Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8537/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İbayev Vəfaddin Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı İddiaçı, Cavadehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(005)-540/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X3 qarşı “iş stajının əmək kitabçasına daxil edilməsi, əmrin surətinin və əmək kitabçasının qaytarılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış 15 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən 15 sentyabr 2016-cı il tarixdən 25 may 2018-ci il tarixə qədər “Boğazici academy” tədris kurslarında fəaliyyət göstərdiyi iş stajının əmək kitabçasına daxil edilməklə, işdən azad olunmağa dair 25 may 2018-ci il tarixli əmrin surətinin və əmək kitabçasının iddiaçıya qaytarılması barədə cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 fərdi sahibkardır, o, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN **********). Cavabdeh fərdi sahibkar kimi “Boğazici-Academy-Bakı” adında tədris müəsissəsini təşkil etmiş, vətəndaşlarla bağlanılan müqavilələr əsasında onların övladlarına pullu tədris kursları keçirməklə məşğuldur. İddiaçı X4 cavabdeh işəgötürən ilə başlanmış əmək müqaviləsinə əsasən 15 sentyabr 2016-cı il tarixdən 25 may 2018-ci il tarixədək “Boğazici academy” tədris kursalrında müəllim vəzifəsində işləmişdir. Əmək fəaliyyətinə müqavilənin bağlandığı 15 sentyabr 2016-ci il tarxidən etibarən başlanmış, yəni həmin tarixdən faktiki işə buraxılıb fəaliyyət göstərmiş, lakin iddiaçıya məlum olmayan səbəblərdən əmək müqaviləsinin bir nüsxəsi cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmişdir. Bu zaman cavabdeh əmək kitabçasını da iddiaçıdan alaraq özündə saxlamışdır. Cavabdehə məxsus tədris müəssisəsində müəyyən müddət ərzində fəaliyyət göstərdikdən sonra iddiaçı 25 may 2018-ci il tarixdə işdən azad olunmuş, lakin işdən azad olunandan sonra cavabdeh iddiaçıya əmrin surətini verməmiş və əmək kitabçasını qaytarmamışdır. Yaxın zamanlarda iddiaçı cavabdehə müraciət edərək işdən azad olunmasına dair əmrin surətini və tədris kurslarında faktiki fəaliyyət göstərdiyi 15 sentyabr 2016-cı il tarixdən 25 may 2018-ci il tarixə qədər müddət üzrə əmək stajının əmək kitabçasına daxil etməkə, əmək kitabçasının iddiaçıya qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh heç bir səbəb göstərmədən bundan imtina etmiş, iddiaçı ilə hörmətsiz, kobud ritorikada danışmışdır. Belə olan halda, iddiaçı vəkilə müraciət edib hüquqi yardım göstərilməsini xahiş etmişdir. Vəkil sorğu ilə cavadbehə müraciət edib, imtinanın səbəbləri barədə ətraflı məlumat verməsini xahiş etmişdir. Lakin, cavabdeh bu sorğuya da cavab verməmişdir. Bundan sonra hüquqularının cavabdeh tərəfindən pozulduğunu anlayıb, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin etdiyi qanuna zidd əməlləri iddiaçıya belə düşünməyə əsas verir ki, o, vergi və sosial sığorta ödənişlərindən yayınmaq üçün iddiaçı ilə əmək müqaviləsinin bağlanması barədə müvafiq dövlət nəzərət orqanlarına məlumat verməmiş və qanunsuz əməllərinin izlərini gizlətmək üçün əmək müqaviləsinin və əmrin surətini iddiaçıya təqdim etməkdən boyun qaçırır, əmək kitabçasını isə ümumiyyətlə, qaytarmaq istəmir. Məhkəmə prosesinin gedişində İddiaçı iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbindən əlavə cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya vurduğu zərərə görə 2370 manat (iki min üç yüz yetmiş manat) məbləğində maddi ziyanın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən hüquqlarının pozulması nəticəsində iddiaçıya 2370 manat maddi ziyan vurulmuşdur. Belə ki, cavabdeh işdən azad olunmağına dair sənədləri iddiaçıya verməkdən imtina etdiyi üçün iddiaçı hamiləlikdən sonra uşağın doğulması ilə bağlı xəstəxanaya müvafiq sənədləri təqdim edə bilməmiş və nəticədə uşaq pulu ala bilməmişdir. Maddi ziyanın baş verməsi bilavasitə cavabdehin qanunsuz əməlləri ilə səbəbli əlaqədədir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(005)-540/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X5 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi üzrə 12.06.2017-ci il tarixdən 25.05.2018-ci il tarixə qədər olan iş stajı əmək kitabçasına daxil edilməklə və təsdiq edilməklə həmin əmək kitabçasının cavabdeh X5 tərəfindən İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov rayon məhkəməsi aşağıdakılara əsasən ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı ilə 1 aylıq əmək müqaviləsi bağlanmış və 1 ay sonra əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə onun arasında bağlanmış əmək müqaviləsinin və həmin müqavilənin ləğv edilməsinin üzərindən uzun illər vaxt keçmişdir. Müqavilənin ləğv edildiyi tarixin üzərindən 1 aydan daha artıq müddət keçdiyindən həmin mülki iş üzrə iddia müddəti tətbiq edilməli və iddianın rədd edilməsi barədə qərar çıxarılmalı idi. Əgər həqiqətən də, onunla iddiaçı arasında belə bir əmək münasibəti və əmək mübahisəsi olmuş olsa idi, üzərindən 5 il keçdikdən və ya 3 il keçdikdən sonra belə bir iddia qaldırmaq əvəzinə, həmin vaxt müraciət edərdi. Məhkəmə Hesab edir ki, məhkəmə işin hallarını düzgün müəyyən etməmiş və qəiymət verməmişdir. Bununla da, onun Mülki Məcəllə və MPM-də nəzərdə tutulan maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmmə kollegiyasından xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 10.03.2021-ci il tarixli **********688400 nömrəli məktubdan görünür ki, 10.03.2021-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən X1 (VÖEN **********) 07.04.2017-ci il tarixdən vergi uçotunda olması və fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 23.02.2021-ci il tarixli **********5 nömrəli məktubdan görünür ki, İddiaçı adına X5 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron-informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi məlumatı mövcuddur. İş materiallarında olan 12.06.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 12.06.2017-ci il tarixdən (işçi) İddiaçı ilə (işəgötürən) X5 arasında iş yeri kurs qeyd edilmiş və əmək müqaviləsi üzrə müəllim vəzifəsində vaxtamuzd çalışmışdır. 14.10.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 15.09.2020-ci il tarixli işçi İddiaçı ilə 132-134 nömrəli məktəb təhsil kompleksində informatika müəllimi kimi əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 12.06.2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən (işçi) İddiaçı ilə (işəgötürən) X5 arasında iş yeri kurs qeyd edilmiş və əmək müqaviləsi üzrə müəllim vəzifəsində vaxtamuzd çalışmışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cəmi bir ay sonra xitam verildiyini bildirsə də, həmin müqaviləyə əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq xitam verilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bunnula yanaşı, iddiaçı əmək fəaliyyətini 25 may 2018-ci il tarixədək, yəni onun övladı dünyaya gələnədək davam etdirdiyini bildirmişdir. İddiaçının bu müddət ərzində işləməsini iş üzrə dindirilmiş şahidlər də təsdiq etmişlər. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddia tələbi iddiaçının göstərilən müddət ərzində «Boğazici Academy» adı altında fəaliyyət göstərən kurslarda cavabdehin işçisi kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. 12.06.2017-ci il tarixdən (işçi) İddiaçı ilə (işəgötürən) X5 arasında iş yeri kurs qeyd edilmiş əmək müqaviləsi üzrə müəllim vəzifəsində vaxtamuzd çalışmasını təsdiq edən əmək müqaviləsi bildirişinin mövcudluğu əmək kitabçasına məhz bu tarixdən iddiaçının işləməyinin daxil edilməsini zəruri edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddət işçinin öz hüquqlarının pozulmasını bildiyi gündən hesablanır ki, həmin bu pozuntunu bildiyi gün ona əmək kitabçasının verilməsi ilə şərtləndirilmişdir. İddiaçı isə tələblərindən biri kimi, məhz əmək kitabçasının cavabdeh tərəfindən ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə əmək kitabçasının onun tərəfindən iddiaçıya verilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası izah edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(005)-540/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8537/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8537/2021
02.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver