Məhkəmə qərarları › İş №2(103)-855/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-855/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-855/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5203/2022 saylı 25 oktyabr 2022ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, o, İddiaçı 9000 manat borc pul aldığını, maddi vəziyyətinin çətinli və sonradan sağlamlığında yaranmış ciddi problemlər səbəbindən qaytara bilmədiyini qeyd etmiş, həmin vəsaiti bu ilin avqust ayına qədər hissə-hissə qaytaracağını öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manat pulun, gecikdirilmiş müddət üzrə illik bank faizinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110 manat pulun tutularaq iddiaçı Bağırov Hacıbaba Səbzəli oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, qonşu kimi tanıdığın cavabdeh 10 yanvar 2021-ci il tarixdə ona şərikli mağaza açmağı təklif etmişdir. O da razılaşmışdır. Bu ərəfədə cavabdeh ondan 1 həftə müddətinə 9000 manat pul istəmiş, işdən asılı olmayaraq pulu qaytaracağını bildirmişdir. Lakin daha sonra onunla mağazaya şərik olmamış, ver pulu qaytarmamışdır. Bundan sonra o dəfələrlə zəng vuraraq pulunu tələb etmiş, lakin hər dəfə müxtəlif bəhanələrlə onu aldadaraq pulunu verməmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehlər görüşərək, yenə pulunun qaytarılmasını tələb etmişdir.Bu dəfə cavabdeh iltizam yazaraq qeyd etmişdir ki, bu ilin avqust ayının sonuna kimi pulu qaytaracaq. Lakin yenə onu aldadaraq bu günə kimi pulunu qaytarmamışdır. Bu səbəbdən də həmin pulun cavabdehdən alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5203/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 9000 (doqquz min) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110 (bir yüz on) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2, 337.1, 337.4, 337.5, 449-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə 21 sentyabr 2022-ci il tarixdə daxil olan iddia ərizəsinə cəmi bir ay dörd gün ərzində baxılıb qətnamə qəbul edilmişdir ki, burda obyektiv məhkəmə araşdırmasından söhbət gedə bilməz. İddiaçı məhkəməyə təqdim etdiyi qəbzdə göstərilmişdir ki, “9000 manat borc pul” xx.xx.2021-ci il tarixədək qaytarılacaq. İddia ərizəində isə göstərilmişdir ki, birgə iş qurulacaq, şərikli mağaza açılacaqdır. Həqiqətən də iddiaçı həmin 9000 manat pulu mağaza təmiri, mağaza üçün avadanlıq və.s xərclər üçün cavabdehə vermişdir, daha sonra cavabdehi şəriklikdən çıxarmaq fikrinə düşəndə həmin pulu guya borc kimi verdiyinə görə cavabdehdən qəbz istəmişdir ki, mağaza işə düşəndə həmin 9000 manatın nə miqdarda xərclənməsi tərəflər müəyyənləşdiriləcəkdir. Əgər həmin 9000 manat pul həqiqətən borc kimi verilirdisə cavabdeh borc müqaviləsi bağlamaqdan imtina edəcəkdir, iddiaçı da bunu bildiyindən ona sadəcə borc qəbzi kimi bir qəbz verilməsini istəmişdir. İddia ərizəsində bu pulu birbaşa borc kimi verilməsini göstərməmişdir, iş birliyindən irəli gələn bir əqdlə bağlamışdır. Belə olan halda iddia tələbi tam aydın deyil, bu tələb borcun qaytarılması tələbidir, yoxsa hansısa bir əqdən irəli gələn pul tələbidir. Belə ki, borc müqaviləsidirsə iddia üzrə tələb olunan məbləğ 3000 manatdan çox olduğu üçün məhkəməyə qəbz yox, yazılı formada borc müqaviləsi təqdim olunmalı idi. Belə bir yazılı borc müqaviləsi olmadığı üçün iddia tələbini məhkəmə etibarsız əqdən irəli gələn pul tələbinə çevirməkdə qanunun təblərini pozmuşdir. Digər tərəfdən iş üzrə qarşılıqlı iddia ərizəsinin məhkəməyə təqdim etməkdən ötəri cavabdehə şans buraxmamışdır. İddiaçının iddia tələbi pul olsa da iddia ərizəsində öz tələbini düzgün formalaşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 740.2 borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

12. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

13. Maddə 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

14. Maddə 337.5 əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

15. Maddə 449 özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki halda qətnamə cavabdeh tərəfindən mübahisələndirilərək ləğv edilməsi xahiş edilsə də, iddia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5203/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

26. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

27. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni yoxlanılan hissədə qanuni və əsaslı hesab edir.

28. Kollegiya qeyd edir ki, iddianın düzgün həlli üçün əvvəlcə tərəflər arasında mübahisəli hallar, habelə tələbin xarakteri nəzərə alınmaqla sübutetmə yükü düzgün müəyyən edilməli, sonra isə təqdim olunmuş sübutlar müvafiq qaydada araşdırılmalı və qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Kollegiya sübutetmə yükünün məhz kimin üzərində olmasının müəyyənləşdirilməsinin zəruri olduğunu hesab edir. Belə ki, iddiaçı iddia tələbində cavabdehə 9000 manat borc pul verdiyini, cavabdeh isə həmin pulun borc kimi deyil, şərikli iş qurmaq məqsədi ilə verididiyini qeyd edir. Məlum olduğu kimi, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırki, halda 9000 manat pulun cavabdeh verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2021ci il tarixli qəbzdən görünür ki, o, İddiaçı 9000 manat borc pul aldığını, maddi vəziyyətinin çətinli və sonradan sağlamlığında yaranmış ciddi problemlər səbəbindən qaytara bilmədiyini qeyd etmiş, həmin vəsaiti bu ilin avqust ayına qədər hissə-hissə qaytaracağını öhdəsinə götürmüşdür.

30. Göründüyü kimi, iddiaçı Cavabdeh 9000 manat pul verilməsini sübut edir.

31. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri) İş materiallarından isə göründüyü kimi, cavabdeh apellyasiya əsasını təşkil edən əsaslı sübut məhkəməyə təqdim edilməmişdir.

32. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış 9000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, xx.xx.2021-ci il tarixli qəbzlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 9000 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 9000 manat pulu ona geri qaytarmalıdır.

33. Cavabdehin apellyasiya şikayətinin mülki iş üzrə icraata xitam verilməsi ilə bağlı dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, hazırki işin halları baxımında qanunvericilikdə nəzərdə tutulmuş mülki iş üzrə icraata xitam verilməsi üçün hər hansı hal aşkar edilmir. Ona görə də, apellyasiya şikayətinin qeyd edilən dəlili də əassızdır və təmin edilməməlidir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5203/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar