Məhkəmə qərarları › İş №2(103)-8586/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8586/2020

02.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8586/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)- 3003/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli K-683 və xx xxxx 2020-ci il tarixli K-734 nömrəli əmrlərinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş №2(005)-3003/20) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə tarix müəllimi olaraq başlamışdır. Təhsil Nazirliyinin xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasında təşkil etdiyi “Bu Günün və Sabahın Direktorları” üçün təlim kursunu müvəffəqiyyətlə bitirib, Təhsil Nazirliyində təşkil olunan test və müsahibə mərhələsində uğur qazandıqdan sonra Təhsil nazirinin xx.xx.2014-cü il tarixli 11/925 nömrəli əmri ilə xx.xx.2014-cü ildə Bakı şəhəri 31 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli, K-969 nömrəli əmri ilə xx.xx.2019-cu il tarixdən Bakı şəhəri 19 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Məktəb direktoru kimi fəaliyyət göstərdiyi müddətlər ərzində üzərinə düşən vəzifə öhdəliklərini, habelə əmək funksiyalarını daim nümunəvi şəkildə yerinə yetirmiş və bu günə kimi haqqında heç bir intizam tənbehi tədbiri görülməmişdir. O, 2015-2019-cu illərdə Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbul imtahanlarının müsahibə mərhələsində Təhsil Nazirliyi tərəfindən qabaqcıl və nümunəvi məktəb direktoru kimi komissiya sədri qismində işə cəlb edilmiş, ümumtəhsil orta məktəbinin direktoru vəzifəsində 2014-cü ildən 2020-ci ilə qədər fasiləsiz olaraq işləmişdir. Bu illərdə onunla bağlı elektron hökümət portalında xx.xx.2017-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşmiş elektron informasiya sisteminə daxil edilmiş cəmi 1 ədəd əmək müqaviləsi bildirişi mövcud olmuş və xx.xx.2014-xx.xx.2017-ci illəri əhatə etmişdir. Elektron portalda daha sonrakı illərə aid onunla bağlı əmək müqaviləsinə xitam verilməsi, ləğv edilməsi və yeni əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişləri barədə heç bir qeyd və məlumat olmamışdır. Elektron hökümət portalına xx.xx.2020-ci il tarixində daxil edilmiş sonuncu məlumat isə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişidir və bununla xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ləğv edilmişdir. O, əmək müqaviləsinin nüsxəsinin heç vaxt ona təqdim olunmadığını bildirmişdir. Onunla bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2017-ci ildə bitməli olsa da, nə o, nə də Təhsil Nazirliyi müddətin bitməsindən sonrakı bir həftə ərzində müqaviləyə xitam verilməsini tələb etməmiş və o, əmək funksiyalarının icrasını xx.xx.2017-ci il tarixindən sonra da davam etdirmişdir. Onunla bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə qaydalarına uyğun olaraq direktor kimi bir illik fəaliyyəti barədə hesabat Təhsil Nazirliyinə təqdim olunmuş və o, qeyd olunan müsahibədən keçmişdir. Bu səbəbdən də iddiaçı 143 nömrəli əmrə uyğun olaraq direktor vəzifəsinə təyinatının daimi əsaslarla olmalı olduğunu iddia edir. İddiaçının əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixli, K-683 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxx 2020-cı il tarixli K-683 və xx xxxx 2020-ci il tarixli K-734 nömrəli əmrləri qanunsuz və əsassız olmaqla yanaşı, həm də etibarsız hesab etdiyini bildirmiş və göstərilənlərin nəzərə alınmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi R.Hüseynov iddia tələbini əsassız saymış və göstərmişdir ki, İddiaçı ilə əmək müqaviləsi müddətli bağlanmışdır. Bu hal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşmiş elektron informasiya sistemindən də aşkar olunur. İddiaçı əvvəlcə xx.xx.2014-cü ildə Bakı şəhəri 31 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuş, sonradan onun ərizəsi əsasında Bakı şəhəri 19 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Bununla bağlı müvafiq əmr verilmiş və yeni əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi isə müddətli olmuşdur. İddiaçı fəaliyyətində qüsurlar aşkar edilmişdir. Bununla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılmışdır. Lakin iddiaçıya humanist münasibət göstərilərək onun əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. İddiaçı bülletendə olması barədə məlumat verməmişdir. Buna görə də, o xx xxxx 2020-ci il tarixdə işdən azad olunmuş, bu hal sonradan aşkar olunduqda xx xxxx 2020-ci il tarixli K-734 nömrəli əmri ilə, xx xxxx 2020-ci il tarixli, K-683 nömrəli əmrə düzəliş edilmişdir. Əmri ləğv etmək və ya ona hər hansı düzəliş etmək işəgötürənin hüququdur. Buna görə əmək qanunvericiliyinin tələbi pozulmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun Bakı şəhəri 31 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunaraq Bakı şəhəri 19 nömrəli tam orta məktəbə direktor vəzifəsinə bir il müddətinə əmək müqaviləsi bağlanmasını əks etdirən ərizəsi təzyiq altında yazılmışdır. Elektron portalda onun əmək münasibəti müddətli kimi qeyd olunsa da, 5 ildən artıq davam etdiyindən müddətsiz hesab olunmalıdır. Eyni zamanda, əmək kitabçasında da Təhsil Nazirliyi tərəfindən səhvə yol verilmiş, xx xxxx 2020-ci il tarixli, K683 nömrəli əmri göstərilsə də, yeni xx xxxx 2020-ci il tarixli K-734 nömrəli əmri öz əksini tapmamışdır. 2014-cü ildən 2020-ci ilə qədər fasiləsiz işləmişdir. xx xxxx 2020-ci il tarixli əmrlə sonradan əmrə düzəliş edilməsi əmək qanunvericiliyinin kobud surətdə pozulmasıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddia ərizəsi ilə oxşar məzmunda olan apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsinin qanunsuzluğunu Əmək Məcəlləsinin normalarına istinad edərək bildirdiyinə baxmayaraq, eləcə də onun əmək münasibətinin xx xxxxxx 2014-cii ildən yarandığını, beş ildən artıq fasiləsiz işlədiyi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən çıxarılmağının əsassız olmasını, yəni Əmək Məcəlləsinin 45.5-ci maddəsinin tələblərinin kobud surətdə pozulduğunu qeyd etdiyinə baxmayaraq məhkəmə qevri-obvektivlik nümayiş etdirərək Qanunun birbaşa göstərişlərini rəhbər tutmayaraq tətbiq etməli olan maddi hüquq normalarını tətbiq etməmiş, iddia tələbinin rədd olunması barədə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Apellyatorun fikrincə, birinci instansiya məhkəməsi işə baxarkən və qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi R.Hüseynov məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən 1 il müddətinə 31 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2019-cu il tarixli vəzifədən azad olunma və vəzifəyə təyin barədə əmri ilə onunla bağlanmış əmək müqaviləsinə ərizəsi nəzərə alınmaqla Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2019-cu il tarixdən xitam verilərək, xx.xx.2019-cu il tarixdən 1 (bir) il müddətinə Bakı şəhəri 19 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuşdur, onunla xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xx xxxx 2020-ci il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçının əmək qabiliyyəti olmadığı müəyyən edildiyindən, sonradan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli əmri ilə xx.xx.2020-ci il tarixli əmrdə “15” rəqəmi 1-ci bənddə qeyd edilən Bakı şəhəri 19 nömrəli tam orta məktəbinin direktoru İddiaçı münasibətdə “28” rəqəmi ilə dəyişdirilmiş və “Əmək müqaviləsinin ləğvi və vəzifəyə təyin edilmə barədə” Təhsil nazirinin xx.xx.2020-ci il tarixli əmrinin 14-cü bəndində “16” rəqəmi" 29” rəqəmi ilə əvəz edilmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli K-683 və xx xxxx 2020-ci il tarixli K-734 nömrəli əmrlərinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədədir. İddiaçı tələbini işdən qanunsuz azad olunması, əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68,73, 83-cü maddələrini rəhbər tutaraq və işin müəyyən edilmiş hallarını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçının əmək müqaviləsinin müddəti xx xxxx 2020-ci il tarixində bitmiş, həmin tarixdə iddiaçının əmək qabiliyyətli olmaması (bülletendə olduğundan) nəzərə alınaraq və Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən bu tarixdən sonrakı bir həftə ərzində onun əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi imkanından istifadə edilərək cavabdeh tərəfindən onun əmək müqaviləsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli əmri ilə xitam verilmişdir. İddiaçı onunla sonradan əmək münasibətinin müddətsiz xarakter daşıdığını iddia etsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əmrin tərtibi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda göstərilən tələbləri pozulmamışdır. Hazırkı - işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ona ödənilməsi - törəmə hüquq münasibəti olub, qeyd edilən “işəgötürənin əmrinin ləğv edilməsi” tələbindən asılı olduğundan iddia tələbi həmin hissələrdə də rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, iddia tələbinin əsası kimi istinad olunan halları sübut etmək vəzifəsi sübutetmə yükünə görə məhz iddiaçının özünün üzərinə düşür. İddiaçı isə istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya qaydasında işə baxılarkən öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi dəlilləri əsaslı hesab etmir. Belə ki, işin araşdırılan və müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixdə 1 (bir) il müddətinə Bakı şəhəri 19 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuş və Təhsil nazirinin müvafiq əmrlərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə əmək müqaviləsinin müddəti tərəflərin razılığı ilə müəyyən edilir və hazırkı vəziyyətdə iddiaçı ilə 19 nömrəli tam orta məktəbin direktoru kimi bağlanmış bir illik əmək müqaviləsinin müddətsiz hesab olunması üçün heç bir əsas yoxdur. Apellyasiya şikayətinin başqa bir dəlili birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinin qüvvədən düşmüş redaksiyasına istinad olunması barədədir. Adı çəkilən maddənin əvvəlki redaksiyası aşağıdakı kimi olmuşdur: “Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər”. Hazırkı redaksiya isə aşağıdakı kimidir: “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır”. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə birinci instansiya məhkəməsi tərəfindən səhvən Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinin qüvvədən düşmüş redaksiyasına istinad olunması işin mahiyyətinə və məhkəmənin gəldiyi nəticəyə təsir etmədiyindən qətnamə apellyasiya şikayətinin həmin dəlili əsasında ləğv oluna, yaxud dəyişdirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar