Məhkəmə qərarları › İş №2(103)-8572/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8572/2021

25.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8572/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 704/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 80 saylı mənzilinə dair X2 adına yazılan 16 dekabr 2006-cı il tarixli, 0229 saylı orderin verilməsinə əsas olmuş 68 saylı protokolla rəsmiləşdirilmiş 06 dekabr 2006-cı il tarixli birgə qərarın, Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 09 noyabr 2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), ünvan 1 ünvanındakı yataqxana binasının 4-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 18 kv.metr olan 80 saylı mənzilinə dair Bakı “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən X2 adına yazılan 16 dekabr 2006-cı il tarixli, 0229 saylı orderinin etibarsız hesab edilməsi və X2 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş X4 Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə 28 mart 2019-cu il tarixli yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 16 dekabr 2006-cı il tarixli, 0229 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 80 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 saylı yataqxana binasının 80 saylı mənzilində 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X5 məskunlaşdırılmış, o, AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Mirzə Ağayev qeyd edilən binanın 80 saylı mənzilindən məcburi köçkün ailəsi köçürüldükdən sonra bir gün belə həmin mənzildə yaşamamışdır və hazırda da yaşamır. Belə ki, M.Ağayev ailə üzvləri ilə birlikdə Bakı “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən həyat yoldaşı X1 verilmiş 02 fevral 2006-cı il tarixli, 0146 saylı orderə əsasən ünvan 2 ünvanında yerləşən yataqxana binasının 2 otaqlı 25 saylı mənzildə yaşamasına baxmayaraq gələcəkdə ələ keçirmək məqsədilə Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 80 saylı otağını qanunsuz olaraq order əldə etmişdir. Məcburi köçkün ailələri istifadələrində olan mənzillərdən köçürüldükdən sonra Mirzə Ağayev 80 saylı mənzili əldə etmək məqsədilə qanunsuz olaraq qapısını bağlamış və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahələri üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. O, qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda Bakı “Radioquraşdırma” İB-nin müvəqqəti yaşamaq üçün adına yazılmış 16 dekabr 2006-cı il tarixli, 0229 saylı yataqxana orderi ilə faktiki olaraq boş olmayan 80 saylı mənzil onun istifadəsinə verilmişdir. Mirzə Ağayev həmin mənzildə heç vaxt yaşamamışdır. M.Ağayevin əldə etdiyi 16 dekabr 2006-cı il tarixli, 0229 saylı orderlə bağlı AR Müdafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, Cavabdeh İB “Radioquraşdırma” zavodunun 24 yanvar 2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə G.A.Məmmədovanın barəsində Departamentə təqdim edilmiş məlumatda bildirilmişdir ki, o, hal-hazıradək Cavabdeh İB “Radioquraşdırma” zavodunda işləyir. Buna baxmayaraq, məcburi köçkün ailəsinin faktiki istifadəsində və sahibliyində olan 80 saylı mənzil Bakı “Radioquraşdırma” İB tərəfindən 09 noyabr 2004-cü il tarixli 41 saylı protokolla rəsmiləşdirilmiş 16 dekabr 2006-cı il tarixli, 0229 saylı yataqxana orderi ilə ona verilmişdir. Goründüyü kimi qeyd edilən protokol və order mənzil qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir və M.Ağayev heç vaxt həmin mənzildə yaşamamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-704/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Məcəllənin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla— mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 107-ci maddəsinin 2-ci bəndinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə sözügedən orderin verilməsi 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda sadalanan müddəalarına uyğun olmuş və orderin etibarsız hesab edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Bundan başqa, kollegiya birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülmüş olması barədə gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orerin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Göründüyü kimi, mübahisəli mənzilə order 16 dekabr 2006-cı il tarixdə verilmişdir. Mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxana 26 iyul 2013-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 15 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Bununla da orderin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddət ötürülmüşdür Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-704/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar