Məhkəmə qərarları › İş №2(103)-850/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-850/2022

01.02.2022 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-850/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Toğrul Surxaylının iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “pul tələbinə dair” 2(006)-4748/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfdən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «pul tələbinə dair » iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.10.2016-cı il tarixli, 06/TD16/097 saylı «Tələbli» X2 əsasən onun tərəfindən ləğvetmə prosesində olan "xxxx" ASC-yə yerləşdirilən 346515 ABŞ dolları məbləğində qorunan əmanətin 2581 ABŞ dolları məbləğində əsas borc, 53 ABŞ dolları 94 sent faiz olmaqla, cəmi 2634 ABŞ dolları 94 sent məbləğini təşkil edən qalıq hissəsinə görə həmin məbləğdə kompensasiyanın, ödənilmiş 30 manat dövlət rüsumunun, 632 ABŞ dolları 28 sent məbləğində dəymiş zərərin, 500 manat məbləğində vəkilə ödənilmiş xərcin cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə tərəfindən 27.10.2016-cı il tarixli, 06/TD16/097 saylı «Tələbli» X2 əsasən onun Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddətin ötürülmüş hesab edildiyi təqdirdə həmin müddətin bərpası, 27.10.2016-cı il tarixli, 06/TD16/097 saylı «Tələbli» X1 əsasən onun tərəfindən ləğvetmə prosesində olan "xxxx" ASC-yə yerləşdirilən 346515 ABŞ dolları məbləğində qorunan əmanətin 2581 ABŞ dolları məbləğində əsas borc, 53 ABŞ dolları 94 sent məbləğində faiz olmaqla, ümumilikdə 2634 ABŞ dolları 94 sent məbləğini təşkil edən qalıq hissəsinə görə həmin məbləğdə kompensasiyanın, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 632 ABŞ dolları 28 sent məbləğində dəymiş zərərin, 500 manat məbləğində vəkilə ödənilmiş xərcin cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(006)- 4748/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 27.10.2016-cı il tarixli, 06/TD16/097 saylı «Tələbli» X2 əsasən iddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddətin ötürülməmiş hesab edilməsi, 27.10.2016-cı il tarixli, 06/TD16/097 saylı «Tələbli» X2 əsasən iddiaçı tərəfindən "xxxx" ASC-yə yerləşdirilən 346515 ABŞ dolları məbləğində qorunan əmanətin 2581 (iki min beş yüz səksən bir) ABŞ dolları məbləğində əsas borc, 53 (əlli üç) ABŞ dolları 94 (doxsan dörd) sent məbləğində faiz olmaqla, ümumilikdə 2634 (iki min altı yüz otuz dörd) ABŞ dolları 94 (doxsan dörd) sent məbləğini təşkil edən qalıq hissəsinə görə həmin məbləğdə kompensasiyanın (2634 ABŞ dolları 94 sent) ödəniş anı üçü Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 500 manat məbləğində vəkilə ödənilmiş xərcin İddiaçı ödənilməsi öhdəliyinin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Əmanətlərin Sığortalaması Fondu qətnamədən apellyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.10.2018-ci il tarixli, 2(006)- 4210/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən tərəflərdən yalnız iddiaçının tədqim etdiyi sübutlar üzrə mövqeyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli, 2-3(103)-131/2020 saylı qərarına əsasən "xxxx" ASC müflis elan edilmiş, ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Mübahisə predmeti olan əmanət müqaviləsi üzrə "xxxx" ASC-yə 346515 ABŞ dolları məbləğində əmanət 27.10.2016-cı il tarixində yerləşdirilmişdir. Fond kompensasiya ödənişini həyata keçirərkən mövcud qanunvericiliyə əsasən ərizə və ərizəyə əlavə edilmiş sənədləri tələb edir. Lakin hazırki mülki iş üzrə İddiaçı qanunla müəyyən edilmiş sənədləri lazımi qaydada təqdim edə bilmir və bu səbəbdən Fond tərəfə ödəniləcək kompensasiyanın ödənilməsindən imtina edir. Fond, mülki qanunvericilikdə nəzərdə tutulmuş tərəfin sənədləri tam halda təqdim etmədiyi halda əmanət müqaviləsi üzrə hüquqlarınının tanınması riskini öz üzərinə götürə bilməz. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı, həmçinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3cü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında əmanət müqaviləsi bağlanarkən, iddiaçıya müqavilənin əsli təqdim edilməmişdir. İddiaçının Fonda müqavilənin əslini təqdim edə bilməməsində təqsirli hərəkət, yaxud hərəkətsizliyə yol verən tərəf ləğv prosesində olan "xxxx" ASC-dir. Bu səbəbdən, Fondun bu əsasla əmanəti və digər ödənişləri qaytarmaqdan imtina etməsi əsassızdır. İddiaçının ləğv prosesində olan bankda real olan əmanəti vardır və iddiaçının hüququ çatan pul vəsaiti özünə qaytarılmalıdır. İddiaçı tərəfindən kompensasiyanın ödənilməsi üçün nəzərdə tutulmuş müddət də ötürülməmişdir. Çünki, "xxxx" ASC-yə 16 may 2021-ci il tarixdən etibarən həmin bankın əmanətçilərinin ərizə qəbulunun müddəti bitsə də, artıq həmin tarixə qədər iddiaçı Fonda bir neçə dəfə müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili sonuncu dəfə 31 may 2021-ci il tarixdə Fonda müraciət etmişdir. Göründüyü kimi, iddiaçının hüquqları pozulmuşdur, ona ödənilməli olan pul vəsaiti qaytarılmamışdır. İddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 27.10.2016-cı il tarixli, 06/TD16/097 saylı «Tələbli» X2 əsasən iddiaçının Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət ötürülməmiş hesab edilməli, 27.10.2016-cı il tarixli 06/TD16/097 saylı «Tələbli» X1 əsasən iddiaçı tərəfindən "xxxx" ASC-yə yerləşdirilən 346515 ABŞ dolları məbləğində qorunan əmanətin 2581 ABŞ dolları məbləğində əsas borc, 53 ABŞ dolları 94 sent məbləğində faiz olmaqla, ümumilikdə 2634 ABŞ dolları 94 sent məbləğini təşkil edən qalıq hissəsinə görə həmin məbləğdə kompensasiya (2634 ABŞ dolları 94 sent) ödəniş anı üçü Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 500 manat məbləğində vəkilə ödənilmiş xərcin İddiaçı ödənilməsi öhdəliyi ləğvedici Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsinə əsasən əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir. Həmin Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Həmin Qanunun 27.2-ci maddəsinə görə əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 959.1-ci maddəsinə əsasən bank müştərinin hesabına daxil olmuş pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda və ya bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın. Həmin Məcəllənin 954.2-ci maddəsinə əsasən bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. Həmin Məcəllənin 966-cı maddəsinə əsasən müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. Həmin Məcəllənin 951-ci maddəsinə əsasən əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əmanətçinin əmanət üzrə hesabına dair lazımi məlumat göstərilməklə banka onun adına üçüncü şəxslərdən daxil olmuş pul vəsaiti əmanət üzrə hesaba daxil edilir. Həm də nəzərdə tutulur ki, əmanətçi həmin şəxslərdən pul vəsaiti almağa razılığını ifadə edərək, onlara əmanət üzrə hesaba dair lazımi məlumat vermişdir. Həmin Məcəllənin 952.1-ci maddəsinə əsasən əmanət banka müəyyən üçüncü şəxsin adına qoyula bilər. Əgər bank əmanəti müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, həmin şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanətçi hüququ qazanır. Xeyrinə əmanət qoyulan fiziki şəxsin və ya hüquqi şəxsin adının göstərilməsi müvafiq bank əmanəti müqaviləsinin mühüm şərtidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı ilə LPO "xxxx" ASC arasında bağlanmış 27.10.2016-cı il tarixli, 06/TD16/097 saylı «Tələbli» X2 əsasən iddiaçı həmin banka 27 oktyabr 2016-cı il tarixdə əmanət yerləşdirmişdir. İddiaçının hazırda həmin bankda 346515 ABŞ dolları məbləğində qorunan əmanətin 2.581 ABŞ dolları məbləğində əsas borc, 53 ABŞ dolları 94 sent faiz olmaqla, cəmi 2634 ABŞ dolları 94 sent məbləğini təşkil edən qalıq hissəsi mövcuddur, cavabdeh isə bunu inkar etməmişdir. Cavabdehin iddiaya qarşı etirazı iddiaçı tərəfindən sənədlərin əsillərinin təqdim edilməməsi olmuşdur. Cavabdeh bu halda haqlı deyildir, çünki iddiaçının Fonda müqavilənin əslini təqdim edə bilməməsində təqsirli hərəkət, yaxud hərəkətsizliyə yol verən tərəf ləğv prosesində olan "xxxx" ASC olmuşdur. Digər tərəfdən iddiaçı tərəfindən kompensasiyanın ödənilməsi üçün nəzərdə tutulmuş müddət də ötürülməmişdir. Çünki, "xxxx" ASC-yə 16 may 2021-ci il tarixdən etibarən həmin bankın əmanətçilərinin ərizə qəbulunun müddəti bitsə də, artıq həmin tarixə qədər iddiaçı Fonda bir neçə dəfə müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu iddiaçının nümayəndəsi və vəkilinin sonuncu dəfə 31 may 2021-ci il tarixdə Fonda etdiyi rəsmi müraciətlərin mətnindən də görünür. Bu səbəbdən də, bankın ləğvedicisi tərəfindən əmanət hesabında olan sığortalanmış pul vəsaitinə dair iddiaçıya kompensasiyanın ödənilməsindən imtina edilməsi qanuni və əsaslı sayıla bilməz. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.1ci maddəsinə əsasən Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Həmin Qanunun 28.2-ci maddəsinə görə kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi qaydası X3 tərəfindən müəyyən edilir. Həmin Qanunun 28.3-cü madəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü madəsinə görə əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən hallar qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh apellyasiya şikayətinin əsaslı olmasını təşkil edən hər hansı sübutu əlavə etməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən hər bir tərəf öz iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etməklə iddiasını əsaslandırmalıdır. İddia tələbini əsaslandıran halları sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(006)- 4748/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar