Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-860/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi və borc» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(008)-4890/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi və borc» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), cavabdeh tərəfindən vurulmuş 2125,10 manat məbləğində ziyan, 30 manat dövlət rüsumu olmaqla, cəmi 2155,10 manatın cavabdehdən məcburi qaydada tutularaq, onun hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28.06.2016-cı il tarixli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir və qeyd olunan ünvanda qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndinin və Qazdan istifadə qaydalarının 6.5-ci bəndlərinin tələblərini pozmuşdur. Belə ki, Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18.02.2018 il tarixli ******* saylı akta əsasən 1130 manat, 30.03.2018 il tarixli ******* saylı akta əsasən 136,20 manat, 12.01.2019 il tarixli ******* saylı akta əsasən 810 manat, 05.04.2019 il tarixli ******* saylı akta əsasən 373,50 manat olmaqla, cəmi 2446,70 manat ziyan hesablanmışdır. Cavabdehin 2021-ci ilin may ayına kimi ümumi borcu 2125,10 manat təşkil edir. Həmin borcun 1758,73 manat hissəsi 02/2018-ci il tarixdən 04/2019-cu il tarixədək cavabdehin qaz xəttinə qanunsuz qoşulması faktına əsasən aktlar üzrə hesablanmış borc məbləği, 338,10 manat hissəsi 03/2020-ci ildən 05/2021-ci il tarixinə kimi faktiki istehlak olunmuş qaz sərfiyyatına görə (163.10 manat +187.80 manat illik sərfiyyat borcu) yaranmış debitor borcu, 28,30 manat hissəsi isə yeni tarifə keçidlə əlaqədar 12/2020-ci ildə yaranmış borc məbləğidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(008)- 4890/2021 saylı qətnaməsi ilə (hakim Zaur Hacıyev) cavabdehdən 366,40 manat təbii qazdan istifadəyə görə yaranmış debitor borc və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi olmaqla, cəmi 386,40 manat tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, iddia tələbinin təmin olunmayan hissəsində ləğv olunmasını, iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini - iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddanın mübahisələndirilən hissədə də təmin olunmalı olmasını və s. göstərmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyni məzmunda izahat vermiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan İddiaçı İB ilə Cavabdeh arasında 28 iyun 2016-cı il tarixdə bağlanılmış «qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə» müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə məxsus ünvana **********00009 nömrəli abonent kodu verilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 03.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 22.02.2018ci il tarixli ******* saylı, 30.03.2018-ci il tarixli ******* saylı, 12.01.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda cavabdehə məxsus ünvanda təbii qazdan sayğacdan kənar xətlə qeyri-qanuni istifadə olunduğu qeyd edilmişdir. Abonent saldosundan isə görünür ki, bununla əlaqədar İddiaçı İB tərəfindən cavabdehə dəymiş ziyana görə aktlar üzrə ümumilikdə 2446,70 manat borc hesablanmışdır. İddiaçı, qeyd edilən aktlara əsaslanaraq, cavabdehin qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etməsinin aşkar olunmasını iddia etmiş, həmin aktlara əsasən əlavə sərfiyyat hesablanmasını göstərmişdir. Cavabdeh isə, iddiaya etiraz edərək, sayğacdan kənar təbii qazdan istifadə etmədiyini, aktların birtərəfli qaydada tərtib olunduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi, iddianı baxılan hissədə rədd edərkən əvvəlki məhkəmə qətnaməsinin bu iş üzrə preyudisiallığına, həmçinin iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən abonentin iştirakının təmin edilməməsinə və s. əsaslanmışdır. Məhkəmə kollegiyası, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan məhkəmə aktlarının surətlərindən görünür ki, Cavabdeh iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ünvan 1 ünvanı üzrə İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 22.02.2018-ci il tarixli, ******* saylı akt ləğv edilmiş və ondan qaz sərfiyyatına görə tələb edilən 1263,20 manat borc silinmişdir (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1269/2019 saylı, 22.01.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7783/2019 saylı, 10 iyun 2019-cu il tarixli qətnamələri). Bu hallar, hazırkı iş üzrə tərəflər üçün preyidusial olduğuna görə, Kollegiya həmin akt üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. İddiaçı tərəfindən tərtib olunmuş iddia ərizəsində göstərilən digər aktlara (30.03.2018ci il tarixli ******* saylı, 12.01.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı) münasibətdə isə, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən (bundan sonra, Qaydalar) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İddiaçının təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, iddiaçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin, iddiaçı tərəf keçən müddət ərzində cavabdehə ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı, cavabdehin həmin aktlarda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bununla yanaşı, təqdim edilmiş fotoşəkillərin kserosurətlərindən də cavabdeh tərəfindən iddia edilən pozuntuların törədilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, iddiaçı təşkilat müxtəlif tarixlərdə tərtib olunmuş aktlarda göstərilən pozuntuların mövcudluğunu, eyni zamanda cavabdehin bu istiqamətdə təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən etiraf edilməyən və qanunuliyi mübahisələndirilən aktlar üzrə özünün istinad etdiyi halları, yəni aktların qəbul edilməsi üçün əsas olmuş halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, bu hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi və borc» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(008)-4890/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(008)- 4890/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-860/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-860/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver