Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-860/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-860/2025 (Açar sözlər: divarın sökülməsi, torpaq sahəsinin qaytarılması, tikilinin sökülməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3, cavabdehin nümayəndəsi (oğlu) X2iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “divarın sökülməsi, torpaq sahəsinin qaytarılması, tikilinin sökülməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-291/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 aprel 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “divarın sökülməsi, torpaq sahəsinin qaytarılması, tikilinin sökülməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8 sot (bağ 319 b) torpaq ərazisinə 0,57 sot müdaxilə edilmişdir, evin divarının sökülərək ərazidən çəkilməsi və 0,57 sot torpaq sahəsinin qaytarılması; (bağ 319 a) sahəsində qarajın dam örtüyünün dəyişdirilməsinə və təmirinə istifadə olunan 3000 manat məbləğin ödənilməsi; dövlətə məxsus mövcud avtomobil yolunun zəbt edilmiş 2 sotunun, qanunsuz hasara alınmış tikilinin (bağ 319 a) sökülməsi; qanunsuz zəbt edilmiş, daşla tikilən 2 sot ərazinin hasarının üstündəki qaz xəttinin sökülməsi və layihəyə uyğun binanın divarına keçirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı1, 1953-cü il təvəllüdlü, Azərbaycan Respublikasının Yer Elmləri üzrə elmlər doktoru, Ukrayna Respublikasının Geoekologiya elmləri doktoru, X9 Akademiyasının həqiqi üzvü, dövlət qulluğunun kiçik dövlət müşaviri, hal-hazırda təqaüddədir, 19 fevral 2014-cü il tarixdə məhkəməyə müraciət etmişdir (iş nömrəsi 2(004)-xx/xx/2014). Onların 319 b saylı bağda qonşuları, 318 saylı bağ sahəsinin sahibi rəhmətlik Səməd dayı cərrahvəzifəsində 7 saylı xəstəxanada çalışırdı. Qonşu kimi razılaşmışdılar ki, hasarı daşdan hördürsünlər. Qəflətən rəhmətə getdiyindən, bu iş yubandı. Bir müddət sonra iki oğlu ilə razılığa gəldilər ki, o, hasarı çəkdirir, onlar çəkilən xərcin yarısını ödəyərlər. Hasar çəkildi. Bu məqamda onlar xahiş etdilər ki, mümkündürsə, evlərinin pəncərələri çıxan hissədə (onların bağa baxılan hissədə) 1-2 metr məsafə qoysunlar ki, manqal düzəltsinlər. Yayda məlum oldu ki, bağlarını indiki cavabdehlərə satıblar. Əlaqə yaratdı, məlum oldu ki, oğlanlardan birinə qarşı, deputat Anzurskinin ölümü ilə əlaqədar cinayət işi açılıb. Məcburiyyət qaşısında qalaraq bağı satıblar. İndiyə qədər ona hasarın pulunu verməyiblər. Məhkəmə proseslərində həmin oğlan ilə görüşüb əhvalatı ona danışdı və xahiş etdi ki, Yasamal Rayon Məhkəməsinə gələrək hasarın onun tərəfindən çəkilməsini, hasar ilə onların köhnə evlərindəki məsafəni qoymağa o, icazə vermiş, yəni onun bağ sahəsinə (rəhmətlik qızı Vəfanın adına 319 b saylı, ekspertiza sənədlərinə qədər 8 sot kimi göstərilən sahədən, 7, 4 sot qalmış olan hissəsində) aid olan hissənin uzunluğu 25 metr, eni isə 3 metrdir sahə cavabdehlər tərəfindən zəbt edilmişdir. Bu məhkəmə iddialarında göstərilən ikinci iddianın faktıdır. Hal-hazırda bu sahənin varisləri iddiaçılar, qızının övladları və o - atası İddiaçı1dur. Sənədlər təqdim edilib. Cavabdeh qış mövsümündə bir neçə gün ərzində köhnə evi sökərək, yeni evin onlara tərəf olan divarını tək daşdan hörülən hasarın üstündə 10 metr hündürlükdə ucaldıb. Polisə və Sabunçu Rayon İcra Hakimiyyətinin memarına müraciət etdi, gəldilər, söhbət əsasında cavabdeh dedi ki, əvvəlki sahib hasarın onun tərəfindən çəkildiyini deyib. Bağı satanlar məhkəmədə iştiraklarına etiraz etdilər ki, cavabdehin arvadı onları da aldadıb, pulun bir hissəsini verməyib. Bir neçə ay çəkən danışıqlar nəticə vermədi. Polis və İH məsləhət bildilər ki, məhkəməyə müraciət etsin. Bu az imiş kimi, günlərin birində oğlu İddiaçı3 məxsus 319 saylı bağın (8 sot sahəsində) tikilən evin, tikinti normalarına uyğun, arasında məsafə (0,5 m) qoyulmuş hasarın söküldüyünü gördü. 318 saylı bağda işləyən fəhlələrə və bağda qalan İnqilaba yaxınlaşıb işin saxlanılmasını tələb etdi. İnqilab dedi ki, Bayramov tapşırıb ki, evin divarı olduğu üçün hasarın daşlarını sökün. Təcili olaraq sahə üzrə polis müvəkkilini və İH-nin memarını hadisə yerinə çağırdı. Bayramov həmin sözləri onlara da dedi. Gələnlər məsləhət gördülər ki, verin məhkəməyə, yoxsa bu hər dəfə bir iş açacaq. Məhkəməyə gələn Bayramovun qardaşı hakimə söz verdi ki, mütləq özünün iştirakı ilə hasar bərpa olunacaq. Bir necə gündən sonra hasar bərbad halda, necə gəldi hörüldü (indidə gəlsəniz görərsiniz). Təhlükəsizliklərini qorumaq üçün məsləhət verdilər ki, evin divarı ilə hasar arasındakı məsafə bağlı saxlanılsın. Öz vəsaitləri hesabına (300 manat xərc) 15 metr uzunluğu və eni 0,5-1 mert olmaqla boşluq, sink metal vərəqələrlə örtüldü. Bu məsələ həll olunduğuna görə iddia tələblərində qeyd edilməyib. 319 A saylı (8 sot sahə) bağın sahibi İddiaçı2 həyətdə qarajı var idi. Maşınla həyətdən çıxanda bağlar arası 6 sot sahəsi olan ərazidə qonşular və qonaqlar avtomaşınlarını saxlayırdılar. Hasarın üstündə cavabdehlər yeni tikilən divarını hördürəndə, mətbəxlərinin divarını oğlunun qarajının divarına dirəmişdilər. Dördüncü iddia predmeti ondan irəli gəlib ki, günlərin birində şərəfsiz, mənəviyyatsız, əxlaqsız, düşüncəsiz cavabdehlər (ölən və arvadı) qarajın metal şiferlərini mismar ilə deşik-deşik etmişdilər. Yağışdan, qardan sonra qaraja girmək olmurdu, hər şey su içində idi. Həyətlərində qalan həmin oğlan İnqilab ona dedi ki, ölən özü mismarla şiferləri deşdi. Cavabdeh məhkəmə prosesində gördüyü əməli İnqilabın üstünə atdı, o eləməyib dedi. Hal-hazırda qarajın damının konstruksiyası taxtalardan yığılıb, örtüyünü yeni metal şiferlərlə əvəz etmişlər, qaraj yenidən bərpa edilib. Çəkilən xərci 3000 AZN məbləğin cavabdeh tərəfindən ödənilməsi iddia kimi tələb edilir. Cavabdehə qarşı qaldırılmış sonuncu iddianın səbəbi yuxarıda qeyd etdiyi bağlar arası dövlətə məxsus 6 sot torpağın 2 sotunu metal borularla, metal torla bağlayaraq zəbt etməsidir. Heç bir sənədi olmadan zəbt olunan sahə bağa giriş üçün, qonşular üçünproblem yaradıb. Səbr kasa dolandan sonra bələdiyyəyə, kənd sovetinə, İH-nə yazılı müraciət etdi. İcra Başçısının qəbuluna getdi. Təkcə Maştağa qəsəbə nümayəndəsi reaksiya verərək, torları və boru dirəkləri sökdürdü (cavab məktubu sənədlərdə var). Qəbuldan sonra xəbər verdilər ki, bazar günü bağda olun İcra Başçısı Adil Verdiyev əraziyə şəxsən baxacaq. Bazar günü öz əsabələri ilə gələn başçı və cavabdeh R.Bayramov sözün əsl mənasında şou göstərdilər. Nəticədə o, günahkar sayıldı. İcra başçısı hamının yanında göstəriş verdi ki, Bayramov “mən sənə icazə verirəm, daşla səliqəli tik, hasara al”. Sonradan onun məsul şəxslərə müraciətlərindən, həmin icra başçısı boynuna almadı ki, o, bu sözləri deyib. Qorxudan əsə-əsə -“Mənim nə ixtiyarım var ki, dövlət torpağını kiməsə verim” deyirdi. Sorğusuna isə cavab vermədi. İndiyə qədər qanunsuz tikili sökülməyib. Ən maraqlısı odur ki, həmin gün bu söhbətlər gedən anlarda 318 saylı bağın sahibi Cavabdeh həyətdən çıxaraq hamısını əli ilə göstərərək dedi, “nə gəlmisiniz bura, hamınızın pulunu vermişəm. Bizi narahat etməyin”. Bu sözlərdən sonra birinci aradan qaçan İcra başçısı oldu. Məhkəmə proseslərinə təqdim etdiyi sənədləri, dövlət orqanlarından, ekspertizadan aldığı cavabları məhkəməyə təqdim edir. Ali Məhkəmənin Mülki Kollegiyasına (2(102)-2549/2022 saylı işin içində olan), apellyasiya məhkəməsinə, Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi fotoşəkilləri, sxemləri, GOODli MAP proqramı ilə əldə olunan real şəkilləri təqdim etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2549/2022 saylı 6 iyul 2022-ci il tarixli qərarının kassasiya şikayətinin dəlilləri bəndinin 28-38-ci bəndlərində göstərilir ki, 318 saylı torpaq sahəsi cavabdehlə nikah (13 fevral 1996-cı ildə) pozulduqdan 5 il sonra xx.xx.2001-ci il tarixli 4Ə3-387 reyestr nömrəli aldı-satqı müqaviləsi əsasında almış və xx.xx.2001-ci il tarixində dövlət qeydiyyatından keçməklə tam onun - Elmiranın mülkiyyətindədir. 38-ci bənddə qeyd edilir ki, kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. 66-cı bənndə qeyd edilir ki, işə baxmış məhkəmələr tərəfindən 318 saylı qonşu bağ sahəsinin sahibi kimi cavabdeh qismində işə cəlb edilmiş X3 iddia tələblərinə cavab verməklə bağlı müvafiq hüquqi mülkiyyətə malik olan şəxs kimi olub-olmadığı barədə də hüquqi dəyərləndirmə aparılmaməşdır. 67-ci bənddə qeyd edilir ki, məhkəmələr tərəfindən tədqiq edilmiş 318 saylı bağ evinə dair xx.xx.2010-cu il tarixli texniki pasportda hüquqi subyekti kimi Cavabdeh göstərilmişdir. 69-cu bənddə qeyd edilir ki, işə yenidən baxılarkən, həmçinin cavabdehin prosesual hüquq varisi kimi Cavabdeh ilə əvəz edilməsinin mümkünlüyü ilə bağlı həmin şəxsin kassasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verilməli və aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq qanuni qərar qəbul edilməlidir. Bağın sənədləri arvadın adına olduğu halda, nikah pozulduğu halda, cavabdehin ölümü olduğu səbəbdən, Bayramov R.V. necə və nəyə varis ola bilər???? Heç bir məhkəmə prosesinə gəlməyən Cavabdeh və vəkili (sonuncu appelyasiya məhkəməsinə təqdim etdiyi sənəddə) qeyd edilmişdir ki, nikah pozulub, cavabdeh ölüb. X8 bu sualı verdi və cavab almadı. Necə olur ki, 2014-cü ildən davam edən məhkəmə proseslərində heç bir hakim bu faktı araşdırmayib, hüquqi adı çəkilməyən, kim olduğu bilinməyən, indi bəlli olan “gor-bagor” cavabdeh Bayramov R. onu 2014-cü ildə qarşılıqlı iddialarla məhkəməyə verib, uydurma, böhtan, şərlə dolu, özləri elədikləri qanun pozuntularını ona ünvanlayıblar. O, məhkəmə prosesində dəfələrlə demişdir ki, belə hakimlərin özbaşnalığı nəticəsində iddiaçı, cavabdehə çevrilir. Cavabdeh həmişə bu məsələ ilə bağlı əraziyə gələn nümayəndələrin, ekspertlərin, İcra Başçısının (Adil Vəliyev), 14-cü Polis bölməsinin rəisinin, sahə müvəkkilinin qarşısına özü çıxaraq R.Bayramovu “vovoçka” (вовочка) adlandıraraq təhqir edib, alçaldıb və deyib ki, o, kimdir, buranın yiyəsi mənəm, hamısına (məhkəmələridə sadalayıb) pul vermişəm. Heç kim mənə dəyə bilməz. Belə vəziyyətdə onlar və iştirak edənlər başa düşmürdülər, Bayramov “arvad ağızdı”, yoxsa psixi xəstədir (bunu dəfələrlə deyiblər, çünki, onları və qonşuları ilk illər dəfələrləkontuziyalı olduğuna görə qumbara və odlu silahla hədələyib). Amma bir dəfə Yasamal Rayon Məhkəməsinə gələn böyük qardaşı ona dedi ki, Siz bilmirsiz bu qadın şeytandır, bütün qohum və dostlardan onu ayırıb. Bu qanunsuz tikililərin, qanun pozuntularının dalında o, durur, və R.Bayramovu alçaldaraq, bəs “kişi deyilsən”, ver məhkəməyə get sübut elə. İndi başa düşür ki, o, onların münasibətlərini, nikahın pozulmasını və digər bəlaları bilirdi. Atası, babası olan İddiaçı1 ona məxsus 319 saylı bağı üç bərabər hissəyə bölərək (8 sot olmaqla) övladlarının adına rəsmiləşdirib. Özü də bu ünvanda qeydiiyyatda olub və yaşayıb. Məhkəmə onun bu ərazilərə vərəsəliyində şübhəli olaraq, rəsmi sənəd tələb edib. Onların hamısı ona etibarnamə vermişlər ki, onları hər bir dövlət qurumunda təmsil etməsinə razıdırlar. Niyə bu faktlar, dövlət qurumlarından, ekspertizalara təqdim edilmiş cavablar hakimlər tərəfindən qiymətləndirilməyib. 1-ci iddiada, abzasda göstərilir ki, 2014-cü ilin 26 yanvar tarixində cavabdeh R.Bayramov rəhmətlik qızına məxsus bağ sahəsinin tək daşdan hörülən hasarının üstündə (uzunluğu 25 m, eni 3,5 metr) öz ərazisində tikdiyi evinin divarını 10 metr hündürlüyə qədər inşa etmişdir. Bununla da onun rəhmətə gedən qızının adına olan 8 sot torpaq ərazisinə 0,57 sot müdaxilə etmişdir. Tikinti qaydaları kobud şəkildə pozulmuşdur. İşin içində bunu təsdiq edən sənədlər var. Bununla əlaqədar iddia tələbləri odur ki, qanunsuz tikilən evin divarı sökülməlidir. Bu qərar apellyasiya məhkəməsi tərəfindən verilmişdir. Güman edirlər ki, E. Abdullayeva dediyi kimi hakimləri görüb. Başqa nə səbəb ola bilər???? Sonuncu məhkəmə prosesində məlum oldu ki, 318 saylı bağın sahibi R.Bayramov yox, arvadıdır. 27 il əvvəl nikahları rəsmi pozulub. Belə olan halda onun nə ixtiyarı olub ki, ev sahibi kimi onları məhkəməyə verib, qarşılıqlı iddialarla borclu çıxarıb. İndi hansı cəhənnəmdədir? Arvadı ona etibarnamə vermişdir? Hakimlər niyə indiki vərəsə kimi çıxış edən arvadından təsdiqləyici sənəd tələb etməyib. Arvadı ölsəydi R.Bayramov vərəsə ola bilərdi. Görün məhkəmələrdə nə qədər savadsızlıq və məsuliyyətsizliklər var ki, cavabdeh tərəfindən edilən qanun pozuntularını onlara əks istiqamətə yönəldiblər. Məhkəmə qeyd edir ki, (səh.2-25 bənd) AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri tərəfindən verilmiş mütəxəssis rəyləri, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və sertifikatı olan özəl Alternativ Ekspertiza Şirkəti tərəflərindən verilən rəylər iş materiallarında olmasına baxmayaraq, məhkəmə hesab edir ki, həmin sənədlərin hazırkı qətnamədə təsvir edilməsinə lüsum yoxdur. 2-ci iddia. Digər iddia ondan ibarətdir ki, cavabdeh 8 metr uzunuğu, eni 4 metr olan ona məxsus qarajın dəmir dam örtüyünü mismarla deşərək yararsız vəziyyətə salmışdır. Bunun üçün dam örtüyünün dəyişdirilməsinə, qarajın yenidən təmir edilməsinə istifadə olunan 3000 manat məbləği ödəməli və hasarın üstündə tikdiyi divar sökülməlidir. Tikinti normalarına görə hasar ən azı 1 metr məsafə saxlamaqla öz ərazisində tikilməlidir. Məhkəmə prosesində hakim ona sual verdi ki, bunların sökülüb və yenidən tikilmə xərclərini Siz ödəyəcəksiniz? Ona görə də bu işlərin aparılması üçün mənəvi ziyan kimi 10 000 mant məbləğ göstərilmişdir. Nəzərdə tutulub ki, hasarın, evin divarının sökülməsi, yerinin dəyişdirilməsi fəhlə qüvvəsi, texniki avadanlıq və s. üçün bu məbləğ kifayət etçəlidir. 3-cü iddia. Bununla belə özbaşnalıq edərək cavabdeh dövlətə məxsus bağlar arası maşın hərəkəti üçün mövcud avtomobil yolunun 2 sotunu zəbt etmiş, qanunsuz tikili ilə hasara almış, onlara və ətrafdakı qonşulara narahatçılıq yaratmışdır, işin sənədlərində buna aid kifayət qədər dövlət orqanları tərəfindən faktı təsdiqləyən rəsmi cavablar olmasına baxmayaraq, ilk məhkəmə prosesi bu iddiadan yan keçmişdir. Hətta bununla əlaqədar Bakı şəhəri Baş Polis İdarəsinin istintaq bölməsində cinayət işi açılmışdır. Onların Maştağa qəsəbə Bələdiyyəsinin, kənd sovetinin, 14-cü polis bölməsinin, Sabunçu İcra Hakimiyyətinin, Torpaq Agentliyinin tələblərinə cavabdeh əhəmiyyət verməyib, hətta indiki (2020 ildə cavabdeh öləndən sonra) arvadı əslində 318 saylı bağın onun adına olduğunu bildirərək, heç bir məhkəmə prosesində iştirak etməyərək, qapıya gələn adları çəkilən dövlət orqanlarının nümayəndələrini kobud şəkildə, həyasız, təhqir edici sözlələ bildirir ki, cavabdehlə uzun illər boyu nikahda deyil və iddiaçının iddiaları əsassıdır, çünki mən hamısına pul-rüşvət vermişəm. Bu məsələ ilə əlaqədar olaraq onlar məhkəmədən xahiş etdilər ki, cavabdeh tərəf nəyin əsasında onlara qarşılıqlı iddianı, həyat yoldaşı olmayan, aidiyyəti olmayan şəxs - R.Bayramov bu qədər qanunsuz işlər görüb. 4-cü iddia. Qanunsuz zəbt edilmiş və ətrafı daşla tikilən 2 sot ərazinin hasarının üstünə qaz xəttinin çəkilməsi Fövqəladə Hallar Nazirliyinin Qaz təhlükəsizliyi Departamentinin tələbi ilə hələ də sökülməmişdir (Sənədlərdə bu məktub var). Əgər hər hansı nəqliyyat vasitəsi bu ərazidə qaz xəttini qırsa, böyük fəlakət olacaq. Yanğınsöndürən, ağır qabaritli texniki nəqliyyat vasitələri əraziyə girə bilmirlər. 1) (səh.5/6) Məhkəmənin mövqeyi. Bu məhkəmə prosesi 2014-cü ildən bir çox bəhanələrlə gəlib bu günə çatıb. Rayon məhkəməsinin bir hakimi tək balasının adına and içirdi ki, bu mənlik deyil, sizin xeyrinizə qərardad verə bilməyəcəyəm, çünki sədr tapşırıb. Həmin hakimlərdən ikisi hal-hazırda apellyasiya məhkəməsində alış-veriş edirlər. Sonrakı apellyasiya məhkəmə prosesində hakim onunla bazardakı kimi alış-satış apardı ki, Siz ağsaqqal, alim, hörmətli ziyalı, bunların (cavabdehlərin) səviyyəsinə düşməyin. Gəlin bir ərizə yazın heç olmasa bir iddiadan - 3000 manatdan imtina edin, qalan iddiaları qüvvədə saxlayaq. O da inandı ki, nə qədər humanist, xalqa, millətə ürəyi yanan hakimlər var? Dedi, qurban olsun Sizə - hakimlərə, ərizə yazıb verdi (İşin içində bu ərizə var). Sonrakı prosesdə həmin hakim təklif etdi ki, yaxşı olardı ki, bu iddialardan ümümiyyətlə imtina edəsiz, işi bağlayaq. Yenidən əsas sayılan cavabdeh - bağ sahibi olan arvadı məhkəməyə cəlb edəsiniz. İşin gedişatı və indiki vəziyyət onu göstərdi ki, bu hakimlər qrupu (apellyasiya məhkəməsindəkilər) özləri arasında məsləhətləşmələr apararaq istədiklərini etdilər. Bəs onların bu hərəkətlərinə kimsə cavab verməlidir, ya yox ??? Sual verdi cənab hakim bura məhkəmədir, yoxsa bazar? İkinci dəfədir ki, mənimlə alış-veriş etmək istəyirsiniz. Cənab hakim Zəki Babayev mənim yerimdə olsanız nə edərdiniz. Mən sədrin sözünü yerə salmamalıydım? Sonradan (26-cı bənd) o, rəhmətə gedən qızının adından çıxış edə bilməz qərarını verirlər. İzah etdi ki, bağı 3 hissəyə bölüb rəsmi övladlarının adına sənədləşdirmişdir. Heç bir vaxt fikirləşməmişdir ki, o, vərəsəlik almalıdır - hər hansı bir torpaq hissəsinə. 2020-ci ilə qədər həmin bağda rəsmi qeydiyyatda olmuş və yaşamışdır. 2014-cü ildən bu vərəsəlik məsələsi olmayıb. Görünür ki, apellyasiya məhkəməsinin komandası ilə cavabdehin arvadının dediyinə görə aralarında pul-rüşvət var. Nə üçün bunlar təşvişə düşüb variantlar axtarırlar. Hal-hazırda 8 sot sahə 4 nəfər arasında rəsmiləşdirilib (Sənədləri əlavə edir). Bundan əlavə böyük oğlunun adına olan 319 A saylı bağ sahəsində bu 4 iddianın 3-ü öz əksini tapmışdır. 2014-cü ildə ona qarşı cavabdeh R. Bayramov tərəfindən verilən iddiada o, 3 övladının adından etibarnamə alaraq iştirak etmişdir. Etibarnamələr nəzərə alınmayıb. Niyə? Bu dövlətin təsdiq etdiyi rəsmi sənəd deyil? Hal-hazırda rəhmətlik qızının üç övladı və o, vərəsə kimi çıxış edirlər. Apellyasiya baxışının nəticəsi. Qeyd edilir ki, rayon məhkəməsi həmin hissədə işin hallarını səhv müəyyən etmişdir. Apellyasiya şikayəti qismən əsaslıdır, (hansı hissələrdə). Niyə qarşılıqlı tərəfi cavabdehi təmsil edən 318-ci bağın sahibi indiyə qədər bir dəfə də olsun məhkəmədə iştirak etməyib? Onun vəkili iştirak etməyib. Niyə onlar iddiaçıdan çox cavabdehə çevrilmişlər? Bütün faktlar göz qabağındadır. Təsdiqləyən sənədlər işin içində var. Niyə o, hər hansı rüşvət verən və ya alana güzəştə getməlidir? Niyə onun, övladlarının, nəvələrinin konstitusiya hüquqları bu şəxslər tərəfindən pozulur. Rüşvət verən və alan hər iki tərəf qanun qarşısında cavab verməlidirlər. Hesab edirlər ki, vərəsəlik sənədini istəmək - sonuncu oyun elementidir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-291/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “divarın sökülməsi, torpaq sahəsinin qaytarılması, tikilinin sökülməsi və pul” tələbinə dair mülki iş üzrə icraata “qanunsuz zəbt edilmiş, daşla tikilən 2 sot ərazinin hasarının üstündəki qaz xəttinin sökülməsi və layihəyə uyğun binanın divarına keçirilməsi” hissəsində xitam verilmiş, sözügedən qərardaddan tərəflər şikayət verməmişlər.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-291/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddianın qismən təmin edilməsi, Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 318 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319a saylı və İddiaçı1, İddiaçı5, X5, İddiaçı4 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319b saylı torpaq sahələrinin faktiki sərhəd hasarının üzərində inşa edilmiş divarının sökülməsi, iddianın qalan hissədə və İddiaçı3 münasibətdə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı1 aid edilməsi, məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh müştərək qaydada tutulması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.1.1, 69.1.2, 72.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən İddiaçı1 apelyasiya şikayəti və sonradan ona dəqiqləşmə verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, 8 sot (bağ 319b) torpaq ərazisinə 0,53 sot müdaxilənin qarşısının alınması üçün evin divarı sökülərək 318 saylı bağın öz ərazisinə keçərək, ara məsafəsi 1,5 metrdən az olmayaraq məsafə qoyulmaqla tikilməsini, ərazidən çəkilməsini və 0.53 sot torpaq sahəsinin qaytarılmasını, bağ 319a sahəsində qarajın dam örtüyünün dəyişdirilməsi və təmirinə istifadə olunan 3000 manat məbləğinin ödənilməsini, dövlətə məxsus mövcud avtomobil yolunun zəbt edilmiş 2 sotunda, qanunsuz hasara alınmış tikilinun sökülməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırmışdır .
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6i apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər proses iştirakçıları məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
14. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
15. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
16. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
17. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
18. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırda iddiaçılardan İddiaçı1 tərəfindən qətnamə iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.
30. Belə ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini aşağıdakı tələblər üzrə iddianın əsaslılığının yoxlanılması təşkil edir: 1) 8 sot (bağ 319b) torpaq ərazisinə 0,53 sot müdaxilənin qarşısının alınması və 0.53 sot torpaq sahəsinin qaytarılması; 2) bağ 319a sahəsində qarajın dam örtüyünün dəyişdirilməsi və təmirinə istifadə olunan 3000 manat məbləğinin ödənilməsi; 3) dövlətə məxsus mövcud avtomobil yolunun zəbt edilmiş 2 sotunda, qanunsuz hasara alınmış tikilinin sökülməsi.
31. Kollegiya 8 sot (bağ 319b) torpaq ərazisinə 0,53 sot müdaxilənin qarşısının alınması və 0.53 sot torpaq sahəsinin qaytarılması tələbinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı təyin edilmiş ekspertizanın nəticəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2762 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 318 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evi həmin evin yerləşdiyi torpaq sahəsi ilə qonşuluqda yerləşən İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319a saylı və İddiaçı1, İddiaçı5, X5, İddiaçı4 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319b saylı torpaq sahələrinin sərhəd hasarının üzərində tikilmişdir. Həmin fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmaqla yanaşı, sərhəd hasarın üzərində fərdi yaşayış evinin inşa edilməsinə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı5, X5, İddiaçı4 notarial qaydada təsdiq olunmuş razılıqları olmamışdır.
32. İstər yuxarıda qeyd edilən ekspert rəyindən, istərsə də iş materiallarındakı texniki pasportdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu Vişnyovka- 2 bağ sahəsi 318 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin inşası ilə bağlı iddiaçıların (İddiaçı3 istisna olmaqla) hüquqların pozulması sırf onların mülkiyətində olan torpaq sahələrinin faktiki sərhəd hasarının üzərində yerləşməsi ilə bağlı olmuş, yəni məhkəmə araşdırması zamanı məhz qeyd edilən pozuntu adı çəkilən dəlillərlə öz təsdiqini tapmış və nəticədə birinci instansiya məhkəməsi də göstərilən hissədə iddianı təmin etmişdir. Lakin iddiaçılara məxsus 319 a və 319 b saylı torpaq sahələrinin ərazisinə bu və ya digər formada qanunsuz müdaxilə faktı işin halları ilə müəyyən edilmədiyindən, o cümlədən cavabdehin də sözügedən 318 saylı bağ sahəsinə bütövlükdə mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, iddianın həmin hissədə təmin edilməsi üçün hər hansı hüquqi əsaslar mövcud olmamışdır.
33. Apellyasiya şikayətinin 319a saylı bağ sahəsində qarajın dam örtüyünün dəyişdirilməsi və təmirinə istifadə olunan 3000 manat məbləğinin ödənilməsi hissəsinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir.
34. Belə ki, istər iddia ərizəsi, istərsə də tərəflərin izahatlarından görünür ki, iddiaçı sözügedən tələbi əsaslandırarkən Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319a saylı torpaq sahəsində inşa edilmiş qarajın metal şiferlərini cavabdehin keçmiş əri X3 deşdiyini bildirmiş və bunun şahid ifadələri ilə təsdiq olunduğunu qeyd etmişdir.
35. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
36. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
37. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında da göstərildiyi kimi mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
38. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
39. Hazırki işin hallarına, o cümlədən iddiaçıların öz bildirdiklərinə əsasən də müəyyən edilir ki, iddiaçılara məxsus torpaq sahəsində yerləşən qarajın dam örtüyünə zərər vurması təsbit olunsa idi belə, bu ziyan cavabdeh tərəfindən törədilməmiş, sonuncunun hər hansı hərəkət və ya hərəkətsizliyi iddiaçılara zərər vurulması ilə nəticələnən deliktə səbəb olmamışdır. Bu halda cavabdehin üzərinə törətmədiyi və ya hər hansı formada məsul olmadığı deliktə əsasən zərərin ödənilməsi ilə bağlı öhdəliyin qoyulmasının əsası yoxdur.
40. Kollegiya apellyasiya şikayətinin dövlətə məxsus mövcud avtomobil yolunun zəbt edilmiş 2 sotunun, qanunsuz hasara alınmış tikilinin (bağ 319 a) sökülməsi hissəsi ilə bağlı isə qeyd edir ki, yenə də istər iddiaçının özünün bildirdiyi kimi, istərsə də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2762 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemdə Cavabdeh Ələkbər qızına məxsus 318 saylı bağ sahəsi (habelə orada inşa edilmiş fərdi yaşayış evi və hasar) qonşu torpaq sahəsinin ərazi hüdudlarına, habelə ümumi istifadədə olan avtomobil yoluna qanunsuz keçib-keçməməsi barədə məlumat qeyd olunmamışdır. Belə ki, qeyd olunan sxemdə mübahisə predmeti olan hissələr “Sözügedən mübahisəli sahə” və “0.0192 ha Sənədsiz sahə” kimi qeyd olunmuşdur.
41. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçıların sökülməsini tələb etdikləri sahə nə onların özlərinə, nə də cavabdehə məxsus olmamışdır. Bu halda həmin sahədə qanunsuz formada tikintinin aparılması təsbit olunsa belə bu, hər hansı formada iddiaçıların hüquqi mənafelərinin pozulmasına təsir göstərməməklə bunun mübahisələndirilməsi mülkiyyətin digər növlərinə müvafiq olaraq dövlət və ya müvafiq bələdiyyə orqanına mənsub subyektiv hüquqdur. Bu halda sözügedən hissədə də apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas mövcud deyildir.
42. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
43. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
45. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
47. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-291/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev