Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8576/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)-3137/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlər əvvəllər ona məxsus evdə yaşasalar da, hal-hazırda həmin evdən köçüb getmiş, özlərinə yeni ev almış, lakin iddiaçıya məxsus evdə pasport qeydiyyatında qalmışlar. Cavabdeh1 iddiaçının qızıdır və ailə quraraq Bakı şəhəri Nizami rayonunda yerləşən ərinə məxsus evdə yaşayır. Buna görə də o, cavabdehlərin onun evindən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)-3137/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 istisna olmaqla digər cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüquqlarına xitam verilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, Cavabdeh1 2019-cu ildə iddiaçıya məxsus evdə pasport qeydiyyatına alınsa da, heç vaxt həmin evdə yaşamamış, hazırda da həmin evdə yox, ailəsi ilə birlikdə başqa yerdə yaşayır. Buna görə də məhkəmə belə hesab etmişdir ki, Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ olmadığına görə yaranmayan istifadə hüququna xitam verilə bilməz. Eyni zamanda məhkəmə belə qərara gəlmişdir ki, bu qətnamə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış evindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verməmiş, iş üçün əhəmiyyətli olan bir sıra halları aydınlaşdırmamışdır. Belə ki, İddiaçı iddia ərizəsində özünü evin mülkiyyətçisi kimi təqdim etsə də, həmin fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququ tanınmamışdır. O, 2013cü ildə əri ilə münasibətləri pisləşdiyinə görə özünə məxsus olan əşyaları gətirərək mübahisəli evə köçmüş, anası ilə birlikdə mübahisəli evdə yaşayaraq onun ailə üzvü kimi birgə təsərrüfat aparmışdır. Ona məxsus olan avadanlıqlar hazırda həmin evdədir. Buna görə də 2014-cü ildə anası onu həmin evə pasport qeydiyyatına saldırmış, 28 mart 2020-ci ildə həmin evə dair ona vəsiyyətnamə vermişdir. O, anası ilə birlikdə həmin evdə yaşayarkən evin bütün kommunal xərclərini ödəmişdir. Bir müddət əvvəl anası həmin evin bir hissəsini Sadıq və Sahilə adlı şəxslərə kirayəyə vermiş, həmin şəxslər anasının yaşlı və xəstə olmasından istifadə edərək mübahisəsi gedən evi öz adlarına keçirmək istəmiş, bu məqsədlə analarının etimadını qazanmış və iddiaçının cavabdehlərlə münasibətinin pisləşməsinə nail olmuşlar. Məhz həmin kirayəçilərin səyi nəticəsində anası 28 mart 2020ci il tarixdə verilmiş vəsiyyətnaməni 23 fevral 2021-ci ildə ləğv etdirmişdir. Apellyator hesab edir ki, anası yaşlı və xəstə olmaqla öz hərəkətlərinə qiymət vermək iqtidarında deyil. Buna görə də qətnamənin ona qarşı olan hissədə ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnamədən yalnız Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verildiyinə və mübahisənin predmeti bölünməz olmadığına görə qətnamə yalnız ona münasibətdə yoxlanılmışdır. Məhkəmə iclasında Cavabdeh1 vəkili Tamilla Abdullayeva apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, İddiaçı isə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)-3137/2021 saylı qətnaməsi qismən, yəni Cavabdeh1 qarşı hissədə ləğv edilməli, ona qarşı iddia əsassız olduğuna görə rədd edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair İddiaçı adına 02.10.2007-ci il tarixdə daşınmaz əmlakın texniki pasportu və 1972-ci ilin aprel ayında şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport tərtib olunmuşdur. (i.v.10-15) Pasportda evin 1964-cü ildə tikilməsi qeyd olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının Əhmədli qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.10.2109-cu il tarixli arayışdan görünür ki, həmin evdə iddiaçı və cavabdehlər pasport qeydiyyatındadır. (i.v.17) Bakı şəhəri 18 saylı notariat ofisinin 23 fevral 2021-ci il tarixli məktubuna əsasən 28 mart 2020ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh1 verilmiş vəsiyyətnamə İddiaçı 23 fevral 2021-ci il tarixli ərizəsinə əsasən ləğv edilmişdir. (i.v.32) Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair elektrik enerjisindən istifadə ilə bağlı abonent kimi 2001-ci ildən sorğunun cavablandırıldığı 08.04.2021-ci il tarixə qədər, su və kanalizasiya xidmətlərindən istifadəyə görə abonent kimi 01.01.2004-cü il tarixdən sorğunun cavablandırıldığı 28.07.2021-ci il tarixinə kimi Cavabdeh1 adı qeyd olunmuşdur. Elektrik enerjisindən istifadə qaydaları haqqında Təlimata əsasən, elektrik enerjisi istehlakçısı dedikdə, müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, abonent (əsas istehlakçı) dedikdə, elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı nəzərdə tutulur. Sudan istifadə qaydaları haqqında Təlimata əsasən, istehlakçı dedikdə, su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxs nəzərdə tutulur. Bundan əlavə, Cavabdeh1 vəkili tərəfindən apellyasiya məhkəməsinə təqdim olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(011)- 6478/2014 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı ünvan 2 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarının itirilməsi və onların pasport qeydiyyatından çıxarılması barədə məhkəmədə iddia qaldırsa da, həmin evdə pasport qeydiyyatında olan Cavabdeh1 qarşı belə bir tələb irəli sürməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 2019-cu ildə iddiaçıya məxsus evdə pasport qeydiyyatına alınsa da, heç vaxt həmin evdə yaşamamış, hazırda da həmin evdə yox, ailəsi ilə birlikdə başqa yerdə yaşayır. Buna görə də məhkəmə belə hesab etmişdir ki, Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ olmadığına görə yaranmayan istifadə hüququna xitam verilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında Cavabdeh1 mübahisəli evdə yaşamaması, ailəsi ilə birlikdə başqa yerdə yaşaması barədə heç bir sübut yoxdur. Bundan əlavə, birinci instansiya məhkəməsi İddiaçı ilə Cavabdeh1 arasında mənzil münasibətləri ilə bağlı mübahisəni həll edərkən qüvvədə olan Azərbaycan Respublkası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etmişdir. Halbuki, iş materiallarından görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi olmasına dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılması barədə heç bir sənəd yoxdur. İşdə olan sifarişli poçt məktublarının reyestrinə əsasən bildirişlər Cavabdeh1 qeydiyyatda olduğu ünvan 2 ünvanına göndərilmişdir. (i.v.26, 30, 45) Cavabdeh1 AZEMİS vasitəsilə göndərilmiş SMS bildiriş isə ona çatmamışdır. (i.v.36) Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunması üçün zəruri olan hərəkətləri yerinə yetirdiyindən, bildirişlərin Cavabdeh1 çatmaması prosessual pozuntu kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcələnin 388-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)-3137/2021 saylı qətnaməsi qismən, yəni Cavabdeh1 qarşı hissədə ləğv edilsin. İddia tələbi Cavabdeh1 qarşı hissədə əsassız olduğuna görə rədd edilsin. Qətnamənin nəticə hissəsindən “bu qətnamə Cavabdeh1 ünvan 2 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır.” cümləsi xaric edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 5 manat pul İddiaçı alınıb Cavabdeh1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8576/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8576/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver