Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8550/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən və qeydiyyatdan çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək ona məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, bina № 15-də yerləşən 18 №-li mənzildən və həmin mənzildə olan yaşayış yeri üzrə qeydiyyatdan cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata götürülmüşdür. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh hazırki iş üzrə iddiaçıya qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə mülkiyyət hüququnun tanınması tələbi barədə” iddia ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə iddia təmin olunarsa və iddianın təmin edilməsi barədə qətnamə qanuni qüvvəyə minərsə, onda həmin qətnamə hazırki işin nəticələrinə təsir göstərə bilər. Belə olan halda hazırki iş üzrə icraat qeyd edilən mülki iş üzrə qəbul edilə biləcək qətnamə qanuni qüvvəyə minənədək dayandırılmalıdır. Vəsatətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.07.2021-ci il tarixli qərardad ilə vəsatətin təmin edilməsini və hazırki iş üzrə icraatın vəsatətdə qeyd edilən mülki iş üzrə qəbul edilə biləcək yekun qərar qanuni qüvvəyə minənədək dayandırılmasını qərara almışdır. İddiaçı həmin qərardadından Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraat davam etdirilməlidir. Belə ki, hazırki iş üzrə icraatın dayandırılması icraatın əsassız uzadılmasına səbəb olacaq. İşlərə daha tez baxmağa nail olmaq üçün hər iki mülki iş bir icraatda birləşdirilməlidir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.07.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, hazırki mülki işin başlanmasına əsas olunmuş iddiadan görünür ki, hazırki iş üzrə iddiaçı ona məxsus olan mənzildən və həmin mənzildə olan yaşayış yeri üzrə qeydiyyatdan cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Hazırki iş üzrə cavabdeh isə hazırki iş üzrə iddiaçıya qarşı iddia irəli sürərək həmin mübahisəli mənzilin onunla iddiaçının birgə nikahı dövründə əldə olunmuş əmlak olduğunu bildirir və mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə bildirir ki, cavabdehin iddiaçıya qarşı irəli sürdüyü “birgə nikah dövründə əldə olunmuş mənzilə mülkiyyət hüququnun tanınması tələbi barədə” iddianın rədd edilməsi istisna edilmədiyi kimi, təmin edilməsi də istisna edilmir və iddia əsaslı hesab ediləcəyi halda həmin iş (İş № 2(006)-4925/2021) üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı hazırki mülki işin nəticələrinə təsir göstərə bilər. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hazırki işə baxan Rayon Məhkəməsi “iş üzrə icraatın dayandırılması barədə” vəsatəti təmin etməklə, habelə həmin vəsatətin təmin edilməsi barədə qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Şikayəti təmin, qərardadı ləğv, vəsatəti isə rədd etmək üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-8550/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8550/2021
20.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver