Məhkəmə qərarları › İş №2(103)-8485/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8485/2020

09.12.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8485/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və onun Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-nin təsisçisinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə direktor vəzifəsinə təyin edilmiş və xx xxxxxx 2019-cu il tarixdə onunla əmək müqaviləsi bağlanmışdır. O, cəmiyyəti təhvil alarkən cəmiyyətin borcları barədə ona məlumat verilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı alındıqdan sonra ona məlum olmuşdur ki, cəmiyyətin müxtəlif müqavilələr üzrə borcları var. Bundan sonra o, xx xxx 2020-ci il tarixdə işdən azad olunması barədə təsisçiyə müraciət etmiş və xx xxxx 2020-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Həmin vaxt təsisçi tərəfindən ona şifahi qaydada bildirilmişdir ki, onunla bağlanmış müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə uyğun olaraq xx xxxx 2020-ci il tarixdə xitam veriləcəkdir. Lakin bir aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də onun işdən azad olunması barədə qərar qəbul edilməmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)- 4329/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)- 4329/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)-4329/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC-nin direktoru (təkbaşına icra orqanı) vəzifəsində işləyir və onun təyin edilməsi, habelə geri çağırılması ümumi yığıncağın müstəsna səlahiyyətlərinə (cəmiyyətin təsisçisi bir nəfər olduqda, ümumi yığıncağın səlahiyyətləri təsisçi tərəfindən təkbaşına həyata keçirilir) aid edilmişdir. Yalnız bu barədə qərar qəbul edildikdən sonra onunla cəmiyyət arasında əmək müqaviləsi bağlana və ya ləğv edilə bilər. Göründüyü kimi, cəmiyyətdə direktorun təyin edilməsinin proseduru müəyyən edilmiş və cavabdeh də məhz bu prosedura uyğun olaraq, yəni ilk öncə təsisçi tərəfindən qərar qəbul edilməklə, daha sonra isə onunla əmək müqaviləsi bağlamaqla iddiaçını cəmiyyətin direktoru vəzifəsinə təyin etmişdir. Bu səbəbdən onun həmin vəzifədən azad edilməsi, o cümlədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi də bu prosedura uyğun həyata keçirilməlidir. Bu da öz növbəsində hazırkı iddiaya məhkəmədə baxılmasını qeyri-mümkün edir. Eyni zamanda, məhkəmə o halı da vurğulayır ki, iddiaçı cavabdehə rəsmi ərizə ilə müraciət edərək onun cəmiyyətin direktoru vəzifəsindən azad edilməsini xahiş etmiş, lakin bu ərizəyə uyğun olaraq, cavabdeh tərəfindən hər hansı bir tədbir görülməmiş, o cümlədən təsisçi tərəfindən bu barədə müvafiq qərar qəbul edilməmiş və növbəti addım olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının onun cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi, o cümlədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cəmiyyətin üzərinə qoyulmasını məhkəmə qaydasında tələb etmək hüququ istisna edilmir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iddiaçı tərəfə iddia tələbini dəyişdirməyi təklif etsə də, iddiaçının vəkili iddia tələbini dəyişdirməkdən imtina etmiş və iddianı müdafiə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyinatın aparılmasının xüsusi prosedurunun müəyyən edildiyini nəzərə alaraq bu məsələ ilə bağlı təsisçinin qərarı olmadan tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilə bilməz. Buna görə də birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Şikayətin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı şikayəti təmin edilməsin. Mülki iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)-4329/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar