Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8526/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Qaya Əliyevin iştirakı ilə, İddiaçı cavabdeh “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 30.06.2020-ci il tarixli əmri ləğv edilsin, iddiaçı cavabdeh təşkilatda əvvəlki vəzifəsinə - ümumi şöbənin mütəxəssisi vəzifəsinə bərpa edilsin, əmək müqaviləsi müddətsiz hesab edilsin və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilsin. Eyni gündə qəbul olunmuş qərardadla qərara alınıb ki, mülki iş üzrə üzrə icraata hissəvi əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə tələbə aid hissədə xitam verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Əmək müqaviləsi 30.03.2020-ci il tarixdə 3 ay müddətinə bağlanıb (iş v. 92). Müqavilənin müddəti bitdiyinə görə işəgötürənin 30.06.2020-ci il tarixli əmri ilə əmr edilib ki, müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilsin (iş v. 103). Əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən “f” bəndinə istinad edərək hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavlənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə (3 aya) münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşəgötürənin müddətə (3 aya) münasibətdə iradəsi var, çünki motiv müəyyən olunur. Belə ki, işəgötürənin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, işəgötürən əmək müqaviləsini ona görə müddətli (3 ay) bağlayıb ki, işçinin tutduğu vəzifəyə uyğun olub-olmadığını yoxlasın. Lakin işçinin motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, müddətə (3 aya) münasibətdə onun motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Müqavilədə işçinin imzasının olması isə müddətə (3 aya) münasibətdə iradə ifadəsi sayıla bilməz. Əqdlərlə bağlı mübahisələrin düzgün həll üçün yalnız imzanın olubolmaması faktının araşdırılması kifayət etsəyidi qanunda “uydurma əqd”, “yalan əqd” və digər bu kimi anlayışlar məyyən edilməzdi. O cümlədən qanunda (Mülki Məcəllə, maddə 324.1) əqdin anlayışı müəyyən edilərkən “əqd - iradə ifadəsidir” deyil, “əqd - imzadır” ifadəsindən istifadə olunardı. Müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmadığına görə hesab olunur ki, “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər 2 tərəfin razılığı nəzərdə tutulur. İşçinin razılığı olmadığına görə qalır 1 razılıq - işəgötürənin razılığı. İşəgötürənin razılığı isə “f” bəndinə uyğun hüquqi nəticə yaratmağa yönəlməyib. Belə ki, işəgötürənin nümayəndəsi bildirir ki, əmək müqaviləsi ona görə müddətli bağlanıb ki, işçinin tutduğu vəzifəyə uyğun olub-olmadığı müəyyən edilsin. Lakin bunun üçün Əmək Məcəlləsinin 51-ci maddəsində əmək müqaviləsini 3 aylıq sınaq müddəti ilə bağlamaq imkanı müəyyən edilib, “f” bəndindən bu məqsədlə istifadə oluna bilməz. Bundan başqa, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uğun gəlməyən işçi ilə olan əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində müvafiq əsas mövcuddur: bunun üçün səlahiyyətli orqan tərəfindən qərar qəbul olunmalıdır. İşçinin peşəkarlıq səviyyəsini yoxlamaq və işəgötürənin mülahizələrinə əsasən onu işdən azad etmək üçün “f” bəndindən istfadə oluna bilməz. Bundan başqa, müddətin 3 ay müəyyən edilməsində işəgötürənin məqsədinin (işçinin vəzifəyə uyğunluğunun yoxlanılması məqsədinin) müqavilənin bağlanması zamanı işçiyə bildirilməsi, habelə müqavilənin nüsxəsinin işçiyə verilməsi müəyyən olunmur. İşçi bildirir ki, müqavilə müddətli bağlanarkən işəgötürən öz məqsədini ona bildirməyib, habelə müqavilənin nüsxəsini ona verməyib. İşəgötürən isə bunun əksini təsdiq edən sübut təqdim etməyib. Əgər işəgötürən müqavilənin müddətli bağlanmasına işçinin həqiqi razılığını almaq istəyirdisə, əvvəlcə müddətlə bağlı öz məqsədini ona bildirməli idi. Çünki “f” bəndindən görünür ki, istənilən razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prisipinə əməl edilməklə əldə olunmuş razılıq müqavilənin müddətli bağlanmasına əsas verir. Hüquq bərabərliyi prinsipinə əməl edilməsi üçün işçi müqaviləni imzalamazdan əvvəl bilməlidir ki, işəgötürən hansı məqsədlə müqaviləni müddətli bağlamaq istəyir. Göründüyü kimi, əmək müqaviləsinin müddətli bağlanmasına işçinin razılığı yoxdur, işəgötürənin razılığı isə 47-ci maddənin “f” bəndinə uyğun hüquqi nəticə yaratmağa yönəlməyib. Ona görə də əmək müqaviləsinin müddətə dair şərti (2.1-ci bənd) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır. Odur ki, əmək müqaviləsi müddətin bitməsinə görə ləğv oluna bilməz. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8526/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8526/2021
10.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver