Məhkəmə qərarları › İş №2(103)-8560/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8560/2021

21.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8560/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2020 saylı, 03 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin mənzildən məcburi qaydada çıxarılması və pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanından məcburi qaydada çıxarılması, cavabdehlərdən müştərək qaydada məhkəmə qərarı icra olunan günədək hər ay üçün 300 manat pulun alınaraq ona ödənilməsi, cavabdehlərdən müştərək qaydada Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 3.000 manatın alınaraq ödənilməsi, qanunsuz olaraq ona məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5 faiz olmaqla pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72 ünvanında yerləşən 37 nömrəli mənzil dövlət reyestrindən rəsmi qaydada mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Həmin mənzilin mülkiyyətçisi odur, bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən çıxarış verilmişdir. O, həmin evi kirayə olaraq Cavabdeh2 və onun ailə üzvlərinə kirayəyə vermişdir. Kirayə pulunu əvvəlcə onun özü, sonradan oğlu Sənan ödəmişdir. Onlar kirayədə yaşadıqları müddətdə evə soyuducu, paltaryuyan və başqa ev əşyaları alınmışdır. Ev əla təmirli olmuş, cavabdehlər evin təmirini də bərbad hala salmışlar. Cavabdehlər evdə kirayədə qalmalarına və kommunal xərcləri ödəmələrinə razılaşmalarına baxmayaraq onlar uzun müddət ödəniş etmədiklərindən istifadə etdikləri suya görə iddiaçı "xxxx" ASC-yə 220 manat pul ödəmişdir və hazırda cavabdehlərin istifadə etdikləri suya görə 139 manat ödənilməmiş borcları qalmışdır. Həmçinin cavabdehlər MTK-ya olan kommunal xidmət haqqını da ödəmədiklərindən 1.696 manat pulu o MTK-ya ödəmişdir. O, cavabdehlərdən evdən çıxmalarını tələb etməsinə baxmayaraq onlar könüllü çıxmadıqlarından vəkillə müqavilə bağlamaq və onlarla bağlı polisə müraciət etmək üçün işdən 8 gün icazə almış, maaşından aldığı icazəyə görə 2.000 manat məbləğində tutulma edilmişdir. Evində hazırda İlqar, Sənan və anası yaşayırlar. Onlara bir neçə dəfə evi satmaq istədiyini və bu səbəbdən evdən çıxmalarını bildirsə də, onlar vaxt istəmişlər. Hal-hazırda kifayət qədər borcu olduğundan və borcunu ödəməyə çətinlik çəkdiyindən həmin evi satmaq məcburiyyətində qalmışdır. Lakin evdə qalan şəxslər evdən çıxmamaqla onun mülkiyyət hüququnu pozurlar. Cavabdehlər razılaşmaya əsasən evdə yaşadıqları hər ay üçün 300 manat kirayə haqqı ödəməli olmuşlar. Kirayə haqqını sonuncu dəfə noyabr ayının 5-nə kimi ödəsələr də, o, evi satmaq istədiyini və onların həmin evdən çıxmalarına dair fikrini bildikdən sonra aylıq kirayə pulunu da verməkdən imtina etmişlər. O, məcbur olub peşəkar hüquqi yardımdan istifadə etmək məqsədi ilə Abşeron rayon Vəkil Bürosu ilə 3.000 manata müqavilə bağlamışdır. Əgər cavabdehlər vaxtında könüllü olaraq evdən çıxsaydılar, o, əlavə xərc itkilərinə məruz qalmazdı. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanından məcburi qaydada çıxarılması, cavabdehlərdən müştərək qaydada 2020-ci ilin noyabr ayından etibarən məhkəmə qərarı icra olunan günədək hər ay üçün 400 manat pulun alınaraq ona ödənilməsi, cavabdehlərdən müştərək qaydada Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 3.000 manatın alınaraq ödənilməsi, cavabdehlərdən müştərək qaydada istifadə etdikləri suya görə "xxxx" ASC-yə ödədiyi 220 manatın alınaraq ödənilməsi, cavabdehlərdən kirayədə yaşadıqları ünvan 1 ünvanına görə kommunal xidmət haqqı olaraq ödədiyi 1.416 manatın alınaraq ona ödənilməsi, qanunsuz olaraq ona məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5 faiz olmaqla pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2020 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzildən məcburi qaydada çıxarılmaları, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına qədər (6 ay) hər ay üçün 300 (üç yüz) manat olmaqla, cəmi 1.800 (min səkkiz yüz) manat kirayə haqqının alınaraq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım üçün ödənilmiş 1.500 (min beş yüz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada istifadə etdikləri suya görə Azərsu” ASC-yə ödənilmiş 220 (iki yüz iyirmi) manat alınaraq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzilə görə kommunal xidmət haqqı olaraq ödənilmiş 1.416 (min dörd yüz on altı) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayəti vermişlər və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2020 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi tamamilə əsassızdır. Bildirlər ki, 2013-cü ilin mart ayından bu günə qədər Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 72, mənzil 37-də yaşayırlar. 2013-cü ilin mart ayından 2013-cü ilin iyun ayına qədər həmin mənzildə kirayənişin olaraq yaşamış, sonra isə, iyun ayında evin sahibi İddiaçı bildirmişdi ki, evi satmaq istəyir ev də, ipoteka kreditindədir. Həyat yoldaşı Cavabdeh2 Məftunla görüşüb, ev barədə söhbət etmiş və qərara gəlmişlər ki, həmin mənzil üçün 25.000 manat ilkin ödəniş ödənilir, qalan hissəni hər ay 500 manatdan aylıq krediti onlar ödəmək şərti ilə alqı-satqı olana qədər ödəmək. Evin çıxarışının və İddiaçı şəxsiyyət vəsiqəsinin şəkli o vaxtdan onda və oğlunda var. Aralarında olan razılığa əsasən kredit məbləği tam ödənildikdən sonra, yerdə qalan məbləğ də, alqı-satqı zamanı ödəniləcək və ev onun adına keçəcək. 2014-cü ildə həyat yoldaşı Rusiya Federasiyasına getmiş, 2013-cü ildən bu vaxta qədər hər ayın 5-nə kimi vaxtında, heç vaxt gecikdirmədən krediti ödəmişdir. 2017-ci ilin aprel ayında həyat yoldaşı tutulduğu üçün alqı-satqı məsələsi bir az yubandı. Amma buna baxmayaraq, hər ay vaxtında krediti ödəmişlər. Bu günə qədər hər ay 500 manat olmaqla, 43.500 manat. İddiaçı həyat yoldaşının həbsdə olmasından istifadə edib, onları bu vəziyyətə saldı. Oğluna onu da, deyir ki, evdən çıxın, evi satıb, pulunuzu qaytaracam. Onlar isə pul verib aldığı evdən çıxmaq istəmir. Həmin evdə kirayəşin deyil, pulunu verib, aldığı ev olaraq qalmışlar. Evdə qaldıları müddətdə təmir işləri də, gördürüb, xeyli vəsait xərcləmişlər. Qeyd etdiklərini təsdiq edəcək şahidləri də, var, məhkəmə tərəfindən həmin şahidlərin dinlənilməsi üçün heç bir şərait yaradılmadı. Mübahisəli evə 2013-cü ildə köçdükləri halda, iddiaçı məhkəməyə 05 may 2012-ci il tarixli müqavilə təqdim etmişdir. Bu hal da, iddiaçının həqiqətə uyğun olmayan məlumatlar verməsini bir daha təsdiq edir. Həmçinin evə bir sıra məişət əşyaları da, alınmışlar. Müvafiq sənədlərimiz də, vardır. İddiaçının iddia etdiyi 6 ay müddətində olan kirayə pulu da, heç bir halda məntiqli deyil. Çünki, həmin dövrdə onun hərəkətləri nəticəsində məcburiyyət qarşısında qalıb, başqa evdə kirayədə yaşamış, yalnız Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə evə verilən işıq bərpa olunduqdan sonra geri qayıtmışlar. iddiaçı evin işığını, qazını, hətta suyunu kəsdirmiş, iddiaçının Azərsu ASC-yə ödədiyi 220 manat pul məbləği də, onlara aid deyil. Həmin pulu nə vaxt, hansı dövrə görə ödəməsi də, məlum deyil. Hüquqi xidmətə görə tutulan 1500 manat pul məbləği ilə də, razı deyillər. Belə ki, həmin məbləğin onlardan tutulması ədalətli və ağlabatan deyildir. Apelyasiya şikayətində Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2020 saylı, 03 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili X2 verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2020 saylı, 03 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2322/2020 saylı, 03 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam şəkildə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, nə qədər ki, araşdırma zamanı iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən və hər hansı qaydada mübahisələndirilməyən çıxarış mövcuddur, məhkəmə tərəfindən reyestrin həqiqiliyi prezumpsiyasına istinad edilməli və iddiaçının əmlak üzərində olan mülkiyyət hüquqlarının mövcudluğu nəzərə alınmalı və hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu müəyyən edilməlidir. Belə ki, Qanunvericilik normalarının tələblərinə əsasən daşınmaz əmlakla bağlı alqı-satqı müqavilələri müvafiq dövlət orqanları tərəfindən rəsmiləşdirilməli və qeydiyyata alınmalıdır. Cavabdehlər belə bir müqavilənin mövcudluğunu və ya hər hansı digər razılaşmanı sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim etməmişlər. Həmçinin cavabdehlər evin dəyəri olaraq ilkin 25.000 manat və daha sonra aylıq 500 manat olmaqla ödənişlər etdiklərini iddia etmiş, lakin məhkəmə iclaslarında iddiaçıdan yalnız 25.000 manat tələb etmişlər. Tərəflər arasında nisyə alğı-satqı müqaviləsi mövcud olmuş olsaydı cavabdehlər ödədikləri tam məbləği tələb etməli idilər. Eyni zamanda cavabdehlər istinad etdikləri kimi mənzili almış olsaydılar iddiaçı ilə aralarında kommunal xərclərin ödənilməsi ilə bağlı hər hansı bir razılaşma da olmazdı. Evin keçmiş mülkiyyətçisinin yeni mülkiyyətçilərin sərf etdiyi işığın, qazın, suyun dəyərini ödəməsi ağlabatan deyil. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 675, 680-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin həqiqi hallarına uyğun olaraq əsaslı və həmin nəticəyə tətbiq edilmiş hüquq normalarını qanuni hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Apelyatorlar qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə dəlillərini onunla əsaslandırmışlar ki, iddiaçının boşaldılmasını tələb etdiyi mənzili onlar şifahi alqısatqı razılaşmasına əsasən iddiaçıdan almışlar, evin dəyəri olaraq ilkin 25.000 manat və daha sonra aylıq 500 manat olmaqla iddiaçıya ödənişlər etmişlər. Məhkəmə kollegiyası cavabdehlərin həmin dəlillərini əsassız hesab edir. Belə ki, işin mübahisə olunmayan halına görə İddiaçı mübahisələndirdiyi Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72-də yerləşən 37 saylı mənzil onun mülkiyyətindədir. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72-də yerləşən ümumi sahəsi 70,5 kv.m, yaşayış sahəsi 36.8 kv.m, yardımçı sahəsi 33,7 kv.m olan 2 otaqlı 37 saylı mənzil tam mülkiyyət hüquq ilə İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın Dövlət reyestrində 1796 nömrəli reyestr kitabının 165258 nömrəli vərəqində 12 dekabr 2017-ci il tarixdə qeydiyyat aparılmışdır. İşin qeyd edilən halları ilə mübahisələndirilən mənzildə cavabdehlərin kirayə yaşaması öz təsdiqini tapır. Bu səbəbdən apelyasiya şikayətinin dəlilləri hər hansı mötəbər sübuta söykənmədiyindən, formal mülahizələrdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan mülki prosessual hüquq normasının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayətinin dəlillərini təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiklərindən həmin dəlillər qətnamənin ləğvi üçün əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azdalıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər kirayə müqaviləsi əsasında iddiaçıya məxsus mənzildən istifadə etmişlər, lakin müqavilə əsasında müəyyən edilmiş öhdəlikləri yerinə yetirməmişlər. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, mübahisəli mənzildən cavabdehlərin məcburi çıxarılmalarını tələb etmək hüququna malikdir. Bundan başqa birinci instansiya məhkəməsində aparılan araşdlrma ilə müəyyəm edilmişdir ki, tərəflər arasında şifahi kirayə müqaviləsi ilə tənzimlənən münasibətlər olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış şifahi kirayə müqaviləsinə əsasən cavabdehlər mübahisəli mənzildə yaşamağa görə aylıq 300 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfin məhkəməyə təqim etdiyi Cavabdeh3lə olan yazışmalardan görünür ki, kirayə haqqı məhz 300 manat miqdarında olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 680-ci maddəsinə əsasən, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri aid deyildir. Qanunvericiliyin tələbinə görə, kirayə haqqının ödənilməsi barədə mübahisə zamanı yazılı müqavilənin mövcud olub-olmamasından asılı olmayaraq, şifahi formada kirayə müqaviləsi bağlanıldığı təqdirdə kirayəçi kirayə haqqını ödəməlidir. Belə ki, yazılı müqavilənin olmaması kirayəçiyə özgənin əmlakından əvəzsiz istifadə etməsi hüququnu vermir. Kirayə haqqı ödəmək öhdəliyinin yaranması üçün şifahi formalı müqavilənin bağlanması kifayətdir. Cavabdehlər apelyasiya şikayətində iddiaçının iddia etdiyi 6 ay müddətində onun hərəkətləri nəticəsində məcburiyyət qarşısında qalıb, başqa evdə kirayədə yaşamalarını, yalnız evə verilən işıq bərpa olunduqdan sonra geri qayıtmalarını, iddiaçının evin işığını, qazını, hətta suyunu kəsdirməsini, iddiaçının Azərsu ASC-yə ödədiyi 220 manat pul məbləğinin də, onlara aid olmadığını göstərmişlər. Lakin, məhkəmə qeyd edir ki, cavabdehlər istinad etdikləri halı hər hansı mötəbər sübutla təsdiq edə bilməmişlər, yəni elektrik enerjisinin qeyd edilən mənzilə verilmədiyi, mənzilin həmin dövr üçün yaşamağa əlverişsiz şəraitdə olması, cavabdehlərin mənzildə yaşaya bilməməsinə şərait yaradan hallar məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Bundan başqa iş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli mənzilə aid kommunal xidmət haqları və "xxxx" ASC tərəfindən verilmiş abunə koduna əsasən istifadə olunmuş su sərfiyyatının dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Odur ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada istifadə etdikləri suya görə Azərsu” ASC-yə ödənilmiş 220 manat və kirayə yaşadıqları mənzilə görə kommunal xidmət haqqı olaraq ödənilmiş 1.416 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hüquqi yardımın göstərilməsi ilə əlaqədar olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Abşeron rayon Vəkil Bürosunun hesabına ödənilmiş 1.500 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, hazırkı mülki iş üzrə iddia ərizəsinin hazırlanması və iddiaçıya digər hüquqi yardımların göstərilməsi üçün iddiaçı tərəfindən 23 dekabr 2020-ci il tarixdə 700 manat və 10 fevral 2021-ci il tarixdə isə 800 manat məbləğində Abşeron rayon Vəkil Bürosunun hesabına ödənişlər edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmişlər və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kоllеgiyası, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baхarkən maddi və prоsеssual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2020 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apеlyasiya şikayəti təmin еdilmədən saхlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2020 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar