Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-848/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, tikilinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdeh tərəfindən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, tikilinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdeh tərəfindən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(001)-1182/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı «İddiaçı istifadəsində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyətinə satılması haqqında» qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Rəhman küçəsi ev 16-da pasport qeydiyyatında olan, hazırda Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi A.Nemətulla küçəsində öz şəxsi vəsaiti hesabına inşa etdiyi tikilidə yaşayan İddiaçı həmin tikilinin yerləşdiyi 300 kv.m torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2003-cü il tarixli ərizəsinə, bələdiyyənin yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyanın xx.xx.2003cü il tarixli rəyinə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi A.Nemətulla küçəsində yerləşən 300 kv.m torpaq sahəsi əlavə edilmiş eskiz əsasında alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə hər kv.m üçün 20800 AZM olmaqla ümumilikdə ******* AZM ödəmək şərti ilə verilmişdir. Qərardan daha sonra müəyyən olunur ki, ayrılmış torpaq sahəsində inşa edilmiş və gələcəkdə inşa edilməsi nəzərdə tutulan tikililərin layihəsinin rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırılması İddiaçı, qərarın qanunvericilikdə nəzərdə tutulmuş qaydada icrasının təmin edilməsi bələdiyyənin icra aparatına tapşırılmışdır.
2. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 029995 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısı üçün ******* AZM mədaxil edilmişdir.
3. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli RB/d-36 saylı məktubundan görünür ki, İddiaçı adına verilmiş xx.xx.2003-cü il tarixli 252 saylı torpaqayırma qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlər Milli Arxiv İdarəsinə təhvil verilmiş, İddiaçı tərəfindən torpaq sahəsinə görə hesablanmış vergi məbləği tam olaraq bələdiyyə büdcəsinə ödənilmişdir.
4. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli RB/d-321/1 saylı məktubundan görünür ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı torpaqayırma qərarı ilə vətəndaş İddiaçı adına rəsmiləşdirilmiş 300 kv.m torpaq sahəsi M.Ə.Rəsulzadə qəsəbəsi Ağa Nemətulla küçəsi 3 və 6B saylı fərdi yaşayış evlərinin arasında olmaqla 6 saylı binanın arxa tərəfində yerləşir.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435 saylı sərəncamından müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir.
6. 19.11.1979-cu il tarixli 183135 saylı orderin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu A.Neymətulla küçəsi 6 saylı evin 4 saylı mənzili X6 ayrılmışdır.
7. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 145 saylı MKİS-nin 1036 saylı xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu A.Neymətulla küçəsi 6 saylı evin 4 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Qeyd olunan ünvanda yerləşən yaşayış binası 1952-ci ildə tikilib istifadəyə verilmişdir. Yaşayış binasının arxasında olan torpaq sahəsinə sanitar təhlükəsizlik işlərinə qonşuların xx.xx.2021-ci il tarixli aktına əsasən, Cavabdeh nəzarət edir.
8. Cavabdeh, X11 və X9 tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, yaşadıqları binanın arxasında yerləşən 4 saylı mənzilə məxsus həyətyanı sahə Cavabdeh hələ uşaq ikən ailəsi tərəfindən müvəqqəti olaraq vaxtilə qonşuları olan V.Əhmədova təsərrüfat fəaliyyəti üçün verilmişdir. V.Əhmədov binadan köçdükdən sonra ona müvəqqəti olaraq verilmiş həyətyanı sahə uzun illər baxımsız qalaraq xarabalığa çevrilmişdir. Baxımsız qalan bu həyətyanı sahədə dəfələrlə müxtəlif vaxtlarda naməlum gənc insanların oraya yığışması, ucadan bir-birləri ilə mübahisə edərək qeyri etik davranışları, orada kriminal abu-havanın olması onlarda ciddi narahatçılıq yaratmışdır. Ailələri tərəfindən ona bu həyətyanı sahənin onların mənzilinə məxsus olduğu bildirildikdən sonra yuxarıda adları qeyd olunan qonşuların iştirakı ilə gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün qeyd olunan həyətyanı sahəyə daxil olaraq baxış keçirmişlər. Bu zaman məlum olmuşdur ki, uzun illər baxımsız qalan bu həyətyanı sahənin dəmirdən olan qapısının qıfılı sındırılmış, həyətyanı sahədə ağac və yaşıllıqlar qurumuş, həyət məişət tullantıları ucbatından natəmizlik yuvasına, antisanitariya mənbəyinə çevrilmişdir. Bunu təsdiq edən orada baxış zamanı çəkilmiş fotolar da mövcuddur. Bütün bunları nəzərə alaraq onun tərəfindən hal-hazırda həyətyanı sahədə uzun illərlə yığılıb qalmış məişət tullantılarının təmizlənməsi, sahənin işıqlanması, dezinfeksiya olunması, yaşıllaşdırılması, ağacların əkilməsi və ümumilikdə abadlaşdırılması işinə başlanmışdır.
9. Cavabdeh, X11, X9 və X7 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ağa Neymətulla küçəsində yerləşən 6 saylı binanın sakinlərinin ümumi istifadəsində olan bağçada yaşamamış, həmin ərazidə heç bir tikinti işi aparmamış, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsi, bina 6, mənzil 4-də yşayan neftçi X1 yaşayış evinin arxasında olan bağçadan uzun müddət istifadə etmiş və müəyyən müddətdən sonra o, həmin yaşayış yerini tərk etdikdən sonra həmin mənzil X4 istifadəsinə verilmişdir. Hal-hazırda X8 ailə üzvləri ilə birlikdə Ağa Neymətulla küçəsi bina 6 mənzil 4-də yaşayır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona məxsus Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsində yerləşən 300 kv.m torpaq sahəsinin boşaldılması, torpaq sahəsini və tikintini əvvəlki vəziyyətə gətirməsi, cavabdeh tərəfindən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi belə əsaslandırılmışdır ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarına və xx.xx.2003-cü il tarixli alqı-satqı aktına əsasən mülkiyyətində olan Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsində yerləşən 300 kv.m torpaq səhəsinə malikdir. Artıq bir neçə gündür ki, həmin torpaq sahəsi qanunsuz olaraq ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən zəbt edilmiş və orada qanunsuz tikinti-söküntü işləri aparılmışdır. Cavabdehin qanunsuz hərəkətlərinin dayandırmasının tələb edilməsi heç bir fayda verməmişdir.
12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçıya Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə satılan 300 kv.m torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçı tərəfindən tanıdılmış 300 kv.m torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir.
13. Mütəxəssis rəyindən o da müəyyən olunur ki, iddiaçı tərəfindən tanıdılmış 300 kv.m torpaq sahəsində cavabdeh tərəfindən hər hansı bir tikinti işləri aparılmamışdır.
14. Mütəxəssis rəyindən daha sonra müəyyən olunur ki, Bakı şəhəri üzrə hazırlanmış bələdiyyə xəritələrinin təsdiq olunma mərhələsi tam olaraq yekunlaşmadığından, iddiaçı tərəfindən tanıdılmış 300 kv.m torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi mümkün olmamışdır.
15. Mütəxəssis rəyindən daha sonra müəyyən olunur ki, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6375 saylı rəyindən müəyyən olunur ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, iddiaçıya Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə satılan 300 kv.m torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün olmadığı, lakin iddiaçı tərəfindən tanıdılmış 300 kv.m torpaq sahəsinin faktiki olaraq cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, iddiaçı tərəfindən tanıdılmış 300 kv.m torpaq sahəsində cavabdeh tərəfindən hər hansı bir tikinti işləri aparılmamamışdır. Bakı şəhəri üzrə hazırlanmış bələdiyyə xəritələrinin təsdiq olunma mərhələsi tam olaraq yekunlaşmadığından, iddiaçı tərəfindən tanıdılmış 300 kv.m torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsinin mümkün olmamışdır. Cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi müəyyən edilmişdir.
17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1182/2022 saylı iş üzrə 31 oktyabr 2-2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia tələbinin təmin edilməməsi, İddiaçı mütəxəsis rəyinin alınması üçün ödənilən 95 manatın Cavabdeh xeyrinə tutulması, İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın dövlət nəfinə tutulması qət edilmişdir.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə satılan 300 kv.m torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyildir. İddiaçı Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə ona satılan 300 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun mövcud olmasını, həmin torpaq sahəsində tikililərin olmasını, həmin tikililərdən istifadə etməsini, kirayə verməsini, cavabdeh tərəfindən həmin tikililərin sökülməsini bildirsə də, bu halları və ümumiyyətlə 19 il əvvəl ona ayrılan, yalnız özünün tanıtması ilə yerini müəyyən edə bildiyi torpaq sahəsindən istifadə etməsini təsdiq edə biləcək mötəbər təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
19. Məhkəmə iclasında 3-cü şəxs Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri H.R.Hüseynov izahatında Cavabdeh istifadə etdiyi torpaq sahəsinin İddiaçı Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə ayrılan, M.Ə.Rəsulzadə qəsəbəsi Ağa Nemətulla küçəsi 3 və 6B saylı fərdi yaşayış evlərinin arasında olmaqla 6 saylı binanın arxa tərəfində yerləşən torpaq sahəsi olmasını, iddiaçıya torpaq sahəsi ayrılarkən kordinatlar olmadığından planda torpaq sahəsinin kordinatlarının göstərilmədiyini qeyd etsə də, iddiaçıya ayrılan 300 kv.m torpaq sahəsinin 6 saylı binanın arxa tərəfində yerləşən torpaq sahəsinin ölçülərinə, iddiaçıya ayrılan sahənin hansı istiqamətdən ölçülməklə müəyyən edilməsinə, xx.xx.2003-cü il tarixdən sonra, yəni keçən 19 il ərzində hansı səbəbdən ayrılan torpaq sahəsinə dair kordinatların müəyyən edilməməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Baxmayaraq ki, xx.xx.1998-ci il tarixdə qəbul edilmiş Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, Dövlət torpaq kadastrının məlumatları bələdiyyələrin də qərar qəbul etmələri üçün əsas idi.
20. İddiaçının iddia etdiyi, yalnız iddiaçının özünün tanıtdırdığı torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından iddiaçının cavabdehə qarşı həmin torpaq sahəsinə dair iddialar irəli sürməyə subyektiv hüququ yoxdur. Ona görə də iddia ərizəsi təmin edilə bilməz. Belə ki, yuxarıda istinad olunan normativ aktların tələblərinə əsasən, torpaq sahəsi üzərində hüquqlar, yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. İddiaçının və ya digər şəxslərin tanıtması ilə deyil, Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 178.1, 178.2, 238.1, 238.3, 240.1, Torpaq Məcəlləsinin 66, 67, 68-ci maddələrinə, Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında xx.xx.1998- ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Qanununa, Mülki Prossesual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri
22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə əsasən məhkəmə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh apelyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Proses iştirakçılarının izahatı
25. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
26. Cavabdeh və nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
27. Üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin nümayəndəsi izahatında göstərmişdir ki, bir il ərzində məhkəmə prosesləri gedir, əvvəlcə sənədlərin saxta olduğu göstərilsə də, Dövlət Arxiv İdarəsindən sənədlər götürülməklə onların saxta olmadığı öz təsdiqini tapmışdır. Həmin dövrdə Bələdiyyədə işləməmiş, 2008-ci ildən etibarən işləmişdir.
28. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
30. Maddə 66. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
31. Maddə 67. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
32. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında xx.xx.1998-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Qanunu
33. Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
34. Maddə 6. Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
35. Maddə 7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
36. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.
37. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
38. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada).
"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə
39. 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
40. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir.
41. 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.
42. 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər.
43. 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.
44. 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
51. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
54. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
55. İddiaçı tələbinin faktik əsası kimi, ona bələdiyyə tərəfindən satılmış torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikili inşa edildiyini bildirir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.
58. Kollegiya razılaşır ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur.
59. Ancaq nəzərə alınmalıdır ki, həmin normada bəhs olunan bələdiyyə aktı, “Bələdiyyələrin statusu haqqında” qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarıdır. Bələdiyyənin bu qərarı isə ümumi yığıncağın qərarıdır.
60. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cə bəndinə görə, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə barədə məsələlər, bələdiyyələrin iclaslarında həll edilir.
61. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.
62. Bələdiyyə sədrinin sərəncamı (qərarı) isə, “Bələdiyyələrin statusu haqqında” qanunun 19-cu maddəsində nəzərdə tutulan, bələdiyyənin sədrinin səlahiyyətlərinə aid aktlardır.
63. Bundan başqa, iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair bələdiyyə tərəfindən çəkilib verilmiş sxem torpağın qanunla nəzərdə tutulmuş qaydada ayrılması anlamına gəlməməklə sübut əhəmiyyətinə malik deyil.
64. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.
65. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir.
66. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
67. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən MPMnin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
68. Bu baxımdan nəzərə alınmalıdır ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 19cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
69. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin üçüncü abzasına görə, həmin Əsasnamənin 19-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (15 fevral 2016-cı il tarixli qanunla edilən dəyişikliyə qədər olan redaksiyada).
70. Göründüyü kimi, iddiaçıya verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd yoxdur.
71. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin (sədrin yox) qərarının, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
72. Bundan başqa, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsi başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir.
73. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
74. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011ci il tarixli Qərarı).
75. Beləliklə torpaq sahələrinin iddiaçıya satılması barədə bələdiyyənin qərar verməsi, eləcə də müvafiq torpaq şöbəsi tərəfindən mübahisəli torpaq sahəsinin yerquruluşu işlərinin aparılması müəyyən olunmur.
76. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1182/2022 saylı iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.