Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8594/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Ramin Allahverdiyevin iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehin “əmək müqaviləsinin ləğvi barədə” xx.xx.2020-ci il tarixli, 316/K nömrəli əmri ləğv edilsin, iddiaçı cavabdeh təşkilatda əvvəlki vəzifəsində - satış nümayəndəsi vəzifəsinə bərpa olunsun və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh təşkilatın Satış Departamentində satış üzrə nümayəndə vəzifəsində işləyib. Cavabdeh xx.xx.2020-ci il tarixli, 316/K nömrəli əmri ilə əmək müqaviləsini ona görə ləğv edib ki, müqavilənin müddəti qurtarıb. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə müddətin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. İddiaçı buna etiraz edir, etirazını onunla əsaslandırır ki, əmək müqaviləsi müddətsiz bağlanıb. İddiaçı bunu təsdiq etmək üçün müqavilənin onun özündə olan nüsxəsini məhkəməyə təqdin edib (iş v. 38). Həmin nüsxədə müddət göstərilməyib. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (Əmək Məcəlləsi, maddə 45, hissə 2). Əmək müqaviləsinin işçidə olan nüsxəsi imzalanıb, sadə yazılı müqavilə isə imzalandığın andan bağlanmış sayılır (Mülki Məcəllə, maddə 407.2). Müqavilə imzalanarkən onun məzmununda müddət olmayıb, deməli, müqavilə müddət göstərilmədən bağlanıb. Müqavilənin bağlanma anı ilə onun qüvvəyə minmə anı eyniləşdirilməli deyil. Belə ki, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sistemində qeydiyyatdan asılı edilib (Əmək Məcəlləsi, maddə 49, hissə 1), lakin bağlanma anı qeydiyyatdan asılı deyil, müqavilə imzalandığı andan bağlanmış sayılır. Əmək müqaviləsinin işçidə olan nüsxəsi öz hüquqi əhəmiyyətinə görə həmin müqavilənin işəgötürəndə olan nüsxəsindən geri qalmır. Belə ki, əmək müqaviləsinin iki nüsxədən az olmayaraq tərtib olunması və onun bir nüsxəsinin işçidə saxlanılması qanunun göstərişidir (Əmək Məcəlləsi, maddə 44, hissə 3). Müqavilənin iddiaçıda olan nüsxəsinin kserosurət olması mübahisənin həllində onun əhəmiyyətini azaltmır. Belə ki, Mülki-Prosessual Məcəllənin 89.2-ci maddəsində qeyd olunub: “Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun”. Bu maddədə sair üsulladeyiləndə surətçıxaran aparatın köməyi ilə əldə edilmiş material da nəzərdə tutulur. Müqavilənin iddiaçıda olan nüsxəsinin kserosurəti üzərində onun saxtalığına işarə edən heç bir əlamət yoxdur. Müqavilənin müvafiq vərəqində (müddət göstərilən vərəqində) imzanın kserosurəti də əks olunub. Bu səbəbdə də məhkəmə onun həqiqi (yəni müqavilənin surətçıxaran aparat vasitəsilə əldə edilmiş əksi) hesab edir və yazılı sübut kimi qəbul edir. İddiaçı bildirir ki, müqavilənin nüsxəsini (kserosurətini) ona cavabdeh təqdim edib. Əgər cavabdeh əmək müqaviləsinin orijinal nüsxəsini iddiaçıya təqdim etdiyini sübut edərsə, belə halda məhkəmə iddiaçının təqdim etdiyi kserosurəti sübut kimi qəbul etməyə bilər. Belə ki, bu kimi mübahisələrdə əmək müqaviləsinin orijinal nüsxəsinin işçiyə təqdim edildiyini sübut etmə vəzifəsi işəgötürənin üzərinə düşür. Çünki, o, iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətə malikdir. Əmək müqaviləsinin bir nüsxəsinin işçidə saxlanılması barədə qanunun göstərişi (Əmək Məcəlləsi, maddə 44, hissə 3) öz mahiyyətinə görə həm də işəgötürənin üzərinə müqavilənin nüsxəsini işçiyə təqdim etmək vəzifəsi qoyur. Lakin cavabdeh əmək müqaviləsinin orijinal nüsxəsini iddiaçıya təqdim etdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Deməli, işəgötürən həmin kserosurəti əmək müqaviləsinin nüsxəsi kimi işçiyə təqdim edib. Əmək müqaviləsinin işçidə olan nüsxəsi ilə işəgötürəndə olan nüsxəsinin arasında ziddiyyət yarandıqda işçidə olan nüsxəyə üstünlük verilməlidir. Belə ki, birinci, əmək hüququ konstitusion hüquqdur, ziddiyyət konstitusion hüququn xeyrinə həll olunmalıdır. İkinci, əmək müqaviləsinin ləğv edilməsi əmək münasibətlərində işçiyə ən ağır maddi-mənəvi məhrumiyyət yaradan tədbirdir, ziddiyyət əmək müqaviləsinin ləğvi ilə bağlı olduğuna görə işçinin xeyrinə həll olunmalıdır. Üçüncü, işçi ilə müqayisədə işəgötürən iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətə malikdir, belə ziddiyyətin yaranmamasına görə məsuliyyət daşıyır, ona görə də ziddiyyət işəgötürənin əleyhinə həll olunmalıdır. Beləliklə, əmək müqaviləsi müddətli olmadığından müddətin qurtarmasına görə onun ləğv edilməsi qanunsuz olub. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8594/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8594/2020
27.11.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver