Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-859/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Zərinəxanım Əsgərovanın iştirakı ilə, İddiaçı cavabdeh Hədisova (Əsgərova) Fərqanə Hədis qızına qarşı “evdən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-5818/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflər keçmiş ər-arvaddır. İddiaçı cavabdehdən ayrıldıqdan sonra Zərinəxanım Əsgərova ilə ailə qurub və onunla birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən, özbaşına tikinti obyekti olan evdə (bundan sonra – ev) yaşayır. Cavabdeh və onun azyaşlı uşaqlarının həmin evə köçürülməsi barədə xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi qəbul olunub və icra vərəqəsi verilib (iş v. 12). Bundan sonra cavabdeh evə köçürülüb. 2.Cavabdeh xx.xx.2024-cü ildə yazılı iltizam verərək bildirib ki, xx.xx.2022-ci ildə iki övladı ilə birlikdə evə yerləşdirilib, iddiaçıdan 5.000 (beş min) manat kompensasiya aldığına görə evdən istifadə hüququndan imtina edir və evi 10 gün müddətində tərk edəcək (iş v. 10). Bundan başqa, cavabdeh iltizamda qeyd edib ki, ona heç bir təzyiq olmayıb, öz istəyi ilə istifadə hüququndan imtina edir. Cavabdeh iltizam imzalayıb, iltizamın doğruluğunu iki nəfər öz imzası ilə təsdiq edib. Birinci instansiya məhkəməsinə icraat 3.İddia ərizəsində tələb olunub ki, cavabdeh evdən çıxarılsın. Tələb onunla əsaslandırılıb ki, cavabdeh evdən çıxmaq üçün 5.000 manat kompensasiya alıb, kompensasiyanın ödənilməsi və onun məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunub. 4.Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, ev özbaşına tikinti obyekti olduğuna görə iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Şikayət onunla əsaslandırılıb ki, iddianın rədd edilməsinin iddiaçının subyektiv hüququnun olmaması ilə əlaqələndirilməsi qanunsuz və əsassızdır, çünki cavabdeh məhkəmə qətnaməsinə əsasən evə köçürülüb, odur ki, iddiaçının da məhkəmə müdafiəsinə hüququ var. Kompensasiyanın ödənilməsi və onun məbləği tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilib, bu razılıq qanunvericiliyə zidd deyil. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (arvadı) Zərinəxanım Əsgərova bildirdi ki, cavabdeh məhkəmə qətnaməsinə əsasən evə köçürüldükdən sonra müəyyən müddət evdə yaşayıb, lakin hazırda əşyaları evdə olsa da orada yaşamır. Cavabdeh evdə yaşamaqdan imtina etmək üçün əvvəlcə 25.000 manat istədi, lakin iddiaçı buna razı olmadı. Daha sonra cavabdeh 10.000 manat istədi, iddiaçı buna da razı olmadı. Bir müddət sonra cavabdeh bildirdi ki, ailə qurur və ipoteka ilə ev alır, 5.000 manat versinlər, evdən imtina edir. İddiaçı bu məbləği ödəməyə razılaşdı və həmin pulu cavabdehə verdi. Lakin cavabdeh pulu aldıqdan sonra evdən çıxmaqdan imtina edib, pulu isə geri qaytarmaq istəmir. 7.Cavabdeh (Əsgərova) məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.İddiaçının subyektiv hüququnun olmaması iddianın rədd edilməsinə əsas ola bilməz. AR Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsindən görünür ki, subyektiv hüquqlar ilə yanaşı qanunla qorunan maraqlar da məhkəmə müdafiəsinin obyektidir. AR Konstitusiyasının 71-ci maddəsinin 9-cu hissəsində qeyd olunub ki, hər kəs qanunla qadağan edilməyən hərəkətləri edə bilər. Bu norma qanunla qorunan maraqların müdafiəsinin konstitusion əsasıdır: hər bir şəxs nəinki subyektiv hüquqlarından istifadə edə bilər, həm də subyektiv hüquq kimi qanunvericilikdə əksini tapmayan, lakin qanunla qadağan edilməyən hərəkətləri edə bilər. O cümlədən AR Mülki Məcəlləsinin 12.2-ci maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər. 9.Hazırkı işdə qanunla qorunan maraqların müdafiəsi tələb olunur. Ev özbaşına tikinti obyekti olsa da kompensasiyanın ödənilməsi və onun məbləği tərəflərin razılığı əsasında müəyyən olunub. Qanun tərəflərə belə razılıq əldə etməyi qadağan etməyib və həmin razılıq başqalarının – dövlətin, cəmiyyətin, ayrı-ayrı şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına zidd deyil. Cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatdan görünür ki, kompensasiya müqabilində evdən çıxmağa razıdır, lakin 15.000 manat tələb edir (iş v. 43). Göründüyü kimi, cavabdeh kompensasiya verilməsinə etiraz etmir, yalnız kompensasiyanın məbləğinə etiraz edir. 10.AR Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı tərəflərə imkan verir ki, qanunda nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlasınlar. Ona görə də hesab olunur ki, tərəflər xx.xx.2024-cü ildə şifahi formada müqavilə bağlayıblar, müqaviləyə əsasən iddiaçı cavabdehə evdən çıxması (evdə yaşamaqdan imtina etməsi) müqabilində 5.000 manat kompensasiya ödəməyi öhdəsinə götürüb, cavabdeh isə 5.000 manat kompensasiyanın müqabilində evdən çıxmağı (evdə yaşamaqan imtina etməyi) öhdəsinə götürüb. Müqavilənin şifahi formada bağlanması qanuna zidd deyil, çünki evin özü və evə dair hər hansı əşya hüququ dövlət reyestrində qeydə alınmayıb. Cavabdeh xx.xx.2024-cü ildə yazılı iltizam verməklə təsdiq edib ki, 5.000 mnat kompensasiyanı alıb və 10 gün müddətində evdən çıxacaq. 11.Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatda bildirib ki, evdən çıxmaq üçün 15.000 manat tələb edir, 5.000 manatı qorxduğu üçün götürüb, evdən çıxmaq istəmir, məcburiyyət qarşısında qalaraq evdən çıxıb, əşyaları evdə qalıb. Lakin cavabdehin müqavilə bağlamağa və 5.000 manat kompensasiya almağa məcbur edildiyini, yəni zorakılığa və ya hədəyə məruz qaldığını təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Cavabdeh iltizamda qeyd edib ki, ona heç bir təzyiq olmayıb, öz istəyi ilə istifadə hüququndan imtina edir. Ona görə də hesab olunur ki, cavabdeh müqaviləni könüllü şəkildə bağlayıb. 12.Bundan başqa, cavabdeh 5.000 manatı geri qaytarmaq istəmir. Belə ki, iddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı bildirib ki, cavabdeh 5.000 manatı aldıqdan sonra evdən çıxamaqdan və ya pulu geri qaytarmaqdan imtina edir. Cavabdeh isə bunun əksini, yəni 5.000 manatı geri qaytarmağa hazır olduğunu bildirməyib. Əgər cavabdeh 5.000 manatı almağa məcbur edilmişdirsə, məntiqə görə həmin pulu geri qaytarmağa maraqlı olmalı və bunu məhkəmədə bildirməli idi. Lakin o, 5.000 manatı özündə saxlayır və əlavə pul tələb edir. Bu isə onu təsdiq edir ki, 5.000 manat kompensasiya ödənilməsi müqabilində evdən çıxmaq barədə razılıq cavabdehin iradəsinə uyğun olub. 13.Beləliklə, məhkəmə AR Mülki Məcəlləsinin 425-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməli, yəni evdən çıxmalıdır. Cavabdehin hazırda həmin evdə faktiki olaraq yaşamaması evdən çıxarılma barədə qətnamənin qəbul edilməsinə mane olmur, baxılan mübahisə kontekstində “evdən çıxarılma” deyildikdə kompensasiya aldıqdan sonra cavabdehin evdə yaşaya bilməyəcəyinin müəyyən edilməsi başa düşülür. 14.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 5818/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Cavabdeh Hədisova (Əsgərova) Fərqanə Hədis qızı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən, İddiaçı sahibliyində olan evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-859/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-859/2025
10.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver