Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8468/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2145/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında xx.xx.2019cu il tarixdə müddətsiz bağlanmış əmək müqaviləsinə xitam verilməsi və xitam verilmənin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehndə xx.xx.2019-cu il tarixdən menecer olaraq işləmişdir. MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi ev 11, mənzil 45 ünvanında Hostel qurulmuş və cəmi 5 ay ərzində fəaliyyətdə olmuşdur. xx.xx.2019-cu il tarixdə o işə gələrkən ofis və hostelin bağlı olduğunu və bu tarixdən sonra işə çıxa bilmədiyini qeyd etmişdir. Artıq 9 aydır ki, Cavabdeh rəhbərliyi iddiaçıya cavab vermir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişdir. Dövlət Əmək Müfəttişliyinə müraciət edərək, iddiaçı müsbət cavab ala bilməmişdir və ona məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Hal-hazırda da vergi orqanında fəaliyyətli kimi göstərilsə də, MMC-nin keçmiş direktoru X3, direktor müavini olmuş X4 ilə dəfələrlə əlaqə saxlasa da, rəhbərlik barədə ona cavab verən olmamışdır. Sonradan məlum olmuşdur ki, həmin şəxslər Azərbaycandan çıxarılıblar və geri qayıtmaları mümkün deyil. İddiaçı başqa yerdə işə düzələ bilmir, hüquqları pozulur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuş, Cavabdeh ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsini və hüquqlarının bərpası ilə bağlı lazımı tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2145/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə (sədrlik edən: Aytən Novruzova) iddia təmin edilərək, işçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə (xx.xx.2019-cu il tarixli, xxxxxxx000101 nömrəli əmək müqaviləsi bildirişi) xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinin qeydə alınması və elektron informasiya sistemində elektron qaydada müvafiq qeydlər aparılması vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə həvalə olunması qət edilmişdir. Qətnamədən üçüncü şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2145/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 240.1.1-ci maddəsinə əsasən gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə işə qiyabi icraatda baxılmasına yol verilmir. İstinad olunan maddələrdən də göründüyü kimi, Məhkəmənin işə qiyabi icraat qaydasında baxılması üçün tərəfləri rəsmi qaydada məlumatlandırmalı olmasına baxmayaraq, tərəf kimi Xidmətə məhkəmə prosesi ilə bağlı heç bir məlumat verilməmiş, habelə, məsələnin aydınlaşdırılması məqsədi ilə Xidmətin Məhkəməyə şifahi formada müraciəti zamanı xx.xx.2020-ci il tarixdə qəbul olunmuş qiyabi qətnamənin xx.xx.2020- ci il tarixdə qanuni qüvvəsini aldığı bildirilmiş, halbuki xx.xx.2020-ci il tarixli qiyabi qətnamə Xidmətə rəsmi qaydada yalnız xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Dövlət Əmək Müfəttişliyi Xidməti rəsmi dövlət qurumudur, ünvanı və əlaqə vasitələri mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırıla bilməməsi qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr tərəfindən baxılır. Belə olan halda Məhkəmə tərəfindən iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinə xitam verilməsinin qeydə alınması və elektron informasiya sistemində elektron elektron qaydada müvafiq eydlər aparılması vəzifəsinin DƏMX-ə həvalə edilməsi məhkəmə aidiyyətinin kobud şəkildə pozulmasıdır. İddia ərizəsində göstərilən məsələ Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətlərinə aid olmadığından Məhkəmənin qərarına əsasən Xidmətə həvalə edilən əmək müqaviləsi bildirişinə xitam verilməsi öhdəliyinin icrası mümkünsüzdür. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” xx xxxxxx 2011-ci il tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilatıhüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş Qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Ə.Əsədullayev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Cavabdeh MMC-nin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixli, xxxxxxx000101 nömrəli əmək müqaviləsi bildirişinə əsasən İddiaçı Cavabdeh MMC-nin rəhbəri X3 tərəfindən xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq, vaxtamuzd, hər ay 300 manat əmək haqqı ödənilməklə Cavabdeh MMC-də menecer vəzifəsinə işə qəbul edilmişdir; İddiaçı 100440 nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə, 02/2019 nömrəli əmrlə müddətsiz müqavilə əsasında Cavabdeh MMC-də menecer vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2019-cu tarixli, **********1 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq, araşdırma zamanı “Cavabdeh" MMC-yə **********3 saylı, xx.xx.2019-cu il tarixli bildiriş göndərilməsinə baxmayaraq, hazırki tarixədək heç bir cavab verilmədiyi və iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a“ bəndinə görə, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci maddəsinə görə, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əmək Məcəlləsinin 5-1-ci maddəsinə görə, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12.1-ci maddəsinin h bəndinə görə, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş Qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən qanunvericiliyin qeyd edilən normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı (işçi) İddiaçı əmək münasibətinə xitam verilməsini istəsə də, Cavabdeh MMC (işəgötürən) tərəfindən əmək müqaviləsinə xitam verilməmişdir. Belə ki, əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə xitam edilməsi imkanından istifadə etmək istəyən iddiaçının müraciəti cavabdeh tərəfindən icra edilməmişdir. İddia tələbinin əmək müqaviləsinə xitam verilmənin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasına dair hissəsinə münasibətdə kollegiya Əmək Məcəlləsinin qeyd olunan 5-1-ci maddəsinə və 12.1-ci məddənin “h” bəndinə istinad edərək qeyd edir ki, əmək müqaviləsinə xitam verilmənin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasından ötrü əmək müqaviləsi bildirişinin cavabdeh (işəgötürən) tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi zəruridir. Lakin iş materiallarında əmək müqaviləsi bildirişinin cavabdeh tərəfindən elektron informasiya sisteminə daxil edilməsini təsdiq edən hər hansı sübut aşkar edilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən əmək müqaviləsi bildirişinin elektron sistemə daxil edilməməsi üçüncü şəxs Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək müqaviləsinə xitam verilməsini elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasını mümkünsüz etmişdir. Odur ki, əmək müqaviləsinə xitam verilmənin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması öhdəliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin üzərinə qoymasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 240.1.1-ci maddəsinə görə, gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə işə qiyabi icraatda baxılmasına yol verilmir. Üçüncü şəxsin rəsmi qaydada məlumatlandırılmadan iş üzrə qiyabi qətnamənin çıxarılmasına dair apellyasiya şikayətinin dəlilini əsaslı hesab edərək kollegiya qeyd edir ki, iş materiallarında üçüncü şəxsin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına dair hər hansı sübut aşkar edilmədiyindən birinci instansiya məhkəməsi işə qiyabi icraat qaydasında baxmaqla prosessual pozuntuya yol vermişdir. Bu səbəbdən də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Çünki, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə müvafiq olaraq, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxardılmalı, iddia təmin edilməli, tərəflər arasında xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2145/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İşçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə (xx.xx.2019-cu il tarixli, xxxxxxx000101 nömrəli əmək müqaviləsi bildirişi) xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8468/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8468/2020
27.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver