Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8530/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və vəkili X6 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-103/2019 saylı, 08 aprel 2019cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və vəkili X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun əmlakların satışından əldə ediləcək vəsait hesabına ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış 11.680,14 manat faiz borcunun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 108 nömrəli evin C girişi, ümumi sahəsi 144,5 kv.m, yaşayış sahəsi 104,1 kv.m, yardımçı sahəsi 40,4 kv.m olan 4 otaqlı 9 nömrəli mənzilinə yönəldilməsi, Cavabdeh1 19.12.2013cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış 209.233,85 ABŞ dolları əsas borc, 105.665,51 ABŞ dolları faiz borcu və 21.000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 335.899,36 ABŞ dolları borcun tutulması, tələbin - Cavabdeh3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 2A nömrəli evin ümumi sahəsi 79,32 kv.m, yaşayış sahəsi 63,32 kv.m, yardımçı sahəsi 16,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilinə və Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması və satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, əmlaklar açıq hərracdan satıldıqdan sonra əldə olunan vasaitin hesabına Cavabdeh1 banka olan borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı İddiaçı ASC-yə qarşı “29.08.2013-cü il tarixli 340/13 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı ASC və borcalan Cavabdeh1 arasında bağlanmış 29.08.2013cü il tarixli 340/13 nömrəli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 108 nömrəli evin C girişi, ümumi sahəsi 144,5 kv.m, yaşayış sahəsi 104,1 kv.m, yardımçı sahəsi 40,4 kv.m olan 4 otaqlı 9 nömrəli mənzilinin üzərindəki ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-103/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh1 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış 209.233,85 ABŞ dolları əsas borc, 80.769,14 ABŞ dolları faiz (90.788,80 ABŞ dolları faiz borcundan 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş 16.987,52 manat, yəni 08.04.2019cu il tarixə olan məzənnəyə uyğun olaraq 9.992,66 ABŞ dolları çıxılmaqla) və 997.01 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 291.000 (iki yüz doxsan bir min) ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın - Cavabdeh3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 2A nömrəli evin ümumi sahəsi 79,32 kv.m, yaşayış sahəsi 63,32 kv.m, yardımçı sahəsi 16,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilinə və Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsinə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 2A nömrəli evin ümumi sahəsi 79,32 kv.m, yaşayış sahəsi 63,32 kv.m, yardımçı sahəsi 16,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilin ilkin satış qiyməti bazar dəyərinin 155.000 (yüz əlli beş min) manat, likvid dəyərinin 145.000 (yüz qırx beş min) manat müəyyən edilməklə açıq hərracda satılması, mənzil satıldıqdan bir ay sonra Cavabdeh3 ailə üzvləri - əri X8 və qızı X7 ilə birlikdə həmin mənzildən çıxarılması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsinin ilkin satış qiyməti bazar dəyərinin 75.000 (yetmiş beş min) manat, likvid dəyərinin 67.000 (altmış yeddi min) manat müəyyən edilməklə açıq hərracda satılması, torpaq sahəsi satıldıqdan bir ay sonra Cavabdeh1 arvadı X2 ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 145 manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə daşınmaz əmlakların qiymətləndirilməsinə dair 04.07.2018-ci il tarixli LP-073/18; LP-074/18; LP-075/18 nömrəli mütəxəssis rəylərinin hazırlanması üçün İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 900 manat vəsaitin 400 manatının Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, 500 manatının isə İddiaçı ASC-nin özünə aid edilməsi, ipoteka ilə yüklü edilmiş mənzilin və torpaq sahəsinin satışından əldə olunacaq vəsait hesabına cəmi 291.000 (iki yüz doxsan bir min) ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 400 manat qiymətləndirmə xərcinin İddiaçı ASC-nin, 145 manat ekspertiza xərcinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, artıq qalan vəsait ipoteka qoyanlar Cavabdeh3 və Cavabdeh1 qaytarılması, ilk iddianın qalan hissədə, yəni - “Cavabdeh1 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış 11.680,14 manat faiz borcunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 108 nömrəli evin C girişi, ümumi sahəsi 144,5 kv.m, yaşayış sahəsi 104,1 kv.m, yardımçı sahəsi 40,4 kv.m olan 4 otaqlı 9 nömrəli mənzilinə yönəldilməsi” hissəsində, həmçinin 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 24.896,37 ABŞ dolları faiz, o cümlədən 20.002,99 ABŞ dolları dəbbə pulu tutulması” hissəsində rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə öhdəliyə (borc tam ödənilib) xitam verildiyinə görə, İddiaçı ASC ilə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 29.08.2013-cü il tarixli 340/13 nömrəli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 108 nömrəli evin C girişi, ümumi sahəsi 144,5 kv.m, yaşayış sahəsi 104,1 kv.m, yardımçı sahəsi 40,4 kv.m olan 4 otaqlı 9 nömrəli mənzilinin üzərində olan ipotekaya xitam verilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh2 aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili X11 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Cavabdeh3 nümayəndəsi və vəkili Araz Yusifov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-103/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə əsassız və qanunsuzdur. Belə ki, mülki iş üzrə keçirilən məhkəmə iclaslarından və qəbul edilmiş məhkəmə aktlarından xəbəri olmamışdır. Uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə ölkədən kənarda yaşayır, iş üzrə mübahisə predmeti olan mənzildə yaşayış olmamışdır. Qətnamə ilə tutma ona məxsus mənzilə yönəldilmiş, məhkəmə iş materiallarında olan müstəqil qiymətləndiricinin mütəxəssis rəyinə əsaslanmış, mənzilin real bazar dəyəri 155.000 manat, likvid dəyəri isə 145.000 manat müəyyən edilmişdir. Rəy ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə ki, bu rəyə əsasən mənzillə bağlı müəyən edilən məbləğlər (real bazar qiyməti və likvid qiymət) olduqca aşağıdır, əmlakın qiymətləndirilməsi aparılsa da, mənzilə gəlib baxan olmamış, mənzilə yerində baxış keçirilmədən onun qiymətini müəyyən etmək isə mümkün deyil. Rəydən açıq-aşkar görünür ki, mənzilə baxış keçirilməmiş, mənzilin fotoşəkilləri çəkilməmiş, rəyə əlavə olunmamış, mənzilin qiyməti ümumi ərazi üzrə nəzəri və qeyrimüəyyən məlumatlara əsasən qoyulmuşdur. Rəyin 5-ci hissəsi “tədiqatın aparılma ardıcıllığı” adlanır. Həmin hissədə isə qiymətləndirmə prosedurunun mərhələləri içərisində mənzilə vizual baxış keçirilməsi mərhələsi yoxdur. 19.12.2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanılarkən ipoteka predmetinin dəyəri 130.000 manat müəyyən edilmiş, hətta bu məbləğ məhz bankın əməkdaşlıq etdiyi “X10” MMC bankın təsiri və təzyiqi ilə qiymətləndirilmişdir. Həmin vaxtdan sonra tərəfimdən mənzildə təmir və bərpa işləri aparılmış, mənzil yaxşılaşdırılmış, mənzildə yaşayış olmadığına görə həmin təmir və yaxşılaşdırma işləri hər hansı aşınmaya, köhnəlməyə məruz qalmamışdır. Qiymətləndirmə şirkətinin gəldiyi bu nəticə daşınmaz əmlak bazarındakı göstəricilərlə də ziddiyyət yaradır. Daha sonra qiymətləndirmə şirkəti tədqiqat apararkən ərazi üzrə analoji əmlakların bazar qiymətlərini də nəzərə almamış və müqayisəli təhlil aparmamış, ümumi cümlə ilə ərazidə yerləşən analoji mənzillərin satış və dövriyyə imkanlarının müsbət olduğunu qeyd etməklə kifayətlənmiş, analoji əmlakların qiymətləri barədə heç bir mötəbər mənbəyə istinad etməmiş və bu barədə rəyə hər hansı sənəd ələvə etəmişdir. Əmlakımın bu şəkildə olduqca aşağı məbləğdə qiymətləndirilməsi isə hüquqlarının əhəmiyyətli şəkildə pozulması deməkdir. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 103/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsinin cavabdeh X3 münasibətdə ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-103/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsini ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı hissədə əsassız və qanunsuz hesab edir. Belə ki, ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən LP-075/18 nömrəli rəyinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin real bazar dəyəri 75.000 manat, likvid dəyəri 67.000 manat, LP-074/18 nömrəli rəyə əsasən ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzilin isə real bazar dəyəri 155.000 manat likvid dəyəri isə 145.000 manat müəyyən edilmişdir. Halbuki, ipoteka predmetləri üçün müəyyən olunan bu məbləğlər olduqca aşağıdır. Həmin qiymətlər hansı əsaslarla və hansı mötəbər mənbələrə əsasən müəyyən edilmişdir, bu qeyri-müəyyəndir. Rəylərin heç biri əsaslandırılmamış, qiymətləndirici ipoteka predmetlərinin qiymətini müəyyən edərkən nəzərə aldığı və ya almadığı konkret halların nələr olduğunu göstərməmiş, əmlakların hansı məqsədlərlə istifadə olunduğu, inzibati yerləşməsi və əlçatanlığı, infrastrukturu, nəqliyyatın və ya metronun əlverişliliyi, mərkəzi yollara yaxınlığı, təmirli olub-olmaması və bu kimi əmlakların qiymətlərinə təsir edən amillərin heç biri barədə ətraflı araşdırma edilməmiş, buna görə də ipoteka predmetlərinə belə aşağı qiymətlər qoyulmuşdur. Daha sonra ümumiyyətlə ipoteka predmetlərinin heç birinə qiymətləndirmə şirkətinin əməkdaşları tərəfindən vizual olaraq yerində baxış keçirilməmiş, bu məqsədlə mülkiyyətçilərlə əlaqə belə saxlanılmamışdır. Rəyin 5-ci hissəsi “tədiqatın aparılma ardıcıllığı” adlanır. Həmin hissədə isə qiymətləndirmə prosedurunun mərhələləri içərisində daşınmaz əmlaka vizual baxış keçirilməsi mərhələsi yoxdur. Daha sonra ipoteka predmetlərinin dəyəri müəyyən edilərkən analoji əmlakların bazar dəyəri müqayisəli şəkildə təhlil olunmamışdır. Belə ki, rəylərdə guya analoji əmlakların bazar dəyərinin nəzərə alındığı qeyd olunmuşdur. Halbuki, rəylərin heç bir yerində bu təhlillərin aparılması təsdiq olunmur. Rəylərə bu barədə heç bir məlumat daxil edilməmişdir və müəyyən etmək olmur ki, təhlil aparılarkən hansı analoji əmlaklarla müqayisə aparılmışdır. 19.12.2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanarkən ipoteka predmetlərinin dəyəri qiymətləndirilmiş, həmin vaxt Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin qiyməti 60.000 manat, ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzilin qiyməti isə 130.000 manat müəyyən olunmuşdur. Qiymətləndirmə şirkətinin gəldiyi bu nəticə daşınmaz əmlak bazarındakı göstəricilərlə də ziddiyyət yaradır. Rəylərə əsasən əmlaklarla bağlı müəyən edilən məbləğlər (real bazar qiyməti və likvid qiymət) olduqca aşağıdır. Əmlakımın bu şəkildə olduqca aşağı məbləğdə qiymətləndirilməsi isə hüquqlarının əhəmiyyətli şəkildə pozulması deməkdir. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 103/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh3 nümayəndəsi və vəkili X11 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-103/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsinin cavabdeh X3 münasibətdə ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-103/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh3 nümayəndəsi və vəkili Araz Yusifov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin cavabdeh Sədiqə Dadaşovaya münasibətdə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Həmçinin Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsədə, verdiyi apelyasiya şikayətinin məznunundan görünür ki, o, qətnamənin ipoteka predmetləri olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin və ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş edir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehlər tərəfindən mübahisələndirilən hissədə yоxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Anar İmamverdiyevin və Cavabdeh3 nümayəndəsi və vəkili Araz Yusifovun izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı ASC-nin “Paytaxt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 340/13 saylı, 29 avqust 2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC borcalan Cavabdeh1 18 faiz dərəcəsi ilə 6 ay güzəşt müddəti olmaqla 24 ay müddətinə 200.000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İ.v.29-32) İş matеriallarında olan, İddiaçı ASC-nin “Paytaxt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 448/13 saylı, 19 dekabr 2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC borcalan Cavabdeh1 arasında illik 16 dərəcəsi ilə 6 ay güzəşt müddəti olmaqla 42 ay müddətinə 260.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İ.v.49-51) İş materiallarında оlan, İddiaçı ASC-nin “Paytaxt” filialı ilə Cavabdeh3 arasında bağlanmış 448/13 saylı, 19 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, 448/13 saylı, 19 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh3 mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində yerləşən 2A nömrəli evin, ümumi sahəsi 79,32 kv.m, yaşayış sahəsi 63,32 kv.m, yardımçı sahəsi 16,0 kv.m ibarət olan 4 otaqlı 29 nömrəli mənzil İpoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “İpoteka predmeti”nin qiyməti 130.000 manat qiymətləndirilmişdir.(İ.v.35-37) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən 2A nömrəli evin, ümumi sahəsi 79,32 kv.m, yaşayış sahəsi 63,32 kv.m, yardımçı sahəsi 16,0 kv.m ibarət olan 4 otaqlı 29 nömrəli mənzili Cavabdeh3 mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2012 nömrəli reyestr kitabının 185905 nömrəli vərəqində qeydiyyata alınmışdır.(İ.v.38) İş materiallarında оlan, İddiaçı ASC-nin “Paytaxt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 448/13-1 saylı, 25 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, 448/13 saylı, 19 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsi İpoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “İpoteka predmeti”nin qiyməti 60.000 manat qiymətləndirilmişdir.(İ.v.52-54) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır.(İ.v.57) İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş Pay 1100 saylı, 28 noyabr 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə banka 209.233,85 ABŞ dolları əsas, 105.665,51 ABŞ dolları faiz borcu və 21.000 ABŞ dolları dəbbə pulu borc olmaqla, cəmi 335.899,36 ABŞ dolları borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası Cavabdeh3 nümayəndəsi və vəkili Araz Yusifov və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərinin ipoteka predmetləri olan ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzilin və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin ilkin satış qiymətinin hazırki dəyərindən olduqca aşağı hesablanması ilə bağlı dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1); və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar (maddə 59.3.2). İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kоllegiyası qeyd etməyi zəruri hesab edir ki, 448/13 saylı, 19 dekabr 2013cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində yerləşən 2A nömrəli evin, ümumi sahəsi 79,32 kv.m, yaşayış sahəsi 63,32 kv.m, yardımçı sahəsi 16,0 kv.m ibarət olan 4 otaqlı 29 nömrəli mənzilin qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında 130.000 manat dəyərində, Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsi isə 60.000 manat dəyərində qiymətləndirilmişdir. Lakin, buna baxmayaraq cavabdehlərin vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetləri olan yuxarıda qeyd olunan əmlakların qiymətlərinin qiymətləndirici vasitəsi ilə müəyyənləşdirilməsi üçün 15.05.2018-ci il tarixdə qiymətləndirmə ekspertizası təyin etmiş və qiymətləndirici rəyləri almışdır. Belə ki, iş materiallarında olan, müstəqil qiymətləndirici "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə LP074/18 saylı, 04 iyul 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 2A nömrəli evin ümumi sahəsi 79,32 kv.m, yaşayış sahəsi 63,32 kv.m, yardımçı sahəsi 16,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilin ilkin satış qiyməti bazar dəyəri 155.000 (yüz əlli beş min) manat, likvid dəyəri 145.000 (yüz qırx beş min) manat müəyyən edilmişdir.(İ.v.193-199) İş materiallarında olan, müstəqil qiymətləndirici "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə LP-075/18 saylı, 04 iyul 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsinin ilkin satış qiyməti bazar dəyəri 75.000 (yetmiş beş min) manat, likvid dəyəri 67.000 (altmış yeddi min) manat müəyyən edilmişdir.(İ.v.185-191) Göründüyü kimi, müstəqil qiymətləndirici tərəfindən mübahisələndirilən ipoteka predmetlərinin dəyəri ipoteka müqavilələrində göstərilən tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyən edilmiş dəyərindən yüksək qiymətləndirilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 nümayəndəsi və vəkili Araz Yusifovun və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərində ipoteka predmetlərinin ilkin satış qiymətinin hazırki dəyərindən olduqca aşağı hesablanması ilə bağlı göstərdikləri dəlilləri əsasızdır. Belə ki, Cavabdeh3 nümayəndəsi və vəkili Araz Yusifov və Cavabdeh1 qiymətini mübahisələndirdikləri ipoteka predmetlərinin məhkəmə qətnaməsində müəyyən edilmiş satış qiymətindən daha yüksək qiymətdə olmasını təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu təsdiq edən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetləri olan yuxarıda qeyd olunan əmlakların qiymətlərinin qiymətləndirici vasitəsi ilə müəyyənləşdirilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilərək, qiymətləndirici rəyləri alındığından, həmin əmlakların təkrar qiymətləndirilməsinin keçirilməsi barədə apelyasiya şikayətlərinin dəliləri əsasız hesab edilməlidirdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh3 nümayəndəsi və vəkili Araz Yusifovun və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərində sadaladığı dəlillərini işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-103/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, apеlyasiya şikayətləri təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas Qət etdi: Cavabdeh3 nümayəndəsi və vəkili X11 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-103/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8530/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8530/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver