Məhkəmə qərarları › İş №2(103)-8503/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8503/2021

23.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8503/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat Kontoruna qarşı "borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(006)-3146/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat Kontoruna qarşı "borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı qarşı “7700 manat məbləğində pulun, 30 manat dövlət rüsumun, mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pulun 30.09.2018-ci il tarixdən pul vəsaitin cavabdeh özündə saxladığına görə qətnamə qəbul edilənədək bank uçot dərəcəsinə uyğun hesablanaraq faizlərin ondan tutulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(001)-4805/2020 saylı qətnaməsi ilə Cavabdeh1 ona qarşı iddia tələbi qismən təmin edilmiş, İddiaçı 7700 manat məbləğində pul vəsaitinin və həmin vəsaitin məbləğində Azərbaycan Respublikasının Mərkəzi Bankının 28.09.2020-ci il tarixə olan bank uçot dərəcəsi üzrə faizlərin, həmçinin iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamənin mövcudluğundan icra şöbəsindən xəbər tutduğu zaman apellyasiya şikayəti vermişdir. Həmin işlə bağlı Cavabdeh1 iddia ərizəsində İddiaçı ilə 10 oktyabr 2017-ci il tarixində 7700 manat borclu olması barədə “borcun etirafı” müqaviləsi bağlanmasını, müqavilənin şərtlərinə əsasən 30.09.2018-ci il tarixədək pulu qaytarmağı öhdəsinə götürməyini, lakin pulu qaytarmadığını və nəticədə iddiaçıya mənəvi zərər vurmağını göstərmişdir. Cavabdeh1 İddiaçı heç bir zaman borca pul verməmiş, aralarında avtomobil söhbəti olmuş, həmin avtomobil bankda kreditdə olduğundan cavabdeh iddiaçıya sənədləşdirilməsi üçün notariat kontorunda müqavilə imzalamaq lazım olduğunu bildirmişdir. Qeyd edilən müqavilə iddiaçının həm Cavabdeh1, həm də 43 saylı Notariat Kontorunun notariusu tərəfindən aldadılaraq guya bankdan götürdüyü avtomobilin sənədləşdirilməsi üçün lazım olan sənəd kimi notariat kontorunda izah edilmədən və oxunulmadan bağlanılmış bir müqavilədir. İddiaçı bunu məhkəmə qətnaməsini alarkən notariat kontorunda imzaladığı müqavilənin avtomobilin bankdan kreditə götürülmüş olduğu sənədin olmamasının şahidi olmuşdur. İddiaçı heç bir zaman cavabdehdən borca pul götürməmiş, borcun etirafı haqqında müqavilənin imzalanması isə cavabdehin məqsədli şəkildə hərəkət edərək bir qrup şəxs tərəfindən iddiaçıya qarşı olan əvvəlcədən düşünülmüş addımdır. Həm borcun etirafı haqqında müqavilə 10.10.2017-ci il tarixdə, həm avtomobil üçün etibarnamə eyni gündə eyni vaxtda 01 dəqiqə intervalla verilməsi həmin müqavilənin etibarsız əqd olmasını bir daha öz-özlüyündə təsdiq etmiş olur. İddiaçının cavabdehlə tanışlığı Füzuli Məmmədovun vasitəsi ilə başlanmış, Füzuli Məmmədov cavabdehlə faktiki münasibətdə olan şəxsdir. İddiaçı 2017-ci ilin mart ayından Füzuli Məmmədovdan “VAZ 21074” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş kimi 2000 manat pulu nağd ödəməklə almışdır. İddiaçı avtomobili alarkən həmin avtomobilin bankda kreditdə olmasını, o zaman avtomobilin mülkiyyətçisi olan X2 əri Ədalətin şikayəti əsasında Qazax rayonunda cərimə meydançasında olmasını bilirdi. Lakin Füzuli iddiaçını əmin etdi ki, onun faktiki münasibətdə olduğu qadın Cavabdeh1 həmin avtomobilin cərimə meydançasından çıxarılmasına köməklik edəcəkdir, çünki cavabdeh M.X8 (Bakı şəhəri, H.Əliyev sarayından aşağı Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında yerləşən bankda) xadimə işləyirdi. İddiaçı da həmin avtomobilin alınmasına razılıq verdi, razılıq verməyinin əsas səbəbi aylıq ödənişin hər ay 100 manat olması idi və bu ödənişin az olması iddiaçıya sərf edirdi. İddiaçı Füzuliyə avtomobil üçün ilkin ödəniş 2000 manat pulu verdikdən sonra Cavabdeh1 bankda xadimə işlədiyindən avtomobili cərimə meydançasından çıxartmaq üçün bankdan hər hansı bir sənəd düzəltdirdi. Həmin sənəd əsasında iddiaçı avtomobili cərimə meydançasından çıxartdı, avtomobili Bakı şəhərinə gətirdi. Həmin avtomobilin idarə edilməsi üçün iddiaçıya mülkiyyətçi tərəfindən notariat kontorunda etibarnamə də verilmişdir. Cavabdeh1 avtomobilin bankda kreditdə olduğu üçün avtomobili iddiaçının adına sənədləşdirilməsinə görə onunla notariat kontorunda müqavilə bağlamaq lazım olduğunu bildirmişdir. Bakı şəhəri 43 saylı Notariat Kontorunda həmin avtomobilin idarə edilməsi üçün iddiaçıya və cavabdehə X3 tərəfindən 10.10.2017-ci il tarixdə saat 17:06 radələrində avtomobilin idarə edilməsi üçün etibarnamə verilmiş, 1 dəqiqə sonra isə iddiaçının Cavabdeh1 arasında borcun etirafı haqqında müqavilə bağlanmışdır. İddiaçı Cavabdeh1 ilə müqavilə bağlanarkən 43 saylı Notariat Kontorunda hüquq və vəzifələri izah edilməmiş, ona tərəflər arasında bağlanmış müqavilənin borcun etirafı haqqında olması, onun sonrakı nəticələri barədə məlumat verməmiş, iddiaçıya imzalanmış müqavilədir. Hətta notarius iddiaçıya bunun imzalanması sadəcə olaraq avtomobilin sənədləşməsi adı ilə əlaqədar tələb olunması üçün imzalanması bildirilmişdir. İddiaçının həmin avtomobilin banka olan ümumi borcu 7700 manat təşkil etdiyi üçün iddiaçı ilə notariat kontorunda bankda kreditdə olan avtomobilə görə sənədləşmək adı ilə həmin müqavilə ona imzalatdırılmışdır. İddiaçı avtomobilin bankda kreditdə olduğu, cavabdehin bankda xadimə işlədiyi üçün ona ilk aylıq ödəniş kimi 200 manat, sonrakı ayda isə 140 manat olmaqla, cəmi 340 manat pul vermişdir. İddiaçının bu aylar ərzində avtomobil üçün Cavabdeh1 ödədiyi pulun cavabdeh tərəfindən banka heç bir ödəniş olunmamasını sonradan iddiaçının adına verilmiş etibarnamə ləğv edilərkən məlumatı olmuşdur. İddiaçının bildiyinə görə avtomobilin mülkiyyətçisi olan İlham Mustafayevanın əri Ədalət Cavabdeh1 ayrı-ayrı bölmələrə şikayət etmiş, həmin işlə bağlı iddiaçı da Nəsimi RPİ-nin 19-cu PB-nə izahat vermək üçün təhqiqatçı tərəfindən çağrılmışdır. Cavabdeh həmişə iddiaçını arxayın salmışdır ki, bu şikayət formal xarakter daşıyır, iddiaçıya heç bir aidiyyatı yoxdur. Nəticədə iddiaçı cavabdeh, Füzuli və 43 saylı Notariat Kontorunun notarusu tərəfindən aldanılmışdır. Əlavə olaraq, iddiaçı 02 noyabr 2017-ci il tarixdə həmin avtomobil üçün 100 manat “X9 edilməsi Agentliyi” MMC-də ödəniş də etmişdir. Avtomobilin mülkiyyətçisi İ.Mustafayevanın əri Ədalət iddiaçıya avtomobil üçün ödənişi Beynəlxalq Banka deyil, “X9 edilməsi Agentliyi” MMC-yə ödəniş etməli olduğunu bildirmişdir. Avtomobil barədə mübahisə avtomobilin mülkiyyətçisi İ.Mustafayeva və Cavabdeh1 arasında 7700 manata dair pul tələbinə dair mülki iş Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədovun sədrliyi ilə 2(006)-3213/2018 saylı işə baxılaraq qətnamə qəbul edilmişdir. Həmin məhkəmə prosesində iddiaçı və Elvin də iştirak etmişdir. Bundan əlavə, tərəflər İ.Mustafayeva ilə Cavabdeh1 arasında Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun sədrliyi ilə 2(006)- 2088/2020 saylı mülki işə baxılmış və qətnamə çıxarılmışdır. İddiaçı bankda kreditdə olan avtomobilin onun adına sənədləşdirilməsi üçün notariat kontorunda imzaladığı müqavilənin məhz banka görə bağlanmış müqavilə olmasını düşünmüşdür. Cavabdehlər qanuna zidd olaraq sövdələşmə əldə edərək avtomobil üçün görünüş yaratmaq adı ilə iddiaçını borcun etirafı haqqında müqaviləni imzalatdırmaqla etibarından sui-istafadə edərək onu aldatmışlar. İddiaçının borcu etirafı haqqında bağlamış olduğu müqavilənin cavabdeh Mansurova iddiaçıya qarşı olan pul tələbi əsasında Binəqədi Rayon Məhkəməsinin 2(001)-4805/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsini rəsmi qaydada aldıqda məlumatı olmuşdur. Halhazırda da cavabdehlər tərəfindən iddiaçının etibarından sui-istifadə edilərək dövlət orqanı olan 43 saylı Notariat Kontorunda notarus tərəfindən aldadılaraq əsassız olaraq iddiaçının borclu olmadığı təqdirdə borcun etirafı haqqında müqavilə imzalatdırmaqla iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(006)-3146/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 43 saylı Notariat Kontorunda borcun etirafı haqqında müqavilə iddiaçıya məzmunu izah edilmədən, mətni ilə tanış olunmadan imzalanmış bir müqavilədir. Həmin müqavilənin imzalamasının əsas səbəbi məhz 43 saylı notarusun iddiaçıya həmin sənədin bankda kreditdə olan avtombil üçün sənədləşməsi üçün vacib olması bildirdkdən sonra müqavilənin ön üzünü görmədən arxa səhifəsinə imza atmışdır. Çünki həmin müqavilənin imzalanmasının inandırılmasının əsas meyarı isə iddiaçının müqavilə imzaladıqdan sonra Bakı şəhəri 43 saylı Notariat Kontorunda avtomobilin mülkiyyətçisi olan X3 tərəfindən 10.10.2017-ci il tarixdə saat 17:20 radələrində daşınmaz əmlak istisna olmaqla bütün əmlakını idarə edilməsi, satılması, bağışlanması və s. hərəkətlər üçün həm iddiaçıya, həm də Cavabdeh1 baş etibarnamə verilmiş, baş etibarnamə ilə tərəflər arasında borcun etirafı haqqında müqavilənin tərtib edilməsinin (10.10.2017-ci il tarixdə saat 17:19 radələrində) arasında 01 dəqiqə intervalı ilə olmasını məhkəmənin diqqətinə çatdırsa da, məlikəmə bu halı nəzərə almamışdır. Avtomobilin satılması, hədiyyə edilməsi və s. hərəkətlərlə görə baş etibarnamənin verilməsi ilə iddiaçını inandırmışlar ki, onun imzalamalı olduğu müqavilə avtomobil üçün banka təqdim edilməsinə lazım olan sənəddir və həmin sənəd iddiaçıya oxunulmadan arxa səhifəsinə imzaladığı sənəddir. İddiaçı da həmin müqavilənin ön üzünü görmədən sadəcə arxa tərəfinə imzalamışdır. Buna görə də həmin əqdin borcun etirafı haqqında olması barədə məlumatı olmamış, sonradan Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(001)-4805/2020 saylı qətnaməsindən məlumatı olmuşdur. Beləliklə, iddiaçıya tərəflər arasında bağlanmış müqavilənin borcun etirafı haqqında müqavilə olması notarius tərəfindən izah edilməmiş və onun sonrakı nəticələri barədə məlumat verilməmiş, həmin müqavilənin arxa səhifəsinə sadəcə formal imza atmaqla bağlandığı andan etibarsız olan əqddir. Hətta notarius iddiaçıya müqavilənin imzalanmasını sadəcə avtomobilin sənədləşməsi adı ilə əlaqədar tələb olunmasını bildirilmişdir. Məhkəmə iddiaçının əvvəllər cavabdeh olan Cavabdeh1 ilə tanış olmamağını, onunla tanış olmadığı halda ondan necə borca pul alacağını, eləcə də 7700 manat pulun hardan yaranmasını müəyyən etmədən və qətnamədə bu halları əsaslandırmadan qərar qəbul etmişdir. Qeyd etməliyəm ki, həmin avtomobilin banka olan ümumi borcu o zaman 7700 manat təşkil etdiyi üçün notariat kontorunda tərəfər arasında həmin məbləğdə məhz bankda kreditdə olan avtomobilə görə sənədləşmə adı ilə həmin müqavilə bağlanılmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi “X9 Edilməsi Agentliyi” MMC-nin 17.03.2020-ci il tarixli, 1319 saylı bildirişinin ksero surətindən “VAZ-21074” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəl "xxxx" ASC-nin olması, sonradan "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X10 Edilməsi Agentliyi” MMC-yə keçməsi, hal-hazırda avtomobil üçün əsas borcun 4546,33 ABŞ dolların AZN olan məzənnəsi ilə 7728,76 manat təşkil etməsi, məhz borcun etirafı haqqında müqavilədə həmin borcun avtomobil üçün veriləcək kredit borc olan 7700 manat müqavilədə öz əskini tapsa da, məhkəmə bu halı da qiymətləndirməmişdir. Hətta iddiaçı məhz kreditdə olan avtomobil üçün “X10 Edilməsi Agentliyi” MMC-yə 02.11.2017-ci il tarixdə öz adından 100 manat ödəniş etməsi barədə kassa mədaxil orderinin surətini məhkəməyə təqdim etsə də, həmin sübut məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Digər cavabdeh Bakı şəhəri 43 saylı Notariat Kontoru işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, 10.10.2017-ci il tarixli “borcun etirafı” müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 01.05.2016-cı il tarixdə 7700 manat borc pul aldığını etiraf etmiş, həmin pulları 30.09.2018-ci il tarixədək Cavabdeh1 qaytarmağı öhdəsinə götürmüşdür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2(001)-4805/2020 saylı qətnaməsi ilə Cavabdeh1 İddiaçı qarşı borc tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı 7700 manat məbləğində pul vəsaiti və həmin vəsaitin məbləğindən Azərbaycan Respublikasının Mərkəzi Bankının 28.09.2020-ci il tarixə olan bank uçot dərəcəsi üzrə faizlər tutularaq Cavabdeh1 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2(103)-6598/2021 saylı qərardadı ilə hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək həmin işin icraatı dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə kəsici müddətin tətbiq edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Lakin əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayıİmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Kollegiya qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdən irəli gələrək kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə əsas tələb “VAZ 21074” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin vasitəsi ilə alınmasına dair bağlanmış “borcun etirafı” müqaviləsinin etibarsızlığı barəsindədir və bu mənada yuxarıda qeyd olunan prinsipə görə həmin müqavilərin mülki qanunvericiliyin tələblərinə uyğun bağlanıb-bağlanmadığını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin yuxarıda şərh edilən faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında “VAZ 21074” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin hissə-hissə ödənilməklə əldə edilməsinə dair razılaşma olmuş, bu məqsədlə Bakı şəhəri 43 saylı Notariat Kontorunda avtomobilin mülkiyyətçisi olan X3 tərəfindən 10.10.2017-ci il tarixdə daşınmaz əmlak istisna olmaqla bütün əmlakını idarə edilməsi, satılması, bağışlanması və s. hərəkətlər üçün İddiaçı, eləcə də Cavabdeh1 baş etibarnamə verilmişdir. Cavabdeh1 iddiaçı tərəfindən avtomobilin dəyərinin gələcəkdə ödənilmədiyi təqdirdə üzləşə biləcəyi zərər riskindən özünü sığortalamaq üçün İddiaçı ilə mövcud olmayan borcun etirafı barədə 10 oktyabr 2017-ci il tarixdə uydurma əqd bağlamışdır. Belə ki, iddiaçının məqsədi hər hansı pul məbləğinin borc olaraq alınması deyil, ilkin olaraq 2000 manat ödəmək şərti ilə “VAZ 21074” markalı, ** KK *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini almaq olmuş, bu məqsədlə o, Cavabdeh1 ilə razılaşmışdır. İddiaçının niyyəti həmin nəqliyyat vasitəsini aylıq müəyyən haqq ödəməklə əldə etmək olsa da, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, vicdanlı davranmalı olması kimi mülki qanunvericiliyin prinsipləri pozulmaqla, mövcud olmayan borcun etirafına dair uydurma müqavilə imzalanmışdır. Bu isə o deməkdir ki, qanunvericiliyin əqd institutu ilə bağlı tələbləri pozulmuşdur. Tərəflər arasında təsdiq edilmiş həmin müqavilənin uydurma əqd olmasını Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis X1 şikayət ərizəsi əsasında toplanmış HK-1-2184 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 30.12.2017-ci il tarixli qərarı da təsdiq edir. Həmin qərardan görünür ki, X3 şikayətində tanışları Cavabdeh1 və İddiaçı adlı şəxslərin istifadə etmək və aylıq kredit pulunu özləri köçrmək adı ilə onadan götürdükləri “VAZ 21074” markalı, ** KK *** dövlət nömrə nişanlı avtomaşını aldıqlarını, bundan sonra aylıq kredit pulunu ödəmədikləri üçün Beynəlxalq Bankın ona qarşı kredit borcu tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini, Cavabdeh1 və İddiaçı maşını geri qaytarmalarını tələb etməsinə baxmayaraq avtomaşını ala bilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əqdlərin müxtəlif meyarlara görə təsnifatı aparılır: real və konsensual, əvəzli və əvəzsiz və s. Meyarlardan biri də əqdlərin mücərrəd və kauzal əqdlərə bölünməsidir. Mücərrəd əqdin xüsusiyyəti odur ki, borclunun həmin əqdi bağlayarkən qarşıya qoyduğu məqsədə (əqdin nəticəsində çatmaq istədiyi məqsədə) qanunverici hüquqi əhəmiyyət vermir, başqa sözlə, mücərrəd əqdin mövcud olması və etibarlı sayılması üçün bu məqsədin hüquqi əhəmiyyəti yoxdur. Kauzal əqddə isə əksinə, qanunverici bu məqsədə hüquqi əhəmiyyət verir, əqdin mövcudluğu və etibarlılığı həm də məqsəddən asılı olur. Məs., Mülki Məcəllənin 567-ci maddəsində müəyyən edilmiş alqısatqı müqaviləsi kauzaldır, yəni borclunun (alıcının) pul ödəməkdə məqsədi ondan ibarətdir ki, kreditora (satıcıya) məxsus əşya üzərində mülkiyyət hüququ əldə etsin. Bundan fərqli olaraq Mülki Məcəllənin 882-ci maddəsində göstərilən “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə üzrə borclunun pul ödəməkdə məqsədinin nədən ibarət olmasının hüquqi əhəmiyyəti yoxdur, ona görə də bu məqsədin araşdırılması vacib deyildir. Mücərrəd müqavilənin məhkəmə araşdırmasında praktik əhəmiyyətinin başqa formada (daha sadə şəkildə) izahı belədir ki, kreditor pul tələb etmək hüququnun mövcudluğunu (yarandığını) məhkəmədə sübut etmək yükündən azaddır, kauzal müqavilədə, məs., alqı-satqı müqaviləsində isə satıcı alıcını məhkəməyə verərək ondan pul (əşyanın qiymətini) tələb edirsə, əvvəlcə əşyanı alcıya verdiyini sübut etməlidir, yalnız bundan sonra onun pul tələb etmək hüququ mövcud (yaranmış) sayılacaq. Mücərrəd (abstrakt) sözünün hərfi mənası da bunu təsdiq edir: latın dilində “abstractio” ayırma, təcridetmə mənasını verir. Qanunverici əqdi mücərrəd əqd elan edərkən bu sözün mənasına uyğun olaraq əqdi həmin əqdin iştirakçılarının məqsədindən ayırır, təcrid edir. Kauzal əqddə isə əksinə, qanunverici bu məqsədə hüquqi əhəmiyyət verir, yəni məqsədi əqddən təcrid etmir, əqdin mövcudluğu və etibarlılığı məqsəddən asılı olur. Həmin müqavilənin mücərrədlik xüsusiyyətindən sui-istifadə edilməsi isə yolverilməzdir. Buna yol verən şəxslər bəzən başqalarının onlara pul borcu olmasa da müəyyən vasitələrlə “borcun etirafı barədə” mücərrəd müqavilə bağlamağa nail olur, daha sonra isə məhkəmə qaydasında həmin pulu tələb edirlər. Belə tələblər həll edilərkən nəzərə alınmalıdır ki, 882.1-ci maddədə “mövcud borc” ifadəsində istifadə olunmuşdur, yəni borc, etiraf edildiyi zaman mövcud olmalıdır. Borcun, etiraf edildiyi zaman mövcud olması üçün isə o, etiraf edilənə qədər yaranmalıdır. Çünki “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə borcu yaradan müqavilə deyil, yaranmış borcu etiraf edən müqavilədir. Əgər müqavilə bağlanana qədər borc yaranmayıbsa, yaranmadığına görə mövcud deyildirsə “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə uydurma əqd sayılır. Bu zaman uydurma əqdin anlayışındakı “ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan” əlaməti mövcud olur. Belə ki, “mövcud borcun etirafı haqqında” mücərrəd müqaviləyə uyğun olan hüquqi nəticə ondan ibarətdir ki, mövcud olan borc etiraf edilsin. Əgər borc mövcud deyildirsə, buna baxmayaraq tərəflər “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə bağlayıblarsa, bu o deməkdir ki, müqavilə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanılıb, uydurmadır. Məntiq isə bundan ibarətdir ki, mövcud olmayan borc etiraf edilə bilməz, etiraf üçün əvvəlcə mövcudluq tələb olunur. Mücərrəd müqavilə bağlanana qədər borcun mövcud olmadığını məhkəmədə borclu (cavabdeh) sübut etməlidir. Bu sübut olunarsa müqavilə uydurma əqd kimi etibarsız sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyala keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, əqdin etibarsızlığı dedikdə, onun arzu olunan hüquqi nəticələrə səbəb ola bilməməsi nəzərdə tutulur və əqdlərin etibarlılıq şərtləri Mülki Məcəllə ilə müəyyən edilir. Bağlanmış əqd Mülki Məcəllənin imperativ göstərişlərinə zidd olduğu, eləcə də tərəflərin iradə ifadəsi onların həqiqi niyyətinə uyğun gəlmədiyi halda, arzu olunan hüquq və öhdəliklərin yaranmamasına səbəb olmur. Əhəmiyyətsiz əqd tərəflərin iradə ifadəsindən və ya məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özlüyündə hüquq və öhdəlik əmələ gətirməyən əqdləri nəzərdə tutur. Əhəmiyyətsiz əqd qanunazidd, məcburi hüquq normalarının pozulması ilə bağlanmış bir əqddir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 43 saylı Notariat Kontorunda təsdiq edilmiş 10 oktyabr 2017-ci il tarixli “borcun etirafı haqqında” müqavilə etibarsız hesab edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası iddia tələbinin maddi və mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin müqavilə nəticəsində dəymiş maddi və mənəvi ziyana görə 5000 manat pulun tutulmasını tələb etsə də, bu tələbləri əsaslandıran hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(006)-3146/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 43 saylı Notariat Kontorunda təsdiq edilmiş 10 oktyabr 2017-ci il tarixli “borcun etirafı haqqında” müqavilə etibarsız hesab edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar