Məhkəmə qərarları › İş №2(103)-86/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-86/2022

15.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-86/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(008)-960/2018 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5843 saylı pay torpağı üçün verilmiş və cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 nəfər Qarabağ müharibəsi əlillərinə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 2005-ci ildə Sabunçu rayonu, Ləhiş bağları ərazisində pay torpaq bağ sahələri ayrılmışdır. Həmin ərazidə ona 14.11.2005-ci il tarixli 36610 saylı müqavilə əsasında 5843 nömrəli bağ sahəsi ayrılmışdır. Bağ sahələri bölüşdürüldükdən sonra onlar hasar tikmək üçün həmin ərazilərə tikinti materialları gətirməyə başlamışlar. Bu zaman bir qrup Nardaran vətəndaşları həmin əraziyə gələrək onlara maneəçilik törətməyə başlamışlar. Onlar həmin sakinlərə bağların sənədlərini göstərdikdə sakinlər “bura onların ulu babalarının torpaqlarıdır və burada heç kimə hasar çəkdirməyə imkan verməyəckələrini” bildirmişlər. Hətta, bəzi əlillərin tikilmiş hasarlarını uçurmağa başlamışlar. Bir sözlə, həmin sakinlər onlara tikinti işləri aparmağa icazə verməmişlər, həmçinin onun torpağına tökdürdüyü 3 maşın mişar daşını oğurlayıb aparmışlar. Problemlə bağlı Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə, rayon prokurorluğuna, Prezident Aparatına və Ombudsmana müraciət etmişlər. Bundan sonra o, edilən təzyiqlər üzündən bağ sahəsinə getməmiş, həmin torpağa çıxarış ala bilməmişdir. Dövlət orqanlarının təsiri nəticəsində həmin cinayətkar qruplar zərərsizləşdirildi və bəziləri isə həbs edilmişdir. Yaxın zamanda o bağ sahəsinə baş çəkdikdə bağın bir hissəsinin Cavabdeh tərəfindən hasara alınaraq zəbt edildiyinin şahidi olmuşdur. O, cavabdehə bağın sənədlərini göstərdikdə, cavabdeh ona həmin bağın başqası tərəfindən satıldığını bildirmişdir. O, cavabdehə torpağın boşaldılmasını xahiş etmişdir. Lakin heç bir nəticə olmamışdır. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-960/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli, 2(103)- 10414/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-960/2018 saylı iş üzrə qəbul etdiyi 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Əliyev Səməd Eyyub oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(103)-458/2020 saylı qərarına əsasən İddiaçı və vəkili Əliyev Səməd Eyyub oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli 2(103)- 10414/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Bununla bağlı iş materiallarında cinayət işinin başlanmasının rədd edilməsi barədə ləğv edilməmiş qərarı da mövcuddur. Həmin qərarda açıq-aşkar qeyd edilmişdir ki, Ləhiş bağlarında yerləşən 5843 saylı bağ sahəsini Cavabdeh zəbt etmişdir. Bununla bağlı iş materiallarında cinayət işinin başlanmasının rədd edilməsi barədə ləğv edilməmiş qərarı da mövcuddur. Həmin qərarda açıq-aşkar qeyd edilmişdir ki, Ləhiş bağlarında yerləşən 5843 saylı bağ sahəsini Cavabdeh zəbt etmişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cavabdeh cinayət əməlini törətmiş olsa da, o cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin qərarın 2-ci vərəqəsinin 5-ci abzasında göstərilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış materialları, sübutları, faktları, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, işə baxılarkən işin hallarına və sübutlara hüquqi qiymət verməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməsi prinsiplərinə əməl etməmiş, işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ekspert X5 ifadə verərək bildirmişdir ki, iş üzrə onun tərəfindən tərtib edilmiş ekspertiza rəyini müdafiə edir. 04 fevral 2022-ci il tarixdə keçirilmiş yerində müayinə iclası zamanı da müəyyən olundu ki, torpaq sahəsi 25 sota yaxın olmaqla aradan dəmir çəpərlə ayrılmışdır. Mübahisəli 5843 nömrəli torpaq sahəsi isə 12.9 sotdur və 5842 nömrəli bağ sahəsi ilə 5884 nömrəli bağ sahəsinin arasında yerləşir. Məhkəmə kollegiyasının yerində müayinə iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X11 ifadə verərək bildirmişdir ki, yerində müayinə edilən torpaq sahəsi 5843 nömrəli torpaq sahəsidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının və ekspertin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırmaları müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 36610 saylı 14.11.2005-ci il tarixli bağın istifadəyə verilməsinə dair müqavilə əsasında Sabunçu rayonu, Ləhiş bağları ərazisində İddiaçı 0,12 ha torpaq sahəsindən ibarət 5843 saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 94 saylı, 30.01.2006-cı il tarixli məktubun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti aparatının 15.10.1986-cı İl tarixli 18/924 nömrəli və 14.06.1988-ci il tarixli 6/333 nömrəli Qərarlarına əsasən İddiaçı icarəsindəki bağ sahəsində hasar tikməyə icazə verilmişdir. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 14 fevral 2008-ci il tarixli, 1/45 nömrəli sərəncamından çıxarışa əsasən, Cavabdeh Nardaran qəsəbəsi, “Ləhiş” bağ massivində 2254a nömrəli torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı tələbinin hüquqi əsasını təşkil edən halları mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(103)-458/2020 saylı qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisəli sahənin ətrafında yerləşən dövlət qeydiyyatından keçmiş 5842 bağın koordinatlarından çıxış edərək və işin 7-ci vərəqində olan bağın sxemində 5842 saylı bağın iddiaçıya məxsus bağın yan qonşusu olduğu nəzərə alaraq mübahisələndirilən 5843 saylı sahənin yerində koordinatlarının müəyyən edilməsinin mümkünlüyü ilə bağlı əlavə suallar qoyulmaqla təkrar ekspertiza keçirilməsinin zəruriliyini müzakirə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaya etirazının əsası kimi ona 0.1200 ha torpaq sahəsinin ayrılması ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin Sərəncamı əsasında verilmiş 14.02.2008-ci il tarixli, 1/45 saylı çıxarışın Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin tələblərinə zidd olmasına da hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki iş üzrə mübahisənin predmeti tərəflərə məxsus torpaq sahələrinin sərhədlərinin müəyyən olunmasıdır. Kollegiya ilk növbədə, iddiaçının torpaq sahəsinin ona məxsus olmasını iddia etdiyinə dair, cavabdehin isə bu halın təkzibinə dair təqdim etdiyi hüquqmüəyyənedici sənədlər hüquqi dəyərləndirilməlidir. Birinci instansiya məhkəməsində işin araşdırılması zamanı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2018-ci il tarixli, 8142 saylı rəyinə əsasən İddiaçı adına olan 14 noyabr 2005-ci il tarixli 36610 saylı müqavilənin üz tərəfindəki “5843” rəqəmi ilə həmin müqavilədəki digər rəqəmi yazılar-eyni şəxs tərəfindən icra olunmuşdur. Cavabdeh Nardaran qəsəbəsi, “Ləhiş” bağ massivində 2254a nömrə altında ayrılmış torpaq sahəsi üzrə isə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Məhkəmə kollegiyası tərəfindən Bakı Apellyasiya Məhkəməsində saxlanılan 2(102)- 4327/2012 nömrəli mülki iş tədqiq olunmuşdur. Həmin işdən bəlli olmuşdur ki, iddiaçı X6 cavabdehlər Cavabdeh və X4 qarşı “bağ sahəsindən çıxarılma, bağ sahəsinə dair hüququn tanınması və bağ sahəsinin istifadəyə verilməsi tələbinə dair” mülki iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2012-ci il tarixli, 2(102)-4327/2012 nömrəli qətnaməsinə əsasən Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləiş” bağ massivində yerləşən 0,12 ha sahəsi olan 5884 saylı bağ sahəsindən çıxarılması və həmin bağ sahəsinın iddiaçı X6 istifadəsinə verilməsi qət edilmişdir. Qətnamə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 aprel 2013-cü il tarixli, 2(102)-1033/2013 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki iş üzrə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 10.11.2005-ci il tarixli 289 saylı sərəncamı sasında Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının inkişafi və İstismarı Birliyi ilə X6 arasında bağlanmış 14.11.2005-ci il tarixli 36622 saylı icarə müqaviləsi ilə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 5884 nömrəli bağ sahəsi X6 istifadəsinə verilmişdir. İcarə müqaviləsi 10 il müddətinə 14.11.2015-ci ilədək bağlanmışdır. X9 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş baş massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 5884 nömrəli bağ sahəsi 3 tərəfdən qonşu 5843 (hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsi), 5824, 5886 saylı bağ sahələri ilə, bir tərəfdən isə yolla əhatə olunmuşdur. Həmçinin, müəyyən edilmişdir ki, Cavabdeh istifadəsində olan torpaq sahəsi Ləhiş bağ massivinin baş planına əsasən 2574 nömrəli torpaq sahəsidir və həmin torpaq sahəsi X9 məxsus olan 5884 nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edilmiş hallara əsaslanaraq qeyd etməyi zəruri hesab edir, mübahisəli torpaq sahəsindən istifadə hüququ İddiaçı ilə icra hakimiyyətinin müvafiq orqanı arasında bağlanmış 14.11.2005-ci il tarixli 36610 saylı icarə müqaviləsinə əsasən verilmişdir. Həmin müqaviləyə torpaq sahəsinin yerləşdiyi ərazinin plan-sxemi əlavə edilmişdir. İddiaçıya mübahisəli torpaq sahəsindən istifadə hüququnu verən 14.11.2005-ci il tarixli 36610 saylı icarə müqaviləsi hal-hazırda qüvvədədir. Digər tərəfdən, Cavabdeh Nardaran qəsəbəsi Ləhiş bağ massivində 2254a saylı bağ sahəsi Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəsinin 14.02.2008-ci il tarixli 1/45 saylı sərəncamına əsasən ayrılmışdır ki, bu da Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddədən aydın olur ki, torpaqların bölüşdürülməsi səlahiyyətinə dövlət fondu torpaqlarına münasibətdə yalnız icra hakimiyyəti orqanları malikdirlər ki, cavabdehə torpaq sahəsi verilərkən qanunvericiliyin bu tələbinə əməl olunmamışdır. İş üzrə keçirilmiş məhkəmə-texniki ekspertizası Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2018-ci il tarixli, 21070 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 14.11.2005-ci il tarixli 36610 saylı icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən 5843 saylı bağ sahəsinin və Cavabdeh Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin Sərəncamından verilmiş 14.02.2008-ci il tarixli, 1/45 saylı çıxarışa əsasən ayrılmış 0.1200 ha torpaq sahəsinin heç bir çıxarış, texniki kadastr sənədi təqdim edilmədiyi üçün (miqyası, koordinatları, hər-hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə sxemi və ya cizgi planı) 5843 saylı bağ sahəsinin sxematik planına uyğun olaraq künc nöqtələrinin koordinatlarını və dəqiq olaraq sərhədlərini müəyəyn etmək mümkün olmamışdır. Həmin rəylə nəticə olaraq belə qənaətə gəlinmişdir ki, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********12 saylı 30.10.2018-ci il tarixli məktubu ilə təqdim edilmiş Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış mütəxəssis rəyində konkret olaraq məlumat omadığından bu suallar üzrə tədqiqat aparılmamışdır. İşin apellyasiya instansiyası məhkəməsində araşdırılması zamanı keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2021-ci il tarixli, 10/466 saylı rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, İddiaçı Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 17 noyabr 2005-ci il tarixli 36610 saylı icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5843 saylı bağ sahəsinin və Cavabdeh Sabunçu rayon İcra Hakimiyyəti Nardaran nümayəndəliyinin 14 fevral 2008-ci il tarixli 1/45 saylı sərəncamından çıxarışa əsasən ayrılmış 0,1200 hektar torpaq sahəsinin heç bir çıxarış, texniki kadastr sənədi təqdim edilmədiyi üçün (miqyası, koordinatları, hər-hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə sxemi cizgi plani) 5843 saylı bağ sahəsinin sxematik planına uyğun olaraq künc nöqtələri koordinatlarını və dəqiq olaraq sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən qərardadın birinci, ikinci və üçüncü sualları üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, keçmiş BTİ və İB-yi tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından və vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən vətəndaş İddiaçı iddia etdiyi 5843 saylı bağ sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün deyil. İşin apellyasiya instansiyası məhkəməsində araşdırılması zamanı keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2021-ci il tarixli, 10/4563 saylı rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin **********28 saylı, 25.10.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı Bağlar Təsərrüfatının inkşafı və istismarı Birliyinin 17 noyabr 2005-ci il tarixli 36610 saylı icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5843 saylı bağ sahəsinin və Cavabdeh Sabunçu rayon İcra Hakimiyyəti Nardaran nümayəndəliyinin 14 fevral 2008-ci il tarixli 1/45 saylı sərəncamından çıxarışa əsasən ayrılmış 0,1200 hektar torpaq sahəsinin heç bir çıxarış, texniki kadastr sənədi təqdim edilmədiyi üçün (miqyası, koordinatları, hər-hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə sxemi və ya cizgi plani) 5843 saylı bağ sahəsinin sxematik planına uyğun olaraq künc nöqtələrinin koordinatlarını və dəqiq olaraq sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, faktiki olaraq ölçülmüş ərazi 0,12 hektar sahədən çoxdur və iddiaçının iddia etdiyi sahə faktiki olaraq ölçülmüş ərazinin şimal-qərb istiqamətində yerləşir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********28 saylı, 25.10.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, keçmiş BTİ və İB-yi tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından və vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən vətəndaş İddiaçı iddia etdiyi 5843 saylı bağ sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün deyil. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza rəyləri hazırki mübahisənin mahiyyətini həll etmədiyindən, məhkəmə kollegiyası iddiaçının və cavabdehin torpaq sərhədlərinin müəyyən etmək məqsədi ilə ekspert X2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X7 və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nəzdində olan "xxxx" MMC-nin mühəndisi X10 iştirakları ilə mübahisəli torpaq sahəsini yerində müayinə etmişdir. Yerində müayinə iclası zamanı müəyyən olmuşdur ki, “mübahisəli torpaq sahəsinin girişi dəmir darvazadan və daş hasardan ibarətdir, ümumi torpaq sahəsi təxminən 24-25 sot civarındadır. Həmin hasarın içində 5884 nömrəli torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsi məhkəmə qətnamələri ilə X9 aid edilmişdir. Cavabdehin izahatına görə, İsmayılov Sabir ona etibarnamə vermiş və o hal-hazırda 5884 nömrəli torpaq sahəsindən və üzərində tikilmiş evdən istifadə edir. 5884 nömrəli torpaq sahəsinin şimal-qərb hissəsində təxminən 12-13 sot boş torpaq sahəsi mövcuddur. Həmin boş torpaq sahəsinin daş divardan olan şimal sərhədində yerləşən torpaq sahəsinin nömrəsi 5842-dir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X11 bildirdi ki, İdarə tərəfindən təqdim edilmiş bağların yerləşmə sxeminə əsasən, 5842 nömrəli torpaq sahəsinə kimi olan torpaq sahələri, 5841, 5840 və s. özəlləşdirilib və sərhədləri barədə mübahisə yoxdur. 5843-dən başlayaraq, digər torpaq sahələri, yəni 5884, 5885 və s. mübahisəli olduğundan özəlləşdirilməmişdir. İş materiallarına əlavə olunmuş 269-270-ci vərəqələrdə olan foto-plandan görünür ki, 5842 nömrəli torpaq sahəsindən sonrakı 5843 nömrəli torpaq sahəsidir. 5843 nömrəli torpaq sahəsindən sonra isə 5884 nömrəli torpaq sahəsi gəlir.” Bu sıralama iş materialları ilə (i/v 7, 269-270) və İ.Hacıyevin izahatı ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası tədqiq olunan işin halları üzrə mülki hüquq və torpaq münasibətlərini tənzimləyən qanunvericilik normalarına əsaslanaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. - 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 50.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. - 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. - 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. - 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. - 103.1-ci maddəsinə əsasən Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. - 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi cavabdehin istifadəsindədir. İddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüquqlarını həyata keçirə bilməməsi hüquqlarının pozulmasına səbəb olur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Beləliklə kollegiya hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən zəbt edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5843 nömrəli torpaq sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri 338 manat və 60.60 manat məbləğində pul Cavabdeh tutularaq müvafiq olaraq Məhkəmə Ekspertizası Mərkəzinə və "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(008)-960/2018 saylı qətnaməsi ləğv edilsin. Cavabdeh tərəfindən zəbt edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5843 nömrəli torpaq sahəsi boşaldılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri 338 manat və 60.60 manat məbləğində pul Cavabdeh tutularaq müvafiq olaraq Məhkəmə Ekspertizası Mərkəzinə və "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar