Məhkəmə qərarları › İş №2(103)-8581/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8581/2022

23.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8581/2022 23.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” barədə ərizəsinə dair mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(004)-889/2022 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 13 sentyabr 2009-cu ildə Masallı rayonun Şərəfə kəndində vəfat etməsi ilə əlaqədar mirasın açıldığı yerinin və vaxtının, 0,30 ha miras əmlak olan həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(004)- 889/2022 saylı qətnaməsi ilə ərizə təmin olunmuşdur. Maraqlı şəxs3 və X2 qətnamənin onların hüquq və vəzifələrinə toxunduğu üçün həmin qətnamənin onlara göndərilməsi barədə ərizə (D/o tarixi xx.xx.2022-ci il) ilə məhkəməyə müraciət etmişlər. İşdən görünür ki, qətnamə 15 iyul 2022-ci il tarixdə X2, 16 iyul 2022-ci il tarixdə isə Maraqlı şəxs3 tərəfindən şəxsən imza edilməklə qəbul edilmişdir (müvafiq olaraq iş/v 76 və 77). Daha sonra Maraqlı şəxs2 Xanlar oğlu və Maraqlı şəxs3 qətnamədən apellyasiya şikayəti vermiş hər iki şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(103)-6884/2022 saylı qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Sonradan Maraqlı şəxs3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022ci il tarixli, 2(004)-889/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(004)- 889/2022 saylı qərardadı ilə ərizə təmin olunmuş, Maraqlı şəxs3 tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzürlü hesab edilərək bərpa olunmuş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Göründüyü kimi, MPM işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də məhkəmə aktlarından şikayət vermək imkanını nəzərdə tutmuşdur. Bu səbəbdən də, işdə iştirak etməyə cəlb edilməyən hər hansı şəxs tərəfindən apellyasiya şikayəti verildiyi halda, birinci instansiya məhkəməsi ilkin olaraq qətnamənin həqiqətən həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini həll etməli, yalnız bundan sonra (əgər məhkəmə qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunduğu qənaətinə gələrsə) apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu (MPM-nin 361, 363-cü maddələri) yoxlamalıdır. Xüsusilə qeyd edilməlidir ki, MPM-in 364.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Göründüyü kimi, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildiyi halda məhkəmə ilkin olaraq qətnamənin onların hüquq və vəzifələrinə toxunması barədə qərardad çıxarır, sonra isə şikayətin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(103)-6884/2022 saylı qərardadında da qeyd edilənlərin göstərilməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən əsaslandırılmış müvafiq əsaslandırılmış qərardad qəbul edilmədən, buraxılmış prosessual müddətin bərpası ilə bağlı məsələyə baxılmışdır. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ilkin olaraq qətnamənin maraqlı şəxsin hüquq və vəzifələrinə toxunması barədə qərardad çıxarmalı və qərardad konkret sübutlara istinad olunmaqla əsaslandırılmalı, daha sonra şikayətin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu (eləcə də prosessual müddətin ötürülüb-ötürülməməsi, bərpasına zərurətin olub-olmaması və s.) yoxlamalıdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən isə, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. MPM-nin 361.1.4-361.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmalıdır. Bu səbəbdən də qətnamənin maraqlı şəxsin hüquq və vəzifələrinə toxunması məsələsinə hüquqi qiymət verildikdən sonra, bu hal da yoxlanılmalıdır. Bununla yanaşı, iş materiallarının sonuna (iş vərəq 187-198) həmçinin Maraqlı şəxs2 Xanlar oğlunun da qətnamədən verdiyi apellyasiya şikayəti əlavə olunmuş, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin şikayətə ümumiyyətlə münasibət bildirilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361-ci və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Beləliklə, MPM-in 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” barədə ərizəsinə dair mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(004)-889/2022 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar