Məhkəmə qərarları › İş №2(103)-8593/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8593/2020

02.12.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8593/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X4 oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli, iş № 2(004)-1902/20) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ASC arasında 101- HF- 3718 saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə ayrılmış 300 000 manat məbləğində kredit əslində ona verilməmiş, birbaşa xx xxxxxx 2016-cı il tarixdə “xxxx” MMC-nin Cavabdeh ASC-də olan kredit borcuna köçürülmüşdür. Belə ki, “xxxx” MMC, Cavabdeh ASC-dən uzun müddət ərzində, “xxxx” MMC-nin nəzdində fəaliyyət göstərən və elektrik avadanlıqlarının kreditlə verilməsini həyata keçirən “Sunny Elektroniks” şirkəti üçün çoxsaylı istehlak kreditləri almışdır. İstehlak kreditlərinin verilməsində məhdudiyyətlər qoyulduğu üçün “xxxx” MMC-nin Cavabdeh ASC-nin kreditlərinin ödənilməsində problemlər yaranmışdır. Qardaşı Samir o zaman “Sunny Elektroniks” şirkətində işləyirdi. 2016-cı ilin yanvar ayında, həmin vaxt Cavabdeh ASC-nin rəhbərliyində olan şəxslər - Müşahidə Şurasının sədri Məmməd Cahangirov və İdarə Heyətinin sədri Akif Əskərov onu banka dəvət edərək istehlak krediti verilmiş vətəndaşlardan borcları yığa bilmədiklərini, kreditin onun adına formal olaraq rəsmiləşdirilməsini xahiş etmişlər. O, şirkətin uzun müddət normal fəaliyyət göstərdiyini bildiyi üçün bu təkliflə razılaşmış və Cavabdeh ASC ilə aralarında adıçəkilən kredit müqaviləsi bağlanmışdır. O, müvafiq sənədləri imzalasa da, adına ayrılan kredit “xxxx” MMC-yə köçürülmüşdür. Bu fakt hesabdan çıxarışlarla öz təsdiqini tapmışdır. Qeyd olunan kredit üzrə aylıq ödənişləri bir müddət “xxxx” MMC-dən alıb Cavabdeh ASC-yə ödəmişdir. Sonradan isə “xxxx” MMC-dən bu krediti bankla özləri həll edəcəklərini bildirmişlər. Lakin bu günlərdə Cavabdeh ASC-dən ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli “Bildirişxəbərdarlıq” aldıqda məlum oldu ki, həmin kreditə görə ödənişlər ondan tələb olunur. Göründüyü kimi, qeyd olunan kredit müqaviləsi ona kredit verilməsi məqsədilə bağlanmamış və müqavilədə göstərilən məbləğ ona verilməmişdir. Kredit müqaviləsi bağlanarkən bu hal hamıya məlum olmuş, buna baxmayaraq bankın tələbi ilə həmin müqavilə bağlanmışdır. Beləliklə də, kredit müqaviləsi əslində müqavilənin məqsədlərinin həyata keçirilməsi niyyəti ilə bağlanmamış və bununla əlaqədar həmin müqavilə icra olunmamışdır. Eyni zamanda, vəzifələrindən sui-istifadə etmiş Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən aldadılmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı H.Əliyev iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətini əsaslandırarkən göstərmişdir ki, 297000 manat vəsait xx.xx.2016-cı il tarixdə Cavabdeh ASC tərəfindən iddiaçının hesabına köçürülmüşdür. Lakin iş materiallarında olan xx xxxxx 2019-cu il tarixli hesabdan çıxarışdan göründüyü kimi 297000 manat vəsait xx.xx.2016-cı il tarixdə “xxxx” MMC-nin Cavabdeh ASC-də olan kreditinə yönəldilmişdir. Yəni, iddiaçının adına rəsmiləşdirilən qeyd olunan kredit ona verilməmiş, birbaşa cavabdeh banka borclu olan hüquqi şəxsin hesabına köçürülmüşdür. Hesab edir ki, iddiaçı ilə bağlanmış kredit müqaviləsi əslində həmin müqavilənin məqsədlərinin həyata keçirilməsi niyyəti ilə bağlanmamış və bununla əlaqədar bu müqavilə icra olunmamışdır. Buna görə də, müqavilə bağlandığı zaman iddiaçı cavabdeh tərəfindən aldadıldığı üçün kredit müqaviləsi etibarsız hesab edilməlidir. Cavabdehin nümayəndəsi K.Məmmədli məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da onlar heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, xx.xx.2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 1**-HF-***8 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 300000 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli X3 əsasən 297000 manat məbləğində pul Cavabdeh ASC tərəfindən İddiaçı hesabına köçürülmüşdür. İddiaçının tələbi kredit müqaviləsinin etibarsız hesab olunması barədədir. O, tələbini müqavilə bağlanarkən aldadıldığı, müqavilədə göstərilən məbləğin ona verilmədiyi ilə əsaslandırmış və maddi hüquq norması kimi Mülki Məcəllənin 337, 340.1-ci və s. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və qənaətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi iddiaçı ilə Cavabdeh arasında bağlanmış və xx.xx.2016-cı il tarixli X2 göründüyü kimi 297000 manat məbləğində pul Cavabdeh ASC tərəfindən İddiaçı hesabına köçürülmüşdür. Kredit müqaviləsi üzrə məbləğ iddiaçı tərəfindən götürüldüyündən həmin müqavilə ilə bağlı bütün öhdəliklər onun üzərinə düşür. Ona görə də xx.xx.2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 1**- HF-***8 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddətin keçdiyini də nəzərə alır. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır. İddiaçının apellyasiya şikayətində istinad etdiyi hal 297000 manat pul vəsaitinin onun adına köçürüldüyü eyni gündə həmin məbləğin “xxxx” MMC-yə köçürülməsidir. İş materialları ilə kredit vəsaitinin iddiaçıya deyil, birbaşa sözügedən MMC-yə verilməsi halı mövcud deyildir. Sözügedən məbləğin MMC-nin borcuna silinməsi, iddiaçıya kredit məbləğinin verilməsindən sonra baş vermişdir ki, bu da müvafiq məxaric orderi ilə tam sübuta yetir. İddiaçının kredit məbləğini əldə etdikdən sonra baş verənlər onun bank tərəfindən aldadılması sayıla və müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar