Məhkəmə qərarları › İş №2(103)-8548/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8548/2021

21.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8548/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehlər Cavabdeh1 və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi» tələbinə dair 2(008)-501/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına söküntü işi apararaq, Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,135 ha torpaq sahəsinin zəbt edilmiş 0.035 ha sahəsinin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,135 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli, 04.10.2013-cü il qeydiyyat tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən onun sahibliyində və istifadəsindədir. Lakin buna baxmayaraq cavabdeh X4 heç bir hüquqi əsası olmadan onun qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsini zəbt edib orada tikinti işləri aparmışdır. O, dəfələrlə Qafqaz Abuyevdən həmin torpaq sahəsini boşaltmasını tələb etsə də, cavabdeh həmin torpaq sahəsini boşaltmaqdan imtina etmiş və həmin torpaq sahəsini bir qrup şəxsdən aldığını bildirmişdir. Məsələ ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət etmişdir. 12-ci Polis Şöbəsində məsələ araşdırılmış və Abuyev Qafqazın əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdehlər həmin torpaq sahəsinə dair guya ki çıxarışlarının olduğunu, torpaq sahəsinin sahibi və istifadəçisinin özləri olduğunu bildirmişlər. Lakin qeyd olunan fikirlər tamamilə əsassız və qanunsuzdur. Çünki çıxarışda göstərilən ərazi sözügedən torpağı deyil, başqa yeri ehtiva edir. Digər tərəfdən bir qrup şəxslər onun 0,135 ha ərazisini saxta sənədlər və ya həmin əraziyə aid olmayan çıxarışla başqa şəxslərə, o cümlədən cavabdehə satmışlar. 13,5 sotluq torpağın 10 sotu onun səyi nəticəsində həmin əmlaka qanunsuz sahiblik edən şəxslərdən geri alınmışdır. Hazırki mübahisə 3,5 sotluq torpağa görədir. Hesab edir ki, cavabdehlər öz hesablarına həmin torpaqdakı tikilini də sökərək, oranı tərk etməlidirlər. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı istifadəsinə verilmiş Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,135 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa olunmuş özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin boşaldılaraq, iddiaçıya verilməsi, iş üzrə aparılmış tədqiqatın dəyəri olan 95 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq aidiyyatı hesaba köçürülməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, boşaldılması tələb olunan torpaq sahəsi uzun zamandır ki, cavabdehlərin istifadəsindədir, onlar xərc çəkərək həmin sahədə özlərinə fərdi yaşayış evi tikmişlər. İddiaçı bu vaxta qədər həmin torpaq sahəsi ilə maraqlanmayıb, torpağın mülkiyyətçisi olduğunu bildirməyib. Apellyasiya baxışı zamanı cavabdehlər hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı iddiaçı və onun vəkili hər biri ayrı-ayrılıqda şikayəti qəbul etməyərək onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın təmin edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,135 ha torpaq sahəsi 04.10.2013-cü ildə İddiaçı qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmışdır. Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin 15.07.2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ilə Cavabdeh1 əməlində cinayət tərkibi olmadığına görə barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddia edilən və naturada göstərilən torpaq sahəsi **********67 Reyestr nömrəli çıxarışla İddiaçı icarəsinə verilmiş 0,135 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsində tikili mövcuddur. Həmin tikliyə aid hər hansı bir hüquqi və texniki sənəd təqdim edilmədiyindən tikilinin qanunu və ya qanunsuz olmasını müəyyən etmək mümkün olmamışdır. Həmin rəyə əlavə edilmiş «mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərclərinin smetası»na əsasən, aparılmış tədqiqat nəticəsində çəkilən xərclərin dəyəri cəmi 95 manat təşkil etmişdir. Yuxarıda qeyd olunan sənədlərin birinci instansiya məhkəməsində tədqiqi zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,135 ha torpaq sahəsi İddiaçı icarəsinə verilmiş və onun qanuni istifadəsində olan daşınmaz əmlak kimi dövlət reyesrində qeydiyyatdan keçmişdir. İddiaçının istifadəsində olan həmin torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş və orada qanunsuz tikinti işləri aparılaraq, özbaşına tikili inşa edilmişdir. Qeyd edilən hallar iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş mütəxəssis rəyi, eləcə də cavabdeh tərəfin etiraf xarakterli izahatları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Rspublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rspublikasının Konstitusiyasının 29.2-ci maddəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə əsasən Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinəəsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1, 158.1.2, 158.2-ci maddələrində göstərilir ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, mübahisəli torpaq sahəsində cavabdehlər tərəfindən inşa edlmiş tikilinin qanunsuz olduğunun müəyyən edilməsi nəzərə alınaraq, İddiaçı sahiblik və istifadə hüququna edilən müdaxilə qanuni xarakter daşımadığından və bu hal iddiaçının həmin hüququnu pozduğundan iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı təmin etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(008)- 501/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar