Məhkəmə qərarları › İş №2(103)-8519/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8519/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8519/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Ələmşah oğlunun cavabdeh "xxxx" ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası X1rşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-1565/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Ələmşah oğlu cavabdeh "xxxx" ASC-yə (Azərbaycan Respublikası Maliyyə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xalis gəlirdən ona çatası dividendə görə 300.000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və etibarnamənin təsdiqi üçün ödənilmiş 11,50 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Sədri N.Nəsibovun xx.xx.1999-cu il tarixli 455 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mükiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına və “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əçzaçılıq və Tibb sənayesi birliyinin tabeliyində olan ünvan 1 ünvanda yerləşən 329 saylı aptekin və onun yerləşdiyi qeyri-yaşayış sahəsinin, təyinatını üç il ərzində saxlamaqla, bazasında ”xxxx” ASC-yə çevrilmiş, Cəmiyyətin Nizamnaməsi və Özəlləşdirmə planı təsdiq edilmiş, Nizamnamə kapitalı 137.628.000 manat məbləğində müəyyən edilmiş, səhmləri satış növləri: 15 faiz əmək kolektivinə güzəştlə satılan səhmlər; 55 faiz çek auksionlarına yönələn səhmlər; 30 faiz pul auksionlarına yönəldilən səhmlərdən ibarət olmuşdur. Milli Depozit Mərkəzi QSC tərəfındən verilmiş məlumatdan görünür ki, “xxxx” ASC-nin Nizamnamə kapitalının miqdarı 27.524.00 manat, qiymətli kağız buraxılışının qeydiyyatı QKDK ********** xx-xx-1999 olmaqla həmin qeydiyyat nömrəsi ilə 13.762 ədəd sənədsiz adi adlı səhm qiymətli kağız buraxılmış, bir kağızın nominal dəyəri 2.00 manat olmuşdur. xx.xx.2000-ci il tarixdə hər birinin dəyəri 2.00 manatdan olmaqla 4076 ədəd qiymətli kağız alaraq hüquqlarını qanuni qaydada qeydiyyatdan keçirmişdir və ”xxxx” ASC-nin səhmdarıdır. Dəfələrlə yazılı və şifahi müraciətlərinə baxmayaraq, ona heç bir cavab verilməmişdir. "xxxx” ASC-nin səhmdarı olmaqla ümumi yığıncağına dəvət olunmamış, şəhadətnamənin surətini ala bilməmişdir. Cəmiyyətin balansını və balansa əlavələr olan mənfəət və zərər haqqında hesabatını, kapitalda dəyişikliklər haqqında hesabatını, pul vəsaitlərinin hərəkəti haqqında hesabatını, uçot siyasəti və izahı qeydlərin təsdiq edilmiş surətini, cəmiyyətin səhmdarlarının reyestrinin təsdiq edilmiş surətini, cəmiyyət tərəfindən fiziki və hüquqi şəxslərə icarəyə verilən qeyri-yaşayış və digər əmlakın icarə müqavilələrinin təsdiq edilmiş surətini yazılı şəkildə tələb etməsinə baxmayaraq, ona verilməmişdir. Cavabdeh tərəfindən bu sənədərin verilməməsinin səbəbi ona sahibi oduğu səhmlərə uyğun verilməli olan gəlirin gizlədilməsidir. Cavabdeh xx.xx.2000-ci il tarixdən bu günə qədər il ərzində 100.000 manat gəlir əldə edir. Lakin, ona çatası məbləği ödəmək istəmir. “xxxx” ASC-nin fəaliyyət ğöstərdiyi bu illər ərzində cəmi 2 dəfə iclasa dəvət olunmuşdur. Ona aydın olmayan səbəbdən bu iclaslar Gəncə şəhərinə təyin olunmuşdur. ASC-nin yerləşdiyi ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli evin 1-ci mərtəbəsindən və zirzəmisindən ibarət 438.1 ümumi sahəsi, 232.2 kv.m əsas və 205.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yaxın ərazidə və həmin ölçüyə uyğun olan və fəaliyyət göstərən digər qeyri-yaşayış obyektləri 18 ildə 1.000.000 manata yaxın xalis əməliyyat gəliri əldə edir. Cababdeh isə 2000-ci ildən bu günə qədər sahibi olduğu səhmlərə müvafiq hər il üçün dividend ödəməli olduğu 40.000 manatdan olmaqla 17 il müddətinə cəmi 300.000 manat dividentini ödəmək istəmir, hüquqlarından sui -istifadə edir, dolayısı ilə ödənişdən imtina edir. Tərəfindən xx.xx.2018-ci il tarixdə alınmış ekspert rəyinə əsasən ASC-nin 17 il ərzində xalis əməliyyat ğəliri 1.000.000 manat təşkil etmiş, 30% paya malik olan səhmdar kimi ona həmin xalis gəlirdən 300.000 manat ödənilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 1565/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizə ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli olan faktiki hallar aydınlaşdırılmamış və iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir, məhkəmə-mühasibatlıq, əmtəəşünaslıq və tikinti-texniki ekspertizaları keçirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh və üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-1565/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Sədri N.Nəsibovun xx.xx.1999-cu il tarixli 455 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mükiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına və “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əçzaçılıq və Tibb sənayesi birliyinin tabeliyində olan ünvan 1 ünvanda yerləşən 329 saylı aptekin və onun yerləşdiyi qeyri-yaşayış sahəsinin, təyinatını üç il ərzində saxlamaqla, bazasında ”xxxx” ASC-yə çevrilmiş, Cəmiyyətin Nizamnaməsi və Özəlləşdirmə planı təsdiq edilmiş, Nizamnamə kapitalı 137.628.000 manat məbləğində müəyyən edilmiş Milli Depozit Mərkəzinin “Depozitar haqqında məlumat”ının və “Depo hesabından çıxarış”ının surətlərindən görünür ki, "xxxx" ASC-nin nizamnamə kapitalı 27.524 manat təşkil edir. Qiymətli kağızların ümumi miqdarı hər birinin nominal dəyəri 2 manat olmaqla 13.762 ədəd sənədsiz adi adlı səhmlərdən ibarətdir. İddiaçı Ələmşah oğlu cavabdeh "xxxx" ASC-nin səhmdarlarından biri olmaqla 4076 ədəd qiymətli kağızın sahibidir. İddiaçı Ələmşah oğlu məhz müəssisənin səhmdarlarından biri olaraq xalis gəlirdən ona çatası dividendə görə 300.000 manatı tələb edir, kollegiya açıq səhmdar cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı qanunvericilik müddəalarının təhlilini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-3.1, 106-3.2 və 106-3.5-ci maddələrinə əsasən, səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli Qərarında məsələ ilə bağlı aşağıdakılar göstərilmişdir: “...Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Beləliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 90-1.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir.” Göründüyü kimi, İddiaçı Ələmşah oğlu müəssisənin səhmdarlarından biri olaraq müəssisənin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin səhmdarlar arasında bölüşdürülməsi üçün ümumi yığıncağın çağırılması barədə cəmiyyətə müraciət etməmiş, məhkəmədə müvafiq iddianı qaldırmışdır. Halbuki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da şərh olunduğu kimi, sözügedən tələb məhkəmə qaydasında baxılmalı tələb deyildir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili cəmiyyətə müraciət edildiyini bildirsə də, iş materiallarından bu hal müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1565/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Ələmşah oğlunun cavabdeh "xxxx" ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası X1rşı “pul tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar