Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8563/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)- 2127/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat məbləğində pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli, iş №2(004)-2127/20) iddia təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin iyun aylarında Cavabdeh ilə tanış olmuşdur. Tanışlıqları Cavabdeh Ağstafa rayonunda bir mərtəbəli yaşayış evinin satılması ilə əlaqədar yaranmışdır. Cavabdeh aralarındakı razılığa əsasən həmin evi 30 000 manata ona satmağına söz vermişdir. Lakin sənədlərin qaydasında olmadığına görə ilkin olaraq sənədləşmə işinə ondan 1000 manat pul almışdır. Söz vermişdir ki, iki həftə ərzində evin sözügedən sənədlərini qaydaya salandan sonra onunla rəsmi alqı-satqı edəcəkdir. Cavadehə 1000 manat pulu onun yaşadığı ünvan 1 ünvanında cavabdehin qardaşı Məmməd adlı şəxs, anası Qənirə xanım və onun anasının iştirakı ilə vermişdir. Pulu verdiyi gündən 15 gün keçməsinə baxmayaraq cavabdeh nə evin sənədlərini düzəltmiş, nə də pulu qaytarmışdır. Cavabdeh tərəfindən aldadıldığını gördükdə faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə müraciət etmiş, lakin iş mülki xarakterli olduğuna görə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdeh 26-cı Polis bölməsində ondan 1000 manat pulun alınmasını etiraf etmişdir. İş materiallarında olan Cavabdeh Yasamal RPİ 26-cı PB-də verdiyi izahatdan görünür ki, o, iddiaçı İddiaçı 1000 manat məbləğində pul aldığını etiraf etmişdir. İş materiallarında olan Yasamal RPİ 26-cı PB tərəfindən İddiaçı ünvanlanmış arayışdan görünür ki, iddiaçıya müraciətində göstərdiyi xüsusatların mülki xarakterli olduğu və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, o, cavabdehən 1000 manat pulu ona geri qaytarması, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirərək alqı-satqı üçün lazım olan sənədləri hazırlamış və halhazırda da alqı-satqıdan imtina etmir, amma iddiaçının öz fikrini dəyişməsi səbəbindən alqı-satqı baş tutmamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə 1000 manat pul vəsaiti verilmişdir. İddiaçı həmin pul vəsaitinin sənədləşmə üçün, cavabdeh isə beh kimi verildiyini bildirir. İşin digər sübut edilmiş halı ondan ibarətdir ki, sözügedən pul məbləği müəyyən müddət üçün və müəyyən şərtlə cavabdehə verilmişdir. Belə ki, iddiaçı pulu verdikdən sonra iki həftə ərzində cavabdehə sənədləri hazırlamaq üçün vaxt verdiyini bildirmiş, cavabdeh də sənədləşmə işləri ilə əlaqədar 15-20 gün müddət müəyyən edildiyini təsdiq etmişdir. Beləliklə, tam şəkildə sübut edilmişdir ki, 1000 manat pul vəsaiti iddiaçı tərəfindən evin alınması məqsədilə cavabdehə verilmiş, iki həftə sonra alqı-satqı həyata keçirilməsi barədə tərəflər sövdələşmişlər, lakin bu əqd baş tutmamışdır. İddiaçı alqı-satqının cavabdehin, cavabdeh isə iddiaçının təqsirindən baş tutmadığını iddia etmişdir. Evin alqı-satqısının nəzərdə tutulmuş 2 həftədən sonra hansı səbəbdən baş verməməsini araşdırarkən məlum olur ki, cavabdeh pulu sənədləşməyə xərclədiyini, verilən 1000 manat pula sənədləri hazırladığını, sənədlərin 15-20 günə hazırlanmalı olduğunu iddiaçıya əvvəlcədən bildirdiyini, daha sonra əməliyyat olunduğundan, ondan da sonra iddiaçıya zəng çatmadığından alqı-satqının baş tutmadığını qeyd etmişdir. Lakin alqı satqı müddət ötürüldüyündən deyil, iddiaçının imtinası səbəbindən baş tutmamışdır. Əksinə, o, bütün bu müddət ərzində evi satmamış, iddiaçını gözləmişdir. İddiaçı isə 15 gün müddət keçsə də, cavabdehin nə sənədləri düzəltdiyini, nə də pulu qaytarmadığını qeyd etmişdir. Beləliklə, tam şəkildə sübut edilmişdir ki, müəyyən edilmiş müddətdə alqı-satqı olmamış və pul vəsaiti cavabdehdə qalmışdır. Beləliklə, sübut edilmişdir ki, verilmiş 1000 manat müqabilində alqı-satqının aparılması üçün müəyyən edilmiş 2 həftəlik müddət cavabdehin təqsiri ilə ötürülmüşdür. Cavabdeh sənədləşmə işlərini apardığını bildirsə də, birinci instansiya məhkəməsində işə baxılarkən bu barədə, eləcə də sənədləşmə ilə bağlı 1000 manat xərclənməsini təsdiq edən sübutlar təqdim etməmişdir. Həmçinin, cavabdeh əməliyyat olunması səbəbilə onsuz da ötürdüyü müddətin bir az da uzandığını etiraf etmişdir ki, bu da heç bir mötəbər sübutla təsdiq olunmamışdır. Beləliklə, nəticə etibarilə sövdələşmə cavabdeh tərəfindən pozulmuşdur. Nəzərə alınsa ki, cavabdeh alqı-satqı işlərində tərəf olmamış, etibarnamə əsasında iştirak etmək niyyətində olmuşdur, belə olan halda, 1000 manat pul vəsaiti onun qanunsuz sahibliyində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Bayram qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8563/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8563/2020
02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver