Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-856/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilən pul vəsaitinin geri qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-3098/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı cavabdehə ******************** nömrəli kart hesabı açıb və ona ölkə ərazisində, o cümlədən ölkə xaricində istifadə edilə bilən plastik kart verib. 2.İddiaçı iddia edir ki, cavabdeh plastik kart hesabından sui-istifadə edərək hüquqi əsas olmadan hesabdan 4.437 manat çıxarıb, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin məbləğə 2.067,22 manat faiz hesablanıb, daha sonra 2,44 manat silinmə aparılıb, qalan borc 6.501,78 manat təşkil edir. Daha sonra iddiaçı tələbin həcmini artıraraq qalan borcun 7.322,08 manat olduğunu göstərib. 3.AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5622 nömrəli ekspert rəyinə görə, həmin kart hesabından xx.xx.2023-cü ilədək 4.437 manat məbləğində (1,5 faiz komissiya daxil olmaqla) nağdlaşdırma aparılması müəyyən olunur. Rəydə daha sonra qeyd olunub ki, iş materiallarında faiz dərəcəsi göstərilmədiyindən 2.067,20 manat faiz borcunun düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə 7.322 manat, habelə məhkəmə xərclərinin əvəzi tələb olunub. 5.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 4.437 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. 6.Məhkəmə ekspert rəyinə əsaslanaraq belə nəticə qət edib. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilərək iddia tam təmin olunsun. 8.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 9.Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Qətnamənin əsaslılığı yalnız iddianın rədd edilməsinə aid hissədə yoxlanılmalıdır, çünki qətnamə həmin hissədə mübahisələndirilib. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 11.İddiaçının təsdiq etdiyi “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər”in 18.9.15-ci bəndinə görə, texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borc və həmin borcun qaytarılma tarixinədək illik 30 faizədək faiz dərəcəsi ilə hesablanmış cərimə faizlərini 22 iş günü ərzində iddiaçıya ödəmək müştərinin öhdəliklərinə aiddir. İddiaçı hazırkı işdə həmin şərtə istinad edə bilməz. Bunun iki səbəbi var. 12.Birinci, göstərilən şərtlə cavabdehin razılaşdığını, yəni həmin şərti özündə əks etdirən sənədi imzaladığını təsdiq edən sübut məhkəməyə təqdim olunmayıb. 13.İkinci, əmələ gəlmə əsasına görə öhdəliklər 3 yerə bölünür: müqavilədən, qanundan və deliktdən əmələ gələn öhdəliklər. Hazırkı iddia qanundan əmələ gələn öhdəliyin icrası barədədir. Belə ki, AR Mülki Məcəlləsinin “Əsassız varlanma” adlı 58-ci fəsli həmin Məcəllənin “Qanundan əmələ gələn öhdəliklər” adlı 8-ci bölməsində yerləşir. Kart hesabından çıxarılmış pul iddia ərizəsində əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb olunub. AR Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, əsassız əldə olunan 4.437 manatın qaytarılması qət olunub. Əsassız əldə olunan pulun qaytarılmasının gecikdirilməsinə görə faiz tələb edilməsi mümkündür. Belə tələb irəli sürən şəxs faiz öhdəliyinin müvafiq əsasını iddia ərizəsində göstərməlidir, lakin iddia ərizəsində faiz öhdəliyi barədə tələbin əsası ümumiyyətlə göstərilməyib. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə tələbin əsası da nəzərdə tutulur, yəni məhkəmə iddiada göstərilməyən əsasa istinad edərək iddianı təmin edə bilməz. “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər” müqavilədən əmələ gələn öhdəliklərə aid olduğuna görə, qanundan əmələ gələn öhdəliklərin icrası barədə tələb irəli sürülərkən həmin şərtlərə istinad oluna bilməz. 14.Beləliklə, məhkəmə AR Mülki Məcəlləsinin 385-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 15.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-3098/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-856/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-856/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver