Məhkəmə qərarları › İş №2(103)-853/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-853/2025

30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-853/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla iş üzrə QƏTNAMƏ İş № 2(103)-853/2025 (Açar sözlər: hüquqi faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X16 və X9 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2(008)-5416/2024 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 30 yanvar 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçinin X1 1933-cü ildə Bakı şəhərində doğulmuşdur. Şəxsiyyət və doğum haqqında müvafiq təsdiqləyici məlumatları özündə əks etdirən hüquqi sənədləri mövcud olmamışdır.

2. Ərizəçi müvafiq sənədlərin əldə olunması üçün AR Dövlət Arxivinə sorğu göndərmiş, qurumdan daxil olan xx.xx.2024-cü il tarixli 3-48-DA/2-D-431-6-520/2024 saylı cavabı ilə 1933-cü ilə aid Bakı şəhəri Lenin (Sabunçu) rayonu Bilgəh qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə təhvil verilməməsi səbəbindən X1nun doğum akt qeydi barədə arxiv sənədi tapılmamışdır.

3. Ərizəçi hüquqi faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X1nun doğum akt qeydinin ad qrafasında atasının adı “X5”, doğum tarixi “1933-cü il”, doğum yeri “Bakı şəhəri”, ata adı qrafasında atasının adı “X6”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında anasının adı “X10”, milliyyəti “azərbaycanlı” qeyd edilməklə doğum akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizəçı tələbini onunla əsaslandırmışdır ki, X1 1933-cü ildə Bakı şəhərində doğulmuşdur. X1 xx.xx.1958-ci il tarixli 16 nömrəli akt qeydi X12 ilə nikahını rəsmiləşdirərək ailə həyatı qurmuşlar. O, xx.xx.1964-cü il tarixdə Вakı şəhəri Sabunçu rayonunda doğulmuşdur. Daha sonra xx.xx.1964-cü il tarixli 20 nömrəli akt qeydi ilə ona doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamənin ad qrafasında adı “Ərizəçi”, doğum tarixi “xx.xx.1964-cü il”, doğum yeri “Bakı”, ata adı qrafasında atasının adı “X5”, milliyyəti “azərbaycanlı”, ana qrafasında anasının adı “X12”, milliyyəti “azərbaycanlı” yazılmışdır. X1 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə xx.xx.1994-cü il tarixdə 73 nömrəli akt qeydi ilə ölüm haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamənin xx.xx.2024-cü il tarixli AZ-İİ 412205 nömrəli təkrarını almışdır. Daha sonra anası X12 xx.xx.2010-cu il tarixdə Вakı şəhərində vəfat etmişdir. Bu barədə xx.xx.2010-cu il tarixli 217 nömrəli akt qeydi ilə ölüm haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamənin xx.xx.2024-cü il tarixli AZ-İİ 412204 nömrəli təkrarını almışdır. Hal-hazırda yaşadıqları ünvan 1 ünvanındakı ev mərhum babası X3 adınadır. X1 vəfat etdiyi üçün həmin evi adına keçirə bilməmişdir. Bu səbəbdən də atasının varisi kimi, həmin əmlakın adına keçirilməsi üçün o müraciət etməli olmuşdur. Bu səbəbdən də Bakı şəhəri 5 saylı Asan Xidmət Mərkəzinin notariat ofisinə müraciət edərək vərəsəlik şəhadətnaməsi almaq istəmişdir. Orada ondan atasının doğum haqqında şəhadətnaməsini istəmişlər. O, atasının doğum haqqında şəhadətnaməsini almaq üçün 5 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Orada atasının doğum haqqında şəhadətnaməsinin sistemdə olmadığını bildirdilər və Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinə sorğu göndərdilər. Lakin Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsi xx.xx.2024-cü il tarixli 3-48-DA/2-D-431-6-520/2024 saylı cavabı ilə 1933-cü ilə aid Bakı şəhəri Lenin (Sabunçu) rayonu Bilgəh qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə təhvil verilməməsi səbəbindən X1nun doğum akt qeydi barədə arxiv sənədi tapılmamışdır. Həmçinin X1nun doğum akt qeydinin bərpa olunması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Oradan da ona bildirdilər ki, məhkəmə qaydasında doğum akt qeydi bərpa olunandan sonra həmin şəhadətnaməni verə bilərlər. Hal-hazırda atasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün babasının adına olan əmlaka dair vərəsəlik hüququndan istifadə edə bilmir. Bu səbəbdən də X1nun doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməli olduğunu bildirdilər.

6. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, o, Quba rayonunda doğulmuşdur. Nənəsigildə çox qalırdı, nənəsigil də Rafailgilin qonşusu olub. 6-7 yaşı olanda Rafailin babasını-Ağaverdini xatırlayırdı, adını eşitmişdi, amma üzü yadında qalmayıb, sonra o, vəfat etdi. 1964-cü ildən Bilgəhdə yaşayır. Rafaili yaxşı tanıyır, atası Daşdəmiri də yaxşı tanıyırdı. Daşdəmirin 2 oğlu və 2 qızı olduğunu bilir, amma Daşdəmirin neçənci ildə və hansı tarixdə doğulduğunu bilmir. Daşdəmirin atasının Ağaverdi olduğunu bilir, amma anasının da kim olduğunu bilmir.

7. Məhkəmə iclasında şahid X17 ifadəsində bildirmişdir ki, o, 1957-ci ildə doğulmuşdur. Daşdəmir onun əmisidir. Babası Ağaverdi 1957-ci ildə ölüb. Babasını görməmiş, Daşdəmir əmisini isə görmüşdür. Daşdəmir əmisinin neçənci ildə, hansı tarixdə və harada doğulduğunu isə bilmir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2(008)- 5416/2024 saylı qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia təmin edilməmişdir.

9. Məhkəmə öz mövqeyini, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.1, 305.1.1, 307.2.3, 307.2.11, 308, 309.1, 311-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin təmin edilməsi üçün müraciət etdiyi hüquqi fakt şahid ifadələri və iş materialları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən ərizəçi apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

16. Apelyasiya icraatı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, o, 1957-ci ildə doğulmuşdur. Daşdəmir onun əmisidir. Atasının adı müvafiq olaraq Ağaverdi, anasının adı Raziyədir. Əmisi 1994-cü il tarixdə vəfat etmişdir.

17. Apelyasiya icraatı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, 1966-cı ildə dünyaya gəlmişdir. Ərizəçinin tanışıdır. Mərhumu tanıyır və bildirir ki, atasının adı müvafiq olaraq Ağaverdi, anasının adı Raziyədir. Mərhum 1994-cü il tarixdə vəfat etmişdir.

18. Apelyasiya icraatı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, o, 1953-cü ildə dünyaya gəlmişdir. Ərizəçinin kənd sakinidir. Mərhumu tanıyır və bildirir ki, atasının adı müvafiq olaraq Ağaverdi, anasının adı Raziyədir. Mərhum 1994-cü il tarixdə vəfat etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:

23. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı;

24. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

25. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə ərizə təmin edilməlidir.

31. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1933-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu və Nardaran qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında, 1934-1943-cü illərə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə doğum haqqında bərpa kitablarında X2 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda, 1933-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Bilgəh qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib.

32. AZ-İİ seriyalı 412204 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölmüşdür.

33. AZ-İİ seriyalı 412205 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölmüşdür.

34. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Valideynlər haqqında məlumatlar qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydinin bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə təmin olunacağı ərizəçiyə bildirilmişdir.

35. AZ-T seriyalı 261785 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, X1, anası X8r.

36. İ-ИE seriyalı 078466 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X21 xx.xx.1958-ci il tarixdə evlənmişlər, evlənmə qeyd ediləndən sonra arvada Daşdəmirova soyadı verilmişdir.

37. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X5 ilə X13 nikahı haqqında xx.xx.1958-ci il tarixdə 16 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Daşdəmirova soyadı verilmişdir.

38. xx.xx.1956-cı il tarixli çıxarışın surətindən görünür ki, Maştağa rayonu Bilgəh qəsəbəsində yerləşən 133b saylı ev X4 məxsusdur.

39. Apelyasiya icraatı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, o, 1957-ci ildə doğulmuşdur. Daşdəmir onun əmisidir. Atasının adı müvafiq olaraq Ağaverdi, anasının adı Raziyədir. Əmisi 1994-cü il tarixdə vəfat etmişdir.

40. Apelyasiya icraatı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, 1966-cı ildə dünyaya gəlmişdir. Ərizəçinin tanışıdır. Mərhumu tanıyır və bildirir ki, atasının adı müvafiq olaraq Ağaverdi, anasının adı Raziyədir. Mərhum 1994-cü il tarixdə vəfat etmişdir.

41. Apelyasiya icraatı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, o, 1953-cü ildə dünyaya gəlmişdir. Ərizəçinin kənd sakinidir. Mərhumu tanıyır və bildirir ki, atasının adı müvafiq olaraq Ağaverdi, anasının adı Raziyədir. Mərhum 1994-cü il tarixdə vəfat etmişdir.

42. Kollegiya iş materiallarını, ərizənin və apellyasiya şikayətinin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və mövqeyini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən ərizədə qeyd edilən hallar ətraflı şəkildə araşdırılmamış, şahidlərin ifadələrinə adekvat hüquqi qiymət verilməmişdir. Məhkəmə yalnız Milli Arxiv İdarəsinə ünvanlanmış sorğuya verilmiş cavabla kifayətlənmiş və doğum faktının 91 il əvvələ aid olmasını nəzərə almamışdır.

43. Məhkəmə kollegiyası qeyd edilən hallara münasibətdə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən qiymət verərək hesab edir ki, həm birinci instansiya, həm də kollegiya iclasında dindirilmiş şahidlər mərhumun, həqiqətən də, Bakı şəhərində vəfat etməsini və ərizəçinin valideynlərinin şəxsiyyətini təsdiq edirlər.

44. Həmçinin şahid ifadələrindəki uyğunsuzluğa istinadən iddia tələbinin əsassızlığa qənaətinə gəlməsinə dair birinci instansiya məhkəməsinin qərarına münasibətdə məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

45. Belə ki, hər iki instansiyada dindirilən X17 öz izahatında oxşar məzmunlu çıxış edərək, şəxsiyyətin eyniləşdirilməsinə əsas verən halları göstərmişdir. Kollegiya bütün bunlarla kifayətlənməyərək, iş üzrə yeni şahid ifadələrinin mahiyyət üzrə izahatlarını almış və analoji hal onlar tərəfindən də təsdiq olunmuşdur.

46. Əlavə olaraq qeyd olunmalıdır ki, hazırki iddia tələbinin əsasını doğum akt qeydinin bərpası təşkil etdiyindən, iş üzrə mötəbər sübutlar qismində müvafiq olaraq notarial təsdiq olunmuş şəhadətnamə və ya arxiv şöbəsinin həmin ilə dair məlumatları çıxış edə bilər.

47. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyildirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir.

48. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən də, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

50. Həmin normativ-hüquqi aktın 15-16-cı bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

51. Adı çəkilən “Əsas müddəlar”ın 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

53. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

54. Hazırki iş üzrə də müvafiq arxiv materialları mövcud olmadığından, ərizəçinin iddia tələbinin əsaslandırılması üçün yeganə mötəbər sübutu şahid ifadələrindən ibarət olmuşdur.

55. Mülki-Prosessual Məcəllənin başlıca prinsiplərindən biri də, “formal həqiqət” prinsipidir ki, həmin prinsipin mahiyyətinə əsasən məhkəmə işə yalnız məhkəmə iclasında tədqiq olunmuş və proses iştirakçıları tərəfindən təqdim olunan sübutlar əsasında baxmalıdır. Bu Prinsip özlüyündə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsində qeyd olunmuş “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.“ başlığına əsaslanmışdır.

56. Qeyd olunanlardan da göründüyü kimi birinci instansiya məhkəməsi bütün bu halları nəzərə almayaraq, iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir.

57. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, ərizəçi həm ərizəsində, həm apellyasiya şikayətində, həm də kollegiya iclasında verdiyi izahatında hüquqi faktın müəyyən edilməsi zərurətini hazırda yaşadığı evin babasının adına olmasını, sənədləşmə məsələlərində problem yaşanması ilə izah etmişdir. Birinci instansiya məhkəməsi bu kimi hallara da əhəmiyyət verməyərək hüquqi fakt təsdiqlənəcəyi təqdirdə bilavasitə ərizəçinin maraqlarına hansı hissədə təsir edəcəyini araşdırmamış, yekun rəyini buna müvafiq çıxarmışdır.

58. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, X2 şəxsiyyətinin eyniləşdirilməsinə əsas olacaq hüquqi fakt iş materialları və şahid ifadələri əsasında öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsiinn qətnaməsi ləğv edilməli, ərizə təmin edilərək, ərizəçinin X1nun doğum akt qeydinin ad qrafasında atasının adı “X5”, doğum tarixi “1933-cü il”, doğum yeri “Bakı şəhəri”, ata adı qrafasında atasının adı “X6”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında anasının adı “X10”, milliyyəti “azərbaycanlı” olması faktı təsdiq edilməlidir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

60. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

62. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(008)- 5416/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. Ərizəçinin X1nun doğum akt qeydinin ad qrafasında atasının adı “X5”, doğum tarixi “1933-cü il”, doğum yeri “Bakı şəhəri”, ata adı qrafasında atasının adı “X6”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında anasının adı “X10”, milliyyəti “azərbaycanlı” olması faktı təsdiq edilsin və bu barədə doğum haqqında akt qeydi bərpa edilərək akt qeydləri kitabında müvafiq qeydiyyat aparılsın. Qətnamənin icrası Bakı şəhər Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar