Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8600/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə qarşı “ekspertiza tədqiqatının dəyəri barədə tərtib olunmuş qərara xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata götürülməsindən imtina olunması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə (MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan və digər şəxslərdən “xxxxxxxx” ASC-nin xeyrinə 2672,26 manat kredit borcunun, həmçinin ondan MMC-nin xeyrinə 200 manat ekspertiza xərcinin tutulmasının qət olunduğunu, qətnamə əsasında verilmiş icra sənədinin icrası zamanı kredit öhdəliklərinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-ci il tarixli Fərmanına əsasən xitam verildiyini, lakin icra məmurunun ondan 200 manat ekspertiza xərcini tələb etdiyini, halbuki həmin xərcin daha əvvəl bank tərəfindən ödənildiyini bildirmiş, buna görə də ekspertiza tədqiqatının dəyəri barədə tərtib olunmuş qərara xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata götürülməsindən “icra məmurunun qərarına xitam verilməsi icra icraatı qaydasında ediləcək bir prosessual hərəkətdir və iddiaçı bununla bağlı müvafiq icra və probasiya şöbəsinə müraciət edə bilər” əsas göstərilməklə imtina olunmuş, iddiaçının həmin qərardaddan verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunaraq mübahisələndirilən qərardad ləğv edilməli və iddia ərizəsinin mümkünlüyü məsələsi ilə bağlı əsaslandırılmış qərardadın qəbulu üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan iddiaçının, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icra edilməməli olduğunu irəli sürdüyü və faktiki olaraq həmin məhkəmənin məhkəmə xərclərinə dair gəldiyi nəticəni mübahisələndirdiyi aydın olur; belə bir tələbə isə ayrıca icraat qaydasında baxması mümkün deyildir. Başqa sözlə, birinci instansiya məhkəməsinin iddia ərizəsinin icraata götürülməməli olması barədə qənaəti doğru olsa da, məhkəmə gəldiyi nəticəni tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə əsaslandırmamış, müvafiq məhkəmə qətnaməsindən şikayət verməli olan iddiaçıya, “qərara xitam verilməsi üçün icra məmuruna müraciət etməli” olduğunu izah etməklə yanlışlığıa yol vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur; lazımi qaydada əsaslandırılmamış məhkəmə qərarı isə hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Məhkəmə qərarlarının əsaslandırılması xüsusi prosessual tələb kimi həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində təsbit olunur və Avropa Məhkəməsinin presedent hüququnu təşkil edir. Ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi ilə bağlı olan bu prinsip məhkəmə qərarlarında onların əsaslandığı dəlillərin kifayətedici tərzdə göstərilməsini tələb edir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3758/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla, iddia ərizəsinin mümkünlüyü məsələsi ilə bağlı əsaslandırılmış qərardadın qəbulu üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8600/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8600/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver