Məhkəmə qərarları › İş №2(103)-8532/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8532/2022

20.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8532/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 saylı iş üzrə 30 noyabr 2022-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X3 icraiyyə Komitəsinin 18 sentyabr 1987- ci il tarixli 19/340 saylı qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan X6 və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində anası X2 məxsus 259 saylı sahəyə ya onun əvəzinə 285-295 saylı sahəyə əvəzləşdirilməsi əsasında Bağçılığa üzvlük kitabçası, Protokoldan Çıxarış, Əmr-Qərarın və Cizgi planın surətlərinin təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(005)- 462/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apelyasiya şikayəti vermiş və apelyasiya şikayəti məzmunundan görünür ki, cavabdeh tərəf prosessual müddətin üzürlü hesab edilərək müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 saylı iş üzrə 30 noyabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməyərək müddətin bərpasından imtina edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(005)- 462/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən şikayət verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 saylı iş üzrə 15 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilib-verilməməsini yoxlamadan mahiyyəti üzrə baxaraq qiymət vermiş və şikayətin mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 saylı iş üzrə 30 noyabr 2022-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş şikayətə baxılması qeyrimümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 saylı iş üzrə 30 noyabr 2022-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar