Məhkəmə qərarları › İş №2(103)-8570/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8570/2021

04.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8570/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-108/2021 saylı mülki iş üzrə qəbul etdiyi 27.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı "Universal-Servis İnşaat” MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "Universal-Servis İnşaat” MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MTK-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə inşa olunmuş binanın, 2-ci giriş 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 132 saylı mənzilin qanunsuz sahibliyində olan 9.39 kv.metr hissəsindən çıxarılması və ya həmin sahənin əvəzi olan 5.634 ABŞ dollarının iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının rəhbərlik etdiyi kooperativ ilə Cavabdeh arasında 18 oktyabr 2007-ci il tarixdə, Bakı şəhəri, Xətai rayonu,Gəncə prospekti 2980/81-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın 2-ci giriş 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 132 saylı faktiki sahəsi 129,76 kv. metr olan mənzilin sahə satış üzrə menecer tərəfindən səhvən müqavilədə 9,39 kv. metr az göstərilməklə cavabdehin adına rəsmiləşdirilmiş və ondan müqavilədə göstərilmiş 120.37 kv. metr sahənin dəyəri qəbul edilmiş, buna görə də müqavilə və maliyyə sənədlərində həmin sahənin dəyəri göstərilmişdir. Hazırda cavabdehin istifadə etdiyi mənzilin kooperativə məxsus 9,39 kv. metr artıq sahəsi heç bir müqavilə və qanuni əsas olmadan payçı tərəfindən əvəzi ödənilmədən qanunsuz istifadə edilir və 9,39 kv. metr sahənin əvəzini ödənilmir. Payçıdan qanunsuz istifadə etdiyi sahənin boşaldılması, bu mümkün olmadığı halda əvəzinin ödənilməsi tələb edildikdə, o sahəni boşaltmaqdan və ya artıq istifadəsindəki sahənin əvəzi olan 5.634 ABŞ dollarını ödəməkdən imtina etmişdir. 2019-cu ilin sonunda yaşayış binası istismara qəbul üçün müvafiq sənədlərlə birlikdə səlahiyyətli dövlət orqanlarına qəbul üçün təqdim edilmişdir. Həmçinin kooperativ tərəfindən seçmə üsulu ilə mənzillərdə ölçmə aparılmışdır. İddiaçı həmin vaxtda hüquqlarının pozulduğunu bilmişdir. 08 noyabr 2019-cu il tarixdə 210 saylı istismara icazə (qərar) ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-2981-ci məhəllədə yerləşən "Universal-Servis İnşaat” MTK tərəfindən tikilmiş bina (tikinti obyekti) istismara qəbul edilmişdir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması tələblərinə iddia müddəti şamil edilməsə də, iddia müddətinin başlanması MMK-nin 377.1 -ci maddəsinə əsasən şəxsin öz hüquqlarının bildiyi və bilməli olduğu gündən hesablanır. İddiaçı kimi hüquqlarının pozulduğunu 2019-cu ilin noyabr ayında sənədləri istismara qəbula təhvil verilərkən bilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(11)-108/2021 saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı "Universal-Servis İnşaat” MTK həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, 2019-cu ilin noyabr ayında bina təhvil verilərkən cavabdehlə bağlanmış müqavilədə göstərilən tikinti sahəsinin əslində 120,37 kv.metr deyil, 129,76 kv.metr olduğu va cavabdehin hüquqi əsas olmadan əmlakı əldə etməsi məlum olmuşdur. Bundan sonra o məhkəməyə müraciət etmiş və 2 illik müddəti ötürməmişdir. Həmçinin, iş üzrə keçirilən ekspertiza rəyindən də görünür ki, cavabdehə məxsus mənzilin faktiki sahəsinin 128.2 kv.m olduğu, tərəflər arasında bağlanmış müqavilədən faktiki sahədən 7.83 kv.m artıq olduğunu məlum olmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(11)-108/2021 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı "Universal-Servis İnşaat” MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından mübahisəsiz qaydada müəyyən olunur ki, kooperativ “X1” MTK ilə payçı Cavabdeh arasında bağlanmış 18 oktyabr 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında inşa ediləcək yaşayış binasının 2 -ci giriş 2-ci mərtəbə, 4 otaqlı, 132 saylı, faktiki sahəsi 129,76 kv. metr olan mənzilini payçıya verməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə inşa olunmuş binanın 2-ci giriş, 2-ci mərtəbədə yerləşən 4 otaqlı 132 saylı mənzilin naturada yerləşdiyi faktiki sahəsi 128.2 kv.m təşkil edir və həmin sahə Universal Servis LTD” MMC ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2007-ci il tarixli, 103 nömrəli “Kooperativ Mənzil Tikintisi haqqında Müqavilə”də göstərilən 120.37 kv.m sahədən 7.83 kv.m çox təşkil edir. Bununla yanaşı kollegiya hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, tərəflər arasına müqavilə 18.10.2007-ci ildə bağlanmış, hazırkı iddia isə 2020-cı ilin yanvar ayında irəli sürülmüşdür. Halbuki Mülki Məcəllənin 1095-ci maddəsində təsbit olunmuşdur ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi iddiaçı Mülki Məcəllənin 1095-ci maddəsində göstərilən müddəti ötürmüşdür. Sonuncu ilə bağlı kollegiya qeyd edir ki, həmin maddədə göstərilən müddət iddia müddəti deyil, kəsici müddətdir və onun tətbiq edilməsi üçün tərəfin ərizə verməsi tələb olunmur. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. İddiaçının istinad etdiyi hallar, yəni əsassız varlanma barədə məlumatı 2019-cu ilin noyabr ayında əldə etməsi ilə bağlı dəlili heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır və eyni zamanda 13 ildən sonra ona məlum olması ağlabatan və inandırıcı deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "Universal-Servis İnşaat” MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-108/2021 saylı mülki iş üzrə qəbul etdiyi 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar