Məhkəmə qərarları › İş №2(103)-8544/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8544/2021

01.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8544/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Şirinova Xədicə Seyfəddin qızının, Cavabdeh Qədirova (Məmmədova) Elnarə İlya qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-450/2021 saylı 23 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh Qədirova (Məmmədova) Elnarə İlya qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Qədirova Elnarə İlya qızına qarşı mənzilin bölünməsi, köçürülmə və istifadə qaydalarının müəyyən olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2006-cı ildə anası Qədirova Nazilə Hacımurad qızı Hovsan qəsəbəsində torpaq almışdır. Bundan sonra iddiaçı anasının da köməkliyi və öz vəsaiti ilə həmin ərazidə ev tikərək ailə üzvləri ilə yaşamışdır. 2019-cu ildə Qədirova Elnarə İlya qızı ilə nikah münasibətlərinə məhkəmə qaydasında xitam verilmişdir. E.İ.Qədirova həmin evdə yaşamağa davam etmişdir. Evdə daim söz-söhbət, mübahisə düşür, keçmiş həyat yoldaşı dözülməz davranış nümayiş etdirir və gərgin vəziyyət yaranırdı. Azyaşlı övladları mövcud vəziyyətdən psixoloji sarsıntı keçirməsin deyə iddiaçı boşanma dövründə bir müddət evi tərk etməli olmuşdur. Boşanma prosesi bitdikdən sonra iddiaçı qanuni sahibi olduğu evinə gələrək orada razılaşdırılmış qaydada və şərtlərlə yaşamağa davam etmək istəmişdir. Lakin cavabdeh iddiaçının şəxsi vəsaiti hesabına tikdiyi evə buraxmadı və böyük səs küy yaradaraq küçə sözləri ilə iddiaçını təhqir etdi. Qeyd olunduğu ünvanda şəxsi vəsaiti hesabına tikdiyi mənzilinin Qədirova Elnarə İlya qızı ilə aralarında bölünməsi, iddiaçının həmin mənzilə köçürülməsini və istifadə qaydalarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-450/2021 saylı 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 57 saylı özbaşına tikili olan evə köçürülməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdeh Qədirova Elnarə İlya qızından tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Qədirova (Məmmədova) Elnarə İlya qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qeyriobyektivdir. O, məhkəmə iclası ilə bağlı məlumatlandırılmamışdır. 29 sentyabr 2020-ci il tarixdə iddiaçının iddiası baxılmamış saxlanılmışdır. 23 fevral 2021-ci il tarixli məhkəmə iclası barədə ona məlumat verilməmişdir. Bundan əvvəlki, bütün məhkəmə iclaslarıdan onun ünvanına bildiriş gəlsə də, sonuncu məhkəmə iclasında onun ünvanına bildiriş göndərilməmişdir. Sonuncu bildiriş ünvan 1 18-ə göndərilmişdir və həmin ərəfədə qardaşı oğlunun hüzur mərasimi olduğundan iddiaçı bundan istifadə etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Şirinova Xədicə Seyfəddin qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Qədirova (Məmmədova) Elnarə İlya qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-450/2021 saylı 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh Qədirova Elnarə İlya qızına qarşı mənzilin bölünməsi, mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə 10 mart 2020-ci il tarixdi müraciət etmiş, Suraxanı rayon Məhkəməsinin 2(010)-2132/2020 saylı 29 sentyabr 2020-ci il tarixli qərardadı ilə yuxarda qeyd olunan iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı cavabdeh Qədirova Elnarə İlya qızına qraşı mənzilin bölünməsi, mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə yenidən 16 oktyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Suraxanı rayon məhkəməsinin 23 fevral 2021-ci il tarixli məhkəmə iclasının protokoluna əsasən həmin tarixli qərardadı ilə 2 (010) 2132/2020 saylı mülki işin materialları – tərəflərin təqdim etdiyi sənədlər – hazırki mülki işə əlavə edilmişdir. İşin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxan rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən 31 oktyabr 2019-cu il tarixli 71 saylı məktuba əsasən Hövsan qəsəbə nümayəndəliyinin Hövsan Bələdiyyəsinə göndərdiyi 12.06.2019-cu il tarixdə 1622 saylı Qədirova Nazilə Hacımurad qızının adına arayış etibarsız sayıldığı üçün həmin arayış ləğv edilməlidir. Nümayəndəlik Hövsan qəsəbəsi Məktəb küçəsində 250 kv m torpaq sahəsində tikilmiş 100 kv m ev vətəndaş Qədirova Elnarə İlya qızının keçmiş həyat yoldaşı İddiaçı ilə birgə yaşadığı vaxtda tikildiyi üçün və torpağın etibarnaməsi keçmiş həyat yoldaşı İddiaçı nəzərə alaraq torpaq sahəsini və evi İddiaçı adına bərpa edilməsini xahiş etmişdir. İşin materiallarına əlavə edilmiş Suraxanı Rayon bələdiyyəsinin 31 oktyabr 2019-cu il tarixli 01/83 saylı məktuba əsasən Hövsan Bələdiyyəsi Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 71 saylı 31.10.2019-cu il tarixli məktubuna əsasən cavab olaraq bildirilmişdir ki, vətəndaş Qədirova Nazilə Hacımurad qızına verdiyi 1622 saylı 12.06.2019-cu il tarixli arayış ləğv edilmişdir. İşin materiallarına əlavə edilmiş əhalidən vergilərin qəbulu üçün 16.09.2013-cü il tarixli 070666 saylı qəbzə əsasən İddiaçı 2011-2012-2013-cü illər üçün cəmi 58 manat 80 qəpik ödəmişdir. İşin materiallarına əlavə edilmiş əhalidən vergilərin qəbulu üçün 25.04.2011-ci il tarixli 045958 saylı qəbzə əsasən İddiaçı 2006-2010-ci illər üçün cəmi 43 manat ödəmişdir. Mülki işin materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında AKX-0215084/02-2020 saylı, 24.02.2020-ci il tarixli qazın alqı-satqısı barədə müqaviləsinə əsasən paylayıcı “Azəriqaz” İB ilə Qədirova Elnarə İlya qızı arasında ünvan 2 ünvanı qazla təchiz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin isə ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçını evdən çıxarması qanunsuzdur. Çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda cavabdehin istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. Məhkəmə araşdırması zamanı mübahisə predmeti olan həmin tikiliyə dair tərəflərin adına heç bir hüquqi sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi, həmçinin evin İddiaçı və Qədirova Elnarə İlya qızının birgə nikah dövründə həmçinin iddiaçının pul vəsaiti daxil olmaqla tikilməsi mübahisəsiz hal olaraq müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla cavabdeh (və faktiki ailəsi) mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o bu evə köçürülməlidir. Buqdan əlavə “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli, 352 saylı Fərmanı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. ... mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır . ... şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümid etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, qeyd edildiyi kimi, adekvat tədbirlərin görülməməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi. ... Xülasə, Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55) Qeyd olunan qərarın məzmunundan görünür ki, həmin iş üzrə hətta dövlət orqanlarının məlumatı olduğu halda qeyri – qanuni olaraq torpaq sahəsində yaşaması, ev inşa etməsi, yerləşdirdiyi ev əşyalarının ona məxsus olması, icarə haqqı ödəmədən belə öz qohumlarını orada yerləşdirə bilməsinə “mülkiyyət” anlayışı kimi qiymət verilir. Lakin hal – hazırkı mülki iş üzrə iddiaçı rəsmi vergi ödəyicisi kimi qeydə alınmışdır, bələdiyyəyə bütün vergiləri ödəyir və bələdiyyənin rəsmi məktubunda mübahisə predmeti olan yaşayış sahəsinin ona məxsus olduğu qeyd edilir. Belə ki, İddiaçı 2(010)-2132/2020 saylı mülki iş üzrə keçirilmiş 07 avqust 2020-ci il tarixli məhkəmə iclasında iştirak edərkən, iddia ərizəsində göstərdiklərini müdafiə edərək, həmçinin bildirmişdir ki, boşanma prosesi bitdikdən sonra qanuni sahibi olduğu evinə gələrək, orada razılaşdırılmış qaydada və şərtlərlə yaşamağa davam etmək istəmişdir. Lakin cavabdeh iddiaçının şəxsi vəsaiti hesabına tikdiyi evə buraxmadı və böyük səs-küy yaradaraq küçə sözləri ilə iddiaçını təhqir etdi. İddiaçı hazırda evinə gedə bilmir, çünki cavabdeh açarları dəyişmişdir. İddiaçı ora gedən kimi polisi çağıraraq, oğru kimi bildirir. Hazırda anası və ailəsi yaşayır. Uşaqlar yoxdur. 2006-cı ilin dekabrında nikaha daxil olmuşlar. Bütün kommunal anamın adınadır. 1,6-2 il olar ki, evdən çıxmışdır. Evdən çıxarkən, pencəyini götürüb, çıxmışdır. Hər dəfə cavabdeh iddiaçıya şər atır. Paltarları evin zirzəmisinə atılmışdır. Boşandıqdan 2-3 ay sonra çıxıb, anasıgilə getmişdir. Lazım olduqca, gəlib paltarlarını götürmüşdür. Həmçinin cavabdeh Qədirova Elnarə İlya qızı 2(010)-2132/2020 saylı mülki iş üzrə keçirilmiş 07 avqust 2020-ci il tarixli məhkəmə iclasında iştirak edərkən və həmçinin apellyasiya icraatı zamanı vermiş olduğu izahatında, iddianın qəbul edilməməsini bildirərək, evliliyindən bir neçə ay sonra torpaq alınmaqla, mübahisəli ev tikilmişdir. İddiaçının qardaşı 4.000 manat kömək etmiş, lakin sonra öz pulunu dərhal istədi və pul ona qaytarılmışdır. Mübahisəli evi cavabdehin evini sataraq tikmişlər. Hal-hazırda iddiaçı Mehmandarov 8, mənzil 42 ünvanında - anasının evində qalır. İddiaçı 5 ildir əlaqədə olduğu qadınla evlənib və anası ilə birlikdə anasının evində qalırlar. Kommunallardan biri bir neçə aydır ki, cavabdehin adınadır. Əvvəllər iddiaçının adına idi, sonra iddiaçının anasının adına keçirtdilər. Uşaqlarını atasından qoruyur. İddiaçı alimenti vaxtı-vaxtında aliment ödəmir. Uşaqların yanında evdə çılpaq gəzir. Sənədlə əlaqədar, İcra hakimiyyətinə, bələdiyyəyə müraciət etmişdir və uşaqları ilə birgə orada qeydiyyata alınmışlar. Ev birgə nikah dövründə tikilmişdir. Ev iddiaçının pulu və cavabdehin qızıllarının satışından əldə olunan pulla tikilmişdir. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı mübahisə predmeti olan mənzil üzərində yalnız istifadə hüququ mövcud deyildir, həm də o, tərəflərin izahatına görə həmin evin birgə nikah dövründə tikilməsi mübahisəsiz hal olduğuna görə gələcəkdə mənzilin özəlləşdirilməsindən mülkiyyət hüququ əldə etmək barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmadığını bildirsə də, iş materialları ilə bu hal təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-450/2021 saylı 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Qədirova (Məmmədova) Elnarə İlya qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-450/2021 saylı 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar