Məhkəmə qərarları › İş №2(103)-8591/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8591/2021

04.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8591/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2021 saylı mülki iş üzrə qəbul etdiyi 10 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinə qarşı “işə bərpa olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yenidən Ekologiya Təbii və Sərvətlər Nazirliyinin Milli X1 Regional HM-nin Bakı Dəniz məntəqəsində işə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2011-ci ildən isə Ekologiya Təbii və Sərvətlər Nazirliyinin Milli X1 Regional HM-nin Bakı Dəniz məntəqəsində işləmişdir. 2020-cı ilin iyun-iyul aylarında struktur dəyişikliyi adı ilə onu işdən azad etdilər. İşdən azad etdikdən sonra ona yalandan vəd etdilər ki, onu işlə təmin edəcəklər. İşlə təmin olunmada ixtisası qətiyyən uyğun olmayan, orta təhsili olan vətəndaşları işlə təmin etdilər. Orada işləyən Tofiq müəllim adlanan şəxs öz tanışlarını, dostlarını yerləşdirdi. Rəsmi şəkildə işə bərpa olunması barəsində cavabdeh quruma müraciət etsə də, qanuni müraciətləri cavabsız qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(005)- 2609/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(005)-2609/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X6 isə apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(005)-2609/2021 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentinin 03/k saylı, 05.01.2011-ci il tarixli əmrinə əsasən İddiaçı Nürəddin qızı X2 müəssisəsi Bakı Dəniz Hidrometeoroloji məntəqəsinə okeanoloq vəzifəsinə qəbul edilmişdir. Daha sonra ETSN-nin Milli Hidrometeorologiya Departamentinin 415/K saylı, 27.08.2018-ci il tarixli əmrinə əsasən Sadıqova X7 və X3 Bakı Bulvarı Dəniz Hidrometeoroloji məntəqəsinə mühəndis meteoroloq vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin 30.10.2020-ci il tarixli, 728/K sayı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (ştatların ixtisarı) əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia rədd edilməsi barədə qətnamə qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Həmin Məcəllənin 80-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir (80.1). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir (80.2). Kollegiya hesab edir ki, hazırkı işdə də iddiaçının işdən azad olunması barədə əmr verilərkən Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri pozulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Departamentinin Milli Hidrometeorologiya Departamentinin tabeli qurumlarının rəhbərlərinə ünvanlandığı 20/41 saylı, 21.01.2021-ci il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2015-ci il 15 yanvar tarixli 476 nömrəli Fərmanına uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədi ilə struktur dəyişikliklərinin aparılacağı, ştatların (vəzifələrin) ixtisar olunacağı haqqında bütün işçilərin rəsmi qaydada xəbərdar edilməsi və bu barədə müvafiq təsdiqedici sənədlərlə birgə Milli Hidrometeorologiya Departamentinə məlumat təqdim edilməsi Sizə tapşırılır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Departamentinin Milli Hidrometeorologiya Departamentinin tabeli qurumlarının rəhbərlərinə ünvanlandığı 20/41 saylı, 21.01.2021-ci il tarixli məktubuna əlavənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25.01.2019- cu il tarixdə məktubun məzmunu ilə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda cavabdeh tərəfindən İddiaçı Radiometeorologiya, aviameteorologiya və aerologiya X4 Aeroloji stansiyasına mütəxəssis aeroloq vəzifəsi təklif olunmuşdur. Razılıq olduğu təqdirdə 5 iş günü müddətində məlumat verilməsi xahiş olunsa da, iddiaçı yeni vəzifə üzrə işləmək barədə razılığını bildirməmişdir. Göründüyü kimi cavabdeh qanunvericiliyin tələblərinə tam riayət etməklə Əmək Məcəlləsinə uyğun olaraq ixtisarı həyata keçirmiş və iddiaçının hüquqları pozulmamışdır. Həmçinin kollegiya hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində müəyyən edilən bir aylıq müddət də ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçıya əmək kitabçası və son haqq-hesab səmnədləri poçt vasitəsilənoyabr ayının 4-də göndərilmişdir. İddiaçı göstərilən sənədləri noyabr ayında poçt vasitəsilə qəbul etmişdir. Hazırkı iddia ərizəsi isə 22 aprel 2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüşdür. Həmçinin iddiaçı onun işdən azad edilməsi ilə bağlı 30.10.2020-ci il tarixli, 728/K saylı əmri mübahisələndirmədən birbaşa işə bərpa olunması ilə bağlı iddia irəli sürmüşdür. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, o birinci instansiya məhkəməsində iştirakının təmin edilmədiyini bildirsə də, iş materiallarından görünür ki, iddiaçıya məhkəmə iclasları barədə bildiriş göndərilmiş, iddiaçı məhkəmə iclasında iştirak etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2021 saylı mülki iş üzrə qəbul etdiyi 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar