Məhkəmə qərarları › İş №2(103)-854/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-854/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-854/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Açar sözlər:( müqavilədən irəli gələn öhdəliyin icrası, behin iki mislinin ödənilməsi, sübutetmə yükü, miras passivindən kreditorun borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e-2(011)-769/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı (bundan sonra – iddiaçı) ilə Əhmədov Bala-Əmi Firdavus oğlu arasında xx.xx.2016-cı il tarixdə notarial qaydada saziş bağlanmışdır. 2.Sazişin 1-ci bəndinə görə tərəflər arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin dəyəri 100000 manat qiymətləndirilmişdir. İddiaçı həmin əmlaka görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən varislik hüququ ilə Əhmədov Bala-Əmi Firdavus oğluna həmin ev və torpaq sahəsinə aid 38500 manat məbləği xx.xx.2015-ci il tarixdə nəğd şəkildə ödəyib. Yerdə qalan 61500 manat isə alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən iddiaçı qarşı tərəfə ödəməyi öz öhdəsinə götürür. 3.Sazişin 2-ci bəndinə görə, sənədləri tam hazır etdikdən sonra Əhmədov Bala-Əmi Firdavus oğlu notariat kontorunda alğı-satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürür. 4.Sazişin predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi "xxxx" KB ASC-nin, X3 və Əhmədov Bala-Əmi Firdavus oğlunun adında paylı mülkiyyətdədir. Əhmədov Bala-Əmi Firdavus oğlunun adına olan hissə 2 otaq (y/s-32,3 kv metr, k/s-12,0 kv metr) olmaqla xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. 5.Əhmədov Bala-Əmi Firdavus oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür. 6.Cavabdeh (bundan sonra – cavabdeh) Əhmədov Bala-Əmi Firdavus oğlunun həyat yoldaşıdır, xx.xx.1972-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. 7.Bala-Əmi Firdavus oğlunun adına vərəsəlik işi açılmamışdır. Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı Cavabdeh qarşı İddiaçı ilə cavabdehin mərhum həyat yoldaşı Əhmədov Bala-əmi Firdavus oğlu arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 7 saylı Notariat kontrounda bağlanmış Saziş üzrə beh şəklində verilmiş 38.500 manat pul məbləğinin iki mislini təşkil edən 77.000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavadehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edtmişdir. 9.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sazişin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, Əhmədov Bala-Əmi Firdavus oğlu sənədləri tam hazır etməmiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Əhmədov Bala- Əmi Firdavus oğlu vəfat etmiş və müqavilə icrasız qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçının adından cavabdehə pretenziya məktubu göndərilərək, onun mərhum əri Əhmədov Bala- Əmi Firdavus oğlunun hüqüqi varisi və qanun üzrə vərəsəsi olmasını nəzərə alaraq, Əhmədov Bala-Əmi Firdavus oğlunun üzərinə götürdüyü öhdəlikləri 20 gün müddətində icra etməsini xahiş etmişdir. Pretenziya məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən imtina etmişdir. Nəticədə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 10.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 mart 2023-cü il tarixli, e- 2(011)-769/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən-Əminə Abbasova) iddia rədd edilmişdir.

11. Məhkəmə, iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı saziş üzrə ödədiyi məbləğin beh şəklində ödənildiyini iddia etsə də, nə müqavilənin məzmunundan, nə də müqavilə üzrə tərəflərin üzərinə götürdükləri öhdəliklərdən həmin məbləğin beh olaraq ödənildiyi müəyyən edilmir.

12. Müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə rəsmiləşdirilən saziş üzrə ödənilən 38500 manat məbləğində pul vəsaiti avans olaraq ödənildiyindən, iddiaçı həmin məbləğin iki mislini tələb etməkdə haqlı deyildir. Digər tərəfdən, mülki iş üzrə Cavabdeh mərhum Əhmədov Bala-Əmi Firdavus oğlunun vərəsəsi olaraq miras əmlakı qəbul etdiyi sübuta yetirilmədiyinə görə iddia təmin edilə bilməz. 13.Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1, 491.2, 491.3, 1145, 1151.1, 1159.1.1, 1243, 1306.1 və 1306.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.1 və 217.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat 14.İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 15.Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Əhmədov Bala-Əmi Firdavus oğlu ilə ər-arvad olduqlarından və verilmiş beh məbləği onların ailə büdcəsinə daxil olduğundan, qanunla cavabdeh həm vərəsə, həmçinin də faktiki olaraq birgə borclu hesab edilirlər. Həmçinin mərhum Əhmədov Bala-Əmi Firdavus oğlu və onun arvadı - iş üzrə Cavabdeh bir ünvanda qeydiyyatda olmaqla birgə yaşadıqlarından və cavabdeh mərhum ərindən qalan əmlakları faktiki olaraq qəbul etdiyindən, həmçinin o qanun üzrə vərəsə olduğundan, iş üzrə birbaşa cavabdehlik daşıyır. 16.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 20 iyun tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə, iş N 2(103)-3895/2023) qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. 17.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində göstərilən hallar hazırki işə aid olmayan hallar olmuşdur, başqa sözlə, məhkəmə hazırki işə aid olmayan hallara əsaslanmışdır. Məhkəmə qətnaməsində hazırki iddia tələbinin predmetinə aid olmayan hallarla əsaslandırması prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. 18.Apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi ilə bağlı mövqeyini birinci instansiya məhkəməsinin mövqeyi ilə eyni məzmunda əsaslandırmış, hesab etmişdir ki, Cavabdeh mərhum əri Bala-Əmi Əhmədovdan qalmış mirası qəbul etməsi, verilmiş vəsaitin cavabdehlə mərhumun ailə büdcəsi olması sübuta yetirilmədiyinə görə iddia rədd edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

20.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. 21.Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmış və qeyd etmişdir ki, cavabdeh Əhmədov Bala-Əmi Firdavus oğlu ilə ər-arvad olduqlarından və verilmiş beh məbləği onların ailə büdcəsinə daxil olduğundan, qanunla cavabdeh həm vərəsə, həmçinin də faktiki olaraq birgə borclu hesab edilirlər. O, tərəflərin ər-arvad olmasına və müqavilə bağlandığı zaman birgə nikahda olmalarına dair sübutu birinci instansiya məhkəməsinə təqdim etmişdir. Hesab edir ki, alınmış vəsaitin də ailə büdcəsinə sərf edilməsinin sübuta yetirilməsinə heç bir ehtiyac yaranmır. Götürülmüş vəsait də birgə nikah dövründə götürüldüyündən, cavabdehin əri ilə birgə məsuliyyət daşıması da qanunla müəyyən edilir. Həmçinin cavabdehlə əri eyni ünvanda qeydiyyatda olmaqla birgə yaşadıqlarından və cavabdeh mərhum ərindən qalan əmlakları faktiki yiyələnməklə qəbul etdiyindən və qanun üzrə vərəsə olduğundan, iş üzrə birbaşa cavabdehlik daşıyır. 22.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4011/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 3895/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. 23.Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə ölmüş əri Əhmədov Bala-Əmi Firdavus oğlundan qalmış mirasın qəbulu ilə bağlı iddiaçı tərəfin təqdim etdiyi sübutlara tam, hərtərəfli baxmamış, zəruri əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməmiş, apellyasiya məhkəməsi ümumiyyətlə tərəflrin iştirakı olmadan işə baxmışdır. 24.İşdən görünür ki, iddiaçının satın almaq üçün əvvəlcədən pul ödədiyi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin üçdə bir hissəsi 16 sentyabr 2017-ci il tarixdə miras qoyan Bala-əmi Əhmədovun adına dövlət qeydiyyatına alınmışdır. Evin həyətyanı torpaq sahəsi isə dövlət mülkiyyətindədir. 25.Cavabdeh Bakı şəhəri, Zığ qəsəbəsi, Zığ yolu küçəsi-23B\6 ünvanda qeydiyyatdadır, lakin onun adına həmin ünvana poçtla göndərilmiş məhkəmə sənədləri cavabdehin həmin ünvanda yaşamaması və evdə olmaması əsasları ilə geri qaytarılmışdır. 26.Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri xidmətinin 09 sentyabr 2023-cü il tarixli məktubuna görə isə cavabdehin ərindən qalımş mirası qəbul etməsi, müvafiq olaraq mirasdan imtina etməsi müəyyən edilməmişdir. 27.İddiaçı tərəf cavabdehin ərindən qalmış mirası faktiki qəbul etdiyini, miras qoyanın mülkiyyətində olmuş Mərdəkan qəs, Yesenin küçəsi, ev 96 ünvanında yerləşən fərdi yaşayış evində yaşadığını göstərmiş, lakin cavabdeh tərəf bu məsələ ilə bağlı hər hansı etiraz etməmiş, məhkəməyə iddiaya etiraz göndərməmişdir. 28.Nəhayət apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin üçdə bir hissəsi 16 sentyabr 2017-ci il tarixdə miras qoyan Bala-əmi Əhmədovun adına dövlət qeydiyyatına alınmışdır, həmin əmlak ikidə bir hissəsi cavabdehin mülkiyyətidir, fiziki bölgü aparılmamışdır, cavabdehin yaşayış evinin özünə məxsus hissəsinə sahiblik və istifadə etməsi digər hissə üzrə eyni hərəkətləri həyata keirmədən mümkün deyildir. 29.İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

Məhkəmə icraatı iştirakçılarının izahatları

30.İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili X7 elektron kabinet vasitəsi ilə vəsatət təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh tərəf gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 31.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 32.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 33.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 34.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 35.Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 36.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 37.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 38.Maddə 491.1.Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 39.Maddə 491.2.Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 40.Maddə 491.3.Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 41.Maddə 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 42.Maddə 1151.1.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 43.Maddə 1159.1.Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 44.Maddə 1243.1.Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 45.Maddə 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 46.Maddə 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 47.Maddə 1306.1.Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 48.1306.2.Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsi: 49.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 50.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 51.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 52.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.. 53.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 54.Maddə 420.Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

55.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 56.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

57.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 58.Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən edilir ki, xx.xx.2016-cı il tarixli Sazişlə İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə görə Əhmədov Bala-Əmi Firdavus oğluna Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən varislik hüququ ilə Əhmədov Bala-Əmi Firdavus oğluna ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə 38500 manat (otuz səkkiz min beş yüz) pul məbləği xx.xx.2015-ci il tarixdə nəğd şəkildə ödəyib, yerdə qalan 61500 manat isə alğı-satqı müqaviləsi rəsmiləşdirilən zaman İddiaçı Əhmədov Bala-Əmi Firdavus oğluna ödəməyi öhdəsinə götürmüşdür. 59.İddiaçı qeyd olunan sazişə istinad etməklə qeyd edir ki, beh olaraq xx.xx.2015-ci il tarixində nəğd şəkildə ödəmiş, yerdə qalan 61.500 manatı isə alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən İddiaçı Əhmədov Bala-əmi Firdavus oğluna ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında sazişin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, Əhmədov Bala-əmi Firdavus oğlu sənədləri tam hazır etməmiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Sonradan isə İddiaçı məlum olmuşdur ki, Əhmədov Bala-əmi Firdavus oğlu vəfat etmiş və müqavilə icrasız qalmışdır. 60.İddiaçı Əhmədov Bala-əmi Firdavus oğlu ilə aralarında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 7 saylı Notariat kontorunda bağlanmış saziş üzrə verilmiş 38500 manat ödənişi beh kimi qiymətləndirmiş və həmin məbləğin iki mislini təşkil edən 77.000 manat pul vəsaitinin cavabdehdən tutulmasını iddia etmişdir. 61.İddianı rədd edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə rəsmiləşdirilən saziş üzrə ödənilən 38500 manat məbləğində pul vəsaiti avans olaraq ödənildiyindən, iddiaçı həmin məbləğin iki mislini tələb etməkdə haqlı deyildir. Digər tərəfdən, mülki iş üzrə Cavabdeh mərhum Əhmədov Bala-Əmi Firdavus oğlunun vərəsəsi olaraq miras əmlakı qəbul etdiyi sübuta yetirilmədiyinə görə iddia təmin edilə bilməz. 62.Həmçinin kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, Cavabdeh Bakı şəhəri, Zığ qəsəbəsi, Zığ yolu küçəsi-23B/6 ünvanda qeydiyyatdadır, lakin onun adına həmin ünvana poçtla göndərilmiş məhkəmə sənədləri cavabdehin həmin ünvanda yaşamaması və evdə olmaması əsasları ilə geri qaytarılmışdır. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri xidmətinin 09 sentyabr 2023-cü il tarixli məktubuna görə isə cavabdehin ərindən qalımş mirası qəbul etməsi, müvafiq olaraq mirasdan imtina etməsi müəyyən edilməmişdir. İddiaçı tərəf cavabdehin ərindən qalmış mirası faktiki qəbul etdiyini, miras qoyanın mülkiyyətində olmuş Mərdəkan qəs, Yesenin küçəsi, ev 96 ünvanında yerləşən fərdi yaşayış evində yaşadığını göstərmiş, lakin cavabdeh tərəf bu məsələ ilə bağlı hər hansı etiraz etməmiş, məhkəməyə iddiaya etiraz göndərməmişdir. Həmçinin nəzərə alınmamışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin üçdə bir hissəsi 16 sentyabr 2017-ci il tarixdə miras qoyan Bala-əmi Əhmədovun adına dövlət qeydiyyatına alınmışdır, həmin əmlak ikidə bir hissəsi cavabdehin mülkiyyətidir, fiziki bölgü aparılmamışdır, cavabdehin yaşayış evinin özünə məxsus hissəsinə sahiblik və istifadə etməsi digər hissə üzrə eyni hərəkətləri həyata keirmədən mümkün deyildir. 63.Kollegiya qeyd edir ki, MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 64.Kollegiya hesab edir ki, məhkəmə tərəfindən qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. 65.Kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq, işin tam və hərtərəfli araşdırmasını həyata keçirmişdir. 66.Belə ki, kollegiyanın sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-8415/2024 nörməli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu, ev 23B, 6 saylı mənzil ilkin olaraq xx.xx.2011-ci il tarixdə Əhmədov Bala-Əmi Firdavuz oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 67.Həmçinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 96 saylı evin 2 otaq (y/s-32,3 kv.m, k/s-12,0 kv.m) xx.xx.2017-ci il tarixdən Əhmədov Bala-Əmi Firdavuz oğlunun adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 68.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Cavabdeh mərhum əri Əhmədov Bala-Əmi Firdavuz oğlunun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu, ev 23B, 6 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Mübahisələndirilən Sazişin predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 2 otaq (y/s-32,3 kv.m, k/s-12,0 kv.m) hissəsi 16 sentyabr 2017-ci il tarixdən miras qoyan Bala-əmi Əhmədovun adına dövlət qeydiyyatına alınışdır. Cavabdeh mərhum ərindən miras qalmış əmlakların qəbul edilməsi üçün notariat kontoruna rəsmi qaydada müraciət etməsədə, o, MM-nin 1243.2 və 1243.3-cü maddələrinə əsasən mirası faktiki olaraq qəbul etmişdir. Buna görə də, o, miras qoyanın kreditoru olan iddiaçı qarşısında mirasdan aldığı paya mütənasib məsuliyyət daşıyır. 69.Cavabdehin miras əmlakdan aldığı payın dəyərinin müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, № 02-130/24 saylı qimətləndirmə rəyi alınmışdır. Qeyd olunan rəyə əsasən: 1.Aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 96 saylı evin paylı mülkiyyət hüququ əsasında X1 adına qeydə alınmış 2 otağın (y/s-32,3 kv.m., ks-12,0 kv.m) 30 oktyabr 2024-cü il tarixinə bazar dəyəri 123000 (bir yüz iyirmi üç min) manat təşkil edir.

2. Aparılmış hesablamalar və təhlillərə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu, ev 23B, 6 saylı mənzilin 30 oktyabr 2024-cü il tarixinə bazar dəyəri 106000 (bir yüz altı min) manat təşkil edir. 70.Məhkəmə kollegiyası müqavilə üzrə verilən 38500 manat ödənişin beh kimi qiymətləndirilməsi ilə bağlı iddiaçının mövqeyini əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 71.Mübahisə predmeti olan Sazişdə isə həmin məbləğin beh olaraq ödənilməsi barədə hər hansı bir qeyd olmamış, həmçinin tərəflərin bu barədə hər hansı öhdəlik götürməsi barədə sazişdə bənd mövcud deyildir. 72.Mülki Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 73.Kollegiya qeyd edir ki, avans-müqavilə üzrə görüləcək iş və ya təklif olunacaq mal üçün öncədən verilən məbləğdir və müqavilə pozulduqda geri qaytarıla bilər. 74.İstinad olunan normanın məzmunundan göründüyü kimi əgər ödənilən məbləğin beh olduğu sübuta yetirilə bilməzsə və ya müəyyən edilmiş formal qaydalara əməl edilməzsə, bu məbləğ avtomatik olaraq avans hesab olunur. 75.Hazırkı işdə isə beh müqaviləsinin forması ilə bağlı Mülki Məcəllənin 491.2-ci maddəsinin tələblərinə əməl edilmədəyindən, ödənilən 38500 manat Saziş üzrə əmlakın dəyəri olan 100000 manatın bir hissəsini təşkil etməklə, yerdə qalan 61500 manatın alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən ödənilməsi nəzərdə tutulduğundan, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş 38500 manat ödəniş avans kimi qiymətləndirilməli və yuxarıda qeyd olunanlara əsasən Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. 76.Kollegiya həmçinin qeyd edir ki, cavabdeh miras əmlaklardan 38500 manatdan artıq məbləğdə pay əldə etmişdir. 77.Beləliklə qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 38500 manat məbləğində pul tutulmalıdır. 78.İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 321 manat məbldəğində dövlət rüsumu ödəmişdir. Kollegiya hesab edir ki, iddiaçının iddiası qismən təmin olunduğundan, təmin edilmiş tələbə mütənasib olan 160,5 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 79.Həmçinin, iş üzrə qiymətləndirmə rəyinin alınmasına görə mütəxəssisə ödənilməli olan 600 (altı yüz) manatın 300 (üç yüz) manatı İddiaçı, 300 (üç yüz) manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. 80.İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın 75 (yetmiş beş) manatı İddiaçı, 75 (yetmiş beş) Cavabdeh alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 81.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(011)-769/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 38500 (otuz səkkiz min beş yüz) manat və 160,5 (yüz altmış manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi, cəmi 38660,5 (otuz səkkiz min altı yüz altmış manat əlli qəpik) manat pul tutulsun. İş üzrə qiymətləndirmə rəyinin alınmasına görə mütəxəssisə ödənilməli olan 600 (altı yüz) manatın 300 (üç yüz) manatı İddiaçı, 300 (üç yüz) manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına keçirilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın 75 (yetmiş beş) manatı İddiaçı, 75 (yetmiş beş) Cavabdeh alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar