**********00070020B01160 nömrəli əmri ilə İddiaçıla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) bəndinə əsasən ləğv edilmişdir. İddiaçı Cavabdeh İB-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(011)-3670/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh İB tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-8776/2021 nömrəli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 2(011)-3670/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Birlik tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1005/2022 nömrəli qərarı ilə təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3733/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Birliyin apellyasiya şikayəti təmin edilmiş və İddiaçı Cavabdeh İB-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası rədd edilmişdir. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin MülkiKollegiyasının 2(102)-4869/2022 saylı, xx.xx.2022 ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmçinin qeyd etmişdir ki, İddiaçı tərəfindən hazırda Xətai Rayon Məhkəməsinə edilmiş yeni müraciətdə iddia tələbinin hüquqi əsası dəyişdirilmiş, iddiaçı tərəf işlə təmin olunmaq naminə hüquqi manevrlər etmiş və məhkəmə tərəfindən də vaxtilə tərəflər arasında mövcud olan məhkəmə qətnamələri nəzərə alınmamışdır. Xətai Rayon Məhkəməsi işəgötürən cavabdeh Azəriqaz İB-ni məşğulluq idarəsi kimi fərz etmiş, Birliyin dövlət müəssisəsi olduğunu və Birlikdə işə qəbul qaydalarının qanunla tənzimləndiyini nəzərə almamış, yekun nəticədə Birliyin keçmiş işçisi və məhkəmə aktları əsasında da “işə bərpa” tələbi təmin olunmayan iddiaçı tərəfin istehsalatda almış olduğu xəsarətlər nəzərə alınmaqla səhhətinə uyğun iş yeri ilə təmin edilməsi vəzifəsi qanunsuz olaraq Cavabdeh İB-nin üzərinə öhdəlik qoyulmuşdur. İddia tələbi əsassız olduğununda təmin edilməməli və ya tərəflər arasında işə bərpa və işlə təmin olunma tələbi yönündə qanuni qüvvəyə minmiş məhkəmə aktları olduğu üçün icraata xitam verilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
18.12-ci (“i” hissə) maddəsinə əsasən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 19.70-ci (“ç” bəndi) maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrəöhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun
20.21-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. 21.22-ci maddəsinə əsasən, dövlət əmək bazarında əlavə iş yerləri və əlilliyi olan şəxslər üçün uyğun şəraitə malik müəssisə və təşkilatlar yaratmaq yolu ilə, eləcə də xüsusi proqramlar üzrə təlim təşkil etməklə, əlilliyi olan şəxslərin məşğulluğunu təmin edir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Bu Qanunun 22.2-ci maddəsinə əsasən kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işə qəbul edilirlər. Bu Qanunun 22.3-cü maddəsinə əsasən işə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar. 22.23-cü maddəsinə əsasən, bu Qanunun 22.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş, habelə işəgötürənlər tərəfindən işə qəbul edilmiş əlilliyi olan şəxslər bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X5 və bu Qanunun 23.2-ci maddəsində müəyyən olunmuş əlilliyi olan şəxslərin iş yerlərinin standartları nəzərə alınaraq iş yerləri ilə təmin olunurlar. Əlilliyi olan şəxslərin iş yerlərinin standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.24.1-ci maddəsinə əsasən, işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X3 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.
24.“Məşğulluq haqqında” Qanunun 11.1-ci və 11.2-ci maddələrinə əsasən dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə əlavə iş yerləri və sosial müəssisələr yaratmaq, onlar üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə hazırlığı kursları təşkil etmək, habelə kvota müəyyən etmək yolu ilə əlavə təminatlar verir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası və kvota şamil edilməyən müəssisələrin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
25. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).
26. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
27. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı “iş yeri ilə təmin edilmə” tələbinə dair iddiası rədd edilməlidir.
29. İşin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən etibarən Cavabdehndə müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2018-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçı çoxsaylı baş və bədən xəsarətləri almış, AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən ona əmək zədəsi səbəbilə xx.xx.2019-cu il tarixdə xx.xx.2024-cü il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini qismən itirmiş iddiaçı cavabdeh-işəgötürən tərəfindən müvafiq iş ilə təmin edilmişdir.
30. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh X1 Departamenti, Sayğacların müayinəsi laboratoriyasına əsas 6-cı dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. Müqavilə xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək bağlanılmışdır. Buna baxmayaraq İB-nin xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı tərəf olduğu müqaviləyə əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
31. İddiaçı Cavabdeh İB-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2(011)- 3670/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3733/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi Birliyin apellyasiya şikayəti əsasında ləğv edilmiş, İddiaçı Cavabdeh İB-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiasının rədd edilməsi qənaətinə gəlinmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır.
32. Yenidən məhkəməyə müraciət edən iddiaçı, onun, uyğun işlə təmin olunması barədə öhdəliyin Cavabdeh İB-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddianı təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əlilliyi əldə etməsi iş materialları ilə təsdiq edildiyindən, qanunvericiliklə istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində də əlilliyi olan işçilərin işə düzəlməsi üçün işəgötürənin iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borclu olduğundan iddianın təmin edilməsi üçün əsaslar mövcuddur.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarının məzmununa görə əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır.
35. İşəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X3 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir.
36. Eyni zamanda “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işə qəbul edilirlər. İşə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.
37. Yuxarıda göstərilənlərdən belə nəticə hasil olur ki, qanunverici əlilliyi olan şəxslərin, əmək hüquqlarının həyata keçirilməsi üçün məşğulluğunun təmin edilməsi (birbaşa və müvafiq icra hakimiyyəti orqanının göndərişinə əsasən) qaydalarını fərqləndirir.
38. Hazırkı işin halları üzrə müqayisəli təhlil apararkən kollegiya qeyd etməyi zəruri hesab edir ki, istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək işəgötürənin əsas vəzifələrindən biri olsa da nəzərə alınmalıdır ki, iddiaçı, istehsalatda bədbəxt hadisə baş verdikdən sonra əmək qabiliyyətini qismən itirmiş və bunun nəticəsində əlilliyi olan işçi olaraq müvafiq qaydada işəgötürən tərəfindən işlə təmin olunmuş, lakin hadisədən sonra bağladığı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx.xx.2020-ci il tarixli əmr ilə xitam verilmişdir. İşçi ilə bağlanmış sonuncu əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunubolunmadığı uzun müddət ərzində davam edən məhkəmə çəkişmələrinin predmeti olmuş, iddiaçının tutduğu vəzifəyə bərpa olunması üçün əsaslar olmadığı qənaətinə gəlinmişdir.
39. Hazırda əlilliyi olan iddiaçı məşğulluğunun istinad etdiyi qaydada təmin edilməsi üçün məhkəməyə müraciət edir. Halbuki iş üzrə müəyyən edilmiş faktiki halların məcmusu baxımından iddiaçının əmək hüquqlarının müdafiəsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
40. Belə ki, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işə qəbul edilirlər. İşə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir.
41. Kvota üzrə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbulu müəssisələr tərəfindən vətəndaşların birbaşa müraciəti və ya şəhər, rayon Məşğulluq Mərkəzlərinin göndərişi ilə həyata keçirilir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar işə düzəlmək üçün birbaşa müəssisələrə müraciət etdikləri hallarda işəgötürənlər şəhər, rayon Məşğulluq Mərkzlərinə ən geci 5 gün müddətində məlumat vermək şərti ilə, müəyyən olunmuş kvota hesabına onları işə qəbul edə bilərlər.
42. Göründüyü kimi hazırkı halda müvafiq icra hakimiyyəti orqanının göndərişi olmadan iddiaçının birbaşa işlə təmin olunması barədə öhdəliyin cavabdeh-təşkilatın üzərinə qoyulması, yəni müəyyən davranışı ondan tələb etməsi üçün əmək münasibətlərini tənzimləyən qanunvericiliyə görə hər hansı hüquqi əsas müəyyən edilməmişdir.
43. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5185/2024 saylı 22 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı “iş yeri ilə təmin edilmə” tələbinə dair iddiası rədd edilməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5185/2024 saylı 22 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “iş yeri ilə təmin edilmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev