Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8492/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbidair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2570/2015 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbi dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 116, 12 saylı mənzilin üzərinə həbs qoyulmasınə xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2570/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə iddianın təmini tədbiri qismində cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 116, 12 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X1 75000 ABŞ dolları, 41000 manat, 4100 manat bank uçot faiz dərəcəsi tutularaq iddiaçı X5, 9000 manat əsas borc və 900 manat bank uçot faiz dərəcəsi tutularaq İddiaçı2, 12000 manat pul tutularaq İddiaçı3 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1183/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunaraq cavabdeh X1 75000 ABŞ dolları və 41000 manat məbləğində pulun tutularaq iddiaçılar X5 və İddiaçı1 verilməsi qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-5778/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1183/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2570/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadının ləğv edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 116, 12 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, qeyd olunan mənzil onun yeganə yaşayış yeridir və mülkiyyətində digər daşınmaz əmlak yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2570/2015 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2570/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ləğv edilmiş,Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 116, 12 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Qeyd olunan qərardaddan narazı qalan İddiaçı1 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli müvafiq Qərarına əsasən vətandaş borc öhdəliyinə görə sonuncu yaşayış yerindən çıxarıla bilməz. Nazirlər Kabinetinin həmin qərarı mənzilin üzərinə həbs qoyulmasına məhdudlaşdırmır. Belə ki, mənzil üzərində həbsin olması əmlak sahibinin həmin mənzildən çıxarılması deyil, əksinə həmin evin üzərində həbs olmadığı halda borclu heç bir məsuliyyət hiss etmədən əmlakını özgəninkiləşdirməklə məsuliyyətdən və öhdəliyini icra etməkdən yayına bilər. Cavabdeh faktiki olaraq dələduzluq etmiş və bir çox şəxsin pullarını mənimsəmişdir. O, üzərində həbs olan mənzildə faltiki olarq yaşamamışdır, həmin mənzili kirayə verirdi. Borclu özü yaxın qohumlarının adına formal olaraq əldə etdiyi əmlaklarda yaşayırdı. Son zamanlar vəziyyətin onun üçün problem yaratdığına görə həmin evə köçmüşdür. Mənzilin üzərində həbsin olması hansısa formada cavabdehə məsuliyyət yaradır. Hesab edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı mübahisə obyekti olan qərardadının ləğv edilməsi və mənzilin üzərinə həbs qoyulması zəruridir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2570/2015 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkilşikayətin dəlillərini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 05 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Qərarına əsasən, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələb yönəldilə bilməz. Kollegiya qeyd edir ki, mübahisəli yaşayış sahəsi borclunun yeganə yaşayış yeri olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 05 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Qərarının təsir dairəsinə aid edilir. Həbsin qoyulması və tələbin həmin əmlaka yönəlməsi, cavabdehin yeganə yaşayış sahəsində məhrum edilməsinə səbəb ola bilər. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərardadı qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, şikayətin dəlilləri iddiaçının mövqeyinə əsaslanır və həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2570/2015 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2570/2015 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8492/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8492/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver