Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8534/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İlkin iddia üzrə İddiaçı və vəkili-nümayəndəsi Vəkil2 oğlunun iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “hüquqi yardıma görə ödənilmiş xərcin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3563/2021 saylı 04 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin direktoru Hikmət Paşayevin 27.06.2020-ci ıl tarixli 02-06/20E saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10.02.2020-ci il tarixində "xxxx" MMC-nin 10.02.2020-cı il tarixli, 1002/Q saylı əmri ilə "xxxx" MMC-də mühasib köməkçisi vəzifəsinə qəbul edilmişdir. "xxxx" MMC-də hazırda təmsilçi olan və o zaman məsələhtçi vəzifəsində çalışan X4 tərəfindən mütəmadi olaraq təhqirlərə məruz qalmışdır. 29.05.2020-ci il tarixdə "xxxx" MMC-nin direktor müavini Qədim Hacıyevə 16 iyun 2020-ci il tarixdən tutduğu vəzifədən öz xahişi ilə azad olunmağı barədə ərizə ilə müraciət etmişdir. 16.06.2020-ci ildən ərizəsi mühasibatlıq tərəfindən qəbul edilmiş və dərkənar qoyulmuşdur. Lakin, işdən azad olunmağı barədə ərizəsinə əhəmiyyət verilmədən, işəgötürən "xxxx" MMC qanunsuz olaraq onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə və həmin Məcəllənin 72-ci maddəsinin a bəndinə əsasən xitam vermişdir. Bildirir ki, əmək müqaviləsi üzrə bütün əmək funksiyalarını və müqavilə üzrə öhdəliklərini vicdanla və dəqiq yerinə yetirmişdir. "xxxx" MMC-də işlədiyi dövrdə bir dəfə də olsun barəsində hansısa bir intizam tədbiri görülməmişdir. "xxxx" MMCdə əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin 29.12.2020-ci ıl tarixli, **********1 nömrəli cavab məktubuna əsasən bildirmişdir ki, müraciətlə əlaqədar "xxxx" MMC-nin ünvan 1 ünvana ona aid olan sənədlərin təqdim edilməsi məqsədilə **********7 nömrəli 20.08.2020-ci il tarixli məktub göndərilmiş, lakin bu günə qədər heç bir cavab verilməmişdir. Nəzərə çatdırır ki, "xxxx" MMC tərəfindən 27.06.2020-ci il tarixdə çıxarılmış 02-06/20E saylı əmrin surəti ona göndərilməmişdir. Qeyd olunanlara əsasən, "xxxx"MMC-nin qanuni təmsilçisi X3, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq 27.06.2020-ci il tarixdə çıxarılmış 02-06/20E nömrəli əmrin onun ünvanına göndərilməsi və çıxarılmış əmrin niyə ona hazırki dövrə kimi göndərilməməsi və rəsmən təqdim edilməsi barədə 22.02.2021-ci il tarixdə müraciət etmişdir. Lakin müraciəti nəticəsiz qalmışdır və "xxxx" MMC-yə nə müraciətinə cavab yazmışdır, nə də ki, 27.06.2020-ci il tarixdə çıxarılmış 02- 06/20L nömrəli əmri ona göndərməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı hüquqi yardıma görə ödənilmiş xərcin tutulması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən öz hüquqlarının müdafiəsi üçün çəkilmiş 700 manat xərc, həmçinin ödənilmiş 30 manat rüsumun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onun əsaslandırılmışdır ki, İddiaçı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən onun barəsində qəbul olunmuş əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan əsassız iddianın baxılması ilə bağlı "xxxx" MMC tərəfindən hüquqi yardımın göstərilməsi üçün “Mirzəyev və Partnyorları” vəkil bürosu ilə müqavilə bağlanmış və vəkil xidmətlərindən isitfadə edilməsi üçün 700 manat ödəniş edilmişdir. Qeyd olunan fakt öz əksini ərizəyə əlavə edilmiş ödəniş tapşırığında tapır. Bununla bağlı hesab edir ki, "xxxx" MMC tərəfindən öz hüquqlarının müdafiəsi üçün çəkilmiş xərclər İddiaçı tutularaq cavabdehə ödənilməlidir. Belə ki, əsassız iddia ərizəsi ilə bağlı çəkilən xərclər bilavasitə iddiaçının hərəkətləri nəticəsində yaranmışdır. Həmçinin qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı tərəfindən ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3563/2021 saylı 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi tələbinə dair ilkin iddiası rədd edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı hüquqi yardıma görə ödənilmiş xərcin tutulması tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq 27.06.2020-ci il tarixdə çıxarılmış 02-06/201 nömrəli əmrin onun ünvanına göndərilməmiş və çıxarılmış əmrin niyə ona hazırki dövrə kimi göndərilməmiş və rəsmən təqdim edilməsi barədə 22.02.2021-ci il tarixdə yazdığı müraciət ərizəsi yazmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə iddiaçının vəkili-nümayəndəsi Vəkil2 oğlu apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının ilkin iddia tələbinə münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" MMC-nin direktor müavininə ünvanladığı 29.05.2020-ci il tarixli ərizədən görünür ki, sonuncu öz istəyi ilə 16.06.2020-ci il tarixdən etibarən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. ******* nömrəli Əmək Kitabçasının surətindən görünür ki, İddiaçı 1002/Q saylı, 10.02.2020-ci il tarixli əmrlə "xxxx" MMC-də baş mühasibin köməkçisi vəzifəsinə işə qəbul edilmiş və 02-06/20E saylı, 27.06.2020-ci il tarixli əmrə əsasən AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə və 72-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 16.06.2020-ci il tarixdə "xxxx" MMC-də mühasib vəzifəsində işə qəbul edilmişdir. İddiaçı "xxxx" MMC-yə ünvanladığı 22.02.2021-ci il tarixli müraciət ərizəsindən görünür ki, sonuncu 27.06.2020-ci il tarixdə çıxarılmış 02- 06/20E nömrəli əmrin onun ünvanında göndərilməsini və çıxarılmış əmrin niyə ona hazırki dövrə kimi göndərilməməsi və rəsmən təqdim edilməməsi barədə yazılı məlumat verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən, nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş və müddətin bərpa edilməsi üçün hallar müəyyən edilmir. Belə olan halda birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. İddiaçı 16.06.2020-ci il tarixdə "xxxx" MMC-də mühasib vəzifəsinə işə qəbul edilərkən, əmək kitabçası özündə olmuş və əvvəlki iş yerindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olunması barədə məlumatlı idi. Buna baxmayaraq, 11 (on bir) aydan sonra əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3563/2021 saylı 04 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8534/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8534/2021
12.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver