Məhkəmə qərarları › İş №2(103)-85/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-85/2021

30.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-85/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev № 12də yerləşən 38 saylı mənzildən cavabdehlərin çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Bu hal, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş RX seriyalı, ******* saylı “Reyestrdən çıxarış” ilə təsdiq edilir. Lakin məcburi köçkün olan cavabdehlər 25 ildən artıq müddətdir ki mənzili zəbt etmişlər. Mənzilin öncəki mülkiyyətçisi – iddiaçının atası (mərhum) Əmir Əfəndiyev və sonradan iddiaçının özü cavabdehlərə dəfələrlə müraciət edərək mənzildən çıxmağı təklif etsələr də, cavabdehlər buna məhəl qoymayaraq mənzildən çıxmamışlar. Cavabdehlərin hərəkəti iddiaçının mülkiyyət hüquqlarını pozduğu üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.02.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdehlərin iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən çıxarılmalarını qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam rayonundan məcburi köçkün olan cavabdehlər 25 ildən çoxdur ki, həmin mənzildə yaşayırlar. Cavabdehlər mənzilə köçərkən mənzil sahibsiz olmuşdur. Cavabdehlər mənzildə yaşadıqları dövrdə iddiaçı mənzilin ona məxsus olması ilə bağlı onlara iradını bildirməmişdir. Hazırda cavabdehlərin həmin mənzildən çıxarılmaları onların hüquqlarını pozur. İşə baxmış Rayon Məhkəməsi isə buna əhəmiyyət verməmişdır. Bundan başqa, Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməmiş, işə onların iştirakı olmadan baxmış, bununla da, cavabdehlərin hüquqlarını pozmuşdur. Tərəflər hazırki iş üzrə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə birmənalı olaraq ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, Rayon Məhkəməsi məhkəmə baxışında cavabdehlərin iştirakını qanuna müvafiq qaydada təmin etməmişdir. Apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır. İşdən görünür ki, Rayon Məhkəməsi MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişlərinin cavabdehlər tərəfindən alınması iş materialları ilə təsdiq olunmur. İşə baxmış Rayon Məhkəməsi bu halı nəzərə almamış və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Bununla da Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. MPM-nin 387.2.2-ci maddəsinin mənasına görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Qeyd olunan prosessual hüquq normasından çıxış edən Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və MPM-nin 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Çünki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə işdə olan sübutlar əsasında işə mahiyyəti üzrə baxaraq qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Reyestrdən çıxarışdan” görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyətdə olan əmlak kimi iddiaçının adına qeydə alınmışdır. Mübahisəli mənzilin yerləşdiyi binaya xidmət göstərən Bakı ŞİH-nin 2 saylı XTMKTB-nin 138 saylı Mənzil Kommunal İstismar Sahəsinin 08.09.2018-ci il tarixli, 0138 saylı arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün olan cavabdehlər mübahisəli mənzildə məskunlaşaraq yaşayırlar. Qeyd edilənləri və iş üzrə tərəflərin verdikləri məlumatları nəzərə alaraq Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə olan 1 saylı Protokolun 1-ci maddəsinə görə, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Göründüyü kimi, cavabdehlər, iddiaçının mülkiyyətində olan sahəni boşaltmamaqla, iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışlar. Odur ki, hesab edilməlidir ki, iddiaçı, cavabdehlərin mənzildən çıxarılması barədə tələbi irəli sürməkdə haqlı olmuşdur. İddia əsaslıdır. Bu baxımdan Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçının iddiası təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 fevral 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev № 12-də yerləşən 38 saylı mənzildən çıxarılsınlar. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar