Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8533/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı qızının, Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(004)- 4190/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada qalan 15100 (on beş min yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ildə bibisi nəvəsi Aygün xanım onun yanına gələrək alverlə məşğul olduğunu bildirmişdir. Vəsaiti az olduğundan yaxşı işləyə bilmədiyini və ona pul lazım olduğunu demişdir. Xaricdən mal gətirib satacağını və xeyrindən ona da verəcəyini söyləmişdir. Onunla razılaşaraq həyətyanı torpaq sahəsini sataraq müəyyən vaxtlarda Şəfaya Aygünlə birlikdə anasının, gəlinlərinin yanında 17500 (on yeddi min beş yüz) manat borc pul vermişdir. Verdiyi pulların alınması barədə Aygün xanım öz imzası ilə təsdiqləmişdir. Onlar 3 ay verdiyi puldan istifadə edərək ona 2400 (iki min dörd yüz) manat versələr də, sonradan qalan 15100 (on beş min yüz) manat pulu qaytarmamışlar. Hər dəfə də cavabdehlərdən pulu istəsə də, cavabdehlər onu şantaj edəcəklərini, guya əxlaqsızlıqla məşğul olması barədə həyat yoldaşına deyib, ailəsini dağıdacaqlarını bildirərək digər qohumlarla xəbər göndərmişlər. Bir müddətdən sonra bibisinin evinə gedərək bildirmişdir ki, qızına və nəvəsini başa salsın ki, onun 15100 (on beş min yüz) manat pulunu qaytarsınlar. Əks təqdirdə Dövlət orqanlarına və yaxud məhkəməyə şikayət etmək məcburiyyətində qalacaqdır. Daha sonra qapıya çıxan bibisinin həyat yoldaşı Məhəmməd onu qələmə gəlməyən söyüşlərlə söyərək təhqir etmişdir. Məhəmməd onu tüfənglə və yaxud od vurub yandıracağı ilə hədələmişdir. Elə bu səbəbdən də 28.10.2019-cu il tarixində özünə qəsd edəcəyi barədə və bunun səbəbkarı bibisi Yasəmən, qızı Şəfa, Şəfanın qızı Aygün və bibisinin həyat yoldaşı Məhəmməd olduqlarını bildirərək məktub yazaraq evdə olan dərmanlardan içərək intihara cəhd etmişdir. Lakin cavabdehlər bu günə kimi onun qalan 15100 (on beş min yüz) manat pulu qaytarmırlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(004)-4190/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 15100 (on beş min yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı qızının xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı qızının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki işin materiallarından görünür ki, o, iddia ərizəsinin surətini, prosessual hüquq və vəzifələri barədə bildirişi, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatları almamışdır. İddiaçı qızı işə qiyabi icraat qaydasında baxılmasını yazılı ərizə verərək xahiş etmiş, lakin, birinci instansiya məhkəməsi iclası təxirə salmadan, işə qiyabi icraat qaydasında baxmadan birinci baxış iclasından qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Bundan başqa, şahidlər birinci baxış iclasında cavabdehin iştirakı olmadan dindirilmişdir. Hesab edir ki, hakim bununla çəkişmə prinsipinə əməl etməmişdir. Belə ki, həmin şəxsləri o, tanımır, hakim isə bu məsələni araşdırmaq üçün məhkəmə baxışını təxirə salmamış və ya qiyabi qətnamə qəbul etməmişdir. Həmçinin iddiaçı da iddia ərizəsində ona guya 17500 manat borc verdiyini ifadə etmişdir. Buna baxmayaraq iş materiallarında onunla iddiaçı arasında hər hansı borc müqaviləsinin olması barədə sübut yoxdur. Belə ki, iş materiallarında olan pul vəsaitlərinin təhvil-təslimini təsdiq edən qeydlər həmin vəsaitlərin borc qismində verildiyini sübut etmir. Belə ki, borc müqaviləsinin standart şərtlərinə “borc” və ya “kredit” sözünün sənədin məzmununda olması, mühüm şərtlərinə isə borcun qaytarılması uçun nəzərdə tutulmuş son tarix, qaytarılma şərtləri (aylıq ödənişlərlə vaxtaşırı ya bütöv şəkildə) daxildir. Borcun məbləği 17.500 manat (3000 manatdan çox) olduğu iddia olunsa da, mülki işin materiallarında hər-hansı borc müqaviləsi mövcud deyil. Bununla da birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Təhvil aldı sətirlərində olan imzalar əhəmiyyətli dərəcədə biri birindən fərqlənirlər. Onların heç biri ona aid deyil. Bu səbəbdən də xəttşünaslıq ekspertizasının təyin olunmasını zəruri hesab edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qızı apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. İlk əvvəl kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin məcəllənin 387.2.2-ci maddəsinə əsaasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və qərardadı ləğv edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 məlumat verilməmiş və çəkişmə prinsipi qaydaları pozulmuşdur. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bundan başqa məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun 15.03.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 izahatında Gülnarənin 17500 manat məbləğində pulu hissə-hissə Fəxrəddin adlı şəxsə verdiyi və sonuncunun da, həmin pulu öz biznesinə yatıraraq ordan gələcək gəlirdən iddiaçıya verəcəyini bildirmişdir. Bundan başqa iş materiallarının 27-ci səhifəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 500 ABŞ dolları (850 manat), 3364 manat, 800 ABŞ dolları (1360 manat), 1600 ABŞ dolları (2720 manat), 1000 manat, 2500 ABŞ dolları (4250 manat), 3800 manat məbləğində pul vəsaiti, cəmi 17344 manat verilmişdir. Həmin qəbz cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən cavabdehə pul vəsaitinin verilməsi birinci instansiya məhkəməsi tərəfindən izahatları alınmış X2 və X1 tərəfindən verilmiş izahatlarla da təsdiq edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 500 ABŞ dolları (850 manat), 3364 manat, 800 ABŞ dolları (1360 manat), 1600 ABŞ dolları (2720 manat), 1000 manat, 2500 ABŞ dolları (4250 manat), 3800 manat, cəmi 17344 manat məbləğində pul vəsaitinin verilməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə izahatında ilk əvvəl pul vəsaitinin ümumiyyətlə alımamasını bildirsə də, sonradan qeyd olunan pul vəsaitinin cavabdeh tərəfindən valyuta mübadiləsi edilməsi üçün alınması, buna görə də, iş materiallarının 27-ci səhifəsində olan qəbzin sonuncu tərəfindən imzalanmasını və həmin pul məbləğinin cavabdeh tərəfindən 2017-ci il tərəfindən qaytarılmasını bildirmişdir. Lakin, iddiaçı bildirir ki, cavabdeh tərəfindən ümumi borcdan ona 2019-ci ilin dekabr ayında 2400 manat qaytarılmışdır. Cavabdeh isə 2017-ci ildə ümumi pulun qaytarılmasını israrla bildirir, lakin, buna dair məhkəməyə hər-hansı sübut təqdim edə bilmir. Cavabdeh tərəfindən 17344 manat pul vəsaitinin alınması təsdiq edildiyindən, həmin məbləğin 2017-ci il tarixdə qaytarılması isə sübuta yetirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı sübutetmə vəzifəsi cavabdeh tərəfin üzərinə keçir. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarının 27-ci səhifəsində olan qəbzdə verilmiş pul vəsaitinin valyutasının bir qismi manatla olduğundan, cavabdeh tərəfin həmin pul vəsaitinin valyuta mübadiləsi aparılması məqsədi ilə verilməsinə dair izahatlarına tənqidi qiymətləndirilir. Belə olan halda, cavabdeh tərəfindən iddia müddətinin tədbiq edilməsinə dair ərizə tədbiq edilə bilməz. Belə ki, ümumi 17344 manat pul vəsaitindən 2019-cu ildə 2400 manat pul vəsaitinin qaytarılması öz təsdiqini tapır. Göründüyü kimi, iş materialları ilə iddia müddətinin ötürülməsi sübuta yetirilmir. Beləliklə, Cavabdeh1 tərəfindən İddiaçı qızının 17344 manat məbləğində pul vəsaitinin alınması, həmin pul vəsaitindən 2400 manatın qaytarılması və 14944 manat məbləğində ödənilməmiş borcun mövcud olması müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı qızının xeyrinə ödəniləməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(004)-4190/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 14944 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı qızına ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8533/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8533/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver