Məhkəmə qərarları › İş №2(103)-8490/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8490/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8490/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(008)-5379/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 6134.10 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 6164.10 manat pulun İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı 16.10.2018-ci il tarixli AKX- 9025685/10-2018 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə" (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evininin həyətyanı sahəsində yerləşən istixananı təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzilin təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla və sayğaca müdaxilə etməklə təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar-tərtib edilmişdir. Belə ki, 31,10.2018-ci il tarixli ******* saylı akta əsasən 972 manat, 24.02.2019-cu il tarixli ******* saylı akta əsasən 1392 manat, 11.12.2019-cu il 226803 saylı akta əsasən 1792,80 manat, 06.02.2020-ci il tarixli ******* saylı əsasən 1299,60 manat, 30.03.2020-ci il tarixli ******* saylı akta əsasən 727,20 dəymiş ziyan hesablanmışdır. Bundan əlavə istehlakçının 922,50 manat borcu var. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(008)- 5379/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 1392 manat məbləğində borc, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1002 manat məbləğində pulun İddiaçı (ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:4Z72İBAZ38O**********5001212) bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Birliyin nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə səhv nəticəyə gəlmişdir. İddiaçının nümayəndəsi şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı İB ilə Cavabdeh arasında 16 oktyabr 2018-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 31.10.2018-ci il tarixli, ******* saylı akta əsasında 972 manat, 24.02.2019-cu il tarixli, ******* saylı akta əsasında 1392 manat, 31.07.2018-ci il tarixli, 11.12.2019-cu il 226803 saylı akta əsasən 1792,80 manat, 06.02.2020-ci il tarixli ******* saylı akta əsasən 1299,60 manat, 30.03.2020-ci il tarixli ******* saylı akta əsasən 727,20 manat zərər hesablanmışdır. Eyni zamanda iddiaçı cavabdehdən qalıq borcun da tutulmasını tələb edir. 31.10.2018-ci il tarixli ******* saylı aktda göstərilir ki, Cavabdeh yaşadığı ünvanda quraşdırılmış sayğacın çıxış plastmas borusu deşilmişdir. Buna əsasən də Cavabdeh 972 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Bu hissədə məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi hüquqi şəxs, yəni iş üzrə iddiaçı daşıdığından, sözügedən ünvanda quraşdırılmış qaz sayğacının zədələnməsində istehlakçı kimi cavabdehin təqsiri müəyyən edilmədiyindən iddia bu hissədə təmin edilməməli, əsassız olaraq 972 manat məbləğində cərimə silinməlidir. Göründüyü kimi, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən də iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz verməyi, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdələrinə götürmüşlər. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəf cavabdehin quraşdırılmış sayğacdan əvvəl rezin boru vasitəsi ilə qazdan qanunsuz istifadə edilməsi barədə tərtib etdikləri birinci aktın tərtib olunmasından sonrakı üç il ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmamasını əsaslandıra bilmir. İlk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdi, iddiaçının kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Qeyd olunanlara əsaslanaraq, məhkəmə haqlı olaraq yalnız 24.02.2019-cu il tarixli ******* saylı akta əsasən 1392 manat dəymiş zərərin tutulması hissəsində iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Bununla belə, məhkəmə qətnaməsi ilə 1392 manat dəymiş zərər və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması nəticəsinə gəlinmiş olsa da, məhkəmə qətnamənin «qət etdi» hissəsində 1392 manat məbləğində borc, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1002 manat məbləğində pulun tutulmalı olduğunu göstərmişdir, göründüyü kimi, məhkəmə tərəfindən cəmi tutulmalı olan məbləğ səhv göstərilmişdir, ona görə də Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 1422 manat (1392+30) müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5379/2020 saylı iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə iddiaçı "Azəriqaz" İB-nin xeyrinə tutulmalı olan ümumi məbləğ 1422 manat (1392 manat dəymiş zərər və 30 manat dövlət rüsumu) müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar